|
|
|
|
S.
Hacibəyov.
Simfonic orkestr üçün konsert |
|
S.
Hacibəyov.
"Karvan"
simfonik lövhəsi |
|
|
Azərbaycan
musiqi mədəniyyətinin XX əsrin 20-30-cu illərini
əhatə edən mərhələsi üçün
musiqişünaslıqda sabitləşmiş tarixi
səciyyə vardır. Bu mərhələ iki onilliyə
bölünür : 20-ci illər – «təşkilatçılıq
illəri», 30-cu illər isə birmənalı olaraq
çiçəklənmə mərhələsi kimi
qəbul olunmuşdur. Bu tarixi qiymətləndirmə
sovet tarixşünaslığının ümumi
konsepsiyasına tam uyğun idi. Müasir elmi araşdırmalar,
ən əsası isə tarixi paradiqmanın ideoloji
asılılıqdan azad olması hər iki onilliyi
vahid musiqi-tarixi prosesdə dərk etməyə, onun
mənasını və məzmununu real tarixi zamanın
bütün rəngarəngliyində, ziddiyyətləri
və paradokslarında işıqlandırmağa
imkan verir.
Azərbaycan musiqi
sənətində tarixi mərhələ kimi 20-30-cu
illərin özəlliklərini aşağıdakı
kimi qeyd etmək olar:
- Azərbaycanda musiqi
mədəniyyətinin təhsil, ifaçılıq,
yaradıcılıq məsələlərinin tam
dövlət himayəsinə alınması; musiqi
yaradıcılığına ideoloji-siyasi doktrina
tələblərindən nəzarət sisteminin yaranması;
milli musiqi təhsili sisteminin tam qurulması; ifaçılıq
sahəsində milli kadrların hazırlanması,
xüsusilə musiqili teatrda qadın ifaçıları
probleminin həll edilməsi; tam professional təhsil
almış milli bəstəkar kadrlarının yetişməsi;
bəstəkar yaradıcılığının
janr, üslub çərçivələrinin genişlənməsi,
milli klassikanın yaranması; milli klassik üslubun
formalaşması; musiqi həyatının intensiv
xarakteri, xarici musiqiçilərlə əlaqələrin
artması; Azərbaycanın musiqi informasiyası və
bəstəkar yaradıcılığı məkanına
müasir musiqinin daxil olması; dövlət statuslu
yeni – həm avropa, həm də milli ifaçılıq
kollektivlərinin yaradılması. Bu məsələlərin
bəzisi – bəstəkar yaradıcılığının
təhlili, musiqi təhsili sisteminin qurulması, bu
sahədə Ü.Hacıbəyovun müstəsna
xidməti, milli ifaçılıq kadrlarının
hazırlanması elmi ədəbiyyatda kifayət qədər
dərindən tədqiq olunmuşdur. Biz diqqətdən
yayınmış və tarixi mərhələnin
təkrarolunmaz simasını əks etdirən bəzi
məqamlara toxunmaq istərdik.
Məlum olduğu
kimi, geniş mənada maarifçilik müxtəlif
bədii və ideoloji təlimlərin məna və
məzmun tərkibinə daxil ola bilər. Sovet dövründə
mədəni-maarif işinin musiqi sahəsində geniş
vüsət alması ilə maarifçilik hərəkatı
sanki yeni bir təzahür formasında üzə çıxır.
Ü.Hacıbəyov çox gözəl anlayırdı
ki, məqsəd yalnız Avropa texnikası, janrları
və formalarında əsər yazmaqda deyil, bu əsərləri
qavrayaraq, yeni musiqini anlaya biləcək, onu əxz
edərək mənən zənginləşə
biləcək, bununla da inkişafı tələb
və təmin edəcək kütləvi mədəni-bədii
mühitin – elitar deyil, məhz Azərbaycan xalqının
bütün zümrələrini əhatə edə
biləcək mühitin, dinləyicinin yetişdirilməsidir.
Yeni Avropa ənənələrinin yeni milli ənənələr
kateqoriyasına keçidi təmin edən Ü.Hacıbəyov
məhz sovet quruluşunun potensial imkanlarından çox
gözəl və qətiyyətlə istifadə
etdi. Qəlbən maarifçi olan Ü.Hacıbəyovun
təşkilatçılıq dühası sovet quruluşunun
ilk illərində ilk növbədə təhsil və
ifaçılıq problemlərinin həllinə yönəldi.
Əsrin ilk 20 ilində musiqi təhsili və Avropa
ifaçılığı əcnəbilərin inhisarında
idi. Bakıda fəaliyyət göstərən musiqi
məktəbləri və kursları ruslar və rusdilli
təbəqə üçün nəzərdə
tutulmuşdu. 1900-cü ildə açılmış
Yermolayevanın musiqi məktəbi ilə yanaşı
azad sənətkar Şefferlinqin musiqi məktəbi,
azad sənətkar Semyonovun musiqi məktəbi, azad
sənətkar Rozinin musiqi məktəbi fəaliyyət
göstərirdi. Onların müdavimləri arasında
azərbaycanlıların olması haqqında mövcud
ədəbiyyatda heç bir məlumat verilmir. Ü.Hacıbəyov
bu xüsusda yazırdı: «Bu məktəb (RMC nəzdində
Yermolayevanın məktəbi nəzərdə tutulur
– Ə.F.) Bakıda iyirmi beş sənəlik uzun
bir müddət ömr sürüb müntəzəm
bir surətdə yaşadığı halda qapılarını
musiqi təhsili arzusunda bulunan türk balaları üçün
daima bağlı saxlardı. Bu qədər uzun bir
zaman içində bu məktəbdə bir nəfər
də olsun yerli türklərdən oxuyan və məktəbi
bitirən olmadı» (1, 204). Pianocu X.Qayıbovanın
təşkil etdiyi «Şərq musiqi kursları» və
ya «Şərq konservatoriyası» (1920) isə ənənəvi
şərq üslubunda şifahi şəkildə
tədris aparırdı. Burada musiqi tarixinin maraqlı
bir məqamı diqqəti cəlb edir. Sovet dönəminin
ilk illərində musiqi tədrisində Şərq
və Qərb formatlı təhsilin ayrılıqda
mövcud olması, vahid milli musiqi sənəti daxilində
milli və avropa təhsil sistemlərin prinsipial surətdə
separat aparılması mövqei ilə rastlaşırıq.
Bu yöndə müzakirələrin artıq 1920-ci
ilin iyun aylarında qızğın xarakter aldığını
nəzərə alsaq, problemin öncədən başlayaraq
kulminasiya mərhələsinin sovet dövrünə
düşməsini prosesin «sürəti» ilə izah
etmək olar. Azərbaycanda məxsusi bir Şərq
musiqi təhsilini təklif edərək onu inhisara
almaq istəyən, bu sahədə əsas rol oynayanlar
kim idi? Azərbaycan musiqişünaslığında
onlar ümumiləşdirilərək, daha doğrusu
şəxssizləşdirilərək «konservatorlar»
adlandırılır. İlkin mənbələrə
əsaslanaraq 20-ci illərdə kifayət qədər
geniş əks-səda doğurmuş tarixi polemikanın
ilk ümumiləşdirilməsinin Məmməd Səid
Ordubadiyə məxsusluğunu söyləyə bilərik
. Məhz o, ilk dəfə «Üzeyir bəyin cərəyanı»
və «həqiqi şərq musiqidanlığından
dəm vuran və onuyla daima işğal edən tar,
kamançaçı və xanəndələrin cərəyanıdır»
ifadələrini işlətmiş, hər iki istiqamətin
qısa da olsa səciyyəsini vermişdir2.
Ədəbiyyat
1. Ü. Hacıbəyov. Azərbaycanda
musiqi təhsili. Əsərləri. II cild. Bakı:
Azərb SSR Elmlər Akadem. Nəşr., 1965
2. M.S.Ordubadi. Biz tələsirik. // Əxbar, Bakı,
1920, 28 iyul
|
|
|