… İndi də gəlirəm
sonuc cizgi üzərinə.1974-cü ilin sentyabrı.II kursdayıq. Hamımızı
rektor çağırır, deyirlər ki, orkestrləşdirmə fənnindən ona düşmüşük.
Sevinirik. Yenə də həmin kabinet. Böyük yazı masası arxasında həmin
dolu bədənli, gözlüklü və ilk dəfə gördüyümdən çox-çox yorğun rektor.
Ancaq rəngi dəyişib, qaralıb sanki. O, siqareti ağır-ağır çəkərək
(çox təəccüblü idi, çünki, bildiyimizə görə, çəkmirdi!) bizə deyir:
- Uşaqlar, mən artıq
üç ildi ki, dinclik nə olduğunu bilmirəm. Üç illik mə'zuniyyətim
qalıb. Xahiş edirəm, mən olmayanda assistentim Afaq xanımın (hazırda
BMA-nın dekanı, professor A.Cəfərova) dərslərini buraxmayın, bu
sizə çox lazım olacaq sonralar. Bacardıqca çalışın, müəllimlərin
sözünə baxın. Mən gedirəm və, Allah qoysa, görüşəcəyik…
Soltan Hacıbəyov
"mən gedirəm" sözlərini elə dedi ki, hamımız onun getməyini vəzifə
ilə deyil, nə isə bir sirrlə bağlılığını duyduq. Lakin uşaqlıq və
ateist yaşam ucbatından deyilənlərin dərin yozumuna varmadıq. Daha
bir neçə saat sonra mən onun pillələri ağır-ağır endiyini gördüm.
Şoferi qoluna girmişdi, kömək edirdi. Onlar konservatoriyadan çıxıb
maşına oturdular və yola düşdülər.
55 yaşlı Soltan
Hacıbəyov o gedən getdi və əbədiyyətə qovuşdu. Onun getməyi ilə
çox şey dəyişdi, ancaq yaxşılığa deyil, pisliyə doğru. Ayın son
cümə konsertləri hansısa sirli və bədxah əlin işarəsi ilə o saat
dayandırıldı, bəstəkarlarımızın çətinlikləri də o gündən başladı.
Yaxşı yadımdadır ki, mən və yoldaşlarım 1978-ci ildə konservatoriyanı
bitirərkən ixtisasdan dövlət imtahanına buraxılan əsərlər son dəfə
(!) simfonik orkestrlə ifa olundu. Bundan sonra bəstəkarlıqdan dövlət
imtahanları filarmoniya zalında, açıq konsert yolu ilə deyil, konservatoriyanın
kafedra otağında keçirilirdi.
O zamandan 25 il
keçib, amma nə olursa-olsun, Soltan Hacıbəyovun sözlərinin doğruluğuna
inamım indi də azalmayıb: "Azərbaycana bəstəkarlar həmişə gərəkli
olacaq!"