Özbəkistan musiqi elminin edçisi      
      
  Z. Dadaşzadə           
1   2   3  
  Z. Dadaşzadə
Özbəkistan musiqi elminin edçisi

Ş. Hüseynov
Əhmədbəy Ağaoğlunun mədəniyyət haqqında kulturoloji baxışlar
 

 
 
make printcopy print copy
        
Audio: Clip 1
Audio: Clip 2
Audio: Clip 3

Onu da deyək ki, hal-hazırda A.Cumayev Açıq Cəmiyyət İnstitutunun mədəniyyət proqramlarına rəhbərlik edir. Bu cəmiyyətin müxtəlif festivalların keçirilməsində, kitabların nəşr olunmasında rolu mühümdür. Cəmiyyətin maliyyə yardımı ilə Özbəkistanda "Orta Asiyanın mədəniyyəti yazılı mənbələrdə, sənədlərdə və materiallarda" seriyası çərçivəsində müxtəlif çeşidli kitabların nəşri nəzərdə tutulub. Silsilənin tanınmış musiqişünas N.Yanov-Yanovskaya tərəfindən yazılmış ilk kitabı repressiyalara məruz qalmış bəstəkar Mutal Burxanova həsr olunub.

Ümumiyyətlə, bu seriya yuxarıda göstərilən mifoloji tendensiyalara qarşı yönələrək, musiqi tarixini dürüst, yalnız sənədlər (gündəliklər, memuarlar) əsasında işıqlandıracaqdır. Növbəti kitabda bəstəkar A.Kozlovski haqqında xatirələr toplanıb nəşr olunacaqdır.

A.Cumayevin söylədiyi kimi, Açıq Cəmiyyət İnstitutunun Qırğızıstandakı şöbəsi "Avropa musiqisinin tarixi" dərsliyinin yazılışı üzrə müsabiqə keçirmişdir. Müsabiqədə müsuqişünaslar Çeredniçenko və Qureviç qalib gəlmişlər. Maraqlıdır ki, bu dərsliklər 20 audiokassetlə təchiz olunub.

Görüşdə Üzbəkistan Bəstəkarlar İttifaqının "həyatı"na, bəstəkar yaradıcılığının inkişafında əsas təmayüllərə dair suallar da səsləndi. A.Cumayev bildirdi ki, Bəstəkarlar İttifaqında (birinci katib R.Abdullayevdir) ciddi iş aparılmır, diskussiya, yaradıcılıq ab-havasından əsər-əlamət belə qalmayıb. Yeganə istisna Mərkəzi Asiya, Avropa ölkələrindən və ABŞ-dan qonaqların iştirak etdiyi simfonik musiqi festivalıdır. 2000-ci ilin payızında həmin tədbiri təkrarən keçirmək nəzərdə tutulub.

"İlham-XX" festivallarında (bədii rəhbəri D.Yanov-Yanovskidir) avanqard musiqi geniş təmsil olunur. Onu da deyək ki, sonuncu festivalda həmvətənimiz F.Əlizadə böyük uğur qazanmışdır. Ümumiyyətlə, sovet dövründə olduğu kimi, Qərb və Şərq musiqi ənənələrinin sintezi problemi Orta Asiya müəllifləri qarşısında duran labüd bir məqsəd deyil. Düzdür, özbək bəstəkarlarının yaradıcılığında, bir-iki adı çıxmaq şərtilə, təfəkkür ətaləti özünü hələ də büruzə verir. Çox zaman Şostakoviç intonasiyaları, dramaturji prinsipləri milli elementlərlə sadəlövh tərzdə sintezləşdirilir. Maqom sitmfonizminin Özbəkistanda görkəmli nümayəndəsi M.Taciyev daha ardıcıl olaraq iki təfəkkür tipi arasında çarpazlaşma nöqtələri axtarırdı. Özü də maqom simfonizminin Özbəkistanda həm çılğın tərəfdarları, həm də əleyhdarları var. Təxminən 10 il bundan əvvəl bu mövzu ətrafında gedən mübahisələr indi, deyəsən, səngimişdir. Ümumiyyətlə, avanqard musiqinin Özbəkistanda perspektivləri o qədər də böyük deyil. Daha çox milli və dünya musiqisinin sintezi istiqamətində axtarışların davam etdiriləcəyini proqnozlaşdırmaq olar. Nə qədər paradoksal olsa da, milli mənsubiyyəti aydın duyulan əsərlər bəzən respublikadan kənarda daha çox müvəffəqiyyət qazanır. Məsələn, "Böyük İpək Yolunun musiqisi" layihəsi üçün məhz milli koloriti ilə fərqlənən nümunələr seçilmişdir.

Dini motivlərin müasir özbək musiqisində tətbiqinə dair sualıma cavab olaraq A.Cumayev bildirdi ki, ayrı-ayrı bəstəkarlar islam və sufizmə çox böyük maraq göstərirlər. Bəlkə ona görə ki, sufizmdə musiqi qavrayışının dərin, köklü qanunları gizlənib. Odur ki, bəstəkarlar intuitiv və ya şüurlu surətdə sufiliyin çoxəsrlik musiqi ənənələri ilə kontakta girməyə səy göstərirlər. M.Burxanovun "Əlişir Nəvai" operasında quran oxunması epizodu səciyyəvidir. "Əsrin sonu. Daşkənd" publisistik filminə D.Yanov-Yanovskinin yazdığı musiqidə isə azan səslənməsi sonor effektlərlə mahiranə uzlaşdırılıb.

Bütövlükdə Özbəkistanda musiqi ifaçılığının səviyyəsi mütəxəssislərin xaricə getməsi ilə əlaqədar xeyli aşağı düşmüş, fortepiano, skripka, nəfəs alətləri ifaçılığı məktəblərində yaranmış ənənələr tənəzzülə uğramışdır. Eyni zamanda müxtəlif Beynəlxalq təşkilatların yardımı gənclərin nüfuzlu seminarlarda sənətlərini cilalaması üçün böyük imkanlar açır.

Görüşdə iştirak edən Azərbaycan musiqişünasları - R.Zöhrabov, S.Bağırova, S.Fərhadova, C.Səlimxanov, N.Axundova qonağı səmimi salamlayıb ona müxtəlif suallarla müraciət etdilər. Türkdilli xalqların musiqisi üzrə mübadilə xarakteri daşıyan illik seminarların keçirilməsi təklif olundu. Sənətşünaslıq doktoru, professor Z.Səfərova özbək həmkarına bir neçə əsərini, o cümlədən "Azərbaycanın musiqi elmi" fundamental tədqiqatını bağışladı. Sənətşünaslıq doktoru T.Məmmədov isə "Musiqi dünyası" jurnalı haqqında qısa məlumat verib onun ilk sayını qonağa təqdim etdi.

A.Cumayev belə bir jurnalın buraxılışı münasibətilə azərbaycanlı dostlarını təbrik edib, onlara böyük uğurlar dilədi. Eyni zamanda o, Özbəkistanda xüsusi musiqi jurnalının olmamasını təəssüflə qeyd etdi. Cumayevin fikrincə, "Musiqi dünyası" müxtəlif ölkə alimlərinin informasiya mübadiləsi üçün geniş imkanlar açır.

Görüşün sonunda A.Cumayev Bakı Musiqi Akademiyası və Azərbaycan Respublikasının Elmlər Akademiyasının kitabxanalarına özbək musiqişünaslarının bəzi yeni işlərini, habelə öz məqalələrini bəxş etdi. Onlardan birini jurnalın vu sayında oxuculara təqdim edirik.


 
1   2   3  
copyright by musiqi dunyasi 1999-2000© design by grArt 2000©
Next Page Previous Page English Back to Home About site