ər bir xalqın özünəməxsus, spesifik
musiqi mədəniyyətinin təməl qatları vardır. Azərbaycan xalqının
bütövlükdə musiqi dünyasının zəminində hətta onun hüdudlarından
kənarda da intişar tapmış "xalq dühasının ən parlaq yaradıcılıq
məhsulu", onun "musiqi dilinin... lüğət fondu" (Əfrasiyab Bədəlbəyli)
olan muğamat fenomeni dayanır. Mənəvi aləmimizin bu musiqi kökümüzün
həmişə pöhrələnən və yaşıl olan təzahürləri nəinki xalq mahnılarında,
təsniflərdə, aşıq havalarında və rəqslərdə ifadə tapır, eyni zamanda
peşəkar bəstəkar yaradıcılığına güclü təsir edən güclü ilham mənbəyi
olur.
Məlumdur ki, bəstəkarın hər hansı
bir əsəri uzun müddət ifa edilməsə də, onun nə vaxtsa və haradasa
səslənməsi perspektivi həmişə qalır. Bunun üçün dünya musiqi aləmi
və eləcə də hər bir milli bəstəkar statik not sisteminə borcludur.
Lakin milli xalq musiqimizin özünə-məxsus
ifa dinamiklimyinə və improvizasiya imkanlarına malik olan muğamların
milli-xəlqi özəlliyini not sistemi ilə adekvat saxlamaq olarmı?
Əlbəttə, yox. Çünki xalq musiqisinin əsasən şifahi ənənəli funksional
mahiyyətini özündə ehtiva edən muğamat kimi mənəvi bir fenomeni
nota köçürmək onun ifa melismlərindən uzaq olan formal-statik mündərəcəsini
tarixən saxlaya bilər, lakin canlı sənət təlqinini verə bilməz.
Xalq musiqimizin bazisini təşkil
edən muğamatın varlığına xalqın özünə təkrar-təkrar təlqin edən
və bununla da onun həmişəyaşarlığını və həmişəyaşıllığını təmin
edən muğamatçı-xanəndə zümrəsinin misilsiz tarixi rolu vardır.
Azərbaycanın görkəmli muğam ifaçı-sənətkarı,
xalq musiqi mədəniyyətini öz səsi, öz avazı və öz dəst-xəttilə yaşadan
Zülfi Adıgözəlov bu tarixi-tipoloji zümrənin ən parlaq nümayəndələrindən
biri olmuşdur. Məhz Z.Adıgözəlov kimi sənətkarların timsalında Azərbaycan
milli muğam ifaçılığı özünün tipik yaşarlıq mövcudluğunu tapmış,
məhz belə xəlqi xanəndələr özlərinin ifa yaradıcılığında başqaları
üçün, estetik anlayışla desək, mimesis məktəbini, yəni təqlid olunma
nümunələrini yaratmış və eyni zamanda muğamlarımızın tükənməz improvizasiya
və ifa interpritasiyası imkanları ilə zənginliyini sübut etmişlər.
Muğamın xanəndə təfsirində xalqın
estetik zövqünə təsir dairəsində qorunub saxlanması və onun hər
bir novator ştrixlərilə zənginləşdirilməsinin "Rast", "Şur", "Segah-zabul",
"Mahur-hindi", "Hümayun" və s. Z.Adıgözəlova məxsus ifa təzahürlərinin
estetik təlqini təsadüfi deyildir ki, muğamdan səriştəli xəbərdar
olanlar olanların yaddaşında məşhur, istedadlı xanəndənin adı ilə
təşbihə gətirilir: "Zülfi rasti", "Zülfi şuru", "Zülfi segah-zabulu",
"Zülfi mahur-hindisi", "Zülfi hümayunu" və s.
Bu cür ifaçılıq metaforaları hər
xanəndəyə qismət olmayır. Belə təşbih-qiymətlər yalnız sənət korifeylərinə
aid edilir. Z.Adıgözəlov da məhz korifey siqləti xanəndə zümrəsini
yaradanlardan olmuşdur. Təbiidir ki, belələrini barmaqla saymaq
olar, çünki onlar muğam ifaçılığının tipologiyasını hazırlamışlar.
Məhz bu məntiqə uyğun olaraq muğamın tədrisində belə sənətkarların
ifa mədəniyyətinin bənzərsiz əlamətləri xüsusi vurğulanır.
Z.Adıgözəlovun muğamat ustası kimi
ifaçılıq mədəniyyətiinə gətirdiyi ənənəçilik və novatorluq cizgi
və ştrixlərinin istər sənətşünaslıq, istərsə də kulturoloji baxımlardan
səciyyələndirilməsi zərurəti günün aktual tədqiqat problemlərindəndir.
Çünki "Zülfi Adıgözəlov fenomeni"nin həmişəyaşarlıq sirləri bu gün
kulturoloji meyarlardan işıqlanmalıdır.