iz XX əsrin ingilis musiqisi haqqında
nə bilirik? Müasir ingilis mədəniyyətini hansı təmayüllər səciyyələndirir?
Zənnimizcə, nəinki adi sənətsevərlər,
hətta mütəxəssislər bu suallara cavab tapmaqda çətinlik çəkərlər.
Etiraf edək ki, bir neçə adi və əsəri çıxmaq şərtilə ingilis musiqisi,
ələlxüsus onun yeni dövrü bizim üçün "terra incognita" olaraq qalır.
Mütaliəsi imkan daxilində olan dərslik, musiqi lüğəti və ensiklopediyalarda
verilən məlumatlar səthi, natamam, bəzi hallarda qeyri-dəqiqdir.
Odur ki, bu qeydlərimin əsas mövzusuna keçməmişdən əvvəl mən tarixə
kiçik ekskurs etməyi lazım bildim.
Bəllidir ki, XVI-XVII əsrlərin parlaq
nailiyyətlərindən (H.Pörsellin opera və oratoriyaları, U.Börd, C.Bull,
C.Daulendin madriqalları və klavir pyesləri nəzərdə tutulur) sonra
İngiltərənin dünya musiqi sənətində mövqeyi xeyli zəifləyir. Bütün
səylərə baxmayaraq XVIII və XIX əsrlər ingilis bəstəkarlarının yaradıcılığı
"orta Avropa" akademizminin fövqünə qalxıb, "mendelsonçuluq", mühafizəkar
romantizmin buxovlarından azad ola bilmirdi. Lakin XIX əsrin sonuna
doğru vəziyyət dəyişməyə başladı: İngilislərin "qeyri-musiqili xalq"
olması barədə qərəzli ittihamları təkzib etmək dövrü yetişdi. XX
əsr Britaniya tarixinə "musiqi İntibahı" adı ilə daxil oldu. Folklorun
kölgədə qalan qatlarını tədqiq edib, Pörsellin polifonik texnikasına
yiyələnərək ingilis sənətkarları irəliyə addımlaya bildilər.
Həmin "İntibah"ı yaradan kimlər
idi? İngilis musiqisini hal-hazırda hansı adlar təmsil edir?
1999-cu ilin oktyabrında Bakıda
"Britaniyanın təsvirləri" adı ilə keçirilən mədəniyyət həftəliyinin
proqramı bu sualları doğurdu və onlara qismən cavab verdi.
Həftəliyin musiqi proqramına pop
və caz qruplarının Fəvvarələr meydanında çıxışları ilə yanaşı, iki
"ciddi" tədbir də daxil idi: bəstəkar C.Klarkla görüş və saksofonçalan
C.Makkristalın konserti.
Həftəliyin açılışı günü Cerard MakKristal
və Azərbaycan Dövlət simfonik orkestri (bədii rəhbər və dirijor
R.Abdullayevdir) XX əsr ingilis İntibahının nümayəndələri - Holstun,
Uoltonun simfonik əsərlərini, habelə populyar klassik musiqi nümunələrini
böyük müvəffəqiyyətlə təqdim etdilər.
Həftəliyin bukletində C.MakKristal
sürətlə yüksələn ulduz-ehtiraslı, gənc, yenilikçi klassik saksofonçalan
müasir ifaçılığa böyük enerji və qüvvə sərf edən musiqiçi kimi səciyyələndirilir.
1982-ci ildə ilk dəfə saksofonu əlinə götürərək o, artıq 7 ildən
sonra London Filarmoniyasında çıxış etmişdir. Bundan sonra Cerard
dünyanın ən nüfuzlu festivallarında iştirak edir, tez-tez müasir
Britaniya bəstəkarlarının yeni əsərlərini səsləndirir.
Əvvəlcədən deyək ki, C.Makkristalın
virtuoz texnikası, təbii, improvizə səciyyəli çalğı ədası Opera
və Balet teatrına toplaşan dinləyicilərin ürəyini fəth etdi. Hərçənd
proqrama daxil olunan əsərlərin bədii məziyyətləri heç də bərabər
dəyərli deyil idi. Məsələn, "Piano" filminə musiqisi ilə məşhurlaşan
M.Naymanın "Where the bee dances" adlı saksofon konserti (?) öz
heç bir məqsədə yönəlməyən inkişafı, yorucu, yeknəsəq, qurtarmaq
bilməyən təkrarları ilə daha çox mütəəssir etdi. Konsertin annotasiyasında
"xalis ingilis musiqisi" kimi səciyyələndirilən E.Koatın saksofon
rapsodiyası isə, yuxarıdakı xasiyyətnamə ilə ziddiyyətə girərək
üslubca eklektik, bəzi anlarda Çaykovskinin baletlərindən parçalarla
açıq-aşkar anımlar doğuran bütövlükdə simasız əsər təəssüratı doğurdu.