Melodiyasının quruluşu, melodik
gəlişməsinin (inkişafın) özəlliyi və kadension ("ayaq") gedişləri
baxımından havanın məqam əsası "Rast"dır. Məqamın mayesini vurğulayan
genişləndirilmiş kadensiyalar, - "ayaqlar" "rast"ı olduqca aydın
şəkildə aşkarlayırlar. Bundan savayı, "Koroğlu" aydın ritm (vəzn)
cizgisi və marşsayağı çaları ilə seçilir.
İçquruluşuna görə bu nümunəni iki
bölümlü quraşdırmalara aid etmək olar ki, burada hər bir bölmə saz
havalarına xas olan və oxumanı tamamlayan çalğı sonluğu ilə bitir.
"Azərbaycansayağı" başlıqlı ikinci
not nümunəsi geniş yayılmış "Qalanın dibində" xalq mahnısının çoxsaylı
şəklidəyişmələrindən (variantlardan) biri olub, "yallı"lar janrına
aid edilməlidir. Deyilənlər bu mahnının Naxçıvan bölgəsindəki hazırkı
ifa şəkli ilə deyil, hələ o zamanlar A.Xodzkonun mahnının rəqslə
müşayiəti haqqında qeydi ilə də təstiqlənir (not nümunəsi N2):
Göstərilən melodiyanın rus bəstəkarlıq
məktəbinin faydalandığı nümunələrlə böyük oxşarlığı danılmazdır.
Bu sırada M.İ.Qlinkanin "Ruslan və Lyudmila", M.A.Balakirevin "Tamara"
simfonik poemasının və A.A.Alyabyevin fortepiano üçün "Asiya mahnıları
əsasında fransız kadrili" əsərlərini göstərmək olar. A.Xodzkonun
və rus bəstəkarlığının yazıya aldığı nümunələrin intonasiya və vəzni
(ritmik) baxımdan yaxınlığını nəzərə alaraq, adı çəkilən Azərbaycan
mahnısının o dövrdə məhz həmin variantda (şəkildə) geniş yayıldığı
haqqında fikir söyləmək olar.
Üçüncü melodiya - "Fincanı" isə
geniş yayılmış Azərbaycan oyun mahnıları silsiləsindəndir və, adətən,
gənclərin iştirakıyla keçirilən oyunla istər adı, istərsə də məzmunu
ilə bağlıdır. Milli muğam opera sənətimizin görkəmli xadimi, respublikamızın
xalq artisti Hüseynqulu Sarabski xatirələrində yazırdı ki, "Fincanı"
oyunu, adətən, çayxanalarda, çoxsaylı və çoxçeşidli musiqi nömrələrinin
müşayiəti ilə keçirilərmiş. Oyun öncədən kənd yerlərində geniş yayılmış,
daha sonra şəhərlərə keçərək bir sıra yeniliklərlə zənginləşmişdi
(not nümunəsi N3):
Yuxarıda göstərilən nümunə, göründüyü
kimi, düzgün nota alınmayıb, çünki melodiyası yazıya alındığı şəkildə
Azərbaycan məqam düzülüşlərinə uyğun gəlmir. Bununla yanaşı, melodiyanın
çevik uyuşqanlığı, intonasiya zənginliyi, triol fiqurlar sayəsində
canlı ritmik (vəzni) özəlliyi qeyd olunmalıdır.
İçquruluşuna görə göstərilən hava,
özündən öncəkilər kimi, ikibölməli quraşdırmadır ki, burada hər
bölmə, öz növbəsində, iki cümləyə ayrılr. Marağlıdır ki, birinci
bölmənin melodiyası daha gərgin səslənir və, "mayeyə" (tonikaya)
"ayaq" (kadensiya) gedişinə baxmayaraq, "mayenin" üst kvartasına
çevrələyir. İkinci bölmədə melodiya vəzn baxımından daha hamardır,
intonasiyalar isə ancaq "mayeni" çevrələyirlər. Bütün bunlar Azərbaycan
xalq mahnılarının ən başlıca özəlliklərinə və, ilk növbədə, məzmun
yükünün başlanğıc qatılığı, zənginliyinin sonluğa doğru getdikcə
artan duruluğu, "sönməyi" qaydasına tamamilə uyğundur. İkinci bölmə
birincinin "cavabı" olub, gərginliyi zəiflətmə vəzifəsi daşıyır.
Vəzn baxımından üçsaylı ölçü hamar,
müntəzəmliklə triol gedişlərini birləşdirir. Lakin mətnin yoxluğu
ücbatından triol intonasiyalarının melodik bəzəmə, səslər arasında
yaxud hecalı qlissando, və yaxud bütöv sözün uzadılmış oxunması
ilə bağlılığı haqqında fikir söyləmək çətindir. Beləliklə, haqqında
söhbət gedən ritmik fiqurun təbiəti aydın deyil, çünki oyun mahnılarında,
adətən, musiqi ilə sözün eyni məqamda yaranışı onların qarşılıqlı
bağlılığını artırır.
Göstərilən üç mahnıdan hər biri
ayrı-ayrı mahnı janrlarına, - daha doğrusu, tarixi, lirik və oyun
mahnılarına aid olduğundan, hər bir janra xas olan məqam əsasları,
melodik cizgilər, intonasiya gəlişmə (inkişaf) qaydaları və vəzn
cizgiləri verilən not nümunələrində öz əksini tapıb. Hər üç mahnı
ikibölməli quraşdırma quruluşundadır, lakin "Kor-oğlu" havasının
içquruluşu çalğı sonluq-ları sayəsində genişləndirilmiş şəkil alaraq
öz janrının özəlliyini daha dolğun əks etdirir.
Nəzərdən keçirilən bu üç mahnıdan
savayı, verilən ardıcıllıqda başlıqların yaxud adların yoxluğu digər
mahnıların hansısa janra adiyyətini aşkarlamaqda çətinliklər yaradır.
Lakin həmin mahnıların çoxsəviyyəli, - yəni quruluş və içquruluşu,
melodik məzmun və məqam əsası baxımından araşdırılması onların məhz
Azərbaycan xalq mahnı yaradıcılığının nümunələri olduğunu təsdiqləməyə
imkan verir. Bu ilk növbədə ikixanəlik və dördxanəliklərə bölünə
bilən melodiyanın içquruluşundan irəli gəlir, üstəlik həmin bölümlərin
çoxu tamamlayıcı vəzifəsi daşıyan və iki dəfə təkrarlanan sonluqla
bitir. Belə içquruluş Azərbaycan mahnılarının çoxu üçün xas olan
özəllikdir.
Deyilənlərlə yanaşı, melodiyanın
hərəkət qaydaları da bu mahnıları milli folklorumuzla doğmalaşdırır.
Demək olar ki, bütün mahnılarda melodiya ən yüksək dayaq səslərin
çevrələnməsindən başlayaraq "mayeyə" doğru enişli yol keçir. İntonasiya
məzmununda kəskin sıçrayışlara rast gəlinmir, ayrı-ayrı pillələrin
çevrələnməsinə, pilləvari hərəkətə, yumşaq sekvent gəlişməyə üstünlük
verilir.
Mahnıların məqam aidiyyətində çətinliklər
də yox deyil. Bir sıra mahnıda (NN 4, 5, 8) "rast" məqamı çalarları
açıq-aydın duyulur. Lakin kadension sonluqların məntiqi uyğunsuzluğu,
gözlənilməzliyi və sönüklüyü məqam əsaslarını öyrənməkdə maneçilik
yaradır. Çox güman ki, bütün bu çətinliklər vaxtı ilə melodiyaların
nota yazılması gedişində yol verilən qeyri-dəqiqliyin, duyumsuzluğun
sonucundan irəli gəlir. Lakin bütün bunlarla yanaşı, araşdırma A.Xodzkonun
kitabındakı not nümunələrinin Azərbaycan xalq mahnı yaradıcılığını
əks etdirdiyini danılmaz bir həqiqət kimi təsdiqləyə bilər.
Tərcümə edəni:
Azad Ozan Kərimli