ər hansı fənnin
mükəmməl nəzəriyyəsini yaratmaq üçün onun tarixini öyrənmək, köklərini
araşdırıb üzə çıxarmaq zəruridir. Tarixi bilmədən, tarixə istinad
etmədən, onu tarixlə bağlamadan həmin fənnin nəzəri, estetik, fəlsəfi
problemlərini də tədqiq etmək mümkün deyil. Bu mə'nada əməkdar incəsənət
xadimi, sənətşünaslıq doktoru, professor Zemfira xanım Səfərovanın
bu yaxınlarda çapdan çıxmış "Azərbaycanın musiqi elmi" /XIII-XX
əsrlər/ monoqrafiyasının əhəmiyyəti əvəzsizdir. 20 ildən artıq ağır
və məqsədyönlü tədqiqatın, qızğın elmi axtarışların bəhrəsi olan
bu işin Azərbaycanın həqiqi müstəqillik qazandığı bir dövrdə, tarixinə,
köklərinə qayıtdığı bir dövrdə meydana çıxması qanunauyğundur, təsadüfi
deyil.
Uzun illər ərzində
bir sıra obyektiv və subyektiv səbəblər üzündən Azərbaycan musiqişünaslığında
orta əsrlərin musiqi tarixi, demək olar ki, öyrənilməmişdi və bu
sahədə yaranmış böyük boşluq Azərbaycan musiqisinin tam mənzərəsini
verməyi çətinləşdirirdi. Qara Qarayev, Fikrət əmirov, Niyazi kimi
böyük sənətkarlar öz mə'ruzə və çıxışlarında dəfələrlə bu barədə
danışmış və Azərbaycan musiqişünaslığının ən ümdə vəzifələrindən
biri kimi vurğulamışlar. Zemfira Səfərova öz fundamental ciddi tədqiqatı
ilə bu boşluğu doldurmuş və Azərbaycan musiqişünaslığının son dərəcə
mühüm və maraqlı sahəsi olan "Azərbaycanın musiqi elmi" mövzusu
üzrə aparılacaq yeni tədqiqatlara yol açmışdır. Tədqiqatın mövzusunun
çox böyük bir dövrü əhatə etməsi /XIII-XX əsrləri/, orta əsrlər
musiqi elmi tarixində olan çoxsaylı ağ ləkələr işin diqqət mərkəzinə
qoyulan mürəkkəb problemlərin tədqiqində müəyyən çətinliklər yaradırdı.
Eyni zamanda, belə mövzuyla məşğul olan mütəxəssis şərqşünaslıq,
tarix, filologiya, mənbəşünaslıq və elmin digər sahələrində də geniş
erudisiyaya malik olmalı idi. Məhz şəxsi təşəbbüskarlığı, ardıcıl
elmi araşdırmaları alimə bu ağır vəzifənin öhdəsindən gəlib, yüksək
səviyyəli əsər yazmağa imkan yaratmışdır. Z.Səfərova əsərində orta
əsrlərdə yaşayıb yaratmış üç böyük musiqi nəzəriyyəçisi - Səfiəddin
Urməvi, əbdülqadir Marağai və Mir Möhsün Nəvvabın elmi irsini ilk
dəfə olaraq ilk mənbələrdən tədqiq etmiş və onların ən'ənələrinin
parlaq davamçısı olan dahi Ü.Hacıbəyovun yaradıcılığının nəzəri
və estetik əsaslarını araşdırmış, alınan mühüm elmi-nəzəri nəticə
və ümumiləşdirmələri oxuculara təqdim etmişdir. əsərdə musiqi elminin
inkişafında müəyyən xidmətləri olan, Urməvi və Marağainin XIII-XIX
əsrlərdə yaşayan bir sıra musiqişünas sələflərinin yaradıcılığı
barədə də mə'lumat verilmiş və bu da öz-özlüyündə Azərbaycan musiqi-nəzəri
fikir tarixinin dolğun şəkildə işıqlandırılmasına səbəb olmuşdur.
Müəllif orta əsr
alimlərinin nəzəri fikirləri, elmi nailiyyətləri ilə yanaşı mövzunun
tarixi aspektini izləmiş, alimlərin yaşadıqları dövr, fəaliyyət
göstərdikləri mühit haqqında, həyatlarının ayrı-ayrı faktları barədə
maraqlı mə'lumatlar vermişdir.
Yeri gəlmişkən,
deməliyik ki, bu il mayın 16-da Nizami adına Azərbaycan ədəbiyyatı
Muzeyində, respublikanın adlı-sanlı alimləri, mədəniyyət işçiləri,
musiqi xadimləri, ziyalılarının iştirakı ilə keçirilən təntənəli
təqdimat mərasimində "Azərbaycanın musiqi elmi" əsərinin bir çox
dəyərli, qiymətli xüsusiyyətlərindən biri kimi onun çoxaspektliliyi
də xüsusi vurğulandı. əsər haqqında fikir söyləyənlər qeyd etdilər
ki, burada elmi tədqiqat prosesinin musiqi-nəzəri, estetik, tarixi,
fəlsəfi, təcrübi profilləri çox harmonik şəkildə bir-birilə əlaqəyə
girmiş, bir-birini tamamlamış və bunun nəticəsində təkcə Azərbaycan
musiqi elmini deyil, həm də Azərbaycanın musiqi tarixini əks etdirən
ilk əsaslı monoqrafiya yaranmışdır. Bütün bunlarla yanaşı tədqiqat
zamanı Azərbaycan musiqişünaslığında az işlənmiş çox ciddi mənbəşünaslıq
işi aparılmışdır. Belə ki, orta əsrlərə məxsus risalələrin və onların
müxtəlif nüsxələrinin xarici ölkələrin kitabxana və arxivlərindən
toplanması, tərcüməsi, şərhi, həmin mənbələrin saxlandığı kitabxanalar
və şəxsi kolleksiyalar barədə də ətraflı mə'lumatlar verilmişdir.