|
|
|
|
Video:
1 |
Fevralın
7-də Ü. Hacıbəyov adına Musiqi Akademiyasının böyük zalında Cüzeppe
Verdinin "Rekviyem"i ifa olundu. İtaliyalı "dahi
ağsaqqal" bu əsəri 1874-cü ildə, yəni 61 yaşında yazmışdır.
Məhz bu zaman Verdi taleyin amansız zərbələri ilə üzləşir - bir-birinin
ardınca onun atası, yaxın dostu və müəllimi Baretsi, librettist
Françesko Piave, yazıçı Madzoni, bəstəkar Rossini vəfat edir.
Yaxın dostlarını itirməsi Verdini "Rekviyem" yazmağa
sövq edir. Eyni zamanda Verdi "Aida" operası üzərində
işləyir. Buna görədir ki, hər iki əsərdə ümumi cəhətlər çoxdur
- qəhrəmani və iztirab çəkən, "Rekviyem"ə opera ifadəliyi
cizgiləri bəxş edən müsiqinin işlənmə üsulları. Maraqlıdır ki,
Verdinin "Rekviyem"i bəstəkarın sağlığında kilsədə deyil
(premyeranı nəzərə almasaq), teatr və konsert salonlarında ifa
olunurdu.
Bu günlərdə
Rekviyem heç də tez-tez ifa olunan əsər deyil. Böyük texniki mürəkkəbliklər,
geniş ifaçı tərkibi, dörd parlaq ifaçı - solistlərin vacib iştirakı
- üzdə görünən məlum çətinliklər bunlardır. Əsas çətinlik isə
musiqiçilərin daxili hazırlığında, onların kamilliyində, musiqinin
müəllifi və ifaçılarının emosional təcrübələrinin adekvatlığındadır.
Heç bir dirijorun unutmaq iqtidarı olmayan daha bir amil də vardır
- bu partituraya ifası etalon qəbul edilmiş əvəzolunmaz Arturo
Toskanini dirijorluq etmişdir. Biz yuxarıda sadaladığımız faktları
nəzərə alaraq orkestrin bədii rəhbəri və dirijoru Azad Əliyevə
belə bir sualla müraciət etdik.
N. A.:
Hansı səbəblər sizin "Rekviyem"i seçmənizə təsir göstərmişdir?
A. Ə.:
Mən çox qısa cavab verə bilərdim - səbəb bu musiqinin gözəlliyi
və dahiliyindədir. Lakin bu cür desəm, əslində heç bir şey söyləməmiş
olardım. Bu əsərin ifasına mən uzun zamandır ki iddialıydım. Siz
çox düzgün qeyd etdiniz ki, Rekviem kimi əsərlərin məğzinə, dərinliyinə
varmaq üçün tək professionalizm və ustalıq kifayət etməz. Bununla
yanaşı emosional təcrübə də lazımdır. Bir neçə il öncə məndə belə
bir fikir oyandı ki, üç dahiyanə əsəri - Motsart, Verdi və Bramsın
"Rekviyem"lərini ifa edim. Bu işlə mən atamın xatirəsini
yad etmək istədim, bir musiqiçi kimi yetişməyimdə ona borcluyam.
N. A.:
Səhv etmirəmsə, Motsartın "Rekviyem"i 1995-ci ildə ifa
olunmuşdur.
A. Ə.:
Bəli. Əsər atamın vəfat etdiyi gün - oktyabrın 26-da ifa olundu.
Bu tarix mənimçün simvolik məna kəsb edirdi.
Azad
Əliyev tanınmış azərbaycan violonçel çalanı, Azərbaycan respublikasının
Xalq artisti Sabir Əliyev və Konservatoriyanın müəllimi Elmira
Əliyevanın ailəsində dünyaya gəlmişdir. Bu ailədə uşaqların gələcək
peşəsi haqqında məsələ müzakirə edilmirdi. Tərkibini A. Əliyev,
M. Tağıyev,
R. Seyidzadə və S. Əliyev kimi gözəl musiqiçilər təşkil edən Dövlət
Kvartetinin məşqləri Əliyevlərin evində keçirilirdi. O zaman 5
yaşlı Azad taburetin üstünə çıxaraq dirijor çubuğunu əlinə alıb
Haydn, Bethoven və s. kvartetlərinə dirijorluq edərmiş.
N. A.:
Mən deyərdim ki, Sizin bəxtiniz gətirib. Dirijor karyeranızın
lap əvvəllərindən siz dünya klassikası və gözəl musiqiçilərlə
ünsiyyətdə olmusunuz.
A. Ə.:
O zaman hələ heç kəs deyə bilməzdi ki, mən nə vaxtsa dirijor çubuğunu
əlimə götürəcəyəm. Əvvəla mən Azərb. Döv. Konservatoriyasının
fortepiano şöbəsini bitirdim (K. Səfərəliyevanın sinfini), sonra
R. Atakişiyev vokal kafedrasına, qocaman müəllim İ. Lvoviçin yanına
gətirib dedi: "Bunun səsi var. Görün nə etmək olar".
Beləliklə, mən ikinci musiqi ixtisasına yiyələnməyə başladım.
Ancaq mənimçün bu da qənaətedici olmadı.
70-ci
illərdə mən Respublika Sarayında baş musiqi rejissoru işləyirdim.
İlk baxışdan maraqsız və yaradıcılıqdan uzaq olan bir iş. Lakin
bu illərin əsas nailiyyəti maestro Niyazi ilə sıx əməkdaşlıq,
onunla daima sıx yaradıcılıq əlaqəsi imkanı oldu. Bütün konsert
və məşqləri mən partitura ilə izləyirdim və beləliklə də Maestronun
repertuarı ilə tanış olurdum.
N. A.:
İndi söyləmək olar ki, bu əsərlərə siz virtual reallıqda dirijorluq
etmisiniz. Bəs əslində, dirijor pultu arxasına ilk dəfə nə vaxt
keçmisiniz.
A. Ə.:
Sumqayıt musiqi texnikumunda işləyərkən mən kamera orkestri yaratdım.
Onun tərkibinə yüksək peşəkar musiqiçilər daxil idi. Bu mənimçün
çox qiymətli təcrübə oldu. O təcrübə ki, bir müddət sonra mənim
Opera studiyasına gələrək - Mən dirijorluq etmək istəyirəm deməyimə
imkan verdi.
O illərdə
orkestrin bədii rəhbəri olan Ramiz Məlikaslanov Azad Əliyevə belə
bir təklif edir - "Mən bir aylığına qastrola gedirəm. Bu
müddətə Rimski-Korsakovun "Motsart və Saryeri" operasını
hazırlamaq lazımdır. Sına özünü..." Bir aya opera səhnələşdirildi.
Azad Əliyev isə əvvəla Opera studiyasının müəllimləri ştatına
qəbul olundu, sonra isə ona rəhbərlik etməyə başladı. İşlədiyi
müddətdə o, Verdinin "Traviata", "Trubadur",
"Aida", Leonkovallonun "Payatsı", "Rimski
- Korsakovun "Tsarskaya nevesta", Bizenin "Karmen",
Motsartın "Bastyen və Bastyena", Əmirovun "Sevil",
Ü. Hacıbəyovun "Arşın mal alan", Raxmaninovun "Aleko"
operalarını tamaşaya qoymuşdur. Onun opera sinfi üzrə məzunları
Azərbaycanın Xalq artisti A. Zeynalov, Opera teatrının solistləri
A. Poladov, F. Məmmədova, F. Hacıyeva, vokalçıların Bülbül adına
müsabiqəsinin laureatı H. Enami, Opera studiyasının solistləri
A. Axundov və N. Əlizadədir (son iki nəfər İtaliyada uğurla çalışırlar).
N. A.:
Opera studiyasında iş çox gərgindir. Lakin siz başqa lahiyələr
üçün də vaxt tapırsınız.
A. Ə.:
Mən eksperimentləşdirməni çox sevirəm və yeni, maraqlı təklifləri
məmnuniyyətlə qarşılayıram. Məsəlçün, Azərbaycanın xalq rəssamı
Toğrul Nərimanbəyov ilə konsert təşkil etmək kifayət qədər riskli
qərar idi. Gözəl tenora malik, zərif musiqi duyumu olan Nərimanbəyov
hər halda professional deyildir. Onunla konsert proqramını 3 ay
ərzində hazırladıq, hər ikimiz həyəcan keçirirdik, amma sonra
eksperimentimiz baş tutdu.
N. A.:
Mənim, həmçinin V. Paşayeva ilə hazırladığınız romans axşamı yadıma
düşür.
A.
Ə.: Bəli. Bu, daha bir cəhd - mənimçün yeni olan bir janrın sınanması
cəhdi idi. Zənnimcə, bəzi musiqiçilərin akademik üslubun çərçivəsində
qapanıb qalmaq istəyi tamamilə yanlışdır. Hal-hazırda qərbin bir
çox ölkələrində klassik musiqinin populyarlaşdırılması meyli çox
güclüdür. Biz tez-tez məşhur opera ustalarının populyar rok müğənniləri
və ya caz ifaçıları ilə birgə çıxışlarının şahidi oluruq. Mən
musiqinin hər cür növünü və janrını - romansdan tutmuş rekviyemə
qədər - qəbul edirəm.
Əsas
şərt onun keyfiyyətidir.
N. A.:
Mən həmişə elə bilmişəm ki, dirijor sənəti ilə müəllimliyin arasında
oxşar cəhətlər çoxdur. Mən bir daha buna sizin məşqlərdə olarkən
əmin oldum. Sizin, orkestrin hər qrupu ilə - mis nəfəs, ağac nəfəs
alətləri... - ayrılıqda nə cür təmkinlə məşğul olmanızın şahidi
oldum.
A. Ə.:
Əvvəla, mən həqiqətən də müəllimlik fəaliyyətini çox sevirəm.
Bir neçə ildir ki, mən Opera studiyasında, həmçinin Bülbül adına
məktəbdə dərs deyirəm (orada kamera ansamblı sinfini aparıram).
Yəqin ki, bu təcrübə əbəs olmayıb.
O ki,
qaldı orkestrə, mən istəyirəm ki, musiqiçilər lazımi nəticəyə
mənim yanımda nail olsunlar. Bilirsinizmi, belə bir qayda var
- əgər hər hansı bir işin yaxşı alınmasını istəyirsənsə, onda
onu özün et.
N. A.:
Yəqin bu cəhətdən diqqətəlayiq fakt odur ki, vokal partiyaları
ifa edən dörd solistdən üçü sizin tələbələrinizdir.
A. Ə.:
Bəli. Doğrudan da, F. Məmmədova (soprano), H. Enami (tenor), A.
Poladov (bas) - opera hazırlığı sinfi üzrə mənim məzunlarımdır.
Mən onların hər birinin imkanlarına yaxşı bələdəm, onlar yüksək
professional musiqiçidirlər. Azərbaycanın əməkdar artisti V. Paşayeva
(metso-soprano) - mənim əvvəllər də birgə işlədiyim təcrübəli
müğənnidir. Bütün bunlar bizim məşqlər zamanı biri-birimizi çox
gözəl anlamağımıza kömək etdi və məncə hamı məmnuniyyətlə işləyirdi.
Ümumiyyətlə, mən məşq prosesini - ideyanın yetişməsi, həyata keçməsi
prosesini çox sevirəm. Bəzən o, nəticədən, yəni konsert ifasından
heç də maraqsız olmur.
Uğurun
çox vacib amillərdən biri-həmçinin xor partiyasının ifadəliyindədir.
O, səslənən partituraya xüsusi həcmlilik, prespektivlik bəxş edir.
Bununla əlaqədar olaraq, mən baş xormeyster Gülbacı İmanovanın
işini qeyd etmək istərdim. Bizim onunla ənənəvi yaradıcılıq əlaqələrimiz
var.
N. A.:
Mən sizə bir qədər provokasiyalı sual vermək istəyirəm. Siz özünüz
necə, "Rekviyem"in ifasından razısınızmı?
A. Ə.:
Hədəfə dəqiq zərbə heç də həmişə baş tutmur. Rekviyemin solo partiyaları
həm vokal, həm də texnika cəhətdən çox mürəkkəbdirlər. Onlar ifaçıdan
böyük iradə və kamillik tələb edir. Məsəlçün, məlumdur ki, Arturo
Toskanini solistləri tembr uyğunluğu prinsipi üzrə seçərək bu
məsələyə çox ciddi yanaşarmış. Ancaq bütün çətinliklərə baxmayaraq,
mən görülən işlərlə razıyam. Mən belə hesab edirəm ki, bakılı
dinləyicilər dünya klassikasının ən gözəl əsərlərini mütləq canlı
ifada eşitməlidirlər.
A. Əliyevin
yaradıcı taleyini müəyyən edən şərait sözsüz ki, onun məşhur musiqiçi
ailəsində anadan olmasıdır. Lakin daha bir fakt. A. Əliyev böyük
minnətdarlıqla qeyd edir - bu - M. Rostropoviç kimi dahi musiqiçi
ilə ünsiyyətdə olmaq və ondan öyrənmək imkanıdır.
A. Ə.:
Rostropoviçlə tanışlıq xoşbəxtliyi mənə lap uşaqlıqlan nəsib olmuşdur.
Əvvəl o mənimçün sadəcə olaraq atamın dostu idi - ağıllı, cəzbedici
bir adam, evimizin hər zaman əziz qonağı. Qarşımdakı şəxsin dahi
Maestro olduğunu sonradan anladım. Həmçinin onu da başa düşdüm
ki, dahilik və sadəlik - bir medalın iki üzüdür. Rostropoviç buna
ən gözəl nümunədir. Onun şəxsiyyəti həm yaradıcılıqda, həm də
həyatda mənimçün bir etalondur.
Mən məqaləni
bitirdiyim axşam Bakı Musiqi Akademiyasının Böyük zalında konsert
gedirdi. Simfonik orkestr Azad Əliyevin rəhbərliyi ilə Bakın Brandenburq
konsertini ifa edirdi. Mən zalda olmasam belə, təbiətən eleqant,
frak geymiş orta boylu bir şəxsin səhnəyə çıxaraq təmkinlə baş
əyib öz aləminə - musiqili aləmə qapılmasını çox gözəl təsvir
etdim.
Azad
Əliyev o tip şəxslər sırasına aiddir ki, onların fəaliyyəti bir
qədər köhnə anlayışlı "fədakarlıq" sözünə uyğundur.
Nə üçün köhnə? Ona görə ki, fədakarlıq - öz ideallarına qayğısız,
təmənnasız qulluq bizim günlərdə gec-gez təsadüf olunan bir şeydir.
Bizim əvəzsiz itirdiyimiz daha bir dəyər. Bizim bugünkü həmsöhbətimiz
bu "qeyri-aktual" əbədi dəyərlərin nadir daşıyıcılarından
biridir. Bu bizi tez-tezmi düşündürür? Bu cür professionalları
biz layiqincə qiymətləndirə bilirikmi?
|
Video:
1 |
12
fevral tarixdə Bakı kamera musiqisi zalında növbəti
simfonik musiqi axşamı dirijor Rauf Abdullayevin idarəsi ilə Üz.
Hacıbəyov adına Dövlət simfonik orkestrinin yeni parlaq çıxışı
ilə nəticələndi.
Bu çıxışın
proqramına D. Şostakoviçin violonçel ilə orkestr üçün 1ą-li Konserti
və V. A. Motsartın "Linzer Simfonie" adı ilə tanınan
36¹-li simfoniyası salınmışdı. Dünya ifaçılığında hər iki əsər
öz sanballığı və ifa çətinliyi ilə seçilir, və sonuncu deyim üzündən
çox az-az səsləndirilir. Bu baxımdan dirijor R. Abdullayevin,
solist - respublikanın Əməkdar artisti violonçel çalan Eldar İsgəndərov
və orkestr üzvlərinin ifa ustalığı və məsuliyyətli hazırlığı tərifə
layiqdir. Konsertin özünü isə orkestrin fədakar əməyinin, sənət
yanğısının nəticəsi, kollektivin uğurlu çıxışlarının davamı saymaq
olar.
Solist
Eldar İsgəndərovu Bakının klassik musiqi həvəskarları həm gözəl
viololnçel ustası, həm də ölkəmizin ən fəal ifaçılarından biri
kimi tanıyırlar. Sırf sənətçilik, yetkin bədii zövq və özünə sonsuz
tələbkarlıqla yanaşan Eldar çoxçalarlı səsləndirmə bacarığı, "oxunaqlı"
çalğısı, ifaçılığın texnikasının bütün yollarına yetkin yiyələnməsi
və geniş musiqiçi dünya görüşü sayəsində fövqəladə nəticələr əldə
edir. Musiqiçi ciddi sınaqlardan, yaradıcılıq axtarışlarından
çəkinmir, onun qarşıya qoyduğu məqsədlər bəzən hətta ağlasığmaz,
son həddə çatan ifa ustalığı tələb edir. Və o, istədiyinə nail
olur.
D. Şostakoviçin
konsertdə səsləndirilən əsəri vaxtılə, dövrümüzün ən dahi musiqiçilərindən
biri olan Mstislav Rostropoviçlə yaradıcılıq əməkdaşlığı nəticəsində
yaranıb. Bəstəkar konsertini məhz ona - ilk ifaçıya həsr etmişdir.
Birinci violonçel konserti həm dahi bəstəkarın şəxsiyyətini, həm
də violonçel alətinin ucsuz-bucaqsız imkanlarını əks etdirən əsl
sənət incisidir.
Sonuncu
deyim isə öz növbəsində əsərin bədii - zövqü durumuna da, doğurduğu
yaşantılara da ifaçılıq texnikasının imkanlarına da aiddir. Violonçel
konserti ifaçılardan hamılıqla böyük mənəvi və fiziki güc verimi,
son dərəcə böyük diqqət, intizamlılıq, texniki dəqiqlik tələb
edir. Violonçel solo hissəsinə gəldikdə isə təkcə onu demək kifayətdir
ki, əsərin təkcə violonçel tərəfindən ifa olunan və "Kadensiya"
adlanan III hissəsi şıdırğı (virtuoz) çalğının bütün müasir ünsürlərini
özündə əks edir. Və bütün bunların öhdəsindən gəlmək kimi şərəfli
sınaqdan E. İsgəndərov üzü ağ çıxdı. Bir də bunları artırmaq istərdim
ki, II hissənin şairanəliyinin, sonuncu hissənin "qığılcımsaçan"
enerjisinin səmimiliyinə dinləyiciləri inandıra bildik. Əlbəttə,
bütün deyilənlər, və ilk növbədə, solo ifaçı ilə orkestrin ayrılmaz,
üzvü birliyi dirijorumuz R. Abdullayevin ustalığı və geniş sənət
duyumunun nəticəsidir və musiqi həvəskarlarının gurultulu, uzun
zaman susmayan alqışları deyilənlərə ən parlaq sübutdur.
V. A.
Motsartın "Linzer Simfonie" əsərinin konsertin II bölməsində
səslənməsi icə orkestrlə dirijorun nə dərəcədə, - özü də təkcə
şüurlu deyil, şüuraltı səviyyədə, - "dil tapdığını"
əyani şəkildə əks etdirdi. Musiqiçilər onlara başçılıq edən şəxsin
hər hansı və gözlə çətinliklə sezilən hər xırda işarəsini belə
duymaq bacarıqlarını saysız sayda nümayiş etdirirdilər. Dirijor
tərəfindən "ilhama gətirilən", "qanadlanan"
ifaçılar texniki çətinlikləri sanki unudaraq, "bir nəfəsə"
simfoniyanın öhdəsindən gəldilər. Burada hər şey, hər bir cəhət
"Motsart üslubunda" işlənmişdir: bəstəkara xas olan
əzəmət, təntənə, sonsuz gənclik ruhlu, "işıqlı", lakin
eyni zamanda həzin, büllur, şəlaləli axıcılıq. Orkestr dəqiq nizamlanmış
və dirijor tərəfindən ustalıqla, ilhamla dilləndirilən tək bircə
alət təsiri bağışlayırdı. Proqramın belə "sehrli" sonluğu
dağ selini xatırladan alqışlarla nəticələndi. Demək lazımdır ki,
belə alqışları uzun zamandır ki, "Kirxanın" divarları
eşitməyib. Əlavə olaraq dinləyicilərdən "yaxa qurtarmaq üçün"
ifa olunan, - və yenə də V. A. Motsartın - "Fiqaronun toyu"
uvertürası da sürətli alqışlarla nəticələndi. Lakin dinləyicilərdən
"yaxa qurtarmaq əməliyyatı" alınmadığından yenə də "Hinzer
Simfonie"-nin sonuncu hissəsi səsləndi. Doğrudan da, belə,
gözəl yaşantılı "musiqi" axşamlarını" yaşamağın
özü də, bütün çətinliklər və ağrı-acılara baxmayaraq, həyatın
gözəl nemət olduğuna inanmağa sübutdur.
Yuri
Abdullayev
İran
və Azərbaycan musiqi mədəniyyətləri arasında sıx qarşılıqlı əlaqələr
tarixi uzun əsrlərlə ölçülür. Hər iki qonşu ölkənin elm, mədəniyyət
və incəsənəti İslamın yaranmasından sonra vahid tarixi-ictimai
zəmində daha da inkişaf etmiş və müştərək cəhətlərlə zənginləşmişdir.
Xalqlarımızın xüsusilə musiqi və şer sahəsində əldə etdikləri
bədii sənət nailiyyətləri eyni bir mədəniyyətin iki şaxəsi kimi
qiymətləndirilə bilər.
Buna
görə də Azərbaycan və İran musiqiçiləri arasında dostluq əlaqələrinin
yaranması qanunauyğun bir hadisə olub gələcəkdə daha da inkişaf
etdirilməlidir. Bu ilin ilk aylarında həmin istiqamətdə əməli
tədbirlərin keçirilməsi sevindirici bir haldır. Belə ki, fevral
və mart aylarında qonşu ölkənin musiqiçilərindən ibarət iki heyət
respublikamızın paytaxtına gəlmiş, mütəxəssisləri və dinləyici
kütlələrini ənənəvi İran musiqisinin müxtəlif nümunələri ilə tanış
etmişdir. Həmin konsertlərdə Azərbaycan incəsənət ustalarının
da milli repertuarla çıxış etməsi mədəniyyətlərimizin yaxınlığını
göstərməklə yanaşı musiqitjışm arasında mehriban ünsiyyətin yaranmasına
səbəb oldu.
Üzeyir
Hacıbəyov adına Bakı Musiqi Akademiyasında keçirilmiş ilk kosertdən
qabaq bu təhsil müəssisəsinin rektoru, professor Fərhad Bədəlbəyli
cənabları hörmətli qonaqları salamladı və xalqımızın İran musiqi
mədəniyyətinə həmişə böyük ehtiram bəslədiyini qeyd etdi. İranın
Azərbaycandakı fövqəladə səfiri ağayi Əlirza Biqdeli hər iki ölkənin
musiqi mədəniyyətlərinin yüksək səviyyəsi və ideya-bədii məzmunu
barədə qiymətli fikir söylədi. Natiqlər İran və Azərbaycan arasında
mədəni əlaqələrin hərtərəfli şəkildə inkişaf etdirilməsi zərurətini
qeyd etdilər.
Azərbaycanda
İranın qədim incəsənətinə, o cümlədən musiqi və şer sənətinə həmişə
böyük maraq göstərilmişdir. Məşhur musiqiçilərimiz nəinki İran
melodiyalarına hüsn-rəğbət bəsləmiş, həmçinin onları sevə-sevə
təbliğ etmişlər. Azərbaycan musiqişünasları bu ölkənin zəngin
musiqi tarixinə elmi-tədqiqat əsərləri həsr etmiş, bir-birinə
çox yaxın olan bu musiqi mədəniyyətlərini müqayisəli şəkildə öyrənməyə
səy göstərmişlər. Əsrlər boyu musiqi xadimlərimiz fars dilli elmi
risalələri çox yaxşı bilmiş, hətta bu dildə özləri də qiymətli
elmi əsərlər yaratmışlar. (Əbdülqadir Marağayi, Mirzə bəy, Mirmöhsün
Nəvvab Qarabaği və b.)
Hal-hazırda
Bakı Musiqi Akademiyasında tədris olunan "Şərq xalqlarının
şifahi ənənəli profesional musiqisi" və "Mənbəşünaslıq"
fənləri çərçivəsində İran Musiqisinin təcrübi və nəzəri məsələlərinə
müəyyən yer ayrılır. Ümumiyyətlə, Azərbaycan musiqisinin, xüsusilə
də muğamlarımızın ifa xüsusiyyətləri və elmi cəhəti ilə məşğul
olan mütəxəssislərimiz sövq-təbii olaraq qonşu ölkənin mədəniyyətinə
üz tutur və özləri üçün gərəkli məlumatlar əldə edirlər.
Bu dəfə
də İran musiqiçilərinin iştirakı ilə təşkil olunmuş konsertlər
çoxsaylı musiqisevərlərin nəzər-diqqətini özünə cəlb etdi. Mart
ayında keçirilmiş musiqi görüşləri daha yadda qalan və daha əlamətdar
oldu. Çünki bu görüşlər xalqlarımız üçün ümumi olan üç müqəddəs
bayramın - Qurban, Novruz və Qədiri-Xum bayramlarının keçirildiyi
bir aya təsadüf etdi. Santur ifaçısı ağayi Məhəmməd Vəkilha tərəfindən
idarə olunan "Mövləvi" ansamblının tərkibində Məryəm
Fuladi (İran tarı), Cəlal Təqavi (ney), Əli Kərimi (xanəndə),
Hadi Bacalan (tombek) və Heşmet Meysəmi (dəf) öz çıxışları ilə
dinləyicilərin alqışlarını qazandılar.
Azərbaycana
əlvan musiqi çələngi gətirmiş həmin ansambl Rəşid Behbudov adına
Dövlət Mahnı Teatrında, Üzeyir Hacıbəyov adına Bakı Musiqi Akademiyasında
çıxış etdi. Bundan başqa əziz qonaqlar Musiqi Akademiyasının dosenti,
respublikanın xalq artisti İslam Rzayevin xanəndəlik sinfində
tələbələrin muğam ifalarını maraqla dinlədilər, bu sənətlə əlaqədar
bəzi mühüm məsələlərə ətraflı cavab tapdılar. "Musiqi Dünyası"
jurnalının məsul katibi, bəstəkar və musiqişünas Azad Ozan Kərimli
və bu sətirlərin müəllifi isə Bakıda səmərəli fəaliyyət göstərən
İran Mədəniyyət mərkəzində ansamblın rəhbəri, mahir santur çalan
ağayi Məhəmməd Vəkilha ilə keçən səmimi söhbətlər zamanı döst
ölkənin müasir musiqi həyatı barədə müfəssəl məlumat əldə etdilər.
Hər şeydən
əvvəl qeyd olunmalıdır ki, müasir İran ansambllarının tərkibi
Azərbaycan sazəndələr dəstəsindən (muğam üçlüyündən) kifayət qədər
fərqlənir. Konsertdə yuxarıda adları çəkilən özünəməxsus alətlərə,
habelə onların zəngin texniki-bədii imkanları parlaq şəkildə nümayiş
etdirildi. Bu baxımdan ilk növbədə, əlbəttə ki, alətlərin bənzərsiz
"simasını" müəyyən edən tembr xüsusiyyətləri qeyd olunmalıdır.
Belə qənaətə gəlmək olar ki, avaz və məqam etibarı ilə Azərbaycan
musiqisinə yaxın olan İran musiqi nümunələri fərqli tembr libasında
və özünəməxsus ifa tərzində təqdim olunmaqla başqa rəng və çalarlara
boyanır.
"Mövləvi"
ansamblına rəhbərlik edən ağayi Məhəmməd Vəkilha təcrübəli musiqiçidir.
Qırx ilə yaxındır ki, müxtəlif ölkələrin konsert səhnələrində
çıxış edir. Onun ifaçılıq məharəti Ərəb dünyasında, Türkiyə, Pakistan,
Rumıniya, Bolqarıstan, Macarıstan, Yunanıstan, İngiltərə və b.
ölkələrdə hüsn-rəğbət qazanmışdır. Ğstad sənətkar Fəraməzi Payvər
və Hüseyn Səba kimi keçmişin məşhur santur ifaçılarından və alətin
indi də İranda fəal istifadə olunduğundan danışdı, öz ustadı Əfcəyinin
dərslərini və xeyir-duasını ehtiramla yad etdi. Maraqlıdır ki,
Məhəmməd Vəkilha alətin müxtəlif ölkələrdə yayılmış növlərinin
müqayisəsinə xüsusi diqqət verir.
Məhəmməd
Vəkilhanın təbirincə, "Yaponiyadan ta Meksikaya qədər"
dünyanın müxtəlif ölkələrində santurun rəngarəng növləri məlumdur.
Təkcə santur çubuqlarının (mizrablarının) iyirmidən çox çeşidini
öyrənmiş təcrübəli musiqiçi İran mizrablarının ən yüngül olduğunu
söyləyir. Onun "Tarixi-musiqiye-santur" adlı böyük tədqiqatı
artıq tamamlanıb çapa təqdim olunmuşdur. Müəllif həmin əsərdə
alətin hələ eramızdan 1300 il əvvəl mövcud olduğunu söyləyir ki,
bu da santurun tarixinə dair təsəvvürlərimizi xeyli genişləndirir.
Əlbəttə, bu kimi tədqiqatlar Azərbaycan oxucularının da marağına
səbəb ola bilər. Bunu nəzərə alaraq "Musiqi dünyası"nın
məsul katibi İran mütəxəssislərini jurnalla əməkdaşlığa dəvət
etdi.
Konsertin
digər iştirakçıları da xoş sözlərə layiqdirlər. Məsələn, ney çalan
istedadlı musiqiçi ağayi Cəlal Təqavi öz alətinin rəngarəng çalarlarını
məharətlə nümayiş etdirdi. O, tanınmış sənətkar Kəsayinin davamçılarındandır.
Alətin istehsal olunması da İranda geniş tətbiqi üçün əlverişli
imkan yaradır. Yəqin ki, bütün digər alətlərdə olduğu kimi, bu
məsələdə də son söz ifaçı sənətkarlara məxsusdur.
Ağayi
Hadi Bacalan özünü istedadlı tombək (dömbək) ifaçısı kimi göstərdi.
O, membranın kənarında və ortasında çalmaqla müxtəlif yüksəkli
zərbələri əldə edərək ritmik şəkillərin tembr-dinamik rəngarəngliyinə
nail oldu. Dinləyicilər İran və Azərbaycan musiqisinin ritmik
quruluşunda bir çox müştərək cəhətləri eşidə bildilər. Təbii ki,
vəzn sahəsində fərqli cəhətlər də vardır. Belə ki, musiqiçinin
verdiyi məlumata görə İran musiqisində ritmik formullar (mizanlar)
üç qismə ayrılır: mizani-sadə, mizani-tərkib, mizani-ləngi. İki
və üç paylı özəklərin birləşməsindən əmələ gələn üçüncü növ -
mizani-ləngi xüsusilə maraqlıdır.
Xanəndə
Əli Kəriminin ifasında Şur, Dilkeş, Əbu-Əta, Bayatı-türk məqamları
üzərində qurulmuş müxtəlif təsnif və mahnılar səsləndirildi. Bu
təranələrin çoxunu anonim şəkildə mövcud olmasına baxmayaraq onlardan
bəzilərinin müəllifləri də məlumdur. Məsələn, "Badi-fərəhbəxşi-bahari"
misrası ilə başlayan Bayatı - türk təsnifi, eləcə də Pişdəraməd
əsrimizin ilk yarısında bəstələnmiş və məşhur musiqiçi Arif Qəzviniyə
məxsusdur. Rəngi-Bayatı türk isə digər görkəmli sənətkar Dərvişxana
şamil edilir. Müəllifi bəlli olan əsərlər içərisində ney (Cəlal
Təqavi) və dəf (Heşmət Meysəmi) alətlərinin birgə ifasında səsləndirilmiş
və orta əsrlər dövrünə aid bir melodiya xüsusilə qeyd olunmalıdır.
Həmin melodiya Şərqin böyük musiqişünas alimlərindən biri olan
Əbdülqadir Marağayi (1353-1435) tərəfindən bəstələnmiş və o dövrün
əbcəd əlifbasından müasir yazıya köçürülmüşdür.
Konsertin
maraqlı musiqi nömrləri İran musiqisinin təsnif, rəng, dəraməd
kimi janrlarını təqdim etdi. Gələcəkdə fars dəstgahlarına həsr
olunmuş xüsusi konsertlərin də təşkil olunması azərbaycanlı dinləyicilərin
və mütəxəssislərin ürəyincə olardı. Bu mədəni əlaqələrin yaradılmasında
İran İslam Respublikasının Bakıda yerləşən Mədəniyyət mərkəzinin
rəhbəri ağayi Əsgər Farsinin böyük əməyi xüsusilə qeyd olunmalıdır.
O, "Musiqi
dünyası" jurnalının redaksiya heyətinə bəzi dəstgahların
audiokasetlərini təqdim etdi, gələcəkdə ölkələrimiz arasında musiqi
tədqiqatlarının və elmi kitabların da mübadiləsində kömək edəcəyinə
söz verdi. Azərbaycanlı həmkarlar İran musiqişünaslığının müasir
nailiyyətlərinə, ənənəvi musiqiyə, folklor bölgələrinə, musiqinin
tarixi, nəzəriyyəsi və sair sahələrinin müasir vəziyyətinə ciddi
maraq göstərirlər. Alimlərimiz arasında ikitərəfli əlaqələrin
yaradılmasında elmi seminar və mühazirələrin təşkil olunması da
çox yaxşı olardı. "Musiqi dünyası" jurnalı isə öz növbəsində
İran musiqisi mütəxəssislərinin məqalələrini çap etməklə ümumi
işimizin xeyrinə kömək etməyə hazırdır.
Bir mühüm
məsələyə də toxunmaq istərdik. Ümumiyyətlə, musiqi mədəniyyətlərimizin
məqam, vəzn, janr, forma ünsürlərinə aid bir çox ümumi keyfiyyətlər
çoxəsrli və sıx tarixi əlaqələrin məntiqi nəticəsi olsa da, onların
müasir nəzəri təfsirində böyük fərqlər də nəzərə çarpır. Bu da,
son əsrdə milli musiqişünaslıq məktəblərinin bir-birindən təcrid
olunmuş şəkildə meydana gəlib inkişafı ilə bağlıdır. Məsələn,
İran və Azərbaycan dəstgahları (Rast, Şur, Segah, Çahargah, Humayun
və s.) arasında oxşalıqların olmasına baxmayaraq, onlar barədə
yazılmış tədqiqat əsərlərində həmin yaxınlığı görmək çox çətindir.
Buna görə də, ənənəvi janr və formaları müqayisə edərkən mütləq
canlı bədii təcrübəyə istinad edilməlidir. Bu baxımdan konsert
mübadilələrinin əhəmiyyəti çox qiymətlidir. Yalnız real musiqi
praktikasına əsaslanaraq İran və Azərbaycan musiqi nəzəri sistemləri
arasında meydan gəlmiş süni fərqlərin aradan qaldırılması mümkündür.
Eyni bir möhtəşəm ağacın şaxələri hesab edilən iki milli musiqi
mədəniyyətinin müqayisəli şəkildə öyrənilməsi onlardan hər birinin
tarixi, nəzəri və estetik məsələlərinə işıq sala bilər. Arzu edirik
ki, konsert (və kaset) mübadilələri ilə başlanan qarşılıqlı musiqi
əlaqələrimiz elm, təhsil və başqa sahələri də əhatə etsin.
Fəttah
XALIQZADƏ
|
Video:
1 |
|
Video:
2 |
|
Video:
3 |
2000-cu
il martın 4-də İstambulda Arif Məlikovun "Məhəbbət əfsanəsi"
baletinin premyerası (sayca 65-ci) böyük uğurla keçdi. Milli mədəniyyət
üçün diqqətəlayiq faktdır və bir də onunla fərəhləndiricidir ki,
tamaşanın uğuruna bir çox cəhətdən başqa bir bakılının da işi
təsir etmişdir - dirijor pultu arxasında E. Bağırov durmuşdu.
Ümumiyyətlə, türklərin, librettosunun müəllifi Nazim Hikmət olan
baletin səhnəyə qoyulması işinə nə cür həyəcanla yanaşmalarını
xüsusi qeyd etmək lazımdır. Dünyanın bütün teatr səhnələri ilə
qalibiyyət yürüşünü 40 il öncə başlayan tamaşanın aurasının daha
dolğun bərpası üçün külli miqdarda vəsait və ən əsası - entuziazm
sərf edilmişdir. Moskvadan baletmeyster Yuri Qriqoroviç dəvət
olunmuşdu, hansı ki, tamaşanın quruluşunu həyata keçirmişdir.
Dekorasiyalar yenidən Simon Virsaladzenin eskizləri əsasında hazırlanmışdır.
Biz bəstəkar
A. Məlikovdan tamaşanın quruluşu, orkestrin, truppanın işi haqqında
təəssüratları ilə bölüşməyi xahiş etdik.
Müx.:
Arif Cahangiroviç, əsərinizin dünyanın demək olar ki, bütün teatrlarında
tamaşasını izləməkdə sizin böyük təcrübəniz var (axı İstambuldakı
quruluş sayca 65-cidir). Tənləşdiriləsi, müqayisə ediləsi şeylər
var. Amma yenə də, son premyera nə ilə əlamətdardır?
A. M.:
Bir neçə ay öncə "Əfsanə" Yekaterinburqda tamaşaya qoyulmuşdu.
Bu premyera da mənimçün böyük əhəmiyyət kəsb edirdi. Amma İstambul
- bu... Özünüz təsəvvür edin - Asiya və Avropanın sərhəddində
yerləşən bir şəhər, təxminən 15 milyon əhalisi olan, dünyanın
müxtəlif ölkələrindən hər gün 10 minlərlə turist axıb gəldiyi
bir şəhər. Bu, librettonun müəllifi - Nazim Hikmətin şəhəri və
onun arzularında yaşayan şəhər idi. Premyera günlərində Türkiyənin
bütün qəzetləri yazırdı ki, Nazim bu tamaşanın uzunömürlü olacağını
əvvəlcədən söyləmişdi. Doğrudan da o, müsahibələrinin birində
demişdir ki, tamaşa Parisdə, Londonda, Tokiyoda və s. şəhərlərdə
oynanılacaq. Amma onun ən böyük arzusu - tamaşanı nə vaxtsa öz
vətənində - sevimli İstambulda görmək idi. Bu arzu təxminən 40
ildən sonra həyata keçdi. Axı ilk premyera 39 il əvvəl olmuşdur.
Türklər belə bir tamaşanın arzusunda idilər, hansı ki, faktiki
olaraq Nazim Hikmətin sağlığında səhnələşdirilmişdir. Bilirsiniz
ki, tamaşa Qriqoroviçin quruluşunda və Virsaladzenin dekorasiyalarında
gedir. Mənimçün xoş idi ki, Türkiyədə tamaşanın quruluşu ilə yanaşı
onun "tərcümeyi-halını"da bilirdilər. Bütün türk qəzetləri
(bu məni təəccübləndirdi) nəinki Nazim Hikmətdən, eyni zamanda
bu baleti dövri adlandıran Dmitri Şostakoviçdən sitatlar dərc
edirdi.
Mən dörd
baş məşqdə və ilk tamaşada iştirak etdim. Mətbuat və televiziyada
maraq çox böyük idi. Mən orada olduğum zaman jurnalistlər bizə
sözün əsl mənasında işləmək imkanı vermirdilər - elə müsahibə
verməyimizi xahiş edirdilər. Neçə müsahibə verdiyimi heç özüm
də bilmirəm. Bəzən elə olurdu ki, bir cavabı eyni zamanda bir
neçə müxbirə verməli olurdum. Mən onu da bilirdim ki, bu cür xeyirxah
münasibətdə yalnız yaxşı, xoş sözlər yazılacaqdı. Axı onlar üçün
də bu premyera xüsusi əhəmiyyət kəsb edirdi. Mənimçün, baletin
müəllifi kimi - həmçinin. Premyera doğrudan da böyük təntənə ilə
keçdi. Bu premyeranın arxasında Qriqoroviç xoreoqrafiyasında artıq
40 ildir dəyişməz tərzdə ömür sürən bir tamaşa dururdu. Bu tamaşa
dünyanın ən yaxşı teatrlarında yaşayır. Təəssüf ki, tamaşanı yaradan
beşlikdən artıq üç nəfər yoxdur - Nazim Hikmət, Simon Virsaladze,
şef-dirijor Niyazi. Yalnız iki nəfər qalıb - Qriqoroviç və mən.
Bəs Nazim Hikmətin arzusunu necə gerçəkləşdirməli, onun tanıdığı
tamaşanı necə canlandırmalı? Biz S. Virsaladzenin yoxluğunu onun
şagirdləri, köməkçiləri ilə əvəz etməli olduq. Məsələn, bu gün
türk səhnəsində bütün dekorasiya və kostyumlar 61-ci ildə və ya
65-ci ildə Böyük Teatrda olduğu kimi hazırlanmışdı. O səviyyədə,
dəqiq - S. Virsaladzenin eskizləri əsasında. Deməli, Suliko İstambul
səhnəsində canlanmışdır.
Türklər
böyük vəsait xərcləmişdilər. Tamaşanın sponsoru Türkiyənin ən
zəngin banklarından biri "İş - bank" idi. O, tamaşaya
sponsorluq edirdi, çünki bu cür tamaşanı, bu cür səviyyədə yaratmaq
- o qədər də asan deyil. Çox gözəl afişalar buraxılmışdı. Onlar
bütün bunları bir sənət əsəri kimi düzəldirlər, gözəl proqramlar,
maraqlı dəvətnamələr - hamısı yüksək poliqrafik səviyyədə. Birinci
tamaşa pulsuz idi, dəvətnamə ilə - zalda yalnız türk elitası idi.
Tamaşadan sonra bütün tamaşaçı zalı ziyafətdə iştirak etdi. Gül-çiçək
çox idi.
Daha
bir əlamətdar fakt: Nazim Hikmət Türkiyədə artıq rəsmi səviyyədə
tanınıb. Vaxt vardı xalq onu sevirdi, ürəklərdə gəzdirirdi, amma
rəsmi səviyyədə tanımırdılar, çünki o, kommunist idi. Nazim Hikmət
63-cü
ildə vəfat etdi, amma rəsmən tanınmamaq şleyfi onun arxasınca
çox uzandı. Şükürlər olsun ki, bu gün vəziyyət kökündən dəyişmişdir.
İndi böyük bir Nazim Hikmət cəmiyyəti mövcuddur. Cəmiyyətin üzvləri
N. Hikmətin
yaradıcılığı ilə məşğul olur, onun həyatı ilə bağlı olan hər bir
şeyi öyrənirlər. Bundan başqa YĞNESKO 2002-ci ildə N. Hikmətin
100 illik yubileyini dünya səviyyəsində qeyd edəcək. Bununla əlaqədar,
türklərin "Əfsanəni" həm özlərində göstərmək, həm də
dünyanın başqa ölkələrinə çıxartmaq planları var.
Müx:
İfaçılar barədə nə deyə bilərsiniz. Türk solistlərindən başqa,
premyerada Böyük Teatrın artistləri də iştirak edirdi. Onların
şərhini müqayisə etmək olarmı? Həm də ən çox sizin nə xoşunuza
gəldi?
A.M.:
Moskvadan Yuri Krivtsov və Yelena Talçina gəlmişdilər. Onlar çox
gözəl ifaçıdırlar, bir tamaşa oynayıb getdilər. Təbii ki, şərq
adamlarında ola bilsin, Böyük Teatr məktəbində dərs almış solistlərdə
olan texniki nəfislik yoxdur, əvəzində hansısa bir daxili qəlb
hərarəti var. Bu açıq emosional vəziyyət məhəbbətlə uzlaşdıqda
- tamamilə yeni keyfiyyət bəxş edir. Məsəlçün, İstambulda Məhmənəbanunu
oynayan Güliyə Aksular kimi parlaq balerina plastika, texnika,
temperamentinə görə dünya səviyyəli aktrisadır. Türkiyədə hər
zaman ulduzlar olmuşdur. Yadımdadır, Ankarada "Əfsanə"ni
başqa xoreoqrafla tamaşaya qoymuşdular - orada solist Mir Sumen
idi. O, vaxtaşırı Böyük Teatrda və Londonda çıxış edir. İndi o,
İstambul baletiylə məşğul olur, rəhbərlik edir. Onun yerinə isə
bu cür parlaq balerina gəlmişdir. Fərhad və Şirin də yaxşı səviyyədə
idi.
Müx:
Tamaşanın səhnələşdirilməsinə nə qədər vaxt lazım oldu?
A.M.:
Quruluşuna üç aya yaxın vaxt getdi. Qriqoroviç xanımı - Natalya
Bessmertnova və Böyük Teatrdan gəlmiş digər köməkçiləri, rəssamlarla
birgə işləyirdi. Həm də Qriqoroviç bu üç aya başqalarının doqquz
ayda görəcəyi işləri başa çatdırdı. İş günü normalaşdırılmamışdı.
Onlar teatra səhər gəlirdilər, solistlərlə işləyirdilər, sonra
digər solistlərlə, sonra kordebalet, sonra səhnə mizanı-proses
fasiləsiz davam edirdi. Maraqlıdır ki, mən Qriqoroviçlə işlədiyim
bütün teatrlarda onun gedişindən sonra deyirdilər: onunla iş truppanın
professional səviyyəsini 10 il irəli aparır. O, sözün əsl mənasında
onları öyrədir və artistlər hər cür texniki çətinliklərin öhdəsindən
asanlıqla gəlir.
Müx:
Arif Cahangiroviç, İstambul teatrında orkestr nə səviyyədədir?
V. M.:
Çox yaxşı səviyyədədir. Həm dirijor, həm də orkestr çox çalışdılar
və professional ifa nümayiş etdirdilər. Musiqiçilərin bəzi səhvləri
var idi (müəllif tənqid üçün hər zaman bir səbəb tapar). Amma
orkestrdə çox güclü qruplar da var, orada bakılı musiqiçilər işləyir;
çox gözəl qaboy çalan, iki truba çalanımız - bizim musiqiçilər
səriştəlikdə, təcrübəlikdə həmişə yüksək səviyyədə olurlar. Amma
tədricən bu kiçik ştrixlər unuduldu, böyük bir bayram təəssüratı
qaldı. Şəxsən mənimçün bu premyera öz əhəmiyyəti və tarixi məsuliyyətinə
görə, hamımızın gənc olduğu bir vaxtda - "Əfsanə"nin
Leninqraddakı premyerasına bərabərdir. Yəqin bu gün demək olar
ki, biz (həm mən, həm də Qriqoroviç) Nazim Hikmət qarşısında öz
borcumuzu yerinə yetirmişik.
|
Video:
1 |
25
ildən artıq bir dövrdür ki, Fidan və Xuraman Qasımovaların vokal
sənəti milli musiqi incəsənətinin fəxri və şöhrəti, nadir dəyərlərindəndir.
Nüfuzlu beynəlxalq müsabiqələrdə parlaq qələbələr əldə edib dünya
musiqisinin Olimp zirvəsinə qalxaraq, Fidan və Xuraman Qasımova
bacıları intensiv konsert-qastrol fəaliyyətini davam etdirir,
daim öz ifaçılıq repertuarını genişləndirir və bununla da klassik
vokalın primadonnası kimi yüksək ada layiq olduqlarını sübuta
yetirirlər. Beynəlxalq müsabiqələr laureatları, Azərbaycan Dövlət
mükafatları laureatları, xalq artistləri, professor kimi ən yüksək
fəxri ad və titulları daşıyan bizim görkəmli müğənillərimiz dünyanın
bir çox ölkələrində dinləyici məhəbbətini qazanmışlar. Lakin doğma
Bakıda çıxış etmək onlar üçün həmişə daha fərəhli, əhəmiyyətli
və daha həyəcanlıdır.
Xalqımızın
bu iste'dadlı nümayəndələrinin bu ilin aprel ayında "Respublika"
sarayında Ü.Hacıbəyov adına Azərbaycan Dövlət simfonik orkestrinin
iştirakı ilə (dirijor respublikanın xalq artisti Rauf Abdullayevdir)
"Sədası bahardır vətənimizin" devizi altında keçirdikləri
konsert nəinki müğənnilərin özləri üçün, habelə çoxsaylı dinləyicilər
üçün də məhz belə yaddaqalan və hərarətli bir hadisə oldu. Tədbirin
təşəbbüskarları kimi Mədəniyyət Nazirliyi və bir sıra maraqlı
musiqi-xeyriyyə tədbirlərinin təşkilatçısı kimi tanınan "Azərbaycan
Mədəniyyətinin Dostları" Fondu (sədri Mehriban Əliyevadır)
çıxış etdilər.
Konsertin
xüsusi bir zövq və məntiqlə hazırlanmış proqramını xüsusi qeyd
etmək istərdik: o, vahid və kamil musiqi formasını xatırladırdı.
Konsertin bütün nömrələrini birnəfəsə qavrayan tamaşaçılar müğənnilərin
ifaçılıq məharətinə və çoxçalarlı iste'dadına valeh oldular. İncə
nüanslarla zəngin füsünkar tembrlər, səsin instrumental çevikliyi
və şəffaflığı, yumşaq registr keçidlərinə malik olan nəhəng diapazon,
müğənnilərə musiqi ibarələrini sonsuz uzatmağa imkan verən gözəl
nəfəs, xəfif pianodan güclü forteyə qədər rəngarəng dinamika -
bütün bunlar artıq özü-özlüyündə dinləyiciyə estetik zövq verməyə
qadirdir. Lakin Fidan və Xuraman Qasımovalar səviyyəsinə çatan
musiqiçilər üçün vokal - insan qəlbinin sirlərini fəth etmək üçün
yalnız bir vasitədir. Əlbəttə, hər bacının səsi özünəməxsus şəkildə
təkrarolunmazdır və bu "tamamlayıcı təzad" xüsusilə
duetlərdə hiss olunurdu. Lakin indi söhbət hansısa müqayisədən
getmir. Əsas məsələ yaradılan obrazdan, ifa edilən əsərdən asılı
olaraq səsi gah yumşaq və incə, gah da güclü, coşğun və patetik
səsləndirmək bacırığıdır. Bütün bunlarla yanaşı şübhəsiz ki, gözəl
oxuma tərzi müğənnilərin sırf qadın zərifliyi, cazibədarlığı,
təbii məğrurluğu ilə üzvü surətdə uzlaşırdı. Konsertin birinci
şö'bəsi bütünlüklə vokal sənətinin təməl daşı sayılan Qərbi Avropa
klassikasına həsr olunmuşdu. İfa edilən hər bir əsər (Rossininin
"Stabat mater" indən, Verdinin "Rekviyem"indən
duetlər, Mendelsonun "Sözsüz mahnı"sı və Offenbahın
"Barkarola"sı) vahid obraz xəttinin sanki halqaları
olub, ciddi təmkinlikdən yumşaq, incə lirizmə doğru hərəkətin
simvolu tə'sirini bağışlayırdı. Lirik e'tirafın dərinliyi, hər
bir melodik "dönüşün", dinamik nüansın ifadəli şərhi,
mükəmməl artikulyasiyasına görə bunlar əsil sənət şedevrləri idi.
Lakin, birinci şö'bənin "kulminasiyası" iki solo nömrə
- Verdinin "Trubadur" operasından Leonoranın kavatinası
(X.Qasımova) və Puççininin "Manon Lesko" operasından
eyniadlı ariya (F.Qasımova) oldu. Bu çıxışlar qarşımızda coşğun
hisslərin, çılğın məhəbbətin tüğyan etdiyi həqiqi teatr səhnəsini
canlandırdı. Təsadüfi deyil ki, Qasımova bacıları Verdi və Puççini
musiqisini "ehtiras, həqiqət və insanpərvərliyinə" görə
çox sevirlər.
Konsertin
II hissəsində duet üçün uyğunlaşdırılmış populyar opera nömrələri
ilə yanaşı, (Verdinin "Traviata" operasından "Sağlıq
mahnısı" və Bizenin "Karmen" operasından Xabanera),
Azərbaycan musiqisi də səsləndirildi. Müğənnilər üç yeni əsəri
- bəstəkar Azər Dadaşovun "Bahar duası"nı, pianoçu Nailə
Mirməmmədlinin "Ulduzlar" və Əlibəy Qasımovun "Mənim
Azərbaycanım" əsərlərini ifa etdilər. Son əsərin müəllifi
- Fidan və Xuraman xanımın qardaşı peşəkar bəstəkar olmasa da,
maraqlı əsər yarada bilmişdir. Konsertin sonunda müğənnilər tamaşaçı
alqışlarına cavab olaraq böyük şövqlə hamının ürəyincə olan mahnıları,
Frenk Sinatranın "My way", Niyazinin "Arzu"
və "Evləri var xana-xana" xalq mahnısını oxudular.
Həmin
axşam Fidan və Xuraman Qasımovaların qazandığı böyük uğur və hərarətli
tamaşaçı alqışları tam mənada sevimli maestromuz Rauf Abdullayevin
idarəsi ilə Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Simfonik orkestrinin
də payına düşmüşdü. Orkestrin böyük məharətlə ifa etdiyi Motsartın
"Fiqaronun toyu", Rossininin "İtaliyalı qız Əlcəzairdə",
"Vilhelm Tell" operalarının üvertüraları, Qara Qarayevin
"İldırımlı yollarla" baletindən "Qızların gitara
ilə rəqsi" - konsert proqramına məntiqi bağlılıq və bitkinlik
aşıladı.
O gün
iste'dadlı sənətkarlarımızın çıxışları heç kimi biganə qoymadı.
Çünki Qasımova bacıları musiqini sadəcə olaraq ifa etmir, onu
sözün əsil mə'nasında yaşayırlar. Sonda qeyd etmək istərdim ki,
konsertin bizlərə bəxş etdiyi sevincli anları dönə-dönə xatırlarkən,
vaxtilə düz on il bu gözəl müğənniləri opera səhnəsində görmək
imkanından məhrum olmağımıza ürəkdən heyifsilənirəm. Çünki onların
sənəti - əsil bayramdır. Lakin çox təəssüf ki, bu bayram həmişə
bizimlə deyil.
Nigər
ƏLİYEVA
|
|
|