Teatrın repertuarında
ifa edilən baletlərdən - Minkusun "Don-Kixot", Adanın "Jizel", Çaykovskinin
"Qu gölü", "Yatmış gözəl", "Şelkunçik", Prokofyevin "Zoluşka", Şostakoviçin
"Xanım və xuliqan" və s. göstərmək olar.
Lakin qeyd etməliyik
ki, opera və balet teatrına istər keçmiş sovetlər məkanında, istərsə
də dünya miqyasında şöhrət qazandıran yalnız geniş və əhatəli repertuar
olmamışdır.
Bu teatrın divarları
arasında Azərbaycan vokal sənətinin bir çox parlaq ustalarının iste'dadı
inkişaf edərək yüksək dünyəvi zirvəyə çatmışdır. Onlardan Bülbül,
Ş.Məmmədova, F.Muxtarova, H.Sarabski, H.Rzayeva, R.Behbudov, R.Atakişiyev,
F.əhmədova, M.Maqomayev, L.İmanov, Fidan və Xuraman Qasımova bacıları,
R.Muradova, Z.Xanlarova və onların davamçılarından olan bir sıra
başqa gənc iste'dadlı vokal ifaçılarının adını çəkmək olar.
Qəmər Almaszadə,
Leyla Vəkilova, Konstantin Bataşov, Rəfiqə Axundova, Vladimir Pletnyov,
Çimnaz Babayeva Azərbaycan baletini bütün dünyada şöhrətləndirmişlər
və onların Azərbaycan musiqi incəsənətinin inkişafındakı xidmətləri
əvəzsizdir.
İsmayıl Hidayətzadə,
Mehdi Məmmədov, Adil İsgəndərov, Sultan Dadaşov, Firudin Səfərov
kimi görkəmli rejissorlar teatrın tarixində, ümumiyyətlə, Azərbaycan
opera və balet incəsənətinin inkişaf etməsi və çiçəklənməsində mühüm
əhəmiyyət kəsb etmişlər.
Dirijor pultu arxasında
bir sıra məşhur Azərbaycan dirijorları çalışmışlar: maestro Niyazi,
əşrəf Həsənov, əfrasiyab Bədəlbəyli, əhəd İsrafilzadə, Kamal Abdullayev
və b. Truppanın yeni səviyyəyə yüksəlməsində görkəmli Azərbaycan
dirijoru, hal-hazırda Azərbaycan Dövlət Filarmoniyası simfonik orkestrinin
dirijoru -Rauf Abdullayevin mühüm rolu olmuşdur. O, 20 ildən artıq
bir müddətdə teatrın baş dirijoru kimi 30-a yaxın opera və balet
tamaşalarına (istər klassik, istərsə də müasir repertuarda) dirijorluq
etmişdir. Onun iste'dadı və professionalizmi tamaşaların ifaçılıq
səviyyəsinin yüksəlməsinə və bunun nəticəsində də kütlələrin opera
və balet sənətinə olan marağının əhəmiyyətli dərəcədə artmasına
səbəb olmuşdur.
Lakin teatr yalnız
tamaşaçı auditoriyasının məhəbbətini qazanmamışdır. Qeyd etmək lazımdır
ki, qastrola gəlmiş bir çox xarici ölkə teatrlarının görkəmli artistləri
teatrın yaradıcılıq fəaliyyətini yüksək qiymətləndirmişlər. Nisbətən
qısa bir müddətdə (50 ilə yaxın) yüksək səviyyəli professional Azərbaycan
musiqi mədəniyyəti ocağı statusuna nail olmasına görə 1959-cu ildə
Azərbaycan Dövlət Opera və Balet teatrı Akademik teatr dərəcəsi
almışdır.
Bundan başqa, 1969-cu
ildə Parisdə "Şan Elize" teatrının səhnəsində keçirilən Beynəlxalq
rəqs festivalında teatrın fəaliyyəti xüsusi qeyd edilmişdir. Bu
festivalda Azərbaycan balet artistləri Paris Rəqs Akademiyasının
diplomuna layiq görülmüşlər.
əlbəttə, teatrın
tarixində həm yüksəlişlər, həm böhranlar, həm qələbələr, həm məğlubiyyətlər
olmuşsa da, müvəffəqiyyətlər daha çox olmuşdur. Teatrın binası illərlə
tə'mirdə olmuşdur, lakin bir gün də olsun tamaşaçıların teatra olan
məhəbbəti sönməmişdir. Və biz sevinirik ki, son illər kütlələrin
opera və balet sənətinə olan marağı əhəmiyyətli dərəcədə artmışdır.
İctimai və sosial böhranlara baxmayaraq incəsənət və mədəniyyət
öz qanunlarına əsasən inkişaf etməkdə davam edir..
Biz hal-hazırda
M.F.Axundov adına Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının
direktoru Akif Turan Məlikovdan bizi maraqlandıran suallara cavab
verməsini xahiş etdik:
L.F.:-Opera və Balet
Teatrının bu günkü vəziyyəti necədir? Kütlələrdə operaya olan marağın
bu qədər artması optimizimə əsas verirmi?
A.M.:-Teatr hal-hazırda
tam və fəal şəkildə işləyir və yaşayır. Anşlaqlar adi hala çevrilmişdir.
Tamaşadakı iştirakçıların zaldakı tamaşaçılara nisbətən daha çox
olduğu dövr artıq geridə qalmışdır. Həyatın bütün sahələrinin, eləcə
də musiqi incəsənətinin kommersiyalaşdırıldığı bu ağır iqtisadi
şəraitdə teatr paytaxtımızın mədəni həyatının ayrılmaz bir hissəsinə
çevrilmişdir.
Biz çalışırıq ki,
gəlir əldə edək və maddi-texniki təchizat problemlərini də özümüz
həll edək. əlbəttə, buna lazımi dərəcədə nail ola bilmirik.
Lakin bu, əsas məsələ
deyil. Bu gün teatra yalnız ideyalar və onların həyata keçirilməsi
üçün vəsaitlər kifayət deyil. Bizə həm tamaşaçı auditoriyasının,
həm də professional dairələrin mə'nəvi dayağı daha vacibdir. Bir-biri
ilə əlaqədar olan bütün bu məsələlər həll edilməsə, teatr öz ruhi
hərarətini itirərək boşalmış tarixi arxitektura abidəsinə çevrilər.
L.F.:-Opera teatrında
ən kəskin problem nədən ibarətdir?
A.M.:-Bu problemlər
çoxdur. əvvəla, opera və balet teatrı üçün professional səviyyəsi
aşağı olan kadrların hazırlanmasıdır. Opera teatrı kadr hazırlamır,
o, yalnız öz yüksək sənətini geniş tamaşaçı kütləsi qarşısında nümayiş
etdirməyə qadir ola bilən görkəmli artistləri işə də'vət edir. əslində
isə nə görürük? Hal-hazırda teatrda aparıcı tenor, koloratura-soprano
səsləri çatışmır. Bu səbəbdən də, repertuarda olan "Toska", "Sevilya
bərbəri", "Aida" operalarını tamaşaya hazırlaya bilmirik. Bu ona
dəlalət edir ki, hazırda Bakı Musiqi Akademiyasının vokal kafedrası
lazımi dərəcədə fəaliyyət göstərmir. İste'dadlı uşaqları aşkara
çıxarıb onların gələcəkdə professional opera müğənniləri kimi yetişdirilməsi
üçün xüsusi tədqiqat qrupları təşkil edib onları məktəblərə¸ rayonlara
göndərmək məqsədəuyğun olardı. Kadrların axtarılıb tapılması məhz,
vokal kafedranın əsas vəzifələrindən biridir.
10 il əvvəl konservatoriyanın
nəzdindəki Ş.Məmmədova adına Opera Studiyasında istər vokal, istərsə
də başqa ixtisaslar üzrə kadrların hazırlanması sahəsində fəal iş
aparılırdı. 1977-ci ildən 1987-ci ilədək burada Maskanuinin "Kəndli
şərəfi", Motsartın "Hamı belə edir", Raxmaninovun "Aleko", Çaykovskinin
"Yevgeni Onegin", Verdinin "Traviata", Rossininin "Sevilya bərbəri"
operaları tamaşaya qoyulmuşdur. Bu, müğənnilərin öyrənmək, öz ustalıqlarını
artırmaq, axtarışlar aparmaq üçün əsil yaradıcılıq laboratoriyası
idi. Məhz orada bir çox görkəmli opera müğənniləri formalaşmışlar:
Z.Yelenskaya (hazırda BDT-nin solisti), Qərinə Kərimova (hazırda
bizim teatrın solisti) Muxtar Məlikov, Fövziyyə İbrahimova, əli
əskərov və b. Hal-hazırda isə studiyada yüksək professional kadrların
formalaşması üçün fəal iş aparılmır.
əlbəttə, teatrımızda
iste'dadlı gənclər az deyil. Lakin bir çox tamaşaların hazırlanması
üçün bu kifayət etmir.
L.F.: Hazırda Ü.Hacıbəyov
adına BMA-nın vokal kafedrasında kifayət qədər tenor və koloratura
- soprano səsli tələbələr təhsil alır. Ümid edirik ki, onlar öz
təhsillərini başa vurub, opera teatrının aparıcı solistlərinin layiqli
davamçıları olacaqlar.
A.M.:-Deyilənlər
xüsusilə, balet truppasına aiddir. Bu isə ikinci problemimizdir.
Belə ki, son illər ərzində xoreoqrafiya məktəbində rəhbərliyin bir
neçə dəfə dəyişdirilməsinə baxmayaraq, onların qarşısında duran
kadr hazırlığı məsələsi həll edilməmişdir. Xoreoqrafiya məktəbinin
bir çox mə'zunları yalnız yüksək əmək haqqı ödənilən yerlərə çıxıb
gedirlər. Biz xoreoqrafiya məktəbinin işindən çox narazıyıq. Demək
olar ki, bizim teatra yüksək professional səviyyəli kadrlar daxil
olmur və biz kənardan artist də'vət etməli oluruq. Teatrda hazırda
aparıcı rəqqas yoxdur! Bir müddət teatrın aparıcı rəqqası Albaniyalı
Doda Gentiana idi, lakin o da ölkəsində baş verən mə'lum hadisələrlə
əlaqədar olaraq çıxıb getmişdir. Hazırda biz Gürcüstandan aparıcı
rəqqas də'vət etməyi planlaşdırırıq.