XX ƏSRİN DAHİ BƏSTƏKARI        
VƏ ŞƏXSİYYƏTİ        
Zemfira Səfərova           
1   2   3   4   5  
  Z. Səfərova
XX əsrin dahi bəstəkarı və şəxsiyyətı

A. Hüseynova
M. Maqomayev. əsrlərin ayrıcından bir nəzər

Ş. Hüseynov
Açılmamış səhifələr

S. Fərəcov
Əgər onlar da tamamlansaydı, yaşasaydı

 

 

 

 

        
Ü. Hacibəyov.
"Köroglu" operası.
Uvert
üra.

Ü.Hacıbəyovun skripka, violonçel və fortepiano üçün 1931-ci ildə yazdığı "Aşıqsayağı" triosu Azərbaycan musiqisində ilk ansambl pyeslərindən biridir. Hacıbəyov milli musiqi üçün yeni olan bu janrda aşıq üslubunun bəstəkarlıq texnikasının müxtəlif xüsusiyyətləri ilə vəhdətini yaradır. "Aşıqsayağı"nın Motsartın musiqisi kimi işıqlı musiqisi polifonik səslərlə zərif, incə hörülməsinə baxmayaraq, fakturanın aydınlığını, şəffaflığını saxlayır. Aşıq musiqisi üçün xarakter olan "Şur" ladının intonasiyaları gah major, gah da minora boyanaraq, gözəl səslənmələr yaradır. Ən'ənəvi "sonata alleqro"su forması burada rondo və variasiyalılığın xüsusiyyətləri ilə qəribə uyğunlaşır. 60-cı illərdə Ü.Hacıbəyovun tələbəsi Qara Qarayev bu əsərin kamera orkestri üçün maraqlı transkripsiyasını yaratmışdır.

Ü.Hacıbəyov 1934-cü ildə Firdovsinin 1000 illiyinə həsr edilmiş kantatanı, 1938-ci ildə M.F.Axundovun anadan olmasının 125 illiyi ilə əlaqədar "Ölməz sənətkar" kantatasını, 1942-ci ildə isə "Vətən və cəbhə" kantatalarını yazır.

Azərbaycanda opera sənətinin əsasını qoymuş Üzeyir Hacıbəyov bu janrın klassik nümunələrini yaratmışdır. Onun şah əsəri "Koroğlu" (1938) operası qəhrəmanı-epik operanın parlaq nümunəsi kimi çoxmillətli əski sovet opera sənətinin qiymətli nailiyyətlərindən biridir. Əsl xalq ruhu ilə aşılanmış, Azərbaycan melosunun bütün zənginliyi ilə xüsusiyyətlənmiş "Koroğlu" operası rus və Avropa qəhrəmani-epik operanın klassik nümunələrinin ən'ənələrini davam etdirmişdir. Bu möhtəşəm əsərin bir çox xüsusiyyətləri, harmonik və polifonik dili, onun alətləşdirilməsi, simfonik fraqmentləri musiqimizin gələcək inkişafında əsas rol oynamışdır.

Əgər "Leyli və Məcnun" operasının qəhrəmanları tək-tənha və faciəvi qiyamçılar idilərsə, "Koroğlu" operasının, Hacıbəyovun özünün dediyi kimi, "əsas iştirakçıları xalq və onun nümayəndələridir". Bu cəhətdən, o, böyük rus bəstəkarları Qlinkanın, Borodinin, Musorqskinin operalarına yaxındır. Xalqın obrazının təcəssümünü biz operanın birinci pərdəsindəki xorlarda, III pərdədən Koroğlunun ariozosunda və final apofeozunda görürük. Xalqın parlaq obrazını Hacıbəyov məşhur "Çənlibel" xorunda yaratmışdır. Bu xor həm də polifonik üslubun yüksək nümunəsidir. Bu xor üçün bəstəkar elə mövzu seçmişdir ki, artıq o öz-özlüyündə milli səslənmə ilə polifonik inkişaf üçün böyük imkanlar yaradır. Mövzunun əsas dayaq səslərini aşıq musiqisinə xas olan kvarta-kvinta səslənmələri təşkil edir.

"Koroğlu"da Hacıbəyov klassik opera formalarına riayət edərək bitmiş ariyalar, kütləvi xor səhnələri, müxtəlif ansambllar, balet nömrələri, reçitativlər yaradır.

"Koroğlu" operasının simfonik dili də çox maraqlıdır. Hacıbəyov simfonik orkestrin tərkibinə xalq alətlərini-tarı, balabanı, zurnanı daxil edərək bütün partituranın səslənməsini zənginləşdirir. Hacıbəyovun bu əlverişli yeniliyi çox səmərəli və perspektivli olmuşdur.

Azərbaycan musiqisinin inkişafında "Koroğlu" operasının əhəmiyyəti çox böyükdür. Bu, yalnız opera janrı ilə məhdudlaşmır, həm də simfonik və balet janrlarını da əhatə edir.

Nizami Gəncəvinin anadan olmasının 800 illiyi ilə əlaqədar Hacıbəyov şairin sözlərinə iki romans-qəzəl yazır - "Sənsiz" (1941) və "Sevgili canan" (1943). Bu zərif lirik romans-qəzəllər bu gün də qüvvətli tə'sir bağışlayırlar. Hacıbəyov orta əsr ədəbi formasına müraciət edərək bu qəzəllərində melodik xəttin hərəkətini muğamın inkişafı ilə uyğunlaşdırır. Hər iki musiqi qəzəlində ümumi cəhətlər çoxdur, görünür, Hacıbəyov bu ədəbi janrı musiqidə məhz bu cür təsəvvür edirmiş.

Ü.Hacıbəyovun son əsəri Firuzənin (eyni adlı bitməmiş operasından) ariyası oldu.

Ü.Hacıbəyovun həyatına ümumən nəzər salanda görürük ki, onun yaradıcılıq yolu Azərbaycan musiqi mədəniyyətinin yaranma və inkişaf tarixinin mühüm dövrünü əks etdirir. Ona görə təsadüfi deyil ki, Üzeyir Hacıbəyovun anadan olduğu günü - 18 sentyabrı (1885) respublikanın ictimaiyyəti Azərbaycan musiqisinin bayramı kimi qeyd edir.

 
1   2   3   4   5  
copyright by musiqi dunyasi 1999-2000© design by grArt 2000©
Next Page Previous Page English Back to Home About site