SOLTAN HACIBƏYOVUN 80 İLLİYİNƏ      
Tanıdığımız və tanımadığımız S.Hacıbəyov  
         
AZAD OZAN KƏRİMLİ           
1   2   3   4  
English English
        
S. Hacibəyov.
Simfonic orkestr üçün konsert

S. Hacibəyov.
"Karvan"
simfonik lövhəsi

Yaxşı yadımdadır ki, ixtisasından ayrılmamaqla dirijorluğa girmək istəyən də çox idi, yer də az deyildi. Baxmayaraq ki, Soltan müəllim həmin fənni başlıca olaraq bəstəkarlıqda oxuyan uşaqlar üçün nəzərdə tutmuşdu. Bununla yanaşı, onun, tutduğu vəzifədən asılı olmadan, iş ilə bağlı bütün gedişlərini araşdırsaq, kəmiyyətə, - sonralar, geci-tezi mütləq keyfiyyətə keçəcək kəmiyyətə üstünlük verdiyini, yə'ni dahi Üzeyirbəy yolunun layiqli yolçusu olduğu aşkarlanacaq. Bəli, yer az deyildi, lakin 1974-cü il sentyabrın 20-ində (19-unda rəhmətə getmişdi) Soltan Hacıbəyov torpağa tapşırılandan sonra, dirijorluğa verilən yerlərin sayı 6-dan 2-yə endirildi. Güya ki, "sınaq ilidir". Gələn ildə, - 1975-də isə dedilər ki, nə dirijorluq fənni lazımdır, nə də ixtisası. Kimə lazımdır, getsin Moskvaya, yaxud Leninqrada, Azərbaycanda isə simfonik dirijorluğun keçilməməyi daha məqsədəuyğundur. Axı, biz əyalətik!.. əslində isə, S. Hacıbəyov istəyirdi ki, hər bir gənc bəstəkar öz əsərlərini orkestrlə özü ifa edə bilsin, daha gedib bürokratik əngəllərə baş qoşmasın, dirijordan tam asılı qalmasın. O, bizləri geniş orkestr duyumlu sənətkar görmək istəyirdi. Çox yazıqlar olsun ki, sən demə, bu təkcə onun arzusu imiş!...

Soltan İsmayıl oğlu Hacıbəyov ömrünün böyük kəsimi saysız sıxıntılar, ağrı-acılarla keçmişdi. Özü də təkcə maddi deyil, daha çox mə'nəvi. 1985-ci ildə Aida Tağızadənin "Yazıçı" nəşriyyatı tərəfindən rus dilində buraxılan "S. Hacıbəyov" monoqrafiyasında mərhum bəstəkar, guya ki, Böyük Üzeyirin qardaşı oğludur. Lakin heç də belə deyil. Vaxtı ilə Şuşada öz geniş bilikləri və dünyagörüşü ilə tanınan, Xanqızı Xurşudbanu Natəvan ailəsinin yaxın dostu Molla Məhəmmədin iki oğlu var imiş: Hacı bəy və əbdülhüseyn bəy. İkinci qardaşı biz böyük Üzeyirin atası kimi tanıyırıq. Bəstəkar İsmayıl Hacıbəyovun dediklərinə görə, əbdülhüseyn bəy ömrünün böyük kəsimini Ağcabədi ilə Şuşa arasında keçirmiş, bacarıqlı təsərrüfatçı olmuş və Xanqızı ailəsinin mülklərini idarə etmişdir. Məhz buna görə Üzeyir Hacıbəyovun özü də Şuşada deyil, Ağcabədidə dünyaya göz açmışdır.

Hacı bəy isə ömrü boyu Şuşadan çıxmamış, zərgərlik etmiş və özününkülərlə yanaşı, tez-tez səfərə çıxan qardaşının uşaqlarını da dolandırıb tərbiyə etmişdi.Üzeyir, Zülfüqar və Ceyhun Hacı bəyin təkcə bir oğlu İsmayılla bir evdə böyüyüb, birgə məktəbə getmişlər. Qori Müəllimlər Seminariyasına da uşaqları Hacı bəy düzəltmiş və tez-tez onlara baş çəkmişdir. Sonralar İsmayıl Hacıbəyli hərbiçiliyi seçərək, ordu və jandarmeriyada işləmişdi. 1918-ci ildə Azərbaycan Cumhuriyyəti yaranandan İsmayıl bəy bütün güc və bacarığı ilə Vətəninə xidmətə başlayır, 1919-cu ildə isə onun yeganə oğlu Soltan dünyaya gəlir. Nəhayət, 1920-ci ildə - XI "qırmızı" imperiya ordusunun Azərbaycanı işğal edən gündən başlanan kütləvi qırğınlar zamanı bir çox Azərbaycan ziyalılarının və hərbiçilərinin sırasında məhkəməsiz, vəhşiliklə öldürülür. Burada yada salaq ki, Üzeyir bəyin özü də ilk dəfə (!) güllələnmədən yalnız N.Nərimanovun sayəsində yaxa qurtara bilib.

İsmayıl bəyin qətlindən sonra ailəsi hədsiz yoxsulluq içində, təklənmiş halda yaşayır. Nəhayət, onun lap cavankən dul qalmış həyat yoldaşı Zəhra xanım 10 yaşlı Soltanı Bakıya, Üzeyir bəyin yanına gətirib, uşağın gələcəyini ona tapşırır. Üzeyir bəy Soltanı oğulluğa götürür və həmin anı onun taleyində dönüş adlandırmaq olar.

Bakının mədəni həyatının, Üzeyir bəyin və həyat yoldaşı Məleykə xanımın qayğısının Soltan Hacıbəyovun bir musiqiçi-bəstəkar kimi, bir ziyalı kimi yetişməsində də, onun dünyagörüşünün gəlişməsində (inkişafında) də böyük yeri danılmazdır. Orta məktəbi və hazırda A. Zeynallının adını daşıyan orta ixtisas Musiqi məktəbinin truba aləti sinfini 1939-cu ildə bitirən gələcək bəstəkar öz yaşam yolunu tapanadək həm iki ilə yaxın iqtisadiyyat institutunda təhsil alır, həm də ara-sıra musiqi əsərləri yazmağa başlayır. Bununla bağlı, çox illər sonra, böyük bəstəkarımız Q.Qarayev xatırlayaraq deyəcək:-— Soltan, yadındamı, bir gün sizlərə gələndə rəhmətlik Üzeyir bəy sənin ilk fortepiano prelüdlərini çalmağı xahiş etdi. Mən də royalın arxasında oturub çaldım. Sən isə yaman həyəcan keçirirdin …

Soltan Hacıbəyov isə boynuna alacaq ki, "Qara, görünür, sənin yaddaşın mənimkindən daha itidir. Sən deməsəydin, yadıma düşməyəcəkdi".

Lakin Üzeyir bəyin təzyiqi o qədər gücli idi ki, öncədən iqtisadiyyatçı olmağa can atan gənc, 1941-ci ildə institutu ataraq konservatoriyaya girir. Elə taleyin özü də bəri başdan bu yolda onu uğur və şan-şöhrət ilğımları ilə şirnikləndirirdi. Hələ orta ixtisas musiqi məktəbində oxuduğu zaman, lap erkən yaşından partitura oxumağı və hətta yazmağı öyrənən Soltan Hacıbəyov, musiqili komediya teatrında dirijorluğa başlayır, orkestri, - sonralar onu oxşarsızlaşdıracaq orkestri dərindən öyrənir, hətta "Koroğlu" operası partiturasının yazılışında Üzeyir bəyin ən yaxın köməkçisinə, daha doğrusu¸ assistenti və redaktoruna çevrilir. İlk fortepiano prelüdlərini də ona atalıq edən ustadın kölgəsində yazan gələcək bəstəkar getdikcə ürəklənərək, nəhayət, "Qızılgül" operettasının uğuru ilə iste'dadını tam açıqlayır. Və bu açıqlama ilə öz taleyində ikinci dönüşü özü yaradır.


 
1   2   3   4  
copyright by musiqi dunyasi 1999-2000© design by grArt 2000©
Next Page Previous Page English Back to Home About site