ə qədər qərib ə olsa da, Azərbaycanın
XX yüzilin son onilliklərindəki ən bilgin və bişkin muğam ustalarından
olan Hacıbaba Hüseynov musiqimizin əsas məbədlərindən sayılan Müslüm
Maqomayev adına Dövlət filarmoniyasının səhnəsinə ilk dəfə 1989-cu
ildə - 70 yaşı tamam olarkən çıxdı.
Layiq olduğu əsl şöhrətlərə və diqqətlərə
də böyük sənətkar elə həmin yuvarlaq ildönümündən sonra çatdı. Qısa
zaman içində əməkdar və xalq artisti fəxri adlarına layiq görüldü,
ömründə Azərbaycandan qırağa çıxmamış sənətçi İranda, İraqda, Fransada
konsertlər verdi, oxuları yazılmış disk dünyaya yayıldı, ona xarici
məmləkətlərdən yeni-yeni dəvətlər gəlməyə başladı.
70-ində çoxları artıq sənətdən ayrılmış
olur. Ömrün bu mərhələsində yetişdiyi (gecikmitş də olsa) ehbtiram
məqamı, isti münasibət Hacıbaba ustadı necə ruhlanındırdısa, sanki
onda idmançılardakı kimi ikinci nəfəs açıldı. Yeni şövqlə, yeni
həvəslə, yeni ilhamlarla oxudu, o çağacan ifasında olmayan neçə
yeni təsniflər yaratdı.
Hacıbaba Hüseynov məktəb görməmişdi.
Aldığı təhsil vur-tut natamam ibtidai
savad idi. Hələ dördüncü sinifdə oxuyanda məktəbi atmışdı. Lakin
ilahi ona ömrünün sonuna qədər tükənməyən bir başqa sevgi bağışlamışdı
- kitaba, dəyərli biliyə, şerə, ədəbiyyata, qəzəliyyata vurğunluq.
Bir qəzəlində belə misralar vardı:
Hələ də Hacı gedir dərsi-dəbistan
oxuya,
Çalışıb hər oxuyan Molla Pənah olmaz
imiş.
Ömrünün axırınacan oxudu.
Həm avazla oxudu, həm kitab oxudu.
Sonacan özünü öyrənci sandı. Ona
görə Böyük Öyrədən oldu.
Azərbaycan muğamının bu gün üzdə
olan üstün ifaçılarının hamısında araşdırsanız, diqqətlə izləsəniz
Hacıbaba sənətindən soraq tapacaqsınız.
Özü məktəb görməmiş Hacıbaba ustad
məktəb yaratmağa müvəffəq oldu.
Paxıllar, bədxahlar ona sataşırdılar,
qəlbinə dəyirdilər. "Nağaraçıdan nə oxuyan?" - deyirdilər, "Onun
oxuduqları dərviş havacatıdır"- söyləyirdilər.
Hacıbaba ustad həqiqətən əvvəldə
nağaraçı olmuşdu və bu sonrakı xanəndəliyində, şairliyində dadına
çox yetirdi.
Əla qaval çalırdı - bu öz yerində
Amma nağaraçılıqdan qazandığı ən vacib üstünlük onun yüksək ritm
sahibliyi idi. Bu üstün ritm duyğusunun gücünə bir-birindən melodik
təsniflər yaradırdı və ritm baxımından üzdən sadə görünsə də, bu
təsniflərdən elələri vardı ki, başqaları onu oxumaqda acizdilər.
Ritm vaqifliyinin ona bağışladığı
ikinci üstün-lük əruzun bəhrlərindən, təfilələrindən xəbərsiz ola-ola
elə həmin vəznlə-rin qulaq yaddaşındakı dəqiq əks-sədasına əsasən
heyranedici şerlər qələmə almasıydı.
Əruzşünas Əkrəm Cəfər "Hacıbabanın
qə-zəllərində, müxəmməs-lərində, müstəzadlarında bir zərrəcə əruz
xətası yoxdur" inancındaydı.
Ruhani ailədə böyü-müşdü, lap körpəlikdən
əvəzsiz mərsiyəxanaları, dərvişləri dinləmişdi. Güclü yaddaşına
uşaqlıq illərindən hopmuş həmin yandırıcı musiqilərin dini sözlərini
bir qırağa qoyub nohələri, sinəzənləri, mərsiyyələri öz qəzəlləriylə
yeniləşən, diriləşən çağdaş təsniflərə çevirirdi.
Ləzzətlə qulaq asan rəzillər çımxırırdılar:
"Hacıbaba üstüörtülü şəkildə dini təbliğ edir".
Heyflər ki, Hacıbaba ustadın etiraf
olunması, onun ikinci nəfəsinin açılması 70-indən sonraya düşdü.
Günahkar bizik.
Daha tez etiraf olunsaydı, daha
erkən layiq olduqları ondan əsirgənməsəydi, əlbəttə ondan qalan
irs indikindən də qat-qat zəngin olardı.
Hər halda o səs daha heç vaxt bizi
tərk etməyəcək.
O səs daim bir zövq qaynağa olmaqdan
savayı, həmişə dərslik, müntəxabat kimi umulacaq.
Arzusuydu ki, 75 illiyində "Çahargah"
oxusun.
75-ə çatmadı.
80 yaşında da onsuz qarşıladıq...