|
Ü.Hacıbəyov
iste'dadlı qələmini ilk dəfə əsrin əvvəllərində yaradıcılığa başlarkən
bir publisist kimi sınamışdır. 1905-ci ildən 20 yaşlı gənc publisistin,
o dövrün qəzet və jurnal səhifələrində, ən aktual məsələlərə həsr
olunmuş məqalə və felyetonları dərc olunur. O, bu yazılarında maarifçi-demokrat
kimi çıxış edərək, inqilabdan əvvəlki Azərbaycan mədəniyyətinin
inkişafında misilsiz rol oynamışdır. Ü.Hacıbəyov rus-Azərbaycan,
Azərbaycan-rus lüğətlərinin, məktəblilər üçün riyaziyyat dərsliyinin
tərtibçisi, Azərbaycan dilinə rus klassiklərinin, o cümlədən N.V.Qoqolun
"Şinel" povestinin tərcüməçi olmuşdur.
Onun "Qədirşünaslıq", "Biz hamımız qafqazlı balalarıyıq", "Ordan-burdan",
"Filankəs" imzası ilə çıxan yazıları, 1917-ci ildə "Kaspi" qəzetinin
səhifələrində dərc olunmuş musiqi teatrı haqqında silsilə məqalələri
("Səhnənin tərbiyəvi əhəmiyyəti haqqında", "Opera və dramın tərbiyəvi
əhəmiyyəti haqqında"), "Azərbaycan" qəzetində çıxan bir sıra yazıları
bu dövrün qiymətli məhsuludur. Ü.Hacıbəyovun inqilabdan əvvəl yazdığı
publisistik əsərləri və komediyaları onun Azərbaycan mədəniyyətində
M.F.Axundovun inqilabçı-mütərəqqi ən'ənələrini davam etdirdiyini,
C.Məmmədquluzadə, M.Ə.Sabir, Ə.Haqverdiyev kimi demokrat yazıçıların
məslək dostu olduğunu, rus inqilabçı demokratların tə'ciri altında
yazıb yaratdığını göstərir. Ü.Hacıbəyov yazılarında dəfələrlə bu
görkəmli şəxsiyyətlərin əsərlərinə müraciət etmişdir.
Millilik və beynəlmiləllik problemini Ü.Hacıbəyov dünya və milli
mədəniyyətlərinin nailiyyətlərinin üzvi sintezi kimi başa düşürdü.
Azərbaycan musiqisinin gələcək yolu məhz Ü.Hacıbəyovun irəli sürdüyü,
əsasını qoyub apardığı yol oldu.
Yeni jurnalın ilk məqaləsində bə'zi böyük şəxsiyyətlərimizin müxtəlif
dövrlərdə irəli sürdüyü proqram əsərləri ilə tanış olmaq bizcə xüsusi
maraq doğura bilər və yerinə düşər.
Ü.Hacıbəyovun ilk musiqi əsəri keçən il 90 yaşı tamam olmuş unikal
"Leyli və Məcnun" operasıdır. Unikal ona görədir ki, bu əsər Şərqdə,
eləcə də Azərbaycanda opera sənətinin əsasını qoymuşdur, unikal
ona görədir ki, bu əsərdə Azərbaycan professional bəstəkarlıq məktəbinin
bünövrəsi qoyulmuşdur, unikal həm də ona görədir ki, muğamlara əsaslanaraq,
"Leyli və Məcnun" musiqimizdə muğam operasının təməlini qoydu. Bu
operadan sonra Ü.Hacıbəyovun "Şeyx Sən'an", "Əsli və Kərəm", "Şah
Abbas və Xurşud Banu", "Harun və Leyla", M.Maqomayevin "Şah İsmayıl",
Z.Hacıbəyovun "Aşıq Qərib" muğam operaları yarandı. Lakin bu operaların
arasında "Leyli və Məcnun"un Azərbaycan musiqisi tarixində oynadığı
rol, xalqımızın qəlbində tutduğu yer xüsusidir.
90 ildən artıqdır ki, bu opera səhnədən düşmür, yeni-yeni ifaçılar
- leylilər, məcnunlar nəsli yetişir. 22 yaşlı gənc Üzeyir Hacıbəyovun
yaratdığı "Leyli və Məcnun" operasının bu 90 il ərzində daimi, stabil
uğurunun sirri, səbəbi nədədir? Qədim muğamlarımızın gözəlliyində,
təkrarsızlığında, yoxsa dahi Füzulinin eyni adlı poemasında, qəzəlllərində,
ya da gənc Üzeyirin operaya yazdığı musiqi parçalarında, bəlkə o
vaxtlar Hüseynqulu Sarabskinin yaratdığı təkrarsız Məcnun rolunda?
Daha doğrusu, bunların ayrı-ayrılıqda heç birində, eyni zamanda
hamısında, onların vəhdətində. Üzeyir bəyin iste'dadı bunların hamısının
vəhdətini, sintezini yarada bilmişdir.
|
|