|
|
|
Ü.
Hacibəyov.
"Köroglu" operası.
Uvertüra.
|
|
|
İlk Azərbaycan operasının
əsas və xarakter xüsusiyyəti həm də ondan ibarət idi ki, bu əsərdə
Ü.Hacıbəyovun özünün bəstələdiyi musiqi ilə xalq musiqisini bir-birindən
ayıran səddi tapmaq mümkün deyildi. "Leyli və Məcnun" operasının
bu xüsusiyyətini qeyd edən Ü.Hacıbəyov yaradıcılığının ilk tədqiqatçılarından
olan V.Vinoqradov yazırdı: "Folklorun bəstəkarlıq yaradıcılığına
keçməsinə musiqi tarixində bundan bariz nümunə tapmaq çətindir".
Səksəninci illərin əvvəllərində Elmlər Akademiyasının rəhbər olduğum
"Musiqi sənəti" şö'bəsində Ü.Hacıbəyovun musiqi əsərlərinin akademik
nəşri çapa hazırlanırdı. İlk əsər bəstəkarın "Leyli və Məcnun" operasının
partiturası idi. Mə'lumdur ki, akademik nəşr üçün musiqi əsərinin
sonrakı təhriflərdən və əlavələrdən təmizlənmiş əsl müəllif mətninin
olması vacibdir. Ü.Hacıbəyovun bə'zi əsərlərinin əlyazmaları qalmamış,
bə'ziləri isə yarımçıq şəkildə bizə gəlib çatmışdır ki, bu da onun
əsərlərinin külliyyatının nəşrini çətinləşdirir. "Leyli və Məcnun"
operasının partiturası olmamışdı, ilk dövrdə operanın tamaşaları
"direksion" əsasında qoyulmuşdur. Həmin "direksion"da hansı muğamların
harada, hansı iştirakçı tərəfindən, hansı sözlərə ifa edilməsi göstərilirdi.
Muğam epizodları nə "direksion"a, nə də sonralar partituraya yazılmamışdır,
muğamlar müğənnilər tərəfindən improvizə edilirdi. Ü.Hacıbəyov özü
qeyd edirdi ki, "müğənnilərin oxuduqları muğam ladında mətndən kənara
çıxmamaqla improvizasiya ilə məşğul olmalarına tam ixtiyar verilirdi.
Hər bir muğamın olduqca çox improvizasiya variantı vardır, ona görə
də hər bir müğənni "Leyli və Məcnun"dan ariyaları öz bildiyi kimi
oxuyurdu."
1983-cü ildə Səmərqənddə keçirilən ikinci beynəlxalq simpoziumun
iştirakçısı kimi, mən ora yeni çıxan "Uzeir Qadjibekov" və "Mir
Moxsun Havvab" kitabçalarımı və birinci cildlərin redaktoru Nazim
Əliverdibəyovla hazırladığım (mən baş məqalənin və elmi şərhlərin
müəllifi, redkollegiyanın üzvü idim) "Leyli və Məcnun" operasının
partiturasını aparmışdım. Simpoziuma gələn qonaqlar, xüsusilə də
Moskva musiqişünasları qalın, böyük həcmli "Leyli və Məcnun"un partiturasını
görüb soruşurdular ki, yə'qin muğamları da nota köçürmüsünüz? Biləndə
ki, bu yalnız və yalnız Ü.Hacıbəyovun özünün bəstələdiyi musiqidir,
çox təəccüb edirdilər, çünki çoxları bilmirdi ki, bəstəkarın həmin
operaya özünün bu həcmdə bəstələdiyi musiqisi var. E'tiraf edək
ki, bu yalnız simpozium iştirakçılarına aid deyildi, elə Bakıda
da bir çoxları bu fikirdə idilər.
"Leyli və Məcnun" operasında Şərq və Qərb, milli və Avropa kimi
iki lad sistemlərinin vəhdətinin həyata keçirilməsi, sonrakı illərdə
həm Ü.Hacıbəyovun özü üçün, həm də digər Azərbaycan bəstəkarlarının
yaradıcılığına xas oldu. Bu operanın bir sıra xor epizodlarında,
məsələn, Məcnunun elçilərinin və ya İbn-Səlamın elçilərinin xorunda
və s. Ü.Hacıbəyov, polifoniyanın ünsürlərini, imitasiyanı tətbiq
etmişdi. Polifonik ünsürlər operanın bə'zi orkestr hissələrinə də
xasdır, onların içərisində V pərdənin girişi, "Arazbarı" ritmik
muğamı əsasında qurulmuş orkestr epizodu xüsusilə seçilir. Bu orkestr
epizodu özünün müstəqilliyi və bitkinliyi ilə diqqəti cəlb edir
və şübhəsiz Azərbaycan bəstəkarlarının simfonik muğamlarının sələfi
hesab edilə bilər.
Ü.Hacıbəyov "Leyli və Məcnun"da opera janrının və digər musiqi formalarının
inkişafı üçün möhkəm bünövrə yaratmaqla bərabər, həmçinin Azərbaycan
milli harmoniyasının və polifoniyasının təməlini qoydu.
Ü.Hacıbəyovun "Leyli və Məcnun" operasının əhəmiyyəti Azərbaycan
musiqi tarixində oynadığı misilsiz rolu ilə məhdudlaşmır. Onun bir
sıra Şərq xalqlarının professional musiqi mədəniyyətinin yaranmasında
da mühüm rolu olmuşdur. Hələ inqilabdan əvvəl Azərbaycan artistləri
bu operanı Zaqafqaziyada, Orta Asiyada və İranda göstərmişlər. Hər
yerdə bu əsl Şərq operası böyük hərarətlə qarşılanmışdı.
Dünya musiqi sənətində nadir hadisə olan "Muğam operaları", yalnız
Ü.Hacıbəyovun yaradıcılıq yolunda deyil, bütün Azərbaycan musiqi
sənətinin inkişafında böyük rol oynamışdır.
|
|
|