998-ci ilin oktyabrında respublikamızda
yeni bir cəmiyyət - Azərbaycan Milli Mədəniyyət Cəmiyyəti yaradılmışdır.
Ona respublikanın xalq artisti, BMA-nın professoru, dünya şöhrətli
tarzən Ramiz Quliyev rəhbərlik edir. Bu böyük sənətkarın təqdimata
ehtiyacı yoxdur. Təkcə onu deyə bilərik ki, R.Quliyevin adı Q.Pirimov,
B.Mənsurov kimi ustadların adı ilə yanaşı çəkilir. Ramiz müəllimin
əsas xidməti ondan ibarətdir ki, o, ulu tanrımızı dünyada tanıtdırmış
və Qərb musiqi alətləri ilə bir səviyyəyə qaldıra bilmişdir.
Biz R.Quliyevlə görüşüb cəmiyyətin
fəaliyyəti barədə ona bir neçə sualla müraciət etdik.
-Ramiz müəllim, Azərbaycan Milli
Mədəniyyət Cəmiyyətini yaratmaq fikri nə vaxt və hansı zərurətdən
meydana gəlib?
-Bilirsiniz ki, müasir dövrümüzdə
bütün inkişaf etmiş ölkələrdə ictimai cəmiyyətlər böyük əhəmiyyət
kəsb edir, onların fəaliyyətinə geniş meydan açılır. Ona görə biz
də elə bir cəmiyyət yaratmağa çalışmışıq ki, o, respublikada keçirilməsi
vacib olan bir çox tədbirlərdə yaxından iştirak etsin. Onun imkanlarından
istifadə edərək respublikamızın son illərdə əldə olunan müstəqilliyini
mədəniyyət sahəsində möhkəmləndirməyə çalışırıq.
1998-ci il sentyabrın 11-də AMMC-nin
təsis konfransı keçirildi. Burada mən cəmiyyətin yaranmasının təşəbbüsçüsü
kimi gələcək məqsəd və məramımız haqda konfrans iştirakçılarına
ətraflı məlumat verdim. Konfransda AMMC-nin təsisçiləri olan Azərbaycan
respublikasının xalq artisti, bəstəkar, professor A.Rzayev, R.Mustafayev
adına İncəsənət Muzeyinin direktoru, professor, xalq rəssamı İ.Zeynalov,
Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Simfonik orkestrinin bədii rəhbəri
və baş dirijoru, professor R.Abdullayev, Azərbaycan Teatr Xadimləri
İttifaqı idarə heyətinin sədri, əməkdar incəsənət xadimi Azərpaşa
Nemətov da iştirak edirdilər. Burada təcrübəmi nəzərə alaraq, idarə
heyəti və konfrans iştirakçıları etimad göstərib məni cəmiyyətin
ilk sədri seçdilər, Biz tez bir zamanda sənədləri hazırladıq. Artıq
1998-ci il oktyabrın 21-də respublikanın Ədliyyə Nazirliyi tərəfindən
rəsmi qeydiyyatdan keçdik. Hal-hazırda cəmiyyətin 15 minə qədər
üzvü var.
-Əgər mümkündürsə, cəmiyyətin
əsas məqsəd və vəzifələri haqqında oxucularımıza məlumat verin.
-Azərbaycan milli mədəniyyətinin
inkişaf konsepsiyasına yardım bizim əsas məqsədimizdir. Buraya indiyə
qədər Azərbaycan mədəniyyətində əldə olunmuş bütün nailiyyətləri
göz bəbəyi kimi qoruyub saxlamaq və inkişaf etdirmək kimi məsələlər
daxildir. Bununla yanaşı, bizim qarşımızda müasir dövrdə başımıza
gəlmiş bəlalardan doğan problemlərin həllində, yəni məcburi köçkünlərin
və qaçqınların həyatının qismən də olsa yüngülləşdirilməsində yaxından
iştirak etmək, cəmiyyətin imkanlarından istifadə edib onlara müəyyən
sahələrdə yardımçı olmaq kimi mühüm vəzifələr də durur.
-Artıq bir ildir ki, sizin cəmiyyət
fəaliyyət göstərir. Bu müddət ərzində gördüyünüz işlər haqqında
daha müfəssəl danışmağınızı xahiş edirik.
-Ötən il biz Azərbaycan İncəsənət
Muzeyində T.İsmayılov adına Gənclər Sarayının istedadlı gənc rəssamlarının
sərgisini keçirdik. Orada biz 28 nəfər fərqlənən rəssamın işini
mükafatlandırdıq. Bundan əlavə, 2 nəfər gənc rəssama təqaüd təyin
edildi. Ümumiyyətlə, sərgi çox yüksək səviyyədə keçdi.