öyük mütəfəkkirimiz Əhmədbəy Ağaoğlu özünün "Üç mədəniyyət" (İstanbul,
1927-ci il) kitabında İslam, Budda və Qərb mədəniyyətlərinə istinadən
ümumiyyətlə mədəniyyət və onun spesifik təzahürlərinin tarixi, sosioloji
və kulturoloji mahiyyətlərini tədqiq etmiş, xüsusilə xristianlıqdan
Qərb sivilizasiyasına təkamülün və islam ölkələrində belə bir prosesi
səciyyələndirən komporativ qənaətlərə gəlmişdir.
O, "mədəniyyət" kimi mücərrəd məzmunlu bir anlayışa öz konkret
təfsirini verərkən belə bir fikri xüsusi olaraq vurğulayır ki, əgər
bu məfhumda ifadə edilən məna əvvəlcə təsbit edilməzsə, sabit anlama
gətirilməzsə, onda hər kəs bu anlayışı öz idrak və fəhminə görə
qəbul edər və bununla da onu səciyyələndirmək yanlışlıqdan azad
olmaz. Elə buna görə də yanlış anlama tərzinə yol verməmək və sözün
əsl mənasında nədən söhbət getdiyini oxuculara çatdırmaq üçün mütəfəkkir
"mədəniyyət" anlayışına hansı mənada təfsir etdiyini açıqlamağı
ilkin məqsəd kimi qarşısına qoyur.
Məlum olduğu kimi mədəniyyət anlayışına müxtəlif təbirlərdə təriflər
verilmişdir. Məhz bu amili nəzərdən qaçırmayan Ə.Ağaoğlu bütün tərifləri
özündə ifadə edən, daha ümumi məzmun daşıyan bir mündəricəni təsbit
edir. O sübut edir ki, mədəniyyət geniş əhatəli, onun strukturuna
daxil olan ünsürləri ilə öz ifadəsini "həyat tərzi" anlayışında
tapır və məhz buna görə də "mədəniyyət" demək - "tərzi-həyat" deməkdir
qənaətinə gəlir. Mədəniyyət haqqında kulturoloji konsepsiyasını
geniş mənada "həyat tərzi" anlamı zəminində hazırlayan kulturoloq
belə bir açıqlama verir ki, burada "həyat" məfhumu ən geniş miqyaslı
düşünüşə xidmət edir. Belə bir təfsirdə mədəniyyət təfəkkür və düşünüş
tərzindən başlayaraq geyib-libas maddi şəkillərinə qədər həyatın
bütün təzahürlərini özündə ehtiva edir. Ə.Ağaoğlu göstərir ki, mövcud
müxtəlif çeşidli mədəniyyət zümrələrinin hər hansı birində ifadə
tapan müəyyən bir sahəyə diqqət yetirilsə, onun əhatəsinə almış
olduğu millətlərin çoxluğuna, yaşayış, cins, rəng, dil və sosial-psixoloji
fərqlərinə baxmayaraq, onlarda bir sıra müştərək və ümumi xüsusiyyətlər
görmək olar. Məhz bu müştərək xüsusiyyətlər həmin millətlərin və
xalqların mənsub olduqları mədəniyyətin əsasını, ruhunu, mahiyyətini
təşkil edir, onu başqalarından fərqləndirir və ayırır, məsələn islam
həyat tərzi ilə tərbiyələnmiş və sosiallaşmış hər hansı adi bir
adam İstanbuldan durub Mərakeşə, Əlcəzairə, Qahirəyə, Məkkəyə, Dəməşqə,
Bakıya, Tehrana, Şiraza, Kabilə, Lahora, Kəlküttəyə və Səmərqəndə
getsə, bu şəhərlərin heç birində özünü tamamilə yalqız-yabançı hiss
etməz, başqa ictimai-psixoloji ab-hava duymaz, özünü az-çox alışmış
olduğu mənzərələr və şəkillər, hərəkətlər və tövrlər arasında görər.
Həmin ölkə və şəhərlərdə insanların geyim tərzləri, məişət formaları,
adət və ənənələri az-çox onun öz evində, öz diyarında alışdıqlarına
bənzər. Orada eyni sarıq, eyni əba, qadınlarda eyni yaşmaq, eyni
kütləvi toplanma yerləri - məscidlər, eyni ibadətlər, eyni ozan,
eyni ayinlər, eyni dualar və s. qarşıya çıxacaqdır.
Ə.Ağaoğlu bu oxşarlıq, bənzərlik cəhətlərini zahiri tərəfləri birləşdirən
müştərək ünsürlər kimi səciyyələndirir və onları mədəniyyətin -
həyat tərzinin maddi komponentləri kimi təfsir edir. Lakin o bu
müştərəkliyi yalnız zahiri əlamətlərdə axtarmır, habelə, daha çox
mahiyyət dərinliklərinə nüfuz edərək, zərurətə vararaq, bu oxşar
xüsusiyyətlərin batinə, həyatın iç tərəfinə, insanların əhval-ruhiyyələrinə,
anlama tərzlərinə, zehniyyətlərinə, bir sözlə mənəviyyata aid olan
qatlarına qədər tədqiq edir, araşdırır. Mütəfəkkirin gəldiyi qənaətə
görə, zəruri proses şəklini almış bu tarixi-mədəni intişar zəkaların
məşğul olduqları mövzulara qədər sirayət edir. Məhz buna görə də
təbii olaraq bir istanbullu bir mərakeşlini, bir kabillini, bir
kəlküttəlini özü kimi düşünür, onları özünü məşğul edən mövzularla
yaşayan, eyni surətdə anlayan kimi görür, qəbul edir.