|
|
|
Musiqinin ecazkar təsirindən
əsrlər boyu müxtəlif elmi və ədəbi
mənbələrdə bəhs edilmiş, musiqi və
onun insan həyatında rolu mövzusu daima geniş
miqyaslı diskussiyaların, müzakirələrin
obyekti olmuşdur. Bir faktı xatırlamaq kifayətdir
ki, qədim Romada, Yunanıstanda, Misirdə musiqinin
müalicə üsulu kimi tətbiq edildiyi vaxt-dan
minilliklər ötməsinə baxmayaraq elm və
tex-nikanın yüksək səviyyədə inkişaf
etdiyi müasir dövrdə də ayrı-ayrı
elm sahələrinin bu incəsənət növünə
müraciətinə ciddi ehtiyac duyulur. Elmin yeni isti-qa-mətlərinin
yarandığı və formalaşdığı
XX əsrdə musiqinin təsiredici amil kimi əhəmiyyətli
rolu çoxsaylı tədqiqatların mövzusuna çevrilmişdir.
Məhz musiqini tərbiyədə tətbiq etməklə
bizim əsrdə 70-ci illərin sonunda yaranan "perinatal"
(yəni doğuşaqədərki - Z. R.) tərbiyə
metodunun əsasını qoyan musiqiçi və həkim
M. Lazarev pedaqogikada musiqinin əvəzsiz rolunu araşdıran
tədqiqatlara yol açmışdır. Qeyd etmək
lazımdır ki, musiqinin perinatal tərbiyədə
tətbiqi M. Lazarevin adı ilə bağlı olsa
da, hələ iki min il bundan əvvəl Çində
və Yaponiyada musiqinin uşağın doğuşaqədərki
və doğuşdan sonrakı tərbiyəsinə
təsirinin təcrübədən keçirilməsi
elmə məlumdur. Qədim çinlilər və yaponlar
hamilə qadınları xüsusi mühitdə müşahidə
edərək musiqi ilə məşğul olan və
müntəzəm musiqi dinləyən gələcəkanaları,
daha sonra isə dünyaya göz açan körpələri
diqqət mərkəzində saxlamışlar. Bu
təcrübə sonralar bir qədər də inkişaf
etdirilmiş, elmin müasir tələbləri səviyyəsində
yenidən həyata tətbiq edilmişdir.
| |