Yaradıcılıq…      
      
          
1  
İfaçılıq…

Yaradıcılıq…

Lənkərandan

 
 

Azərbaycan Respublikasının xalq artisti, professor Süleyman Ələsgərov görkəmli bəstəkar, istedadlı dirijor, tanınmış pedaqoq, musiqiçi-ictimai xadim idi. O, məhsuldar yaradıcılığa malik bir sənətkar kimi musiqi salnaməmizə daxil olmuşdur. Onun çoxşaxəli yaradıcılığında Azərbaycan xalq çalğı alətləri orkestri üçün əsərləri xüsusi yer tutur.

Onu da deyək ki, S. Ələsgərovun xalq çalğı alətlərinə marağı, uşaqlıq yaşlarından başlayıb. Özünün etiraf etdiyi kimi, o, hələ kiçik ikən tütəkdə çalmağa səy göstərir, bu musiqi alətində rəqs və xalq mahnılarının melodiyalarını çalırdı.

1935-ci ildə S. Ələsgərov Şuşa musiqi texnikumunun tar ixtisası sinfinə daxil olur. O, Şuşada təhsil alarkən xalq çalğı alətləri orkestrinə də xüsusi maraq göstərir. 1939-cu ildə o, Şuşa Musiqi texnikumunda Azərbaycan xalq çalğı alətləri orkestrini təşkil edir.

S. Ələsgərov xalq çalğı alətləri orkestrini Şuşada yaratdığı zaman, kollektivin repertuarını təkcə xalq mahnıları, rəqsləri, muğamlarının ifası ilə kifayətlənmir, hətta "Koroğlu" operasından da musiqi parçalarını eşitmə yolu ilə orkestrin üzvlərinə öyrədib, açıq konsertlərdə iştirak edirmişlər.

1941-ci ildə S. Ələsgərov Bakıya gəldiyi vaxtdan Azərbaycan Teleradio Verilişləri Komitəsinin xalq çalğı alətləri orkestrində dirijor vəzifəsində çalışır. Qeyd edək ki, o, Azərbaycan bəstəkarlarının əsərləri ilə yanaşı, Qərb və rus bəstəkarlarının məşhur əsərlərinə də dirijorluq edirdi.

Müəyyən illərin fasiləsindən sonra S. Ələsgərov yenidən Teleradio Verilişləri Komitəsinin xalq çalğı alətləri orkestrinə, dirijor vəzifəsinə qayıdır. Onun təşəbbüsü ilə orkestrə Daşkənddən bas tar gətirilir. O, həmçinin qədim çalğı aləti olan qanunu orkestrin tərkibinə daxil edir.

Bəstəkarın elə ilk əsəri də xalq çalğı alətləri orkestri üçün yazılmışdır.

Böyük Vətən müharibəsi illərində bəstələdiyi əsərlər arasında "Cəngi", "Yallı", "Qaytağı" var idi. Bu əsərlərdə əsgərlərimizin qəhrəmanlığı tərənnüm olunurdu.

Sonrakı illərdə də o, xalq çalğı alətləri orkestri üçün istər iri, istərsə də kiçik həcmli əsərlər yazır.

Solistlə xalq çalğı alətləri orkestri üçün iri həcmli əsərlərindən danışarkən, ilk növbədə onun tar ilə xalq çalğı alətləri orkestri üçün üç Konsertini qeyd etməliyik.

1 saylı Konsert 1973-cü ildə, 2 saylı Konsert 1983-cü ildə, 3 saylı Konsert isə 1994-cü ildə bəstələnmişdir.

Onu da qeyd edək ki, bəstəkar tar və xalq çalğı alətləri orkestri üçün Konsertlərində milli musiqinin zəngin ifadə vasitələrindən, tarın texniki cəhətdən imkanlarından, orkestrlə birlikdə səslənmə rənglərindən, solo alətin mürəkkəb intonasiya xüsusiyyətlərindən özünəməxsus bir ustalıqla istifadə edə bilmişdir.

Görkəmli tarzən, professor R. Quliyev bəstəkarın 1 və 2 saylı Konsertlərindəki tarın solo partiyasını belə qiymətləndirir: "Tarın ifadə vasitələrinə, texniki imkanlarına, tembr boyalarına tam yiyələnmiş bəstəkar, saydığımız məziyyətlərdən məharətlə istifadə etmişdir. S. Ələsgərov mövcud olan ifadə vasitələrilə kifayətlənmir, alətin imkanlarını xeyli genişləndirərək yeni ştrixlər, yeni boyalar arayıb tapır. Bəstəkar, muğamlarımızın ifadə etdiyi obrazlılığı gözəl duyur və onları Konsertlərində yerli-yerində işlədir.1

Yeri gəlmişkən onu deyək ki, I saylı Konsert musiqimizi zənginləşdirən əsərlərdəndir. Bu Konserti professor O. Quliyev belə qiymətləndirir: "Konsert"in melodik dili çox zəngin, təravətlidir. Əsərin melodiyalarında çox miqdarda bəzək işarələrinin (melizmlərin) işlənməsi, mövzuların Azərbaycan xalq musiqi janr nümunələrinə bağlılığı, xalq musiqimizə xas olan ritmik xüsusiyyətlərin geniş tətbiq olunması, Konsertin tez qavranmasına, asan yadda qalmasına imkan yaratmışdır. Əsərin harmonik və polifonik dili də maraq doğurur... Olduqca koloritli və incə yazılmış partiturada orqan punktu, səsaltı kontrapunkt, imitasiya, təzadlı polifoniya aydın təcəssümünü tapmışdır1.

Tar və xalq çalğı alətləri orkestri üçün 2 saylı Konsert R. Quliyevə həsr olunmuşdur. Müəllif sonralar Konserti simfonik orkestr üçün də köçürmüşdür.

Əsər Özbəkistan Respublikası Dövlət simfonik orkestrinin repertuarında özünəməxsus yer tutur. Belə ki, Konsert ilk dəfə 1983-cü ildə Daşkəndin "Baxor" konsert salonunda keçirilən Azərbaycan simfonik musiqi gecəsində səslənmişdir. Orkestrin bədii rəhbəri və baş dirijoru professor Zahid Haqnəzərov Azərtacın müxbiri ilə söhbətində bu əsər haqqında belə demişdir: "S. Ələsgərovun tar və orkestr üçün 2 nömrəli Konserti bizdə ilk dəfə ifa olunmuş, dərhal da musiqi həvəskarlarının rəğbətini qazanmışdır. Mən bu əsərin orijinallığını, onun xalq zəminini-milli təranələrin müasir musiqi vasitələri ilə əlaqələndirildiyini qeyd etmək istərdim"2.

S. Ələsgərovun 2 saylı Konserti Rusiyanın xalq artisti N. Nekrasovun rəhbərliyi ilə Televiziya və Radionun Akademik rus xalq çalığı alətləri orkestri üçün də orkestrləşdirilmiş və R. Quliyev bu kollektivlə birlikdə Moskvada Mərkəzi radiostudiyada əsəri lentə yazdırmış və həmin lent yazısı Rusiya Teleradio şirkətinin fonduna daxil olmuşdur.

S. Ələsgərovun tar və xalq çalğı alətləri orkestri üçün 3 saylı Konserti ilk dəfə Bakı Musiqi Akdemiyasının xalq çalğı alətləri kafedrasında dinlənilmişdir. (solist Səbuhi Cəfərov idi). Konsert 1994-cü ilin 26 yanvarında Azərbaycan Teleradio Şirkətinin S. Rüstəmov adına xalq çalğı alətləri orkestrinin (dirijor - F. Sadıqov, solist S. Cəfərov) ifasında lentə yazılmış, sonra videoya alınmış, radio dalğaları və mavi ekranda nümayiş etdirilmişdir.

S. Ələsgərovun orijinial əsərlərindən "Sözsüz mahnılar" daha çox yayılmışdır3 "Sözsüz mahnı" Teleradio Şirkətinin S. Rüstəmov adına xalq çalğı alətləri orkestrinin repertuarına daxil olaraq vaxtaşırı radio və mavi ekrandakı konsertlərdə səsləndirilir.

S. Ələsgərovun müxtəlif illərdə ayrı-ayrı xalq çalğı alətləri orkestri üçün də müxtəlif janrlı əsərlər bəstələmişdir. Bu mənada onun xalq çalğı alətləri orkestri üçün "Qarabağ" rapsodiyası, kamança və xalq çalğı alətləri orkestri üçün "Tarantella", "Skertso", tar və orkestr üçün "Daimi hərəkət", qanun və orkestr üçün "Poema", balaban və orkestr üçün "Xəyala dalarkən", saz və orkestr üçün "Aşıqsayağı" və başqaları maraqlı əsərlərdir.

Bu kimi əsərlərin istər xalq çalğı alətləri ifaçılarının, istərsə də - tədris ocaqlarında - Bakı Musiqi Akademiyasının xalq çalğı alətləri kafedrasında, musiqi texnikumlarının, uşaq musiqi məktəblərinin xalq çalğı alətəri şöbəsində təhsil alan tələbə və şagirdlərin yetişməsində və püxtələşməsində rolu böyükdür.

Göründüyü kimi, xalq çalğı alətləri orkestri S. Ələsgərovun bəstəkarlıq, dirijorluq və müəllimlik sahələrindəki yaradıcılığının formalaşmasında mühüm əhəmiyyətə malikdir. Bəstəkar orkestr üçün ilk əsərindən ("Rəqs"dən) bu günə qədər bütün xalq çalğı alətləri orkestri üçün müxtləif janrlı orijinal əsərlər yazır və həmçinin, xalq musiqi nümunələrini də bu orkestr üçün işləyir. Nəticədə, bir tərəfdən xalq çalğı alətləri orkestrlərinin, solist ifaçılarının repertuarı genişlənir, digər tərəfdən isə onların ifaçılıq sahəsində texniki vərdişlərini artırır.

S. Ələsgərovun xalq çalğı alətləri orkestri ilə əlaqəsini onun pedaqoji fəaliyyətində də görmək olar. O, 1954-cü ildən bu günlərə qədər Bakı Musiqi Akademiyasında dərs demişdir. 1971-ci ildən 1992-ci ilə qədər bəstəkar Bakı Musiqi Akademiyasının xalq çalğı alətləri kafedrasında müdir vəzifəsində işləmişdir. 1992-ci ildən isə "Azərbaycan xalq çalğı alətləri üzrə orkestrləşdirmə və dirijorluq" kafedrasının professoru və "Şuşa" filialının direktoru vəzifələrində çalışmışdır. Pejaqoji fəaliyyətə başladığı vaxtdan o, Az. xalq çalğı alətləri orkestri üzrə dirijorluq fənnindən dərs demiş, kollektivlər üçün dirijor kadrları yetişdirmişdir.

Bu fənni apararkən o, tədris repertuarını genişləndirməklə yanaşı, bir sıra dərslik və dərs vəsaitləri də yazılmışdır. Məsələn, "Azərbaycan xalq çalğı alətləri orkestri üçün orkestrləşdirmə" (Metodik göstərişlər). Tərtibçilər: S. Ələsgərov, S. Abdullayeva, Bakı, 1977. S. Ələsgərov, S. Abdullayeva. Azərbaycan xalq çalğı alətləri və orkestrləşdirmə. Maarif, Bakı (Ali və orta ixtisas musiqi məktəbləri tələbələri üçün dərslik).

Onu da qeyd edək ki, S. Ələsgərovun dirijorluq ixtisası üzrə bir neçə yetirməsi-sənətşünaslıq namizədləri, professor Səadət Abdullayeva, Vaqif Əbdülqasımov, Oqtay Quliyev, respublikanın xalq artisti, professor Ramiz Mirişli, əməkdar artist, professor Şəfiqə Eyvazova və başqaları Bakı musiqi Akademiyasının kafedralarında uzun illər onunla çiyin-çiyinə çalışmışlar.

Azərbaycan Respublikasının xalq artisti, Dövlət mükafatı laureatı, professor Səid Rüstəmovun S. Ələsgərov haqqında fikirləri belə idi: "Sevimli bəstəkarımız

S. Ələsgərovun çoxcəhətli yaradıcılığında xalq çalğı alətləri orkestri üçün bəstələdiyi əsərlər əhəmiyyətli yer tutur. Hələ böyük müəllimimiz Üzeyir bəyin sağlığında Süleyman çox gənc ikən xalq çalğı alətləri orkestri üçün yazmış olduğu bir sıra əsərləri ilə dahi bəstəkarımızın nəzərini cəlb etmiş və təqdirinə layiq olmuşdur".

1945-ci ildən Radio Verilişləri Komitəsinin xalq çalğı alətləri orkestri üçün əsər yazan S. Ələsgərov 55 il bu kollektivlə yaradıcılıq ünsiyyətində olub. Bu orkestlə yanaşı tədris ocaqlarındakı orkestrlər, habelə respublikamızın mərkəzi şəhərlərində fəaliyyət göstərən xalq çalğı alətləri orkestrləri bəstəkarın müxtəlif səpkili əsərlərini öz repertuarlarına daxil edərək onların təbliği ilə ciddi məşğul olurlar.

1. O. Quliyev. S. Ələsgərovun tar ilə xalq çalğı alətləri orkestri üçün Konserti. Metodik tövsiyələr. Bakı, 1982, səh. 4

2. "Bakı" qəzeti. 8 noyabr, 1983.

3. S. Ələsgərovun tar ilə xalq çalğı alətləri orkestri üçün 2 saylı Konserti. Tərtib edəni R. Quliyevdir. "Tar və orkestr üçün Konsertlər". Metodik tövsiyələr. Bakı, 1987, səh. 39.

Maya QAFAROVA


Artıq 21 ildir ki, Azərbaycan cazının klassiki

V. Mustafazadə aramızda yoxdur. Onun vaxtsız ölümü bütün musiqi sənətimiz üçün böyük itkidir. Ömrünün qısa olmasına (cəmi 39 il) baxmayaraq, bu gözəl sənətkarın adı həmişəlik yaddaşlara həkk olundu.

V. Mustafazadə muğamla qərb cazının vəhdətini yaradaraq musiqi tarixində yeni bir səhifə açdı. Bu il onun 60 yaşı dövlət səviyyəsində qeyd olunur. Yubileylə bağlı olaraq V. Mustafazadənin adını daşıyan 2 saylı incəsənət məktəbinə yollandıq, onun bugünkü fəaliyyəti ilə maraqlandıq.

Həmsöhbətimiz məktəbin keçmiş məzunu, hal-hazırda isə nəzəriyyə şöbəsinin müdiri, Mədəniyyət Nazirliyinin metodisti Tahirə xanım Əliyevadır.

- Tahirə xanım, mümkünsə, bizi məktəbin yaranma tarixi ilə tanış edərdiniz.

- Bu məktəb 1940-cı ildə 1 saylı musiqi məktəbi kimi təşkil olunub. Məktəbin ilk müdiri dahi bəstəkarımız Ü. Hacıbəyovun tələbəsi, musiqişünas Fatma xanım Zeynalova idi. O, böyük pedaqoq, gözəl və təvazökar bir insan kimi xatirəmizdə yaşayır. Məktəbimiz həmişə Bakının ən qabaqcıl musiqi ocaqlarından biri olub. Burada təcrübəli müəllimlər fəaliyyət göstəriblər. Bizim məzunların arasında hal-hazırda respublikada və onun xaricində tanınmış musiqiçilər az deyil. Onlardan V. Mustafazadə, O, Zülfüqarov, K. Cəlilov, E. Abbasova və A. Əlzadə kimi görkəmli şəxsiyyətlərin adını çəkmək kifayətdir.

- Məktəbin bugünkü fəaliyyəti haqqında daha ətraflı danışmağınızı xahiş edirik.

- Qeyd edim ki, son illərdə məktəbimiz 2 saylı incəsənət məktəbinə çevrilib. Burada xoreoqrafiya və rəssamlıq şöbələri təşkil olunub. Artıq bir neçə il ərzində bizim rəssamlıq şöbəsinin uşaqları dövlət səviyyəsində keçirilən sərgilərdə iştirak ediblər. Orada tanınmış rəssamlarımız M. Abdullayev, F. Xəlilov və başqaları bizim şagirdlərin əməyinə, rəssamlıq şöbəsinin rəhbəri Nizami müəllimin sənətinə yüksək qiymət veriblər. Rəssamlıqla yanaşı, xoreoqrafiya şöbəsi də gözəl nailiyyətlər əldə edib. İradə Əliyevanın rəhbərlik etdiyi "Aysel" rəqs qrupunu nəinki respublikamızda, hətta onun hüdudlarından kənarda da tanıyırlar. Artıq bir neçə ildir ki, onlar Türkiyədə keçirilən "23 nisan" uşaq festivalında müntəzəm olaraq qələbə qazanırlar. Eyni zamanda bu məktəbin şagirdləri Mədəniyyət Nazirliyinin təşkil etdiyi müsabiqələrdə, Bakı şəhəri Mədəniyyət İdarəsinin keçirdiyi "Qönçə" festivalında fəal iştirak edirlər.

Bütün bunlarla yanaşı, məktəbimizdə bir sıra gözəl sənətkarlarımızla - A. Məlikov, T. Quliyev və başqaları ilə vaxtaşırı görüşlər keçiririk. Dəfələrlə dahi bəstəkarlarımız Q. Qarayev, F. Əmirov və S. Rüstəmovun xatirə gecələrini təşkil etmişik.

Onu da deyim ki, uşaqların həyatının bu cür maraqlı olmasında, tez-tez təntənəli tədbirlərin keçirilməsində müdirimiz Elxan Məmmədovun böyük rolu var. O, uzun illərdir ki, bu məktəbə rəhbərlik edir. Məktəbin hər bir işində yaxından iştirak edir, imkanı daxilində əlindən gələni əsirgəmir.

- V. Mustafazadənin adı məktəbə nə vaxt və kimin təşəbbüsü ilə verilib?

- 1984-cü ildə Mədəniyyət Nazirliyi və əsasən anası Zivər xanımın təşəbbüsü ilə məktəbə V. Mustafazadənin adı verildi. Bir sıra maneələrə baxmayaraq, Zivər xanım öz arzusuna nail oldu. Bununla əlaqədar, məktəbdə böyük cazmenin adını daşıyan memorial muzey yaradıldı. Bu muzeydə biz xarici qonaqları qəbul edirik, konsertlər keçiririk. Mədəniyyət Nazirliyinin qərarı ilə Zivər xanımın yaşadığı evdə ölməz sənətkarımızın ev muzeyi təşkil olunub. Muzeyin açılmasında Polad Bülbül oğlunun böyük rolu var. Biz hər il martın və dekabrın 16-da (anadan olduğu və həyatdan köçdüyü gün) müəllim heyəti, şagirdlərlə birlikdə oraya gedirik, konsert veririk, mən öz xatirələrimi danışıram. Orada tanınmış şəxsiyyətlərlə böyük görüşlər keçiririk.

- Məktəbinizdə yaradılan muzey haqqında daha ətraflı məlumat vermənizi xahiş edirik.

- Bayaq qeyd etdiyim kimi, muzeyin açılmasında Zivər xanımın böyük rolu olub. Onu da deyim ki, bu muzey Zivər xanımın dərs keçdiyi sinifdə, özü də çox yüksək səviyyədə təşkil olunub. Vaqifin dünyaya gəldiyi gündən vəfatına qədər bütün foto və qəzet materiallarını, onun təşkil etdiyi "Leyli" və "Sevil" kvartetlərinin, caz-muğam ansamblının konsert afişalarını, dahi musiqiçilərin onun haqqında söylədiyi fikirlər, V. Mustafazadənin öz lent yazılarını Zivər xanım böyük məmnuniyyətlə muzeyə təqdim edib. Burada hər il onun xatirə gecəsi keçirilir. Bu gecələrdə F. Bədəlbəyli, A. Məlikov, T. Quliyev, A. Sultanov, C. Quliyev, F. Qarayev kimi görkəmli sənətçilər iştirak ediblər.

- Siz bu məktəbdə Vaqif Mustafazadə ilə bir dövrdə oxumusunuz. Yəqin ki, onunla bağlı xatirələrinizi danışsanız oxucularımız üçün də maraqlı olar.

- Vaqif musiqi ocağında dünyaya göz açıb. Anası Zivər xanım Əliyeva gözəl musiqiçi idi (o, ilk azərbaycanlı qadın pianoçularından biri, Ü. Hacıbəyovun tələbəsidir), muğamları yaxşı bilir, poeziyanı dərindən sevirdi. Bu ab-havada böyüyən Vaqifin musiqi istedadı çox erkən yaşlarında özünü büruzə verib.

Vaqif VII sinifdə oxuyanda M. Maqomayev adına Dövlət Filarmoniyasında çıxış edərkən böyük maestro Niyazi onun haqqında söyləmişdi: "Bu gənc şagird gələcəyin dahi sənətkarıdır". Zaman sübut etdi ki, Nyazi öz fikrində yanılmayıb. Vaqiflə bağlı daha bir epizodu danışmaq istəyirəm. Bu əhvalat R. Fərhadovun kitabında da öz əksini tapıb. Görkəmli pedaqoq Şaroyev öz xatirələrində deyir ki, bir gün Vaqif konsert zamanı Şopenin hansısa əsərini ifa edərkən ani olaraq əsas tonallıqdan başqa tonallığa köçürüb. Bu gözlənilməz hadisə hamını heyrətləndirib. Bunu yalnız dahi edə bilərdi. Vaqif çox sadə, mehriban, saf qəlbli bir insan idi. Biz onunla tez-tez görüşüb söhbət edərdik. O dəfələrlə məktəbimizdə keçirilən tədbirlərdə qızı Əzizə ilə birlikdə çıxış edib. Vaqifin vaxtsız ölümü bizim hamımızı çox sarsıtdı.

- Bu il respublikada V. Mustafazadənin 60 illiyi qeyd olunur. Bu yubileylə bağlı məktəbdə hansı tədbirlər keçirmisiniz?

- Bu yaxınlarda məktəbimizdə onun xatirə gecəsi keçiriilib. Konsertdə bütün şagirdlərimiz fəal iştirak ediblər. Təntənəli gecəyə respublikanın bir sıra görkəmli simalarını dəvət etmişdik. Ümumiyyətlə, konsert çox gözəl keçdi. Bu da Vaqif sənətinə olan hörmət və ehtiram idi. Bundan başqa, rəssamlarımız V. Mustafazadəyə həsr olunmuş sərgiyə hazırlaşırlar. Hal-hazırda biz bütün uğurlarımızı onun adı ilə bağlayırıq.

- Məktəbin gələcək planları haqqında nə deyə bilərsiniz?

- Əvvala, dərs ili başlanandan hər bir tədris ocağının müəyyən iş planı olur. Biz də bu planı yerinə yetirməyə çalışırıq. Bundan əlavə, hal-hazırda məktəbdə növbəti "Qönçə" festivalına ciddi hazırlıq gedir. Eyni zamanda ilin sonunda "Mahnı teatrı"nda dövlət səviyyəli konsert keçirilməsi nəzərdə tutulub. Bu konsertdə rəssamlarımızın da sərgisini təşkil etmək fikrindəyik. Ümumiyyətlə, arzular çoxdur. Bütün müəllim kollektivi onların həyata keçirilməsi üçün böyük səy göstərir. Biz iştirak etdiyimiz hər tədbirdə Vaqif Mustafazadənin adını uca tutmağa çalışırıq, şagirdlərimizi də bu ruhda tərbiyə edirik.

Sevər AXUNDOVA


Martın 16-da Azərbaycan musiqisinin görkəmli nümayəndəsi, muğam-caz janrının banisi Vaqif Mustafazadənin 60 yaşı tamam oldu. 60 yaş çox deyil. Ancaq Vaqifin vəfatından 21 il keçir... Vaxtilə zahiri görkəminə və geyiminə qüsur tutduğumuz Vaqif Mustafazadənin adı bu gün hər bir azərbaycanlının ürəyində böyük qürur hissi doğurur. Ömrünün ən gözəl çağında həyatı tərk edib, əbədiyyətə qovuşan Vaqif daim gənc, müasir və əlçatmaz bir sənət ulduzu kimi bütün musiqisevərlərin yaddaşında yaşayır.

Hal-hazırda Vaqif Mustafazadə irsinin qorunub saxlanılması, onun yaradıcılıq ənənələrinin davam etdirilməsinə iki təşkilatın -

V. Mustafazadənin ev-muzeyi və V. Mustafazadə adına xeyriyyə fondunun rolunu xüsusi qeyd etmək lazımdır. Hər iki təşkilatın yaranması sənətkarın anası, mərhum Zivər xanım Əliyevanın adı ilə bağlıdır. Ev-muzeyi Azərbaycan Mədəniyyəti Muzeyinin filialı olduğundan bu təşkilat onun ərsəyə çatmasında yaxından iştirak etmişdir. Bu haqda Azərbaycan Musiqi Mədəniyyəti Muzeyinin direktoru Alla Bayramova bizə ətraflı məlumat verdi:

- Vaqif Mustafazadənin ilk muzeyi onun vaxtilə oxuduğu və indi də onun adını daşıyan 1¹-li musiqi məktəbində təşkil olunmuşdu. Lakin Zivər xanım bütün instansiyalara müraciət etdikdən sonra V. Mustafazadənin ev-muzeyinin yaradılmasına nail oldu. Əvvəlcə o, ictimai təşkilat kimi mövcud idi. Mənzil kommunal olduğundan buradakı sakinlər başqa yaşayış yerlərinə köçürüldü. Müəyyən təmir işləri aparıldıqdan sonra biz, muzey işçiləri evə muzey görkəmi vermək üçün eksponatları hazırladıq, toplanan materialları xronoloji qaydada təqdim etdik. 1994-cü ildə muzey rəsmi qeydiyyatdan keçərək dövlət statusu aldı. Muzeydə V. Mustafazadənin əsərləri, musiqi valları, haqqındakı yazılar, məqalələr saxlanılır. Burada həmçinin bir sıra incəsənət xadimlərinin Vaqifə həsr etdikləri əsərlər də var. Bunlardan Ömər Eldarovun yaratdığı V. Mustafazadənin barelyefi, Ağasəf Cəfərovun çəkdiyi portreti və s. göstərmək olar. Hər il ev-muzeyində Vaqif Mustafazadənin anadan olduğu və vəfat etdiyi günlər qeyd olunur. Vaqifi anmaq üçün onun sənət dostları, pərəstişkarları burada toplaşır, onunla bağlı xatirələrini bölüşürlər. Bu tədbirlərdə yazıçı Vaqif Səmədoğlu, müğənnilər İlhamə Quliyeva, Yalçın Rzazadə, Vaqifin sənət dostu Cavan Zeynallı, bəstəkar Vaqif Gərayzadə, "Sevil" vokal-caz ansamblının qızları və b. sənət adamları iştirak edir.

Vaqif Mustafazadənin 60 illik yubileyi ərəfəsində muzey vaxtın məhdud olmasına baxmayaraq bir sıra tədbirlər keçirdi. 2¹-li musiqi məktəbində V. Mustafazadənin xatirəsinə həsr olunmuş sərgi keçirildi, 35ą-li musiqi məktəbində yubiley tədbiri təşkil olundu. Muzeydə ümumtəhsil məktəblərinin metodistləri üçün

V. Mustafazadə haqqında mühazirələr oxundu. Martın

14-də isə muzeydə internet xəttində V. Mustafazadənin adı ilə bağlı səhifənin açılmasına həsr olunmuş tədbir keçirildi.

Martın 16-da saat 13.00-da V. Mustafazadənin abidəsi önünə əklil qoyuldu, axşam isə dahi sənətkarın 60 illik yubileyi təntənəli surətdə Respublika Sarayında qeyd olunurdu. Yubiley gecəsinin təşkilatçısı V. Mustafazadə adına xeyriyyə fondu idi. Biz fondun sədri Afaq Əliyevadan təşkilatın fəaliyyəti haqqında danışmağı xahiş etdik. Afaq Əliyeva:

- V. Mustafazadə adına xeyriyyə fondu 1997-ci ildən fəaliyyət göstərir. Fondun yaradıcıları Zivər xanım Əliyeva, Lalə Mustafazadə, C. Əmirov, mən və Mehriban Əlişanovadır. Zivər xanımın vəfatından sonra onun vəsiyyətinə əsasən ev-muzeyin bir hissəsi və xeyriyyə fonduna rəhbərlik mənə həvalə edildi. Mənzil acınacaqlı vəziyyətdə olduğundan mən öz hesabıma burada bir sıra təmir işləri apardım. Eyni zamanda mən sponsor axtarmaqda davam edirdim. Çünki fondun fəaliyyətini tək mən maliyyələşdirə bilməzdim. Ona görə də Mehriban Əlişanovanın fonda göstərdiyi böyük maddi köməyi xüsusi qeyd etmək lazımdır. V. Mustafazadə adına xeyriyyə fondu mayın 3-də rəsmi qeydiyyata alınmasına baxmayaraq, artıq martın 31-də Rafiq Babayevin xatirəsinə həsr olunmuş konserti təşkil etməklə fond öz ilk tədbirini həyata keçirdi. Biz Cəmil Əmirovla birgə V. Mustafazadənin yaradıcılıq ənənələrini davam etdirəcək "Savab" caz ansamblını yaratdıq. Fond lazım olan alətləri əldə etdi. Lakin çox keçmədi ki, ansamblın üzvləri studiyanın olmaması və maddi imkansızlıqla bağlı səbəblər üzündən ansamblı tərk etdilər. Sonradan C. Əmirov V. Mustafazadə ənənələrinin davamı kimi xalq musiqisi ilə cazın vəhdətdə təmsil olunduğu ansambl yaratmaq məqsədilə Aşıq Qurbanın nəvələri kimi tanınan "Mahirlər" ansamblının üzvlərini birgə yaradıcı əməkdaşlığa dəvət etdi. Hal-hazırda onlar "Savab" folk-caz ansamblı kimi fəaliyyət göstərirlər. 1999-cu ildə "RAKS" şirkəti Vaqifin diskini buraxmaq təklifi ilə mənə müraciət etdi. Bu məni çox sevindirdi və aprelin 11-də "Avropa" otelinin baş direktoru Nuru Əhmədovun sponsorluğu ilə "Plaza" otelində bu diskin prezentasiyası keçirildi. Vaqifin yubileyinə gəldikdə isə, mən bununla əlaqədar müxtəlif təşkilatlara müraciət etməyimə baxmayaraq heç bir cavab almadım. Bizim fond rəsmi təşkilat olduğuna görə mən Mədəniyyət Nazirliyinə məktubla müraciət etdim. Nazirlik V. Mustafazadənin yubileyini Respublika Sarayında keçirmək haqqında sərəncam verdi. Beləliklə, yubileyə iki həftə qalmış hazırlaşmağa başladıq. Martın 10-da İçəri şəhərdəki "Miniatür" mərkəzində V. Mustafazadəyə həsr olunmuş rəsm əsərlərinin sərgisi oldu. Burada Vaqif sənətinin pərəstişkarları gənc rəssamlar Fərhad Yalquzaq və Gündüz Hunların əsərləri nümayiş etdirildi. Bu, Vaqif musiqisindən alınan təəssüratın özünəməxsus əksi idi. Martın 15-də internet xəttində V. Mustafazadə ilə bağlı səhifənin açılmasının prezentasiyası oldu. Ayın 16-da isə V. Mustafazadənin 60 illik yubileyi Respublika Sarayında qeyd olundu. Mən yubiley gecəsinin böyük müvəffəqiyyətlə keçməsində xüsusi əməyi olan tədbirin rejissoru G. Şəfiyeva, gecənin ssenari müəllifi və aparıcısı Rafael Hüseynova öz dərin minnətdarlığımı bildirirəm. Tezliklə V. Mustafazadənin yubileyi Moskvada da qeyd olunacaq. Moskvanın caz musiqiçiləri bununla əlaqədar Azərbaycan səfirliyinə müraciət etmişdirlər. Qərara alınmışdır ki, aprelin 10-da Bəstəkarlar evində Vaqifə həsr olunmuş xatirə gecəsi keçirilsin. Bu gecənin təşkilatçısı bəstəkar Y. Saulskidir. Burada İqor Bril, Aleksey Kozlov, Daniel Kramer, Arzu Hüseynov, Petruxin kimi musiqiçilər iştirak edəcək. Azərbaycandan isə bu tədbirdə iştirak etmək üçün V. Mustafazadə adına xeyriyyə fondu və C. Əmirovun rəhbərlik etdiyi "Savab" folk-caz ansamblı gedəcək.

Biz Afaq xanıma V. Mustafazadənin qızları Lalə və Əzizə Mustafazadələrin atalarının yubileyində iştirak etməmələrinin səbəbini soruşduqda, o belə cavab verdi:

- Bununla bağlı çox söz-söhbət gəzir. Ancaq mən bu məsələləyə aydınlıq gətirmək istəyirəm. Məlum olduğu kimi, yubileyin keçirilməsi haqqında sərəncam yubileyə iki həftə qalmış verildi. Lalə də, Əzizə də hal-hazırda xaricdə yaşayır və işləyirllər. Lalə Paris konservatoriyasının müəllimidir. Onların gərgin musiqi fəaliyyəti, dolğun cədvəli, bağladıqları bir sıra kontraktlar iki həftə ərzində bütün planlarını pozaraq Bakıya gəlmələrinə maneə törətdi. Lakin mənə elə gəlir ki, biz onları məzəmmət etmək əvəzinə onlarla fəxr etməliyik. Çünki qızların hər biri dünyanın müxtəlif ölkələrində Mustafazadə soyadı ilə çıxış edərkən hər şeydən əvvəl Azərbaycanı təmsil edir. Eyni zamanda V. Mustafazadə ənənələrini davam və təbliğ edirlər.

Bəlkə də xalqın öz sənətkar oğluna olan böyük məhəbbətindəndir ki, hamı onun gecəsində qızlarının iştirakını səbirsizliklə gözləyirdi. Doğrudan da, Lalənin də, Əzizənin də burada yeri görünürdü. Lakin mənə elə gəlir ki, bizim çox zaman öz istedadlarımıza qarşı olan qısqanclıq hissi milli təbiətimizdən irəli gəlir. Biz Afaq Əliyevanın yuxarıda dediyi kimi, "onları məzəmmət etməkdənsə, onlarla fəxr etsək" daha yaxşı olar.

Sevinc ƏZİZOVA




 
Video: 1

 


Bizə artıq dünyada tanınmış caz pianoçusu Vaqif Sadıxovla görüşmək nəsib oldu. Görüş Bakı caz klubunda baş tutdu və mən bu istedadlı musiqiçi ilə dünya caz musiqi sənəti, Azərbaycanın bu sənətdə tarixi yeri, indi ki durumu haqqında söhbət etmək xoşbəxtliyini, əlbəttə ki, əldən vermədim. Aramızda çox-çox öncədən yaranan tanışlıq söhbətin səmimi, sıxıntısız keçməsinə zəmin yaratdı.

Tariyel Məmmədov: Vaqif, ilk sualım bir qədər geniş olacaq. Mən səni 1964-65-ci illərdən, yəni A. Zeynallı adı orta ixtisaslı musiqi məktəbinin tələbəsi olduğum zamandan tanıyıram. O zaman mən də cazla çox maraqlanır və improvizə etməyi öyrənməyə çalışırdım. Doğrudur, mən çalğıçı olmadım, lakin o zaman səndən çox şeyi öyrəndim və bunun gələcəkdə mənə xeyri dəydi. Xahiş edirəm ki, özün haqqında, musiqiyə marağın haqqında, keçmişin haqqında danışasan...

Vaqif Sadıxov: Əlbəttə, bütün ailəmiz musiqi həvəskarıydı. Baxmayaraq ki, atam, qardaşım və bacım həkimliyi seçmişdilər. Opera, balet və operetta musiqisi evimizdə tez-tez səslənirdi. Hər üçü fortepiano çalır, bacım hətta ariyalar oxuyurdu. Mən də onun təsiri ilə oxumağa çalışırdım.

Sonra atam məni Bülbül adına musiqi məktəbinə "düzəltdi". Fortepiano müəllimim... çox ciddi və tələbkar, lakin həm də çox mehriban bir insan idi. Onun xatirəsi qəlbimdə həmişə yaşayır və yaşayacaq. Daha sonra, V sinifdən atamın təkidi ilə uşaq yaradıcılığı-bəstəkarlıq sinfinə getdim. Nədənsə atam bəstəkar olmağımı istəyirdi. Müəllim sıradan bəxtim gətirmişdi. Nazim Əliverdibəyov (Allah ona min rəhmət eləsin!) çox gözəl musiqiçi və qayğıkeş insan idi. İş o yerə catmışdı ki, bəstəkarlar ittifaqının uşaq və gənclərin yaradıcılığı seksiyasında fortepiano əsərlərimi göstərmişdim...

O ki, qaldı caz musiqisinə, məni ilk dəfə yaxın qohumlarımdan birinin bağışladığı Oskar Pitersonun lent yazısı heyrətə gətirdi. O zamanlar "Amerikanın səsi" radiosunun dalğalarını yaman cənfəşanlıqla susdururdular. Qulaq asa bilmirdim, yapon tranzistorları da baha idi. Atamı yalvarırdım ki, mənə maqnitofon alsın. Lakin atam klassik musiqinin həvəskarıydı, cazı isə sevmirdi...

Tariyel Məmmədov: Yəqin ki, bu da sizin babanız, məşhur Azərbaycan tarzəni və musiqişünası, sırf milli tar çalğı məktəbinin əsasını qoyan, - hansından ki, hazırda xalqımız faydalanır! - Sadıqcandan (Mirzə Sadıq Əsəd oğlundan) gələn qan yaddaşı ilə bağlıdır...

Vaqif Sadıxov: Bəlkə də, ...yəqin ki... Nə isə. Mən hiyləyə əl atmalı oldum. Atama dedim ki, mənə dahi yaradıcı fikirlər, ideyalar gəlir və nota tez yazmağı çatdırmıram. O da inandı və maqnitola (radio ilə maqnitofon) aldı. Həmin günü həyatımın ən xoşbəxt günü hesab edirəm. O gündən işlərim yağ kimi getdi, atamın, eləcə də ailəmizin "qara günləri" başladı. Özümdən yaşlılardan lent yazıları alıb dinləyir və özüm də o səpgidə çalmağa çalışır, cazı öyrənirdim. Mən gündən-günə "cazmen" kimi artır, ailəmizə "göz verib, işıq vermirdim". Atam təngə gəlib deyirdi ki, bilsəydim, bu oyuna getməzdim və caz ciddi sənət deyil, ancaq klassik musiqinin gələcəyi var.

Lakin əslində klassik musiqini də çalmaqda davam edirdim. Bülbül adına musiqi məktəbində də, konservatoriyada da imtahanlardan yaxşı qiymətlərlə çıxırdım.

Daha sonralar mən Fərəc Qarayev və Əziz Əzizovla əməkdaşlığa başlayıb, simfo-caz ideyasını həyata keçirməyə çalışdıq. Rektorluğun icazəsi ilə tələbələrdən ibarət orkestr yaratdıq, hətta yeni il bayramında, - "kalustnik"də çox-çox illər sonra da yaddaqalan böyük konsert təşkil etdik. Konservatoriyanın çox mühafizəkar harmoniya və polifoniya müəllimi, mərhum Burşteynin belə sevincdən gözləri yaşarmışdı.

Daha sonra deməliyəm ki, hələ 16 yaşımda ilk dəfə Leninqradda olarkən ... Eynşteynin məşhur caz-orkestrindən dəvət almışdım. Bir neçə illik görüş və danışıqlardan sonra, artıq konservatoriyada tələbə ikən respublikanın mədəniyyət naziri, bəstəkar Rauf Hacıyev məni öz şəxsi əmri və rektorluğun icazəsi ilə ilk yaradıcılıq ezamiyyətinə göndərdi. Mən "Qaya" vokal kvarteti ilə Moskvada sovet mahnısı müsabiqəsində iştirak etməliydim.

Beləliklə, Moskvaya getdik, çıxış etdik və birinci mükafatı aldıq. Özü də bu ilk sovet mahnısı müsabiqəsi idi. Böyük uğur qazandıq.

Lakin Moskvaya uçarkən mən artıq bilirdim ki, orada "Molodyojnaya" kafesi var və həmin kafe caz musiqiçilərinin bir növ mədəni mərkəzidir. O zaman artıq ifaçılıq səviyyəm yüksəlmişdi və mən adlı-sanlı musiqiçilər və mütəxəssislər qarşısında çıxış etməkdən qorzmurdum.

Kafedə axşamlar caz konsertləri, sənətçi yarışları keçirilirdi. Burada mən tanınmış Amerika bariton saksofonçalan S. Malvinlə tanış oldum. Biz iki gün kafedə çıxış etdik, studiyada improvizələri lentə yazdırdıq, çox maraqlı keçən günlər idi.

Lakin onu da demək lazımdır ki, konservatoriyada mənə münasibət pis deyildi, çünki klassik tədris proqramının öhdəsindən gəlirdim.

Tariyel Məmmədov: Amma mənim yadımdadır ki, qanıqaralıq da oldu...

Vaqif Sadıxov: O başqa məsələ ilə bağlıydı. Məni Zaqafqaziya müsabiqəsinə hazırlayırdılar, özü də konservatoriyanın I kursunda. Mən isə kurs imtahanlarını verib, Moskvaya getmək və caz pianoçusu kimi tanınmaq istəyirdim. Atam yaman qəzəbləndi, səs-küy saldı. Məni o zamankı prorektor, mərhum professor Nigar xanım Ğsubova (Azərbaycan milli ordusu generalının qızı) çağırıb çox böyük səbrlə söhbət apardı və o zamankı rektor, professor Cövdət Hacıyevin adından bildirdi ki, mənim Moskvada çıxışlarıma etirazları yoxdur, lakin ekstern yolu ilə konservatoriyanı biritrməyim yaxşıdır. Çünki o zaman qiyabi musiqi təhsili ağılasığmaz sayılırdı. Belə qayğıkeşliyi rədd etmək olmazdı. Və mən ildə iki dəfə imtahan sessiyaları zamanı Moskvadan Bakıya gəlir və çətinlik çəkmədən sınaqlardan keçirdim.

Moskvada isə "Molodyojnaya" kafesində üç il işlədim və böyük təcrübə qazandım. Sonra isə ən tanınmış caz musiqiçiləri ilə ansambllarda çıxış edirdim. Kvartetlərdə, kvintetlərdə. Orduda da əsgərliyimi çəkdim və nəhayət, Silayevin orkestrinə işə düzəldim, çünki ancaq bu yolla Moskvada qeydiyyata düşmək olardı. Demək istərdim ki, çox-çox illər boyu estrada orkestr rəhbərlərinin demək olar ki, hamısı mənə pianoçu kimi iş təklif edirdilər. Lakin caz pianoçusuydum, estrada pianoçusu sənəti ürəyimə heç zaman yatmayıb.

Daha sonralar estrada-konsert briqadalarında müqavilələr əsasında Avropada və başqa qitələrdə çıxış edirdim. Əlbəttə, həm tanınmaq, həm də dolanmaq üçün. Məsə-lən, bizim həmyerlimiz M. Maqomayevlə birgə.

İ. Kobzonla da işləmişəm, lakin o uzun zaman məni öz yanından buraxmaq istəmirdi. Birtəhər qaçdım...

Nəhayət, "Melodiya" firmasında pianoçuluğum...

>

Tariyel Məmmədov: Aha, mətləbə gəlib çatdıq. Yaxşı yadımdadır ki, mən respublika mədəniyyət nazirliyində işlədiyim zaman Azərbaycan tərəfdən sənin fərdi valını buraxmaq üçün sifariş verdik. Onun taleyi qaranlıq qaldı...

Vaqif Sadıxov: Valı buraxmadılar. Artıq 1986-1987-ci illər idi arada başqa küləklər əsirdi. Heç cür alınmırdı, bəlkə də, ermənilər maneçilik törədirdilər. Ümumiyyətlə, "Melodiya" firmasının buraxdığı çox-çox valda mənim ifama rast gəlmək olar, lakin hər valda

2 yaxud 3 əsərdə.

Tariyel Məmmədov: Çox təəsüf. Lakin indilərdə planların barədə ümumi şəkildə nə deyə bilərsən?

Vaqif Sadıxov: Planlar haqqında danışmaqdan öncə bir neçə söz indiki vəziyyət haqqında.

Biz çox acınacaqlı, lap deyərdim, mənəviyyatsız yol tutub bu yolla da irəliləyirik. Biz ancaq öz keçmişimizlə qürrələnirik. Azərbaycan həmişə gözəl musiqiçilər və başqa sənətkarlar yetirib və yetirməkdədir. Lakin onlara heç zaman nəinki kömək göstərilmir, hətta hər cür mane olunur, qarşılarına keçilməz divarlar çəkilir.

Bu saatın özündə "SNQ" deyilən məkanda vəziyyət eyni olmasa da, çox oxşardır. Lakin lap Rusiyanın özündə, hətta "ən dilənçi" şəhərlərdə belə arasıkəsilməz musiqi festivalları, müsabiqələr və başqa tədbirlər keçirilir. Və maliyyələşdirilir. "SOROS" fondu Rusiyada mədəniyyət sahəsində böyük işlər görür.

Bizim isə dünya ilə əlaqəmiz sovet dövründən az fərqlənir. "Blokada" buranın özündə yaradılıb, çünki "kimlər"əsə xeyirdir. "Sənət bazarı", "musiqi bazarı" anlayışı çox dar çərçivəyə salınıb. Musiqiçilərin festivallara gedib çıxış etməyə imkanları yoxdur. Biz nə qədər istedadlı xalq olsaq da, başqalarından nəsə öyrənməliyik, sənətdə "alış-veriş" olduqca faydalıdır. Lakin faydalana bilirikmi?" Lap milli cazın özü bu saat yolayrıcında durub, haraya gedəcəyini bilmir...

Tariyel Məmmədov: Sualı özün lazımlı yerə gətirdin. Bildiyimiz kimi, cazın Latın Amerika cazı, hind raqaları ilə hind cazı və başqa cərəyanları var. Bu çoxçalarlılıq içərisində Azərbaycan cazı yaxud caz-muğamın yerini sən necə görürsən?

Vaqif Sadıxov: Mənim fikrimcə, caz vahid bir janrdır, sənət növüdür. Və onun milli cərəyanları yaxud da milli məktəbləri var. O cümlədən də, Azərbaycan cazı.

Tariyel Məmmədov: Nəzəri cəhətdən götürsək, caz improvizə janrıdır, özü də ritmik və harmonik özül üzərində qurulub. Bizim aşıq musiqisi ifaçılığı kimi. Yəni şaqulilik üfiqiliyi formalaşdırır və ondan kənara çıxa bilməzsən...

Vaqif Sadıxov: Bəli, elədir ki, var...

Tariyel Məmmədov: Muğam isə məqam, yəni üfiqi əsas, məqam (lad) üzərində improvizədir. Necə ki, eyni blyuzu hər bir pianoçu tamamilə yenidən yaradır və hər bir muğamı, dəstgahı da hər bir ifaçı sanki yeniləşdirir. Lakin muğam modal musiqi növüdür, caz isə...

Vaqif Sadıxov: Mənə elə gəlir ki, belə ayırma ifratçılığa gətirib çıxarar. Məsələ ondadır ki, caz janrı caz olmaqla yanaşı istər-istəməz Amerika, latın, hind, moldavan yaxud rus cazı olacaq. Və milli modallıq, yəni məqam əsası istər-istəməz, haradasa, özünü açıqlayacaq. Məqam yaxud lad hər şeyin əsasıdır.

Muğama isə mən çox yetkin və son dərəcədə mürəkkəb məqamlar sistemi kimi baxıram.

Cazın yaranma tarixi Amerikadan başlayıb. Zəncilərin ritmi Avropa lad və harmoniyası ilə qarşılaşaraq qaynayıb-qarışıb. Daha sonra isə yüz il ərzində - XX yüzillikdə yeni-yeni ifa üslubları, yaradıcılıq cərəyanları yaranıb.

Yeri gəlmişkən, qeyd etməliyəm, Amerika ali məktəblərinin musiqi ifaçılığı fakultələrində caz təhsili və tədrisi son dərəcədə yetkin işlənmiş sistemdir və səviyyəsinə görə bizim akademik musiqi təhsili sistemindən geri qalmır.

Tariyel Məmmədov: Yeri gəlmişkən, mən də qeyd etməliyəm ki, bizim A. Zeynallı adına Bakı musiqi Texnikumunda da caz bir ixtisas kimi keçilir. Necə bilirsən, bu kifayətdirmi?

Vaqif Sadıxov: Əlbəttə ki, yox. Peşəkarlıq üçün bu çox azdır.

Tariyel Məmmədov: Vaqif, sən Azərbaycanın muğam sənətində ən görkəmli yerlərdən birini tutan Mirzə Sadıq Əsəd oğlunun yaxud Sadıqcanın nəticəsisən. Və sənə sual verirəm: Sadıxov caz məktəbinin özülünü qoyub, milli caz pianoçuları yetişdirmək istərdinmi? İstərsənmi ki, çoxsaylı şagirdlərin olsun?

Vaqif Sadıxov: Ümumiyyətlə, günəşli ölkələrin istedadlar və ənənələr baxımından zənginliyi göz qabağındadır. Afrika xalqlarının ritmi zənginliyi onların qan yaddaşındadırsa, Şərq xalqlarının mədəniyyəti tükənməz intonasiyalar xəzinəsidir. Xalqımız istedadlıdır, lakin sənətə şərait lazımdır. O da yoxdur.

Keçmiş sovet rejimi həbs düşərgəsi olsa da, şəxsiyyətlərin fədakarlığını tamamilə boğa bilmirdi. O zamankı Bakı musiqiçilərinin sayı da çox idi, peşəkarlığın səviyyəsi də yüksək idi. Sənətə maraq var idi, indi isə hamını alqı-satqı düşündürür. Savadsızlıq isə qaydaya çevrilib. Məsələn, bir konsertdə bir neçə caz musiqiçisi çıxış edir. Ən yaxşı halda biri caz-muğam çalır - o savadlıdır, ikincisi artıq "muğam-caz" çalır - artıq o az savadlıdır. Qalanları isə savadsızdırlar. Millilik anlamı artırılmış sekundalar yaxud əskildilmiş akkordlarla çevrələnib. Yəni çalğıçı mütləq göstərmək istəyir ki, "bura Şərqdir, və mən şərqliyəm, milliyəm". Vəssalam. Materialın seçimi və materialla işləmək bacarığı, yəni savadlılıq yox dərəcəsindədir.

Bizim musiqiçilərin öz-özünə heyranlığı, yəni öz savadsızlıqlarını bəyənməyi məni qorxudur. Mən dünyanın bütün qitələrində (Antaraktidadan savayı!) çıxışlar etmişəm, ən tanınmış caz musiqiçiləri ilə tanışam. Onlar hamılıqla çox təvazökar adamlardır. Özündən razılıq hissi onlara yaddır. Onlar çalğı gedişində yaradırlar, daha kiminsə xoşuna gəlmək xatirinə səhnəyə çıxmırlar. Ayrıca vurğulamalıyam ki, bu bizim muğamatçıların da çoxuna xas olan ən yaxşı cəhətdir, - özünə qarşı tələbkarlıq və təvazökarlıq.

Tariyel MӘMMӘDOV

 

 

 
1  
copyright by musiqi dunyasi 1999-2000© design by grArt 2000©
Next Page Previous Page English Back to Home About site