|
vyatoslav
Teofiloviç Rixter - XX əsr fortepiano ifaçılıq sənətində ən əhəmiyyətli
və sanballı simalardan biridir. Çalğısı mümkünlük və müyəssərlik hüdudunda
olan bir pianoçu S. Rixterin ifa üslubu öz-özlüyündə yeganə idi. Fikir
dərinliyi, hisslərin şəffaflığı, hər-hansı standartlardan məhrumluq,
ifadə aydınlığı heyran edirdi.
S. Rixter
- son dərəcə geniş imkanları və təbiiliyi ilə seçilən bir pianoçudur.
Eyni zamanda onun çalğısında heç bir ifadə kasadlığı, müəmmalı cizgilər
yoxdur. Hər şey dəqiq, müəyyən, sabit və dürüstdür. Rixter çalğısında
aydınlıq digərlərindən daha qabarıqdır. Royal arxasında o son dərəcə
məntiqlə düşünür. Fikrin və hissin ən incə çalarlarını o tamamilə
aydın ifadə edir, hər zaman nə söyləyəcəyini dəqiq bilir və öz yaradıcı
ideyalarını ifadə etmək üçün lazimi vasitələri tapa bilir. Onun
ifaçı obrazları hər zaman kəskin şəkildə təsviri relyeflidir və
praktiki olaraq strukturca nəzərə çarpıcılığa malikdir.
O, obrazı
daha çox memarcasına tökür - yapır, nəinki çalır. Royal arxasında
o sanki təbiətin özü tək bilavasitə olaraq yaradır, o, musiqini
bütün ruhu ilə ifa edir.
S. Rixterin
uşaqlıq və gənclik illəri öz ustalıq və virtuozluğu ilə lap kiçik
yaşlarından ətrafdakıları heyran edən vunderkindlərin tərcümeyi-halının
başlanğıcına az oxşayır.
S. Rixter
1915-ci il martın 20-də Jitomirdə musiqiçi ailəsində anadan olmuş,
geniş bədii tələbatlı insanların əhatəsində böyümüşdür. Atası -
Teofil Daniloviç - Vyana Musiqi Akademiyasında təhsil almış pianoçu
və orqanist idi. Anası - Anna Pavlovna (qız familiyası Moskalyova)
- geniş erudisiyalı musiqi həvəskarı idi, rəssamlığa da meyli vardı.1
Ğşaqlıqdan
S. Rixter musiqi öyrənmək sahəsində öz ixtiyarına buraxılmışdı,
öz imkanları sayəsində musiqi ədəbiyyatının ən gözəl nümunələri
ilə tanış olurdu. Onun musiqiyə, ümumiyyətlə incəsənətə, sözün geniş
mənasında, sönməyən həvəsi vardı. O nəinki çalır, musiqi əsərləri
bəstələyir, həmçinin dramlar yazmaq, rənkarlıqla məşğul olmağa cəhd
göstərir. Əsasən opera klavirlərinin öyrənilməsi onu cəlb edir.
Topladığı az məbləğdə pulu o, klavirlərin alınmasına xərcləmiş və
Qlinka, Verdi, Çaykovskiy, Vaqnerin operalarını böyük zövqlə çalar
və öyrənərmiş. Sonralar o, simfonik ədəbiyyatın öyrənilməsi ilə
məşğul olur, tez-tez müğənniləri müşayiət edir.
Onun bir
pianoçu kimi debütü 1934-cü ilin mayında Odessada Mühəndislər Evində
geniş konsert proqramı ilə çıxış edərkən oldu. Proqramda Şopenin
əsərləri qeyd olunmuşdu: Fa minor balladası, Dördüncü skertso, noktürnlər,
prelüdlər, etüdlər. Konsert uğurla keçdir, lakin S. Rixterin yaradıcılıq
planları daha geniş bədii spektrə yönəldiyindən və bunların həyata
keçməsi üçün dirijorluq ən münasib vasitə kimi görünürdü. Hansısa
səbəblər (Rixter heç vaxt bunu açıqlamamışdır) ona dirijorluqla
məşğul olmağa mane olur. Rixter gözlənilmədən teatrla, doğma şəhərlə
vidalaşır və Moskvaya, pianoçu olmaq qəti qərarı ilə yola düşür2
Bu, 1937-ci ildə baş verir. O, Moskva Konservatoriyasına, professor
G. Q. Neyqauzun sinfinə daxil olur.
Gənc S.
Rixterin məşhur müəllimi ilə görüşü haqqında Genrix Qustavoviç belə
yazır: "Tələbələr Odessadan gəlmiş, Konservatoriyaya, mənim
sinfimə daxil olmaq istəyən bir gəncə qulaq asmağımı xahiş etdilər.
- O musiqi
məktəbini bitiribdirmi? - mən soruşdum.
- Xeyir,
o heç bir yerdə oxumamışdır.
Etiraf
edim ki, cavab məni bir qədər çaşdırdı. Musiqi təhsili olmayan bir
adam Konseavatoriyaya hazırlaşır?... Bu qoçağı görmək maraqlı idi.
Budur, o gəldi... O çox təmkinlə çalırdı, mən deyərdim, hətta sadə
və ciddi. Onun çalğısı musiqiyə qəribə bir təsirliyi ilə məni dərhal
cəlb etdi. Mən tələbələrimdən birinə pıçıldadım: "Məncə, o
dahiyanə musiqiçidir. Elə o gündən Svyatoslav Rixter mənim tələbəm
oldu".
G. Q. Neyqauzun
sinfində təhsil onun bənzərsiz istedadının inkişafına güclü təkan
verdi. Bu zamandan Rixter əsl pianoçu kimi məşğul olmağa başlayır.
O tez-tez konsertlərdə çıxış edir, özü də hər bir konsert həm məşhurluq
yolunda növbəti addım, həm də axtarışlar, düşüncələr məktəbi, öz
üslubunun tapılması, repertuarın zənginləşməsi demək idi.
1945-ci
ilin sonunda pianoçuların Ğmumittifaq müsabiqəsində S. Rixter birinci
mükafatı qazanır.
S. Rixterin
daha da tanınmasına çıxışlarının daima genişlənən coğrafiyası və
çox əhatəli repertuarı kömək edir. Onun ifasında İ. S. Baxın bütövlükdə
"Yaxşı Temperasiya edilmiş Klavir"i, Motsartın sonataları,
Bethovenin sonata, variasiya, rondo, baqatelləri, Bramsın intermetso
və kapriççiosu, Şubertin demək olar ki, bütün sonataları, Şuman,
Şopen, Skryabin, Raxmaninov, Çaykovskiy, List, Şostakoviç, Musorqski
və bir çox başqa müəlliflərin əsərləri səslənir. Repertuar siyahısının
artması musiqiçinin daxili yüksəlişi, özünəməxsus üslubunun şəffaflaşması
ilə müşayiət olunur. Rixterin o dövr çıxışlarından biri də Bakıda
keçir.
K. X. Səfərəliyevanın
xatirələrindən bir epizod: "... 40-ci illərin əvvəllərində,
- o zaman Konservatoriya kiçik zalı olan köhnə, darısqal bir binada
yerləşirdi, - Üzeyir bəy məni öz sinif - kabinetinə dəvət etdi.
Otağa daxil olanda sadə geyimli, mənə tanış olmayan bir gənc gördüm.
Üzeyir bəy bizi bir-birimizə təqdim etdikdən sonra məndən soruşdu:
"Siz konsert təşkil edə bilərdinizmi? Bu gənc pianoçu öz qulluğunu
təklif edir və konservatoriyanın tələbələri üçün İ. S. Baxın prelüd
və fuqa silsiləsini ifa etmək istəyir". Gənc pianoçunun adı
Svyatoslav Rixter idi. 30-cu illərin ortasında mən Moskvada olarkən
eşitmişdim ki, Genrix Qustavoviç Neyqauzun sinfində istedadlı bir
tələbə - pianoçu var, hansını ki, o müəyyən vaxtadək heç kəsə göstərmir.
Mən böyük məmnuniyyətlə konserti təşkil etməyə razılıq verdim və
Rixterlə birlikdə zala getdik, o, royalı yoxlamaq istəyirdi. S.
Rixterin proqramı o qədər geniş idi ki, onu iki konsertə bölmək
olardı. Zal ağzınadək dolmuşdu, dinləyicilərin hamısını yerləşdirmək
mümkün olmadığından siniflərin qapılarını açıb, vestibüldə, keçidlərdə
durub qulaq asırdılar. Hamı onun Baxın əsərlərini nə cür ifa etməsinə
heyran olmuşdu. Konsertdən sonra S. Rixter Üzeyir bəyə bu cür qəbula
görə öz təşəkkürünü bildirdi. Biz isə öz növbəmizdə Üzeyir bəyə
gənc pianoçuya ona xas olan xeyirxahlıqla yanaşmasına, müəllim və
tələbələrə bu cür unudulmaz ifanı dinləmək imkanı yaratdığına görə
minnətdar idik. S. Rixter otaqdan çıxdıqdan sonra Üzeyir bəy dedi:
"Köykəb xanım, mənim sözlərimi unutmayın. Bu gəncin böyük gələcəyi
var. Ğzaqdan gələsən. Təmənnasız, yalnız çalmaq xatirinə çalasan.
Bu əsil musiqiçidir"3
İllər ötdükcə
S. Rixterin istedadı genişlənir, mükəmməl, daha universal olur.
Rixter heç zaman öz şöhrətinin bəhrələrindən rahat istifadə etməyib,
bu ona xas deyildi. O qarşısına daima yüksək tələblər qoyur, irəli
gedir, əldə olunanlarla heç zaman kifayətlənmir. Özü üçün vacib,
maraqlı, yeni hesab etdiyi hər bir şeyi mənimsəyir, daha çox dərinliyə,
çoxşaxəliliyə, öz individuallığı ilə ifa etdiyi musiqinin vəhdətinə
nail olur.
Bu gün
S. Rixterin yaradıcılığı tarixin nailiyyətinə çevrilmişdir. Eyni
zamanda o, vallarda lent yazılarında, "Əsrin pianoçusu"nun
canlı ifasını dinləmiş insanların xatirəsində hələ uzun illər boyu
qalacaqdır.
Məqaləni
S. Rixter istedadının ən sadiq pərəstişkarlarından biri, sənətşünaslıq
doktoru, Moskva Konservatoriyasının professoru Y. İ. Milşteynin
sözləri ilə tamamlamaq istərdim: "Rixter üçün musiqi - sanki
ana dilidir. O bu dildə sadə, təbii, eyni zamanda yenilməz, amiranə
tərzdə öz fikir və hisslərini ifadə edir. Bütün bunlara o, səmimilik,
təmkinlilik, zəngin özünəməxsus təbiətinin, hisslərinin qeyri-adi
tərzdə şərhini əlavə edir. Lakin yalnız titanik zəhmət onu bu yüksəkliyə
qaldırmışdır - bizim dövrün əsl dahi sənətkarı.
Svyatoslav
Rixter - Dünya pianoçuluq sənətində bir əsrdir".
QEYDLƏR
1.
S. Rixter öz "Avtobioqrafik etiraflar"ında dediyi
kimi" ... atam alman kolonist ailələrindən (gəlmə)
idi. Onun əcdadları Polşada yaşamışdılar.
O hərtərəfli istedadlı idi, fortepianoda yaxşı
çalmağı bacarırdı. Orqanda çox gözəl
çalırdı və improvizasiyalar edirdi. Babam (ata
tərəfdən) musiqiçi usta və kökləyici
idi". Anası haqqında S. Rixter belə deyir: "...
bir çox millətlərin qarışığı
olan bir ailədən idi - rus, polyak, alman. Hətta
isveç, macar və tatar qalıqları da vardı.
Tatar elementlərinin təsirini indi də aydın
duyuram: mən şərq musiqisini çox sevirəm".
2. Rixterin
sözlərindən: "... məxsusi olaraq fortepiano
çalmağı öyrənmək istəmirdim,
dirijorluq etmək istəyirdim. Opera dirijorluğu arzusunda
idim. Demək olar ki, buna nail olmuşdum, amma mane oldular,
həmişə ki kimi, intriqalar. Mənə təyin
edilmiş operanı başqasına verdilər. Digər
səbəblər də ortaya çıxdı. Bütün
bunlar mənim Moskvaya getmək qərarıma təsir
göstərdi... Kimin sinfində oxumaq sualı ortaya
çıxanda dedim ki, Neyqauzun sinfində. Taleyimə
bu qərara görə minnətdaram".
3.
Səfərəliyeva K. "Dahi müsiqiçi və
insan haqqında xatirələr". "Üzeyir
Hacıbəyov haqqında söz" kitabında.
Bakı - 1985-ci il.
|
|