TOFİQ BAKIXANOVUN ƏSƏRLƏRİNƏ      
TYRKİYƏDƏ MARAQ       
Pərviz QULİYEV           
1  
Yeniliklərimiz
Qadınlar musiqidə

A. Ozan Kərimli
V. Adıgözəlovun Çanaqqala zəfəri

P. Quliyev
T. Bakıxanovun əsərlərinə Türkiyədə maraq

Yeniliklərimiz
Bizə yazırlar

Yeniliklərimiz
Xəbərlər


 

 

 

 

        
Tofiq Bakixanov.
Kamera orketri ucun
IV Simfonoya

prelin 28-də Türkiyənin İzmir şəhərindəki Atatürk adına kültür mərkəzində respublikamızın xalq artisti, professor, bəstəkar Tofiq Bakıxanovun müəllif gecəsi keçirildi. İki şö'bədən ibarət konsert proqramına bəstəkarın "Azərbaycan sonatası" (Tofiq Quliyevə həsr olunub), "Cazsayağı sonata", "Skertso" və "Elegiya"sı ilə yanaşı türk folkloru əsasında yaratdığı "Türk rapsodiyası" və "Türk sonatası" daxil edilmişdi. Bu proqramla çıxış edən ifaçılar İzmir Opera və Balet Teatrı simfonik orkestrinin konsertmeysteri, skiripkaçı Rövşən Müzəffərov və Doqquz Eylül Universitesi Dövlət Konservatuvarin konsertmeysteri, pianoçu Çiydəm Borlak idilər.

Skripkaçı R.Müzəffərov iste'dadlı musiqiçi kimi Avropanın bir sıra ölkələrində çıxış edir. Onun repertuarında İ.S.Bax, A.Vivaldi, V.Motsart, F.Mendelson, K.Sen-Sans kimi bəstəkarların skripka ilə orkestr üçün konsertləri və başqa tutumlu əsərləri başlıca yer tutur. Pianoçu Ç.Borlak İzmir Dövlət Simfonik Orkestri ilə C.Gerşvin, S.Raxmaninov, E.Qriq və bir sıra bəstəkarların fortepiano ilə orkestr üçün konsertlərini təkcə İzmirdə deyil, Türkiyə və İngiltərənin bir çox şəhərlərində uğurla ifa edib.

T.Bakıxanovun İzmirdəki müəllif gecəsinə təsadüf demək olmaz. Mətbuatdan bildiyimiz kimi, hələ keçən il İstambulda Dövlət Universitet Konservatuvarisində və Quzey Kıbrısda (Kiprdə) təşkil edilmiş II Beynəlxalq Musiqi Festivalında bəstəkarın müəllif gecələri keçirilmişdi. Və həmin konsertlərin əks-sədası Türkiyənin bir çox şəhərlərinə gedib çatdı. Həmin şəhərlər arasında İzmir və ədirnəni xüsusi vurğulamaq lazımdır.

Yuxarıda adları çəkilən İzmir musiqiçiləri öz təşəbbüsləri ilə Tofiq Bakıxanovun əsərlərindən proqram hazırlayaraq, onun özünü də'vət etmişlər. Bəstəkar ifaçıların çox yüksək çalğı texnikası və müasir, çoxçalarlı musiqi duyumunu təsdiqləyir. Söz yox ki, çox qısa zamanda iki şö'bəli konsert proqramı hazırlayıb çıxış etmək asan deyil və təqdirəlayiqdir.

Türkiyə musiqi ictimaiyyətinin nümayəndələri Azərbaycan bəstəkarının yaradıcılığına yüksək qiymət vermişlər. Konsertdən sonra müəllif və ifaçıların ünvanına öz ürək sözlərini söyləyənlərdən İzmir Opera və Balet Teatrının baş dirijoru Aleksandr Samoel, dirijorlardan ərcan Yenal və Doquz Eylül Universitesi Konservatuvarinin professoru Kazım əliverdibəyovun, Egey Universitesinin rektor müavini Fəhmin bəyin adları xüsusi vurğulanmalıdır.

Konsert proqramı, daha geniş tamaşaçı kütləsinə çatdırmaq üçün, videolentə çəkilib. Konsertdə bəstəkarımız səhnəyə də'vət alıb, dinləyicilərə onun yaradıcılığı haqqında bilgilər verilib, konsertin təşkilatçısı - "Qalen" Cəmiyyətinin plakatı təqdim olunub. "Qalen" cəmiyyətinin sədri Meral Colker Üz.Hacıbəyov adına Bakı Musiqi Akademiyasının rektoru, professor Fərhad Bədəlbəyli cənablarına göndərdiyi məktubunda yazır ki, İzmir musiqisevərləri Tofiq Bakıxanovun Anadolu və Qafqaz türk xalqları oxşar mədəniyyətlərinin izlərini daşıyan Azərbaycan mədəniyyətiinin qlobal səviyyəyə çatdığını göstərən əsərlərini dinləyib, bəstəkarla şəxsən tanışlıqlarından olduqca razılıq edirlər.

Bu il Azərbaycan bəstəkarının daha bir İzmir səfəri gözlənilir. Skripkaçı Rövşən Müzəffərov və İzmir Opera və Balet Teatrının simfonik orkestri T.Bakıxanovun skripka ilə orkestr üçün 5 nömrəli konsertini ifa edəcəklər.

Quzey Kıbrısın (Kiprin) paytaxtı Lefkoşada isə bəstəkarın yenicə yazdığı "Quzey Kıbrıs fəsilləri" əsərinin partiturası çapdan çıxıb. Kıbrıs türklərinin folkloru əsasında kamera orkestri üçün yazılmış yeddihissəli əsər yaxın zamanlar görkəmli dirijor və bəstəkar Yılmaz Tanerin rəhbərlik etdiyi kamera orkestri tərəfindən ilk dəfə səsləndiriləcək.


 
1  
copyright by musiqi dunyasi 1999-2000© design by grArt 2000©
Next Page Previous Page English Back to Home About site