Üzeyir Hacıbəyov adına Bakı Musiqi
Akademiyasının Orta ixtisas musiqi məktəb-studiyasının 20 yaşı tamam
olur... Görəsən, hər hansı bir tədris ocağının formalaşması, yüzlərlə
bənzər təşkilatlar arasında öz dəsti-xəttini tapılması üçün bu,
kifayət zaman kəsiyidirmi? Məktəb-studiyanın bu müddət ərzində keçdiyi
keşməkeşli, uğurlu-uğursuz, axtarışlarla zəngin yola nəzər salsaq,
bu suala müsbət cavab verə bilərik.
Əslində, keçilən dövrü də, insan
ömrü kimi, müəyyən mərhələlərə bölmək olar: başlanğıc, təşəkkül
və yetkinlik.
BAŞLANĞIC
Bu işin bilavasitə başlanğıcında
durmayan insan üçün o dövrün ab-havasını duymaq və bütün çalarları
ilə işıqlandırmaq o qədər də asan iş deyil. Həmin illərin müxtəlif
qəzet materiallarını, fotoşəkillərini nəzərdən keçiririk, şahidlərin
və ilk növbədə də məktəb-studiyanın yaradıcısı və daimi rəhbəri,
professor Tərlan Seyidovun xatirələrinə müraciət edirik.
Professor T. Seyidovun düşüncələrindən:
- Heç bir yeni ideya və fikir təsadüfən
yaranmır. Çox vaxt həyatın özü insanda gözlənilmədən yeni bir ideyanın
əmələ gəlməsinə təkan verir. Professional musiqiçilərin tərbiyəsində
bilavasitə iştirak edən bir insan kimi mən uzun illər boyu konservatoriya
məzunlarının pedaqoji fəaliyyətə başlayan zaman dərhal yüzlərcə
çətinliklərlə üzləşməsi kimi acınacaqlı faktla yaxşı tanış idim.
Belə vəziyyət əvvəllər konservatoriyada istehsalat təcrübəsinin
faktiki olaraq cəmi bir neçə dərs ilə məhdudlaşması ilə izah olunurdu.
Odur ki, tələbələrin hərtərəfli istehsalat təcrübəsini təmin etmək
üçün bilavasitə konservatoriyanın nəzdində qeyri-adi tədris ocağının
- məktəb - studiyanın təşkil edilməsinə böyük ehtiyac var idi.
Həmin ideyanın zəruriyyətinə, aktuallığına
baxmayaraq, onu həyata keçirmək o qədər də asan olmadı. Çünki bu
yeniliyi qəbul etməyən və onu gerçəkləşdirməyə maneçilik törədən
"mühafizəkarlar"ın sayı az deyildi. Lakin bu işin başlanğıcında
duran və onun zəruriyyətinə inanan insanların səyi nəticəsində 1980-cı
ildə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət konservatoriyasının
nəzdində məktəb-studiya təşkil olundu.