«Musiqinin Böyük İpək Yolu»      
I Bakı klassik musiqi festivalı      
N. Əliyeva, L. Hüseynova           
1  
N. Əliyeva, L. Hüseynova
«Musiqinin Böyük İpək Yolu» I Bakı klassik musiqi festivalı

S. Axundzadə
Azərbaycanda yeni «Milli məvətiyyət cəmiyyəti yaranıb»

N. Axundova
Lyusernada keçirilən musiqi festivalının «Composer in Residence»

Z. Dadaşzadə
Ceyms Klark adlı musiqi adası

CIOFF beynalxalq təşkilatının prezidenti cənab Kari Berqhomla mühasibə

 
 

tən 1999-cu ilin ilıq sentyabr günləri Bakı musiqisevərlərinin yaddaşına çox əlamətdar bir hadisə ilə həkk olundu. Düz bir həftə (centyabrın 16-dan 22-dək) bakılılar dünya şöhrətli musiqiçilər - pianoçu Bella Davidoviç, onun oğlu skripkaçı və dirijori Dmitri Sitkovetskinin, "Yeni Avropa simləri" kamera orkestrinin, Fərhad Bədəlbəylinin, Xuraman və Fidan Qasımovaların iştirakı ilə nəhəng musiqi bayramının canlı şahidi oldular. Festivalın əsas təşkilatçısı "Azərbaycan mədəniyyətinin dostları" Fondunun sədri Mehriban Əliyevanın göndərdiyi təbriknamə deyildiyi kimi "dünya musiqi sənətinin parlaq incilərindən ibarət rəngarəng konsert proqramları, gözəl ifaçılar bizə sadəcə bir bayram bəxş etmədi. Sənətin ən ecazkar sahəsi olan musiqi həm də bizə sevinci və kədəri, ümid və arzuları ilə qəlbləri birgə döyünən vahid bir dünyanın sakinləri olduğumuzu bir daha xatırlatdı. "

Festivalın "Musiqinin Böyük İpək Yolu" devizi altında keçirilməsi təsadüfi deyildi. Əsrlər boyu Azərbaycan Şərq və Qərb dünyası əlaqələrində böyük rol oynayaraq, mühüm "nəqliyyat dəhlizi" olmuşdur. Məhz burada müxtəlif milli mədəniyyətlərin qarşılıqlı zənginləşməsi baş vermiş və bu proses indi də davam etməkdədir. 1998-ci ildə Bakıda tarixi İpək Yolunun bərpasına dair Beynəlxalq konfransın keçirilməsi deyilənlərə parlaq sübut idi. O zaman imzalanmış sazişlərin mədəniyyət sahəsində parlaq təcəssümü kimi qavranılan festival iştirakçılarının yaşadıqları ölkələr də - Yaponiya, Çin, Rusiya, İngiltərə, Almaniya, İsrail, İtaliya, sanki bu yolun simvolik Şərq-Qərb məhvərini yaradırdı.

Bakıda klassik musiqi festivalının təşkili ideyası Bakı Musiqi Akademiyasının rektoru, xalq artisti, professor Fərhad Bədəlbəyliyə və Dmitri Sitkovetskiyə məxsusdur. Bir il əvvəl ölkə prezidenti heydər Əliyevin dəvəti ilə doğulduğu Bakı torpağında 70-illik yubileyini qeyd etməyə gələn həmyerlimiz Bella Davidoviç və Dmitri Sitkovetski unudulmaz konsert proqramları ilə musiqisevərlər qarşısında çıxış etdi: Bakıda simfonik və kamera musiqi festivallarını keçirmək ideyası da elə o vaxtlar yarandı. Bu ideyanı həyata keçirmək üçün "Azərbaycan Mədəniyyətinin Dostları" fondu məşhur neft şirkəti Britiş Petroliumu, habelə Azal, Lüfthanza, Kaspian Transko şirkətlərini, "Krisçen Biç hoteli" sponsor kimi cəlb etdi. Onlar 7 gün ərzində xarici ölkələrdən gəlmiş 30 iştirakçıya öz məharətlərini yüksək səviyyədə nümayiş etdirmək üçün hər cür şərait yarada bildilər.

Festivalın ideya rəhbərlərindən və təşkilatçılarından olan Dmitri Sitkovetski son 15 ildə dünyanın ən müxtəlif ölkə və şəhərlərində 20-dən çolx musiqi festivallarının təşkilatçısı kimi uğurla çıxış etmişdi. Lakin müsahibələrinin birində dediyi kimi "son festivalımı keçirəndən sonra özümə söz vermişdim ki, bir daha belə ağır təşkilatı işlərlə məşğul olmayacağam. Lakin Bakı mənim üçün xüsusi bir şəhərdir. Doğulduğum bu torpaqda ailəmin bir neçə nəsli yaşadıb. Nəhayət, burada məni daim dostlar qarşılayır. "

Sitkovstskinin yaratdığı "Yeni Avropa Simləri" kamera orkestri həyata vəsiqəni 10 il bundan qabaq Finlandiyada keçirilmiş festivalda almışdı.

Dünyanın ən müxtəlif ölkələrinin yüksəkixtisaslı musiqiçilərini toplamış bu kollektivin tərkibinə Bakı festivalında həmyerlimiz, tanınmış skripkaçı Uran Seyidov da qoşuldu və fərəhli haldır ki, o, gələcəkdə də bu gözəl kollektivdə Azərbaycanı təmsil edəcək.

Festivalın proqramına, əsasən, klassik Avropa musiqisi, habelə bir neçə müasir musiqi nümunəsi daxil edilmişdi. Bu barədə izahat verən Sitkovetski haqlı olaraq qeyd edirdi ki, "ifrat müasir musiqidən başlamaq lazım deyil. Biz əski musiqini deyil, əbədi musiqini ifa edirik. Bəzən Bahın musiqisi çox-çox sonralar bəstələnmiş musiqidən daha müasir səslənir. Musiqi qəlbin qidasıdır və o da cürbəcür olmalıdır. " Bu ideyanı bariz şəkildə təcəssüm etdirən festival konsertləri ayrı-ayrı dövrlərə və üslublara malik bəstəkarların əsərlərindən tərtib olunmuşdu. Rəsmi açılışa orijinal "Prelüdlər" rolunu oynayan artıq ilk iki konsertdə ən müxtəlif bəstəkarların musiqisi səsləndi. Konsertlərdən birisi Bakı İncəsənət Muzeyinin klassik musiqinin ruhu ilə çox üzvü surətdə uyuşan dəbdəbəli, lakin çox xudmani zalında dinləyicilərin zövqünü oxşadı. İsrail səfirliyinin köməkliyilə təşkil edilmiş bu konsertə gələnləri istedadlı fotorəssamı Şay Qinotun bibliya mövzularını özünəməxsus səpkidə şərh edən işləri qarşılayırdı. Konsertin və sərginin günü də təsadüfi seçilməmişdi: həmin gün israilli qonaqlar özlərini, yeni - 5760-cı ilini qarşıladılar. Məhz buna görə də konsertdə Motsart, Vivaldi və Pulenkin əsərləri ilə yanaşı müasir yəhudi bəstəkarları - İosif Bardanaşvilinin Simli alətlər üçün elegiya-psalmı və Paul Ben-Xaimin Fleyta və simli alətlər triosu üçün Serenadası səsləndirildi. Virtuoz fleytaçı Noam Buxman isə bəstəkar Şlom Qronixin "Fleyta - 3000" simfonik poemasına giriş hissəni ifa etdi. Həmin axşam faqotçalan Aleksandr Fayn və klarnetçalan Mişel Letiyekin çıxışları da dinləyicilərdə böyük təəssürat oyatdı.

Festivalın "Xəzər təranələri" adlı ikinci "Prelüdü" daha pastoral xarakter daşıyırdı. Konsert təbiətin qoynunda, dənizin sahilindəki "Krisçen Biç hotel"də qeyri-adi bir şəraitdə cərəyan etdi. "Yeni Avropa Simləri" Kamera Orkestrinin ifasında Bakıda ilk dəfə Q. F. Hendelin "Cu üzərində musiqisi" səsləndirildi. Proqrama, həmçinin, İ.S. Bahın 2 saylı "Brandenberburq konserti" də daxil idi. Yetkin musiqiçi kimi dinləyicilər qarşısında həmyerlimiz Teymur Bülbül çıxışı edərək, V.A. Motsartın Faqot və orkestr üçün konsertini ifa etdi.

Klassik musiqi Festivalının "Respublika" sarayında təntənəli açılış mərasimi musiqi mədəniyyətimiz üçün son dərəcə əlamətdar olan bir vaxta-sentyabrın 18-nə salınmışdı. Maestro Rauf Abdullayevin ifası ilə Üzeyir hacıbəyov adına Dövlət simfonik orkestrinin və Dövlət xor kollektivinin ifasında "Koroğlu" operasının Üvertürası və "Çənlibel" xoru böyük ruh yüksəkliyi ilə yeni, bədii baxımdan çox kamil bir traktovkada təqdim olundu. Fidan və Xuraman Qasımovaların, türk müğənnisi Xaqan Aysevin çıxışları böyük hərarətlə qarşılandı. Konsertin ikinci bölümündə Bella Davidoviç S.Raxmaninovun "Paqanini mövzularına rapsodiyası"nı və D. Sitkovetski Bakıda ilk dəfə olması alman bəstəkarı Maks Bruxun Skripka və orkestr üçün konsertini yüksək ustalıqla ifa etdilər.

Festivalın növbəti üç günü Bakı Musiqi Akademiyasının böyük zalında öz davamını tapdı. O günlər biz hamımız, sözün əsl mənasında, dünyəvi premyeraların şahidi olduq. İlk növbədə bu, İ.S. Bahın fortepiano üçün məşhur "Qoldberq-Variasiyalarını"n. Yeni Avropa simləri orkestri tərəfindən səsləndirilməsi idi. Əsəri kamera orkestri üçün D. Sitkovetsin özü çevirib uyğunlaşdırmışdı. Bu işi əsil yaradıcılıq şücaəti adlandıran Fərhad Bədəlbəyli konsertə söylədiyi ön sözdə "Dmitri Sitkovetskinin adı elə ancaq buna görə dünya musiqi tarixində əbədi həkk olunmağa layiqdir"- dedi. Zənnimizcə, bu fikirlə razılaşmamaq çox çətindir.

Musiqi Akademiyasında keçirilən digər iki konsertin proqramı da olduqca rəngarəng idi: hər dəfə "ağzınacan" dolu olan zalda çoxları ayaqüstə durmağa məcbur idi. Lakin bütün bu narahatçılıqlar səhnədən gələn əsrarəngiz musiqi ilə tam kompensasiya olunurdu. Dinləyicilərin xüsusi marağına Bakıda nadir hallarda çalınan Rixard Ştrausun və B. Brittenin əsərləri səbəb oldu. Bella Davudoviçin çox incə forteiano texnikası Motsartın Fortepiano və orkestr üçün lya major konsertində bir daha valeh etdi. Eyni heyranlıq hissini, həmçinin, Motsartın Klarnet və orkestr üçün konsertində klarnet partiyasını yüksək məharətlə canlandıran Mişel Letiyekin virtiozluğu doğurdu. Konsertin biri isə bütövlükdə ansambl musiqisinə həsr olunmuşdu. Bu-F. Pulenkin Faqot (Aleksandr Fayn), qoboy (Aleksey Utkin) və fortepiano üçün (Y. Qarlitskaya) fransızsayağı zərif Triosu və İ. Bramsın məşhur fortepiano Kvinteti idi. Bu əsərdə fortepiano partiyasını ifa edən Fərhad Bədəlbəyli bir daha qarşımızda öz parlaq fərdi istedadını tərəf-müqabillərin çalğısı ilə üzvi surətdə uzlaşdırmaq bacarığına malik əsil ansambl ustası kimi çıxış etdi. Akademiya zalındakı son konsertin son əsəri isə E. Şossonun skripka, fortepiano və simli kvartet üçün konserti (solistlər-Bella Davidoviç və Dmitri Sitkovetski) oldu.

Yeddi gün davam edən bayram əhval-ruhiyyəsi I Bakı klassik musiqi festivalının təntənəli yekun konsertində də hökm sürürdü. Azərbaycanın Mədəniyyət naziri Polad Bülbüloğlu, Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli ilə yanaşı vida nitqi söyləyən festivalın "baş qəhrəmanı" Dmitri Sitkovetski səmimi ürək sözləri ilə o axşam çoxlarını kövrəltdi. Buna səbəb yekun konsertinin keçdiyi və Davidoviç-Sitkovetski nəslinin həyatında silinməz iz qoymuş Dövlət Akademik Opera və Balet teatrının həyatı ilə bağlı unudulmaz xatirələrin yada salınması oldu. Yeri gəlmişkən qeyd edək ki, uzun illər D. Sitkovetskinin ulu babası və nənəsi (hal-hazırda o, ABŞ-da yaşayır) opera teatrımızda işində konsertmeyster kimi fəal çalışmışlar. Doğulduğu şəhərə, onun qonaqpərvər insanlarına məhəbbət və ehtiram əlaməti kimi o gecə D. Sitkovetskinin dirijorluğu ilə "Yeni Avropa Simləri" kamera orkestri Q. Qarayevin ölməz Üçüncü simfoniyasını ifa etdi. Ümidvarıq ki, bu, orkestrin repertuarında Azərbaycan bəstəkarının birinci və sonuncu əsəri olmayacaq. Fərəhli haldır ki, Bakıdan sonra bu əsəri orkestr Belfastda verdiyi konsert proqramlarında da səsləndirmişdir.

Yekun konsertinin digər yaddaqalan anlarından biri də Vivaldinin Dörd skripka və kamera orkestri üçün konsertinin ifasında məşhur musiqiçilərlə yanaşı Bülbül adına Orta İxtisas Musiqi məktəbinin şagirdi Cəmilə Musayevanın uğurlu çıxışı oldu.

Klassik musiqi festivalı Bakı musiqisevərlərinə son illərin gərginliyində çoxdan unutduqları və həsrətlə arzuladıqları əsl, yüksək sənətdən alınan məmnunluq hissi, xoşbəxtlik hərarəti bəxş etdi. Bəs festivala nə arzu edərdik? Ancaq bir şey: Qoy bu möhtəşəm musiqi bayramı gözəl, möhkəm və daimi bir ənənəyə çevrilsin.


 
1  
copyright by musiqi dunyasi 1999-2000© design by grArt 2000©
Next Page Previous Page Back to Home About site