SOLTAN HACIBƏYOVUN 80 İLLİYİNƏ      
Tanıdığımız və tanımadığımız S.Hacıbəyov
     
AZAD OZAN KƏRİMLİ          
1   2   3   4  
English English
        
S. Hacibəyov.
Simfonic orkestr üçün konsert
S. Hacibəyov.
"Karvan" simfonik lövhəsi

Soltan Hacıbəyovun konservatoriya tələbəliyi, onun sənət dostları - Qara Qarayev, Cövdət Hacı-yev, Fikrət əmirov və Tofiq Quliyevlə birgə müharibə illərinə düşsə də, sənətdə biçimlənmə və yaradıcılıq baxımlarından, bəlkə də, daha coşqun olmuşdur. Azərbaycan bəstəkarlarının o zamankı nəslinin ən çoxsaylı bölümünə ustadlıq etmiş professor B.İ.Zeydmanın sinfində o, skripka ilə orkestr üçün ilk "azərbaycanlı" konserti, I və II simfoniyalarını, "Karvan" simfonik lövhəsi və çox-çox başqa əsərlərini yaradır. Eyni zamanda operetta dirijoru və sazçı qızlar ansamblının bədii rəhbəri işləyir.

Burada bir açıqlama verməliyəm. Soltan Hacıbəyov haqqında monoqrafiya və başqa nəşrlərdə onun 1941-dən 1946-ya kimi konservatoriyanın bəstəkarlıq şö'bəsində təhsil aldığı göstərildikdən sonra şübhəli bir susurluq sezilir. Səbəbi?! Təhsilini bitirib konservatoriyada 1 il müəllim işləyən Soltan Hacıbəyov sənətdə yetkinləşmək arzusu ilə Moskva konservatoriyasının aspiranturasına, böyük bəstəkar D. Şostakoviçin sinfinə daxil olur. Onun eyni zamanda dirijorluq ixtisası üzrə peşəkar təhsil aldığı haqqında da bilgilərimiz var. Lakin daha 1 il sonra, 1948-ci ildə kommunist partiyasının ədəbiyyat və incəsənət haqqında bədnam qərarı ilə repressiyaların başlanması gənc istedadın bütün arzu və istəklərini alt-üst edir. Professor D.Şostakoviç konservatoriyadan qovulur, Soltan Hacıbəyovun isə, bir sıra bəstəkarlar kimi, bütün əsərlərinə qadağalar qoyulur. Hətta "Karvan" kimi əsər də qadağan olunur(!).

Bəstəkarın oğlu, bəstəkar İsmayıl Hacıbəyov atasından qalan çox tutumlu və dəyərli arxivi araşdırarkən onun 1948-ci ildə Moskvadan həyat yoldaşına, ¾ İsmayılın anasına yazdığı məktub üzə çıxıb. Və həmin məktubdan aşkarlanır ki, S.Hacıbəyovun nəinki simfonik əsərləri və nəinki "İskəndər və çoban" operası, hətta çoxsaylı dram tamaşalarına yazdığı musiqi də "innən belə" səslənə bilməz. Bəlkə də oxucu lətifə yaxud qaravəlli kimi yozacaq, amma əsərlərinin qadağan olunduğunu bəstəkar Moskva Böyük Teatrı orkestrinin ifasında özünün II simfoniyasına dirijorluq etdiyi zaman, konsert fasiləsində eşidib. Eşidib və sınıb! Faciəli lətifə!… Lakin tam sınıbmı?

1948-ci ilin xofunu bəstəkarlarımızın çoxu sonralar susurluğa çevirdilər, nələr çəkdiklərini boyunlarına almır, haradasa o qorxunc olayın təkrarlanacağı xofu ilə yaşayırdılar. Lakin Hacıbəylilər soyunun başına gətirilən faciələrin canlı şahidi və bir növ qurbanı Soltan Hacıbəyov üçün o illərin əzabları daha ağır, daha dözülməz idi. 50-ci illərdə qadağaların götürülməsi onun sarsıntılarını, yaralarını sağalda bilmədi. Bunu bəstəkarın sonrakı yaradıcılıq yolundan aydın sezmək heç də çətin deyil. Öncəki illərin kəmiyyətindən də, yaradıcılıq ehtirasının korşalmasından da görünür. Möhtəşəm, əzəmətli "Orkestr üçün konsert", "Gülşən" baleti və digərləri kimi işartılar, "alışıb-coşmalar" həmin yozumu ancaq təsdiqləyə bilər.

Lakin məhz 1948-ci ildən başlayaraq S.Hacıbəyov şəxsiyyətinin yeni-yeni çalarları daha qabarıq şəkildə açıqlanır. O¸ artıq sanballı bəstəkarlığı ilə yanaşı, öz xətti, öz fənni olan əvəzsiz müəllim-ustad; bacarıqlı, fədakar və uzaqgörən bir mədəniyyət xadimi; nəhayət, təşkilatçı kimi tanınmağa başlayır. İndi artıq tam yəqinliklə demək olar ki, - (qoy o biri ustadların ruhu bizdən incimisin!)¸ - "orkestrləşdirmə" fənnindən S.Hacıbəyovun tələbəsi olmuş bəstəkarlarımız həm oxşarsız, geniş orkestr duyumu və ustalığı, həm də onun öncül metodikasını qavramış sənət ustadlıqları ilə seçilirlər. Həyatda çox mülayim, "böyüklə böyük, kiçiklə kiçik" kimi dil tapmağı bacaran bəstəkar, partitura kağızı arxasında çox sərt, "tükü-tükdən seçən", hədsiz tələbkar müəllim və çox dəqiq zərgər tə'siri bağışlayırdı. Deyilənlərə görə, onun ən çox sevdiyi partitura dahi bəstəkar İqor Stravinskinin ən yüksək çətinlik dərəcəsinə layiq görülə biləcək "Müqəddəs bahar ayinləri" baletinin partiturası idi. Bütövlükdə götürsək, mərhum Soltan müəllim əski Sankt-Peterburq bəstəkarlıq məktəbi orkestr əsaslarının dərin bilicisi olmuşdur.

Soltan Hacıbəyovun bütün ömrü boyu tutduğu vəzifələr milli mədəniyyətimizin gəlişmə tarixində onun sanballı yerini bir daha təsdiqləyir. 50-ci və 60-cı illərdə o, öncədən filarmoniyanın bədii rəhbəri, sonra direktoru olmuş, 20 ildən artıq Azərbaycan Bəstəkarlar İttifaqının katibi, o cümlədən birinci-katibi işləmişdi. Sonuncu vəzifənin ağırlığı və geniş tutumunu aydınlaşdırmaq üçün demək kifayətdir ki, parlament respublikasında prezident - baş nazir nisbəti ilə o zamankı yaradıcı ittifaqın sədr birinci katib nisbəti düz mütənasib götürülə bilər. Yə'ni bəstəkarlarımızın (və musiqişünaslarımızın, hətta ifaçıların da!) ən xırda, - məsələn, məişət, - məsələlərindən tutmuş yeni əsərlərin ifası; onların mədəniyyət nazirliyi və musiqi fondu tərəfindən alınması; mətbuat, televiziya, radio və s. yollarla ölkədə və hətta xaricə yayımı Soltan Hacıbəyovun tə'sir dairəsində idi. Yaşlı və orta nəsilə, o zamankı konsert həyatını yada salanda, gördükləri hazırda yuxu kimi yozulur. Elə götürək dövlət simfonik orkestrinin mövsümi abunə (abonement) konsertlərini.

1970-ci ildən Soltan Hacıbəyovun təşəbbüsü ilə bütün il ərzində hər ayın son cümə günü konservatoriyanın böyük zalında simfonik konsertlər silsiləsi keçirilirdi. Öncədən qəbul olunmuş qaydaya görə hər konsertdə üç tutumlu əsər ifa olunmalıydı: I - dünya klassik musiqi örnəklərindən biri; II - Azərbaycan bəstəkarlarının yeni yaranmış əsərlərindən biri; III - konservatoriya müəllim və tələbələrinin solo ifasının müşayiəti. Bu təşəbbüsün nə dərəcədə xeyirli, faydalı olduğunu anlamağın özü də Soltan Hacıbəyov şəxsiyyətinin böyüklüyunü aşkarlayır. Xalqın mədəni səviyyəsini qaldırmaq, dünyagörüşünü artırmaq, maarifləndirməklə yanaşı, bəstəkarlarımızın iri tutumlu əsərlərinin ucdantutma ifası istər cavan, istər yaşlı nəslin yaradıcılığına elə güclü təkan verdi ki, sonrakı illərdə həmin təkanın törətdiyi uğurlar bu günümüzlə müqayisədə ölçülməzdir. 1973-cü ilin dekabrında bəstəkarlarımızın qurultayında səslənən əsərlərin görünməmiş geniş və çoxçeşidli proqramı da məhz həmin konsertlərin məntiqi sonucuydu. Çünki hər bir orkestr musiqiçisi hər əsərdəki öz ifa kəsimi (partiyası) ilə artıq tanış idi, dirijorlar da partituraları başdan-ayağadək mənimsəmişdilər. Lakin burada "mə'nəvi qazancların dəyəri daha böyük idi " desək, daha düzgün olar. Bəstəkarlar heç kimdən, o cümlədən taleyin dönük-lüyündən incimir, biri-birini qısqanmır, açıq-açığına yarışırdılar; çünki imkanlar bərabər, ayrı-seçkilik yox idi. İstedadlı ifaçılar, - müəllim-tələbəliyindən asılı olmayaraq, - orkestrlə çıxış etmək, biri-biri ilə yarışmaq və tanınmaq imkanları qazanmışdılar. Sonuncunun təşkilində də Soltan Hacıbəyov özəl bacarıq və uzaqgörənlik göstərmiş, öncədən reklama ayrıca diqqət yetirmişdi. Televiziya və radio, qəzet və jurnallar konsertləri geniş işıqlandırırdı. Ümumi işin xatirinə mədəniyyət, təhsil, teleradio nazirləri, yüksək rütbəli mə'murlar və partiya işçiləri ayrıca dəvət olunur, onlar üçün fəxri yerlər nəzərdə tutulurdu. Hazırda radiomuzun fondunda o zaman ifa olunmuş yeni əsərlərin lent yazıları indiyədək, az da olsa, qorunur. Nə isə, bu haqda çox danışmaq olar, amma danışmaqla o zamankı hər axırıncı cümə günündə sənət bayramlarını necə canlandırım, mən və mənim kimilərin keçirdiyi yaşantıları necə açıqlayım? Hansı sözlərlə?

Bəli, gözəl yuxular idi, amma onu da bizə çox gördülər! Amansız, xain ölüm Soltan Hacıbəyovu əlimizdən alıb aparan kimi çox şey bitdi. İndiyədək başa düşə bilmirəm, məgər bütün sadalananlar təkcə Soltan Hacıbəyovamı lazım imiş?!…


 
1   2   3   4  
copyright by musiqi dunyasi 1999-2000© design by grArt 2000©
Next Page Previous Page English Back to Home About site