oxsəciyyəli musiqi
janrlarımız tarixin kamil süzgəcindən keçərək bu gün də yaşayır
və musiqişünasların maraq obyektinə çevrilir. Belə maraq kəsb edən
janrlardan biri də dini musiqidir.
Musiqi tariximizin
bir sahəsini təşkil edən dini musiqinin tədqiqi, orta əsr musiqi
sənətinin üslub xüsusiyyətləri, səs quruluşu, formatörədici prinsipləri,
musiqi təfəkkürü, məişət musiqisi ilə dini oxumaların bir-birilə
bağlılığı və sairə kimi problemlərin həllinə kömək edə bilər.
İslam dünya dininə
çevrilərək, müxtəlif xalqların milli xüsusiyyətlərilə zənginləşib
rəngarəng çalarlar kəsb etmişdir. YIII-X əsrlərdə elm və incəsənətin
çiçəklənmə dövrü başlayır. İslamın ilk illərində musiqi də başqa
sənətlər kimi peşəkarlığa çevrilir. Musiqi, dini və yaxud məişət
mərasimlərinin, saray əyləncələrinin tərkibi kimi yox, artıq həyatın
bir sahəsi kimi dərk edilir. Müsəlman alimlər, əslində assimliyasiyaya
uğramış şərq xalqlarının mədəniyyətləri sintezindən yaranan antik
mədəniyyətləri canlandırmağa və mənimsəməyə cəhd edirlər. Möhkəm
təmələ əsaslanan islam mədəniyyətinin düzgün inkişaf təmayülünün
müəyyənləşməsi buradan başlayır.
İslam ölkələrinin
orta əsr feodal mədəniyyəti gərgin inkişaf dövrü keçirib. Bu mədəniyyətin
yaranmasında bütün şərq xalqlarının payı olub. Müxtəlif xalqlara
hörmət və ehtiram tövsiyə edən islam, dünya mədəniyyəti nailiyyətlərinə
biganə qalmamış, onu qəbul edib özünəməxsus şəkildə inkişaf etdirmişdir.
Qədim yunan şe'r vəzninin əsasında əruz vəzni şərq şairlərinin yaradıcılığında
təkmilləşərək Şərqin şe'r vəzninə çevrilir. Qədim yunan ladları,
səslərin interval məsafəsi dərindən öyrənilir və milli ərəb mədəniyyətinə
və sonradan ümumşərq mədəniyyətinə uyğunlaşdırılır. ərəb alimləri
elmi işlərində yunan alimlərinin musiqi-nəzəri və estetik konsepsiyalarından
qidalanırdılar. Eyni vaxtda Şərq mədəniyyətinin və islam nüfuzunun
Qərb orta əsr mədəniyyətinə böyük tə'siri olmuşdur. Orta əsrlərdə
Avropa, ərəblərin vasitəsilə antik dövrün elmi, fəlsəfi, musiqi-nəzəri
fikirlərilə tanış olur. Qərb və Şərq münasibətləri qədim köklərə
malik olmuş islam dövründə isə bu elmi və mədəni əlaqələr daha da
möhkəmlənir. Müşahidələr göstərir ki, islam ölkələrinin milli-mədəni
xüsusiyyətlərinin yüksək təcəssümü ümumbəşər xüsusiyyətlərinə çevrilir.
Bu gərgin proses
xalqların, dillərin ünsiyyəti, çarpazlaşması, qohumlaşması, müxtəlif
səciyyəli Şərq və Qərb mədəniyyətlərinin qarşılaşması islam mədəni
platformasının yaranması ilə nəticələnir. Belə möhtəşəm mədəni təməl
şərq xalqlarının bədii-fəlsəfi təfəkkürü və islam ideologiyası qanunlarına
əsaslanır.
E.Q.Yakovlev yazır
ki, "qanun ictimai, xüsusilə dini və bədii həyatın ruhi, mə'nəvi
strukturlarını tənzim və təşkil edən sabit sistemdir. Bədii qanunlar
adətən dini zəmində meydana gəlir. Buna görə də bədii qanunda dini
və bədii ünsürlər sıx şəkildə birləşirlər."(1) A.F.Losevin fikrincə
isə "bədii və dini qanunlar arasında ciddi sərhəd qoymaq olmaz."(2)