Bundan başqa, o
dövrdə Peterburqun Mariinski teatrının məşhur "ulduzlar"ı - O.İ.Preobrajenski,
L.Q.Kyakşt, Y.N.Sedova və b. iştirak etdiyi balet truppasının qastrolları
çox nadir hal sayılırdı.
Qeyd etmək lazımdır
ki, bütün tamaşalar operaların göstərilməsi üçün yenidən təchiz
edilmiş sirk səhnəsində keçirilirdi. Artıq 1883-cü ilin 27 noyabrından
H.Z.Tağıyev teatrının (indiki Musiqili Komediya Teatrı) açılmasına
baxmayaraq, teatrın sahibkarları öz maddi maraqlarını nəzərə alaraq
yalnız operetta və dramatik tamaşalara üstünlük verir, opera truppalarını
isə də'vət etmirdilər.
Məhz buna görə Bakının
musiqi həyatında 1911-ci il fevralın 28-i Azərbaycan musiqi mədəniyyəti
tarixinə Azərbaycanda musiqi professionalizminin formalaşması və
milli opera janrının bünövrəsinin qoyulmasını tə'yin edən yeni mərhələnin
başlanğıcı kimi daxil olmuşdur. Həmin gün sənaye sahibkarları olan
Mailov qardaşlarının vəsaiti hesabına mühəndis N.Q.Bayev tərəfindən
tikilmiş Böyük opera teatrının binası açılmışdır. O vaxtdan e'tibarən
opera incəsənətində baş verən mühüm hadisələr bu teatrla bağlı olmuşdur.
Yalnız Azərbaycanda
deyil, həmçinin bütün Şərqdə ilk opera əsəri - Azərbaycan muğam
professional bəstəkarlıq məktəbinin banisi, dahi bəstəkar və maarifçi
Ü.Hacıbəyovun "Leyli və Məcnun" muğam operası oldu (1908-ci il)(5).
Opera böyük müvəffəqqiyyət
qazandı. Milli mədəniyyətin daxilində yaranan bu opera Azərbaycan
musiqisində opera janrının formalaşması və təşəkkül tapmasının başlanğıcı
idi. Ü. Hacıbəyovun "Leyli və Məcnun" operası Azərbaycan musiqi
mədəniyyətində əsil professionalizm tətbiq etməyin vacibliyini sübut
etdi.
Bu müvəffəqiyyət
bəstəkarı öz yaradıcılığında opera və musiqili-komediya janrlarında
fəal çalışmağa sövq etdi. Ü.Hacıbəyov "Leyli və Məcnun"dan sonra
"Şeyx Sənan" (premyerası - 30.XI 1909), "Rüstəm və Zöhrab" operalarını
(premyerası 12.XI.1910-cu il), "ər və arvad" musiqili komediyasını
(premyerası - 24.V.1911)(6), daha sonra "Şah Abbas və Xurşud Banu"
o (premyerası - 12.III. 1912), "əsli və Kərəm" (premyerası - 18.V.1912),
"Harun və Leyla" operalarını (1915-ci il) yazmışdır, lakin səhnəyə
qoyulmadı. Ü.Hacıbəyovun ən məşhur musiqili komediyalarından biri,
bu günədək bütün dünya teatrlarının səhnələrində tamaşaya qoyulan
"Arşın mal alan" musiqili komediyası (premyerası 25.X.1913) oldu.
Ü.Hacıbəyovun inqilabdan əvvəlki əsərləri içərisində ən çox bu əsər
Zaqafqaziya, Orta Asiya və Rusiyanın bir çox şəhərlərində tamaşaya
qoyulmuşdur. Hələ o zaman "Arşın mal alan" gürcü, rus, tatar, özbək,
fars, türk dillərinə tərcümə edilmişdi. (Sonralar isə polyak, bolqar,
çin, ərəb, fransız və başqa dillərə tərcümə olundu). Bu musiqili-komediyanın
müvəffəqiyyəti, mütərəqqi ictimaiyyətin diqqət mərkəzində olan "Leyli
və Məcnun", "əsli və Kərəm", "Şah Abbas və Xurşud Banu" operaları
və "O olmasın, bu olsun" musiqili komediyası ilə yanaşı geniş dinləyici
auditoriyasını musiqili-səhnə incəsənətinə daha çox cəlb edirdi.
1921-ci ildə təşkil
edilmiş Azərbaycan teatrlarının bədii səviyyəsinin yüksəldilməsi
üzrə Şuranın üzvü olan Ü.Hacıbəyov milli musiqi səhnə incəsənətinin
inkişafına böyük köməklik göstərmişdir. 1925-ci ildə Ü.Hacıbəyov
teatrın yenidən qurulması məqsədilə rus və azərbaycan opera truppalarının
vahid bir kollektivdə birləşdirilməsinə imkan yaratmış və bu, hal-hazırda
M.F.Axundov adına Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının
əsasını təşkil etmişdir. Ü.Hacıbəyovun 20-30-cu illərdəki geniş
şaxəli və dərin mə'nalı musiqi-ictimai fəaliyyəti bəstəkarın opera
janrı üzərində işini dayandırmadı. əvvəlki kimi Ü.Hacıbəyovu yenə
də opera yazmaq fikri narahat edirdi. 1932-ci ildə o, bilavasitə
yeni opera əsəri üzərində işləməyə başladı və bu janrın ən yüksək
me'yarlarına uyğun gələn əsil milli opera - "Koroğlu"nu yaratdı.
1937-ci ildə premyerası olan həmin əsər - bəstəkarın yaradıcılıq
zirvəsini təşkil etdi.
Eyni zamanda bu
dövrdə M.Maqomayev "Nərgiz" operasını (1935), R.M.Qliyer isə "Şahsənəm"
operasını yazır. Operaların müvəffəqiyyəti gənc bəstəkarları yeni
opera əsərləri yazmağa ruhlandırır. 40-cı illərdə Niyazinin "Xosrov
və Şirin" operası, C.Hacıyev və Q.Qarayevin "Vətən" operası, ə.Bədəlbəylinin
"Nizami" operası və b. yazılmışdır. 1953-cü ildə F.əmirovun "Sevil"
operası tamaşaya qoyulmuşdur. Qeyd etməliyik ki, bu yaxınlarda,
1998-ci ilin sonunda həmin opera yeni redaktədə tamaşaya qoyulmuşdur
və yenə də teatrın repertuarındadır.
Opera teatrının
tarixi boyu bir sıra Azərbaycan bəstəkarlarının operaları tamaşaya
qoyulmuşdur: Ş.Axundovanın "Gəlin qayası", S.ələsgərovun "Bahadur
və Sona", "Solğun çiçəklər", C.Cahangirovun "Xanəndənin taleyi"
və "Azad", V.Adıgözəlovun "Ölülər", R.Mustafayevin "Vaqif", Z.Bağırovun
"Aygün", N.əliverdibəyovun "Cırtdan", İ.Məmmədovun "Tülkü və alabaş",
L.Vaynşteynin "Zoluşka" və "Çəkməli pişik" operaları və s.
Çox əfsus ki, bir
çox səbəblərə görə bu əsərlərin çoxu artıq opera teatrının repertuarından
çıxmışdır, lakin onlar daima tamaşaçıların diqqət mərkəzində olmuşlar.
Azərbaycan baletinin
yaranması tarixi 1940-cı ilə - Ə.Bədəlbəylinin "Qız qalası" baletinin
tamaşaya qoyulduğu ilə təsadüf edir. (Hal-hazırda teatrda bu baletin
yenidən tamaşaya qoyulması üçün fəal hazırlıq işləri aparılır).
əgər dinləyicilərdə opera incəsənətinə maraq yaratmaq çətin olmuşsa,
geniş kütlələrin diqqətini balet janrına cəlb etmək və bu janrın
Azərbaycan bəstəkarlarının yaradıcılığında inkişaf etdirilməsi üçün
zəmin hazırlanması bəstəkarın və truppanın qarşısında duran çox
mürəkkəb bir məsələ idi. Lakin buna baxmayaraq, bəstəkarın və artistlərin
böyük sə'yi nəticəsində balet böyük müvəffəqiyyət qazandı və geniş
tamaşaçı auditoriyası tərəfindən hərarətlə qarşılandı.
Opera və balet teatrının
səhnəsində 1950-ci ildə tamaşaya qoyulan ikinci balet - S.Hacıbəyovun
"Gülşən" baleti oldu. Bu balet də Azərbaycanda balet incəsənətinin
formalaşmasında mühüm rol oynamışdır.
Lakin Q.Qarayevin
2 baleti - "Yeddi gözəl" və "İldırımlı yollarla" baletləri Azərbaycan
baletinə dünya şöhrəti gətirərək, ümumdünya balet musiqisi xəzinəsinə
daxil olmuşdur.
Bundan başqa, bu
günədək opera və balet teatrının səhnəsində görkəmli müasir Azərbaycan
bəstəkarlarının bir sıra baletləri də tamaşaya qoyulmuşdur: ə.Abbasovun
"Qaraca qız", Niyazinin "Çitra", F.əmirovun "1001 gecə" və "Nizami",
A.Məlikovun "Məhəbbət əfsanəsi", F.Qarayevin "Qobustan kölgələri",
T.Bakıxanovun "Xəzər Balladası", A.əlizadənin "Babək", N.Məmmədovun
"Humay" baleti və s.
Qeyd etməliyik ki,
opera əsərinin mürəkkəb yazılış texnikası bizim gənc bəstəkarlarımız
tərəfindən əsaslı surətdə mənimsənilmişdir. Bu, onların müxtəlif
formalı əsərlərindən (simfoniya, sonata, kvartet, vokal və s.) hiss
olunur. Lakin, çox əfsus ki, gənc bəstəkarların müasir nəsli bir
sıra obyektiv və subyektiv səbəblərə görə opera əsəri yazmağa çəkinirlər.
Opera və balet teatrının
repertuarında dünya klassik musiqisinə aid olan opera əsərləri mühüm
yer tutur: Məsələn, Rossininin "Sevilya bərbəri" və "Oğru sağsağan",
Bizenin "Karmen", Verdinin "Traviata", "Riqoletto", "Aida", "Trubadur",
"Otello", Donisettinin "Lüçiya di Lammermur", "Sevgi şərbəti", Meyerberin
"Quqenotlar", Spontininin "Vestalka", Leonkovallonun "Təlxəklər",
Puççininin "Toska", "Boqema", Borodinin "Knyaz İqor", Prokofyevin
" Monastırda nişan" və s.