ünya miqyasında məşhur olan nəhəng
bəstəkar, publisist, dramaturq, pedaqoq, tarixçi, ictimai xadim
Üzeyir bəy Hacıbəyov haqqında dönə-dönə yazılsa da, deyilsə də yenə
azdır. Hər dəfə Üzeyir bəy dünyasına nəzər salarkən agahedilməsi,
öyrənilməsi vacib olan mətləblər ortaya çıxır.
Ölməz bəstəkar Ü.Hacıbəyov təkcə
Azərbaycanda deyil, eyni zamanda bütün keçmiş SSRİ məkanında və
Dünyada tanınan və sevilən gözəl sənətkardır. Heç təsadüfi deyildir
ki, hələ SSRİ-nin qılıncının sağı da, solu da kəsən bir vaxtda bu
imperiyanın rəhbərliyinin, şəxsən Stalinin özünün Üzeyir bəyə böyük
rəğbəti və ehtiramı var idi. 1938-ci ilin aprel ayında Moskvada
keçirilən Azərbaycan incəsənəti ongünlüyü zamanı İosif Vissarionoviç
Stalin işinin çox olmasına rəğmən iki dəfə "Koroğlu" operasına tamaşa
etmiş, bu əsəri "ən gözəl Sovet operası" adlandırmışdır. Dekadanın
yekunundan sonra təşkil edilmiş ziyafətdə isə "Arşın mal alan" musiqili
komediyasından parçalar oxumuşdur. Bu da Üzeyir bəyə, onun musiqisinə
olan maraqdan və hörmətdən irəli gəlirdi.
Məhz böyük sənətkara olan bu ehtiramın
nəticəsi idi ki, 1938-ci ilin oktyabr ayında Moskvada keçirilən
dirijorların birinci Ümumittifaq müsabiqəsinn münsiflər heyətinin
tərkibində Üzeyir bəy Hacıbəyov da var idi.
1939-cu ildə yenə Moskvada keçirilən
SSRİ xalqlarının milli alətləri ifaçılarının müsabiqəsinə sədrlik
isə Ü.Hacıbəyova tapşırılmışdır. Hələ Azərbaycan incəsənəti dekadası
zamanı dahi sənətkarın öz əsələrində Avropa musiqi alətləri ilə
Şərq musiqi alətlərinin sintezini yaratması və simfonik orkestrə
xalq çalğı alətlərinin salınması hamının diqqət mərkəzində olmuş
və böyük maraq doğurmuşdur. Elə oradaca, banket zamanı Stalin təklif
etmişdir ki, milli musiqi alətlərində çalan ifaçıların müsabiqəsi
keçirilsin, Üzeyir bəy də həmin yarışa rəhbərlik etsin.
Böyük məmnunluqla bu təklifi qəbul
edən Üzeyir bəy Hacıbəyov Moskvadan qayıtdıqdan sonra SSRİ-nin hər
yerində bu müsabiqəyə geniş hazırlıq görülməsini təşkil etmişdir.
Əvvəlcə kənd, sonra rayon, daha sonra şəhər və respublikalar səviyyəsində
baxışlar keçirilmişdi. Yerlərdəki yarışlarda qalib çıxanlar Moskva
şəhərində keçirilən SSRİ xalqlarının müsabiqəsində iştirak etməli
idilər. İki min iştirakçıdan cəmi iki yüz nəfəri Moskvaya vəsiqə
almışdır.
Müsabiqə 1939-cu il oktyabr ayının
1-dən 15-ə qədər SSRİ-nin paytaxtında keçirildi. İki həftə davam
edən müsabiqənin münsiflər heyətinin sədri Üzeyir bəy Hacıbəyov
idi. Münsiflər heyətinin tərkibinə isə SSRİ-nin görkəmli mütəxəssisləri,
profesorları - Belyayev, Lüfer, Vasilenko, Kamalov, Aqafotin, Qelis,
Şubin, Surin, Belov, Şumskaya, Qlier, Paxaladze və başqaları daxil
idilər.
9 oktyabr 1939-cu il tarixli "Sovetskoe
İskustvo" qəzetinin 73-cü sayında "Milli musiqi alətlərində ifaçıların
Ümumittifaq baxışı" sərlövhəli maraqlı yazı və müsabiqənin sədri
Üzeyir bəy Hacıbyov başda olmaqla münsiflər heyətinin foto şəkli
verilmişdir. Həmin məqalədə yazılmışdır: "Milli musiqi alətlərində
ifaçıların birinci Ümumittifaq baxışına maraq günü-gündən artır.
Ölkənin çoxsaylı milli respublikalarınn ən ucqar vilayət və bölgələrindən
olan xalq musiqiçiləri müsabiqədə iştirak edirlər.
Kamançada İ.Kasababov, xovalda E.Abdulayev,
balalaykada V.Bondarçuk, qidcaqda S.Qabrielyan, tamburda İ.Barayev,
Mirkarimov, udda Murat Beli Aqapov, nay-dutarda Y.Rəcəpov və müxtəlif
respublikalardan gələn ifaçılar domra, balaban, limba, düdük, altısimli
gitara, tar və s. alətlərdə öz ustalıqlarını göstərmişlər."
Bu yazıda müsabiqənin ikinci turu
işıqlandırılmışdır. Qəzetdə dərc olunan şəklin altında isə bu sözlər
verilmişdir: "Milli alətlərdə ifaçıların Ümumittifaq müsabiqəsinin
münsiflər heyəti: /sağdan-sola/ münsiflər heyətinin sədri SSRİ xalq
artisti Üzeyir Hacıbəyov, Moskva Konservatoriyasının professoru
V.M.Belyayev, Ukrayna respublikasının incəsənət işləri iarəsinin
rəis müavini A.M.Lüfer, əməkdar incəsənət xadimi Akzam Kamalov,
Moskva musiqi texnikumunun müəllimi P.S.Aqafotin və Kiyev konservatoriyasının
xalq çalğı alətləri kafedrasının rəhbəri M.M.Qelis."
Onu da qeyd edim ki, o zamanlar
Azərbaycan Nazirlər Soveti yanında İncəsənət İşləri idarəsinin nümayəndəsi
kimi müsabiqədə iştirak edən Məmmədsadıq Allahverdiyevin 1945-ci
il 18 sentyabrda Üzeyir bəyə bağışladığı müsabiqə iştirakçılarının
foto-şəkli bu gün dahi bəstəkarın ev-muzeyində saxlanılır.
Müsabiqənin keçirilməsinin məqsədi
SSRİ xalqların milli çalğı alətlərində ifaçılıq ənənələrinin inkişaf
etdirilməsinə, ən vacibi isə bu alətləri təkmilləşdirərək, koloritini
saxlamaqla simfonik orkestrlərə əlavə etmək və orkestrlərin ahəngdarlığını
daha da gözəlləşdirmək və zənginləşdirməkdən ibarət idi.
Azərbaycandan həmin yarışda iştirak
edən Qurban Primov və Saqamon Seyranov müsabiqənin yüksək mükafatına
layiq görülmüşdülər.
Lakin bədxah ermənilər orada da
öz mənfur xislətlərini göstərmişdilər. Muzeyimizin sabiq direktoru,
Üzeyir bəyin yaxın qohumu, köməkçisi, professor mərhum Ramazan Xəlilov
o günləri çox gözəl xatırlayaraq danışırdı ki, Moskvada müsabiqə
başlayandan bir az sonra Azərbaycanda yaşayan ermənilərin bir dəstəsindən
SSRİ Xalq Komissarları Şurasına teleqram gəldi. Teleqramda onlar
Ü.Hacıbəyovdan şikayət edir, böyük sənətkarı gözdən salmağa çalışır,
ağıllarına gələnləri yazırdılar. Guya ki, Üzeyir bəy onları erməni
olduqları üçün müsabiqəyə buraxmamışdır. Halbuki, teleqrama imza
atan ermənilərdən biri zəif çaldığı üçün hələ Bakıda baxışdan keçməmiş,
qalanları isə Moskvadakı müsabiqənin ikinci turunda kəsilmişdilər.
Bu xain insanlar istedadsızlıqlarının, bacarıqsız olmalarının səbəbini
Üzeyir bəydə görür, onu günahlandırırdılar.
Teleqram Moskvaya xüsusi idarəyə
göndəilsə də, onun küncünə dərkənar qoyularaq, tədbir görmək üçün
Üzeyir bəy Hacıbəyovun özünə verilmişdir. Bununla da onlar bu teleqrama
önəm vermədiklərini göstərirdilər. Lakin bütün bunlara baxmayaraq,
ermənilərin özlərinəməxsus məkrliyi, alçaqlığı böyük sənətkara mənəvi
əzab verirdi, əsəb sarsıntısı keçirirdi. Hətta bu stresin nəticəsində
xeyli vaxt diabetdən əziyyət çəkdi. Üzeyir bəy Hacıbəyov o qədər
həssas insan idi ki, xırda, elə bir əhəmiyyət kəsb etməyən məsələlər
də ona təsir edir, ürəyini ağrıdırdı.
Bu əhvalat Üzeyir bəyin səhhətinə
nə qədər zərbə vursa da O, teleqramı göndərənlərə qarşı heç bir
tədbir görmədi. Bu da onun nəcibliyindən, humanistliyindən, insanpərvərliyindən
irəli gəlirdi. Onun belə bir devizi vardı: "Düşmən səni daşla, sən
düşməni aşla." Təəssüf ki, bunu çox adam nə edə bilməz, nə də anlamaz.
Bu yalnız Üzeyir bəy kimi insanlara xas olan bir cəhətdir.
Haqqında söhbət açdığımız həmin
müsabiqənin bu il 60 ili tamam olmuşdur. Böyük sənətkarımızın həyatının,
fəaliyyətinin bir məqamı olan o müsabiqəni xatırlmağımız, 30-cu
illərə ekskurs etməyimiz əvəzsiz insan, dünya şöhrətli bəstəkar
Üzeyir bəy Hacıbəyovun nəinki Azərbaycanda, hətta İttifaq səviyyəsində
və Dünya miqyasında sevilən, ehtiramla anılan şəxsiyyət olduğunu
bir daha göstərməkdir.
Üzeyir bəy min üçüncü gecə nağılıdır.
İllərlə, qərinələrlə ondan söhbət açılacaq, nəsillərdən-nəsillərə,
əsrlərdən-əsrlərə ərmağan ediləcəkdir.