Hər il, müasir musiqi əsərlərinin geniş yayımı məqsədi ilə bir
(yaxud iki) bəstəkara festivalın aparıcısı statusu verilir - "composer
in residence". Bu o deməkdir ki, həmin bəstəkarın musiqisi daha
tam və ətraflı, retrospektiv şəklində təqdim olunur.
Festivalın 30-illik tarixində birinci dəfə olaraq bu status qadın
bəstəkara verilib. Çox sevindirici bir haldır ki, bu statusa bizim
istedadlı həmvətənimiz, bəstəkar və pianoçu, Firəngiz Əlizadə layiq
bilinib. Maraqlıdır ki, Firəngiz xanım ilə bərabər, həmin şərəfə
gürcü musiqisinin korifeyi Qiya Kançeliya layiq görülüb.
Qeyd etmək lazımdır ki, bu aksiyaya festivalın təşkilatçıları çox
ciddi yanaşırlar. Festivalın başlanmasına bir ay qalmış Bakıya İsveçrədən
jurnalist Priska Keterer gələrək, qısa bir vaxtda F.Əlizadə haqqında
materialları toplayıb hazırlamalı, Firəngiz xanımın yaşadığı və
işlədiyi şəraiti öyrənməli idi. Bir neçə gün ərzində İsveçrə jurnalisti
40-dan çox kasset çəkmiş, Bakı şəhəri və onun ətraflarındakı tarixi
abidələrlə tanış olmuş, müxtəlif peşə ilə məşğul olan adamlarla
danışıb, əlaqə saxladıqdan sonra, F.Əlizadənin "milli interyerdə
yaradıcılıq portretinin" yaradılmasına başladı və, demək lazımdır
ki, bu işin öhdəsindən uğurla gələ bildi. Bəlkə də elə onun "yüngül
əli" ilə bəstəkarımıza bir titul da (doğrudur, rəsmi olmayan) verildi
- müasir musiqinin Şahrizadı.
Firəngiz Əlizadəni uzun illər ərzində tanıyaraq, təxmin edə bilərdik
ki, festivalda onun çıxışı həmişəki kimi yüksək səviyyəli olacaq.
İsveçrə dinləyicilərinin qarşısına çıxarılan vahid silsilə "İpək
yolu" adlandırılmışdı. Silsilənin əsərlərindən bir neçəsi əvvəllər
səslənmiş, digərləri yenidən redaktə olunmuşdu, lakin silsilənin
kulminasiyası və tamamlayıcısı - zərb alətləri və orkestr üçün Konsert
müasir musiqidə super-star adlanan zərb alətlərinin məşhur ifaçısı,
Evelin Qlennin sifarişi ilə Lyüserna festivalı üçün xüsusi yazılıb.
Bəstəkarın E.Qlenniya konsertdən bir neçə ay əvvəl bağışladığı əsil
Azərbaycan zərb alətləri həmin əsərdə səslənir - qaval, qoşa nağara,
zərb. Onu da demək lazımdır ki, ingilis musiqisinin super-star adlandırılan
ifaçısı Azərbaycan milli alətlərin öhdəsindən gələrək və Azərbaycan
musiqisinin milli ruhu və cazibədarlığını qavraya bilmişdir.
F.Əlizadə və E.Qlenninin əməkdaşlığı təntənəli və parlaq nəticə
ilə bitmiş, "İpək yolu" Konsertinin ifası isə festivalın kulminasiyalarından
biri kimi yekdilliklə qarşılanmışdır. F.Əlizadənin və məşhur violençalan
İvan Moni Qettinin birgə keçirilən konserti də xüsusi diqqətə layiqdir.
Konsertdə bəstəkarımızın əsərlərindən başqa ("Habil sayağı" və "Aşıq
havası"), Silvestrov və Krambın əsərləri də səslənmişdir.
Firəngiz xanım müasir musiqi həvəskarları arasında təkcə bəstəkar
və ifaçı kimi yox, həm də öz konsertlərinin rejissoru kimi tanınıb.
Dinləyiciləri həmişə konsertin maraqlı dramaturji həlli gözləyir.
Bu dəfə də səhnə orijinal qaydada quraşdırılmışdı; işıq effektləri;
fasiləsiz səslənən musiqi; bütün axşam dinləyici - tamaşaçıların
diqqət-nəzərində yerləşən ifaçı aktyorlar və s. "Ciddi" əsərlərin
arasında pauza və səhnəni tərk etmələr yox idi. Fasilə yerinə "başqa"
musiqi səslənirdi. Həmin intermediyalar vəzifəsini Avropada çox
geniş tanınan bəstəkarın - Pyatsallının çox ehtiraslı və həssas
musiqisi yerinə yetirirdi.