zərbaycan ən əski zamanlardan öz
xalq musiqisi ilə tanınıb. Musiqi folklorunun ayrı-ayrı janrlarının
(çeşidlərinin) gəlişməsi (inkişafı) tarixi xalqımızın maddi və mənəvi
mədəniyyətinin öyrənilməsində geniş imkanlar aşkarlayır.
Azərbaycan folkloruna geniş marağın
çoxsaylı göstəricilərindən biri kimi XIX yüzilliyin I yarısında
"Koroğlu" qəhrəmanlıq dastanının çapını göstərmək olar ki, bu yöndə
rus etnoqrafiya elminin aparıcılığı danılmazdır.
Belə ki, artıq 1840-cı ildə "Mayak"
jurnalında İ.Şopenin qeydləri ilə "Koroğlu" dastanının ayrı-ayrı
qolları çap olunmuşdu. İki il sonra rus şərqişünası, Rusiyanın Tehrandakı
səfiri Aleksanlr Xodzko dastanı bütövlükdə azərbaycanlı Aşıq Sadığın
ifasından yazıya alaraq onu 1842-ci ildə Londonda "Spesimens of
popular poetry of Persia as found in the adventures and improvisations
of Kurroghlu" kitabında çap etdirmiş, bu da "Koroğlu" dastanının
Avropada geniş yayımına yol açmışdır. Sonrakı illərdə adı çəkilən
kitab S.Penn tərəfindən rus dilinə tərcümə olunaraq, öncədən "Kavkaz"
qazetində, daha sonra isə "Keroqlu, vostoçnıy poet-naezdnik. Polnoe
sobranie eqo improvizaüiy s prisovokupleniem eqo bioqrafii. (Tiflis,
1896)" başlığı ilə ayrıca kitab halında işıq üzü görmüşdür.
A.Xodzkonun kitabı aşağıdakı bölmələri
birləşdirir: 1. Ön söz; 2. "Kor oğlu" dastanına giriş; 3. Kor oğlu
igidlikləri və improvizasiyaları (yəni aşıq şeyrləri); 4. Həştərxan
tatarlarının xalq mahnıları; 5. Üç kalmık mahnısı; 6. Türk-mən mahnıları;
7. İran türklərinin (azərbaycanlıların) mahnıları; 8. İran mahnıları;
9. Gilanlıların mahnıları; 10. Rudbar dağlılarının mahnıları; 11.
Talış mahnıları; 12. Mazandaran mahnıları; 13. Mətn nümunələri;
14. Antoni Kontskinin fortepiano arxasında aranjimanında 9 azərbaycan
mahnısı. Sonuncu bölməyə notlar əlavə olunub.
Kitabın "Tərcüməçi sözü" bölməsində
S.Penn yazır: "Kitabın ingilis dilindən tərcüməsi Tiflisdə çıxan
"Kavkaz" qəzetinin oxucularını özü-özlüyündə oxşarsız bir əsərlə
tanış etmək istəyindən irəli gəlir. Bu yöndə mənim böyük marağım
onunla bağlıdır ki, Koroğlunun improvizasiyaları yerli Qafqaz sazandarlarının
(yaxud sazəndələrinin) - eldən-elə gəzən müğənnilərin dilindən düşmədiyi
halda, bu günədək bütövlükdə toplanmamış və rus dilində çap olunmamışdır.
İstisna kimi bir neçə cılız hekayətəoxşar parçaları göstərmək olar
ki, burada Şərq orijinallığı, xalq dili və ruhu saxlanılmayıb, itirilmişdir.
A. Xodzkonun kitabının rus dilinə
tərcüməsi Rusiyada böyük əks-səda doğurdu. Təkcə onu demək kifayətdir
ki, ancaq 1856-cı ildə dövrü mətbuat səhifələrində bu kitabla bağlı
bir neçə məqaləyə rast gəlirik.
A. Xodzkonun kitabında bizim üçün
ən böyük maraq doğuran bölmə not əlavəsidir ki, burada doqquz xalq
melodiyası nümunə gətirilir. Ayrıca vurğulanmalıdır ki, not nümunələrini
aranjiman edən şəxs, göründüyü kimi, Şərq musiqisi ilə yaxından
tanış olmadığından melodiyaların harmonizəsi tamamilə şərtidir,
yəni Şərq məqamlarının qanunauyğunluqları nəzərə alınmalıdır.
İlk üç not nümunəsi ardıcıl olaraq
"Koroğlu", "Azərbaycan-sayağı" və "Fincan" başlıqları sonrakılar
isə adi nömrələmə ilə verilib.
"Koroğlu" əfsanəvi xalq qəhrəmanının
adı ilə bağlı geniş aşıq havacatı toplumundan olan havalardan biridir
və tarixi mahnılar janrına aid edilir (not nümunəsi N1):