Molla Cümə      
      
R. Əfəndiyev           
1  
R. Əfəndiyev
Molla Cümə

G. Vəzirova
R.M. Qlier və azərbaycan musiqi mədəniyyəti

S. Həsənova-İsmayılova
Əsfər Abbasov – 80

F. Əliyeva
Vaqif Mustafazadə

 
 

IX əsrin sonları və XX əsrin əvvəllərində fəaliyyət göstərən görkəmli Azərbaycan aşıqlarından biri də Molla Cümədir. Molla Cümə onun təxəllüsüdür. O, heç vaxt mollalıq etməmişdir. Molla, - bilikli, elmli olduğuna görə demişlər. Aşıq "Mən" rədifli bir vicudnamə yazmışdır. Burada özü, yaşadığı yeri, ailəsi haqqında məlumat vermişdir.

Aşıq anasıyam, şairlər kökü,
Gəzərəm dünyada divanə təki.
Mahalım Göynükdür, şəhərim Şəki
Layisqi kəndinin binasıyam mən
Binəm Layisqiyə düşübdür mehman,
Pədərim Salahdır, madərim Reyhan.
Vəsədim Həsəndir, axim1 Süleyman
Famlim Molla Oruc, ədnasiyam mən.

Şerdən də göründüyü kimi Molla Cümə Şəki rayonunun Layisqi kəndində anadan olmuş və ömrünün sonuna qədər də orada yaşamışdır. Şerlərinin mövzusu bəşəri, saf, təmiz, ülvi məhəbbət; yaşadığı dövrdə qarşılaşdığı ziddiyyətlər; ictimai bərabərsizliklər; islam dəyərləri və sairədən ibarət olmuşdur.

Molla Cümənin əksər şerlərində İsmi Pünhanın adı çəkilir, çoxlu şerləri də İsmi Pünhana müraciətlə yazılıb. İsm-ad, Pünhan-gizli deməkdir. Nədənsə Molla Cümə şerlərində sevgilisinin adını gizlətmişdir. Bu sahədə çoxlu rəvayətlər var. Məsələ belədir ki, aşığın sevgilisi öz zəmanəsində çox dindar bir adamın qızı olub. El-oba onu müqəddəs hesab eləyib. Ona görə də aşıq onun adını çəkməmişdir. Ancaq İsmi Pünhan dünyadan vaxtsız köçəndə Molla Cümə ona mahnı qoşmuşdur.

İsmi Pünhan köçdü fəna dünyadan
Qarışdı torpağa iz hayıf oldu.
Xudanın tədbiri beləymiş bizə
Soldu yanaqları üz hayıf oldu...

Molla Cümə gəncliyindən başlayaraq ustad sənətkarların ədəbi irsini dərindən öyrəndiyi üçün onun yaradıcılığı getdikcə zənginləşmiş və bənzərsiz bir orijinallıq kəsb etmişdir. Belə ki, o, özündən əvvəlki poeziyanın bəzi xüsusiyyətləri ilə səsləşən əsərlər yaratmış və onlara oxşamalar yazmışdır. Ən başlıcası isə ulu ustad özünə qədər deyilməyən fikirləri böyük ustalıqla müxtəlif şəkildə təcəssüm etdirmişdir. Molla Cümə hər şeydən əvvəl gözəllik aşiqidir. Onun "Pəri" rədifli müxəmməsində gözələ xas olan bütün əlamətləri görmək olar:

Yəqin bil kərəm kanı,
Mən yanıram ataşına.
Mayılam camalına,
Həm gözünə, həm qaşına.
Yıxılım ayağına,
Durub dolanım başına,
Həm sənə qurban olum,
Həm də sənin yoldaşına,
Yoldaşın pərvazdı, gəlin,
Xub yerişin qazdı, gəlin,
Bu necə əndazdı, gəlin,
Baxışın şahbazdı, gəlin,
Doğmuşsan şəmsü qəmər,
Gül didarın yazdı gəlin.
Ey bahar yazım,
Durna avazım,
Əlimdə sazım,
Eşit niyazım,
Aç qolunu qucaqlaşaq,
Demək nə lazım,
Oynatsın Molla Cümə,
Şamama tək səni pəri.

Misralardakı axıcılıq, şirinlik, canlı portret gözəlliyi oxucunu vəcdə gətirir. Aşıq bir qitədə dörd dəfə şerin şəklini dəyişdirir. Eyni qitədə bir hissədən o birisinə elə ustalıqla keçir ki, oxucu onun sənətkarlığına heyran qalır. Hecaların sayı dəyişərkən, bir hissədən o biri hissəyə keçirilərkən əlaqə yaradan sözlər işlədilir. Məsələn, birinci səkkiz misranın sonunda gələn "yoldaş" sözü ikinci hissəyə, ikinci altı misranın sonunda rədif kimi işlənən "yaz" sözü üçüncü hissəyə keçid vasitəsi kimi işlədilir. Bu cür sənətkarlıq xüsusiyyətlərinə görə aşıqlar Molla Cüməni müxəmməsin atası adlandırmışlar.

Kəndlərdə, eldə, obada, elin bəzəyi, yaraşığı olan el qızlarını Molla Cümə böyük ilhamla vəsf etmişdir. El-obanın tərcümanı olan sevimli sənətkar hər yetən gözəli tərifləməzdi. Onun vəsf etdiyi gözəllər sazın-sözün, sənətin qədrini bilən ləyaqətli, vəfalı el qızları idi. El sənətkarının gözəllərə həsr etdiyi mahnılardan gül-çiçək, bənövşə qoxusu gəlir, baharın təravəti duyulur. Aşığın gözəlləmələrində el qızlarının orijinal portretləri sözlə böyük ustalıqla rəsm edilmişdir:

İncə belli, şümmad əlli,
Fəsih dilli, şirin sözlü,
Orta boylu, gözəl xoylu,
Əmbər boylu, qəmər üzlü,
İnci dişli, şux baxışlı
Qəmər qaşlı, maral gözlü...

Ümumiyyətlə, xalq ədəbiyyatımızda, xüsusilə dastanlarımızda xalq belə bir ideyanı müdafiə edir ki, əsil, səmimi, ülvi məhəbbət dünyada hər şeydən qiymətlidir. Onu heç nə əvəz edə bilməz. Qoca dünyanın mehrabını eşq sayan xalqın əsrlər boyu mənəvi-bədii sərvətimizdə qoruyub yaşatdığı bu bəşəri, ənənəvi motiv ustad aşıqlarımız tərəfindən də el məclislərində sazın müşayiətilə təbliğ və tərənnüm edilmişdir.

Aşıq eşqində sadiqdir. O ayrılıqda keçən ömrü bihudə sayır. Çünki onu yaşadan, onun həyatına rövnəq verən İsmi-Pünhan eşqidir:

Səndən ayrı ömür sürüb neylərəm,
Molla Cümə istər ölsün səninlə.

Molla Cümənin ədəbi irsi içərisində Qədim Şərq, Azərbaycan əfsanə və əsatirləri, xüsusilə İslam dünyası ilə əlaqədar çoxlu şerlər vardır. Qeyd edək ki, bu məzmunlu şerlər vaxtilə əlyazmasına yazıldığı üçün gəlib bizə çatmışdır. Həm də aşığın belə şerlərinin hamısı əlyazmalarına köçürülməmişdir və onların bir qismi bizə məlumdur. İlisuda olarkən bizə deyilir ki, Yunis dayı onu Quran kimi oxuyur. Biz sonralar başa düşdük ki, orada aşığın minacat və surələri toplanmış imiş. Aşığın bu mövzuda olan şerlərini oxuyan görəcək ki, o, hər şeydən əvvəl Qurani-Kərimə, yer üzünə gəlmiş məşhur peyğəmbərlərin, islam dünyasının şöhrətli şəxslərinin həyatına, fəaliyyətinə çox gözəl bələd imiş.

Böyük ustad sənətkar heç bir şerində İslamı təbliğ etmir, insanları dinə çağırmır. Ancaq İslamın böyüklüyünü, müqədəsliyini və toxunulmazlığını ürəkdən gələn sözlərlə bədii şəkildə ifadə edir. Molla Cümə bəzi din kahinləri kimi insanları bu dünyadan, həyatdən, zövq-səfadan əl çəkməyə səsləmir. Aşığa görə, İslama hörmət və məhəbbət bu dünyadan əl çəkmək demək deyil. Bu mövzuda şerləri oxuyanda aydıncasına görürsən ki, İslamın müqəddəs qanunlarını, Quranı əlində tutub bu dünyada ömür sürməyə, gözü açıq olmağa, halal zəhmətlə yaşamağa, düzlüyə çağırır.

"Mən içdiyim Xızır Nəbi verəndir" - deyən ustad Allahdan gələn vergini qəbul edərək bəzən eşq-məhəbbətdən, bəşəri hisslərdən çox danışdığı üçün günahının bağışlanmasını da rica edirdi. "Mədəd", "Bax", "Dünya", "Qalacaqmı", "Yarəb" və başqa şerlər, Aşıq Könül ilə deyişmələri aşığın İslam dünyasına dərindən bələd olduğunu nümayiş etdirməkdədir. Xüsusilə dünyaya müraciətlə söylədiyi bir neçə şer bu cəhətdən çox səciyyəvidir:

İslamın çırağı, haqqın həbibi,
Məhəmməd Mustafanı neylədin, dünya?

Vaxtilə məşhur olan dilçi alim Mirzə Kazım bəy demişdi ki, mifoloji lüğət olmadan Xaqaninin yaradıcılığını başa düşmək çətindir. Biz də deyək ki, İslam dini tarixini, mifologiya və əfsanələrini, xüsusilə Qurani-Kərimi bilmədən ustad aşıqlarımızın yaradıcılığının müəyyən bir hissəsini qiymətləndirmək çətindir. O cümlədən də Molla Cümənin şerlərini.

Aşığın yaradıcılığında nə qədər tarixi, əfsanəvi, dini şəxslərin adları çəkilirsə də, sadəcə çəkilmir. Məlum olur ki, onlar haqqında olan əfsanə və xatirələrin hamısı aşığa bəlli olmuşdur: Habil, Qabil, Mənsur, Davud, Süleyman, İsa, Musa, İbrahim Xəlil, Əyyub, Yunis, Adəm, Nuh, Yəqub, Şəddad, Firon, İsgəndər, Nuşirəvan Keykavus, Xosrov Pərviz, Namrud və b.

Bəzən bir-iki misra ilə böyük bir hekayətə, yaxud dini-fəlsəfi adlara işarə olunur. Molla Cümə bunların hamısını məktəbsiz, institutsuz, akademiyasız təkbaşına öyrənmişdir. Bunları oxuduqca onun eridusiyası, üləmalığı qarşısında baş əyirsən:

Yüz iyirmi dörd min Nəbi Dünyaya qılmış zühur,
Yeddi qat yer, yeddi qat göy,
Ərş, kürs, Qafin, Tur.
Şəms, Qəmər, mələk, nücum,
İnsi, cins, mari, mur,
Yüz sühufnan endi Tövrat,
Furqani, İncil, Zabur,
İxlasnan Yasin, maha
Oxuyan dildən mədəd.

Bununla belə, Molla Cümə eşq odu ilə yanıb-yaxılan aşiqdir. O, özünü ən məşhur, cəfakeş, əzabkeş aşiqlərin cərgəsində sayır. Qeys, Fərhad, Yusif, Tahir, Kərəm, Qərib, Vərğa, Qənbər, Şeyx Sənan kimi aşiqlərlə özünü müqayisə edir.

Molla Cümə həyatı, ömrü, dərin və ziddiyyətli yaradıcılığı ilə sirli bir xəzinədir. Bir əlində insanı ucaldan, yaşadan, həyata bağlayıb qanadlandıran, bəşəri məhəbbəti vəsf edən şerləri, o biri əlində isə həmin insanı ruhən, daxilən təmizləyən, xeyirxahlığa, əliaçıqlığa, comərdliyə, mənəvi təmizliyə çağıran Quran surələrindən süzülüb gələn minacat və surələri. Hər iki əlilə aşıq böyük bir varlığa - İnsana xidmət etmişdir.

Lakin təkcə insanamı? Molla Cümə 28 may 1918-ci il tarixdə yaranan Azərbaycan Demokratik Respublikasının ən fədakar tərəfdarlarından biri kimi 1920-ci ilin mayında Vətəninə soxulmuş XI "qırmızı" işğalçı rus ordusu ilə döyüşdə mərdliklə həlak olmuşdur.

Molla Cümənin şerlərinin cüzi bir hissəsinin 1930-cu illərdə Hümmət Əlizadə toplayıb "Aşıqlar" kitabında çap eləmişdir. Sonra aşığın şerlərinin toplanması ilə bu sətirlərin müəllifi məşğul olmuş, 1966, 1983 və 1995-ci illərdə aşığın üç kitabını çap etdirmişdir. Son nəşrdə aşığın əksər şerləri toplanmışdır. Molla Cümənın bir neçə saz havası da məlumdur: "Molla Cuma gözəlləməsi", "Molla Cuma gəraylısı", "Şəki dübeyti", "Molla Cuma müxəmməsi" (yaxud Cığalı müxəmməs). Sonuncu, demək olar ki, bütün aşıq bölgələrində geniş yayılmışdır.

1. əxim-qardaşım deməkdir.

 

 
1  
copyright by musiqi dunyasi 1999-2000© design by grArt 2000©
Next Page Previous Page English Back to Home About site