AZƏRBAYCAN MUSİQİSİNİN         
TARİXİ YARANIR
       
  Ülkər TALIBZADƏ           
1   2   3   4  
  Ü. Talıbzadə
Azərbaycan musiqisinin tarixi yaranır

R. Zöhrabov
"Zülfi Adıgözəlov xatirələrdə"

 
 
        

Monoqrafiyanın son hissəsi ölməz sənətkar Üzeyir Hacıbəyovun estetik baxışları və "Azərbaycan xalq musiqisinin əsasları" əsərinin təhlilinə həsr edilmişdir. Z.Səfərova böyük bəstəkarın estetikasının xəlqilik, realizm, beynəlmiləlçilik, millilik, ən'ənə və novatorluq baxışlarını onun həm musiqi, həm bədii, həm də nəzəri-tənqidi yaradıcılığında izləyib, tədqiq edir. Və doğru olaraq göstərir ki, Ü.Hacıbəyovun "Azərbaycan xalq musiqisinin əsasları" əsəri müasir Azərbaycan musiqişünaslığının fundamental əsəri olub, "sanki orta əsr risalələrinin təbii davamıdır". Ona görə də bu əsəri yeni dövrün risaləsi adlandırsaq yanılmarıq.

Monoqrafiyanın sonunda Z.Səfərova şəxsən tərtib etdiyi S.Urməvinin, ə.Marağainin, M.M.Nəvvabın risalələrində işlədilən qədim musiqi terminlərinin izahlı lüğətini təqdim etmişdir ki, bu da həm monoqrafiyada təhlil olunan risalələrin müasir oxucular tərəfindən qavranılmasını asanlaşdırır, eyni zamanda, bu sahədə aparılacaq gələcək tədqiqatlar üçün də çox böyük əhəmiyyətə malikdir.

Bu əsəri ilə Z.Səfərova 6-7 əsrlik milli musiqi elminin inkişaf yolunu tədqiq etmiş, elmi faktlara əsaslanaraq Şərq musiqisinin, musiqi, estetik, fəlsəfi fikrinin ayrılmaz hissəsi olan Azərbaycan musiqi elminin tarixini yaratmışdır. Bu fikirlə əlaqədar Azərbaycanın əməkdar incəsənət xadimi, professor L.V.Karagiçevanın əsərə verdiyi rə'yindən bir parçanı nəzərə çatdırmaq istərdik: "Son dərəcədə əhəmiyyətlidir ki, Urməvidən başlayaraq, Marağaidən Nəvvaba qədər Azərbaycan musiqi elminin əsaslarını qoymuş sonrakı məşhur nəzəriyyəçilərin əsərlərini də araşdıraraq, Urməvi xələflərinin yaşadıqları və yaratdıqları tarixi-mədəni mühitə əsaslanaraq Zemfira Səfərova bizim böyük müasirimiz Üzeyir Hacıbəyovun bu sələfləriylə dərin əlaqələrini və elmi kəşflərinin davamlılığını dəlillərlə sübuta yetirir və bununla da musiqi haqqında Azərbaycan elmi-estetik fikrini ümumi Yaxın Şərq inkişaf prosessinə daxil edir". Türk musiqişünası Süleyman Şenel isə bu əsəri təkcə Şərq və türk dünyası üçün deyil, bütün "dünya musiqişünaslığı üçün qazanc" kimi yüksək qiymətləndirmişdir.

Hazırda Z.Səfərova Azərbaycan musiqisinin tarixi sahəsində apardığı tədqiqatlarını davam etdirir. Belə ki, onun son elmi araşdırması tariximizin, mədəniyyətimizin, ədəbiyyatımızın ən qədim yazılı abidəsi olan "Dədə Qorqud" dastanının musiqi dünyasına həsr edilmişdir. İyul ayında Parisdə keçirilən "Kitabi-Dədə Qorqud"un 1300 illiyinə həsr edilmiş Beynəlxalq Simpoziumda Z.Səfərovanın bu mövzuda təqdim etdiyi mə'ruzə çox böyük maraqla dinlənilmiş və uğurla qarşılanmışdır.


1.Maraqlıdır ki, Məcnun Kərimov ansamblın bir çox musiqi alətlərinin bərpasını məhz Z.Səfərovanın qədim mənbələr üzərində apardığı tədqiqatlarından faydalanaraq həyata keçirmişdir.

1.Səfərova Z.Y. Azərbaycanın musiqi elmi. Bakı, Elm, 1998,c.229.


 
1   2   3   4  
copyright by musiqi dunyasi 1999-2000© design by grArt 2000©
Next Page Previous Page English About site