Burada A.Cumayevin özünün islam
və musiqiyə, o cümlədən sufizmdə musiqinin roluna dair Moskvanın
"Muzıkalğnaə akademiə" jurnalında dərc etdirdiyi məqalələri, faktiki
bu mövzuya həsr olunmuş ilk sanballı işləri, xüsusən qeyd etmək
lazımdır. Onun "Divan-i hikmət"in müəllifi sufi Əhməd Yasəvi haqqında
yazısı dəyərli informasiya ilə zəngin olub böyük maraq doğurur.
Cumayevin bildirdiyi kimi, hal-hazırda
Özbəkistanda iki əks tendensiya müşahidə olunur: bir tərəfdən sufi
zikrləri təcrübəsinin geniş intişar tapması, digər tərəfdən onun
məhdudlaşdırılması, hətta qadağan edilməsi. Bu qadağa bəzi hallarda
azan oxunmasına, otın-oy fəaliyyətinə də sirayət edir. Məsələn,
Fərqanədə və başqa rayonlarda bəzən toylarda belə musiqinin çalınmasına
icazə verilmir.
Ümumiyyətlə, Cumayev sufi zikrinin
kompleks şəklində, musiqişünas, psixoloq və şərqşünasların iştirakı
ilə öyrənilməsinin vacibliyini vurğuladı. Özü də ekspedisiyalara
çıxıb musiqi ənənələrinin daşıyıcıları ilə bilavasitə ünsiyyətdə
olmaq, yazılı mənbələrlə məhdudlaşmamaq mühümdür. Sufi şeyxlər heç
də əbəs yerə demirlər ki, bizim mətnlərimizdə həqiqət axtarmayın.
Digər təşviş doğuran təmayül maqomların
üslub müxtəlifliyinin tədricən itirilməsidir. Bəllidir ki, Özbəkistanda
lokal xüsusiyyətlərinə görə Buxara, Xarəzm və Fərqanə-Daşkənd maqomlarını
ayırd edirlər. Lakin indi həmin rəngarəngliyi simasızlaşdırılmış
ümumözbək maqom üslubu sıxışdırıb kölgədə qoyur. Məsələn, Buxara
maqom ənənəsi, demək olar ki, büsbütün məhv olmuşdur. Milli radio
və televiziyanın siyasəti, Kurmanqazı adına xalq çalğı alətləri
orkestrinin fəaliyyəti həmin prosesi xeyli sürətləndirir. Öz növbəsində
deyək ki, analoji hadisələri Azərbaycanda da müşahidə etmək olar.
Kütləvi informasiya vasitələri tərəfindən dəstəklənən standartlaşdırma
prinsipinin total inhisarı şifahi ənənəli professional sənətin aqibətinə
mənfi təsir göstərir.
Cumayev artıq 5-6 il ərzində müzakirə
olunan Musiqi türkologiyası Mərkəzinin yaradılması məsələsinə də
toxundu. Özbəkistan, Qazaxıstan, Qırğızıstan və Volqa boyu xalqların
alimlərini birləşdirən həmin mərkəzin baş idarəsi Almatıda yerləşdirilməli
idi. Təəssüf ki, bu planlar bir musiqi festivalından (Almatı, 1994)
irəli getməmişdir. Musiqili - etnik əsasda hələ də birlik əldə olunmamışdır.
Görüş iştirakçıları Səmərqənd Beynəlxalq
musiqişünaslıq simpoziumlarını nisgil hissi ilə xatırlayırdılar.
Cumayev bildirdi ki, indi Səmərqənddə qismən həmin simpoziumu əvəz
edən "Şərq təranələri" adlı festival keçirilir. Festival çərçivəsində
Şərq mədəniyyətinin problemlərinin müzakirəsi də nəzərdə tutulur.
İkinci festivalda muğam ifaçıları mısabiqəsində Azərbaycanın nümayəndəsi
S.İmanova qran-pri qazanmışdır. Lakin festivalın konsepsiyası qeyri-dəqiq
olduğu üçün (burada şifahi ənənəli professional musiqi ilə yanaşı
rok və pop-musiqi də səslənir) Cumayevin ona münasibəti müsbət deyil.
A.Cumayev 1995-ci ildə "Orta Asiya
və Qazaxıstanın musiqi tarixi"nin I cildinin nəşr olunmasının əhəmiyyətli
hadisə kimi səciyyələndirdi.
Lakin Orta Asiya musiqişünaslarının
ünsiyyəti ümumən qeyri-müntəzəm xarakter daşıyır. Hərçənd müxtəlif
köklü problemlərin həlli üçün qüvvələri birləşdirmək vaxtı yetişmişdir.
A.Cumayev yaxın qonşularla informasiya
mübadiləsinin zəifləməsinə əks olaraq beynəlxalq əlaqələrin inkişaf
etdiyini söylədi. Məsələn, "Magam study group" çərçivəsində görüşlərin
səmərəsi çox böyükdür. Bu layihə müxtəlif ölkələrin musiqişünaslarının
şifahi ənənəli professional sənəti müqayisəli şəkildə öyrənmək,
ümumi və fərqli cəhətləri aşkarlamaq imkanı verir.