Geniş yaradıcılıq diapazonuna malik
olan dahi bəstəkarımız Qara Qarayev üçün janr çərçivələri məhdudluğu
yox idi. Qarayev elə bəstəkar idi ki, hansı musiqi janrına müraciət
edirdisə, onun qələmindən yüksək sənətkarlıqla cilalanmış əsərlər
çıxırdı. Nədənsə, musiqişünaslıqda Qarayevi daha çox instrumental
musiqi üslubunun ustadı kimi təqdim edib, onun simfonik, instrumental,
balet musiqisi haqda yazır, danışır, diskussiyalar aparır, vokal
yaradıcılığını bir qədər arxa planda qoyurlar. Halbuki, bəstəkarın
"Mən sizi sevirdim", "Gürcüstan təpələrində" kimi romansları, Cövdət
Hacıyevlə birgə yazdığı "Vətən" operası, Ömər Xəyyamın sözlərinə
yazılmış "Altı rübai", "Zəriflik" monooperası, "Çılğın Qaskoniyalı"
romantik musiqili komediyası, gözəl vokal-simfonik xor əsərləri
musiqi tariximizin parlaq səhifələrini təşkil edirlər. Onu da qeyd
etmək lazımdır ki, Qara Qarayev instrumental janrlarla yanaşı vokal
musiqi ilə bağlı janrların da, demək olar ki, hamısının ilk yaradıcılarından
olmuşdur.
Həqiqi vətəndaş, müasirlik carçısı
olan Q. Qarayev çox geniş maraq dairəsi, ensiklopedik təfəkkürə
malik bir sənətkar idi. O, Azərbaycanla yanaşı müxtəlif xalqların
tarixi, incəsənəti, ədəbiyyatı, musiqisi ilə tanış olub, öz yaradıcılığında
onlara müraciət edirdi. Bəstəkarın təkcə elə vokal yaradıcılığına
nəzər salsaq onun mövzu rən-ga-rəng-liyini, mətn müəlliflərinin
zənginliyini aşkar edərik.