Vaqif Mustafazadə      
      
F. Əliyeva           
1  
R. Əfəndiyev
Molla Cümə

G. Vəzirova
R.M. Qlier və azərbaycan musiqi mədəniyyəti

S. Həsənova-İsmayılova
Əsfər Abbasov – 80

F. Əliyeva
Vaqif Mustafazadə

 
 
        
Video: 1
Video: 2
Video: 3
Video: 4

X әsr Azәrbaycan musiqisinin dünya mәdәniyyәtinә bәxş etdiyi böyük simalardan biri dә caz ustası, rәngarәng, müәyyәn mә'nada hәlә dә "elitar" (mәn onun coğrafi-bәdii mәkan müstәvisini nәzәrdә tuturam) alәmdә öz dәst-xәttini yaratmış Vaqif Mustafazadәdir. Biz Onun şәxsiyyәtinә, musiqi alәmindәki Adına vә İzinә yeni bir baxış bucağından - sorağı Azәrbaycan hüdudlarından çox-çox uzaqlardan gәlәn musiqi soyunun tarixçәsi kontekstindә nәzәr salmaq istәrdik.

Vaqif Mustafazadənin anası Zivər xanım Əliyeva (1916-1997) musiqiçi idi. O, Bakıda anadan olmuş, Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasını pianoçu kimi bitirmişdir. Muğamları gözəl bilən Zivər xanım bu sənətə sevgisini, bilgisini, ruhunu oğluna ötürdü.

Uzun müddət 1 nömrəli musiqi məktəbində çalışmış, sonralar Vaqif Mustafazadənin ev-muzeyinin direktoru olmuş Zivər xanımın ən böyük yaradıcılıq uğuru - oğlu Vaqif oldu.

Əziziyəm bizim qala,
Həmişə bizim qala.
Tikmədim özüm qalam,
Tikmişəm izim qala.

Vaqif Mustafazadə ilə ustad-xanəndə Hacıbaba Hüseynovun qəribə bir həzinlik və ürək yanğısı ilə ifa etdikləri bu bayatını uşaqlıqdan tez-tez eşidirdim, amma sözlərində elə bir mə'na axtarmırdım. Sonralar bu böyük sənətkarların miqyasını dərindən dərk edən bir insan kimi bu sözlərə mistik bir mə'na verməyə başladım: elə bil bu bayatını özləri haqqında oxuyurdular, musiqi sənətində özlərinin ucaltdığı qaladan, özlərinin qoyub getdiyi, silinməz, bənzərsiz izdən danışırdılar...

Vaqif Mustafazadə (1940-1979) - Azərbaycan cazını dünya miqyasında tanıtmış, onu əyalət donundan çıxarmış böyük sənətkar... İlk baxışda quru anketlərdə qeyri-adi bir şey nəzərə çarpmır - musiqi məktəbi, A.Zeynallı adına musiqi texnikumu, Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyası, müxtəlif ansambllarda iş, konsertlər.

Lakin cazın SSRİ məkanında faciəli və ziddiyyətli varlıq formaları güzgü kimi Vaqif Mustafazadənin taleyində əks olunurdu. Bakının nüfuzlu caz ifaçılığı ən'ənələrini yeni səviyyəyə qaldırmaq missiyası Vaqifin öhdəsinə düşdü. Caza vurğunluq adi həvəs, maraq deyildi: bu, allah tərəfindən göndərilən vergi idi. Con Koltreyn, Bil Evans... onun üçün caz aləminin ilk bələdçiləri... Öz üslubunun axtarışları. Bu axtarışlar Tbilisidə yaşadığı illərdə yaratdığı "Qafqaz" caz triosunda, Bakıda "Leyli", "Sevil" vokal - instrumental ansambllarında, nəhayət, "Muğam" caz üçlüyündə özünəməxsus Vaqif Mustafazadə üslubunu cilalayırdı. Caz və muğam. İlk baxışdan bir-birindən uzaq olan, müxtəlif düşüncə tərzi, musiqi tutumunu əks etdirən iki aləm - Amerika cazı və Azərbaycan muğamı Vaqif Mustafazadə irsində doğmalaşır, üzvi surətdə birləşir. Məhz Vaqif Mustafazadə hər iki ən'ənənin improvizasiya, ritm quruluşu və melodik təbiətindəki ilişgiləri sezərək, onların kəsişmə nöqtəsindən yaranan, hər ikisini zənginləşdirən, müasirləşdirən "caz-muğam" üslubunu kəşf etdi... Bu, Vaqifin bədii kəşfidir və onu həmişə Vaqif üslubu kimi anacaqlar. Görkəmli caz mütəxəssisi V.Konover Vaqifin ifasını Tallində eşitdikdən sonra indi də bizi sarsıdan e'tirafında onu caz aləmində müqabili çətin tapıla biləcək qeyri-adi, ən lirik pianoçu adlandırmışdır. Vaqifin həyatının zirvəsi isə ömrünün son ili - 1979-cu il oldu. Monakoda keçirilən beynəlxalq caz kompozisiyaları müsabiqəsində Vaqif Mustafazadənin "Əzizəni gözləyərkən" bəstəsi ən yüksək mükafata layiq görüldü. 1979-cu il, əziyyətli, fərəhli bir yolun zirvəsi, əvvəli və sonu... kəsişməsi mümkün olmayan yol mərhələlərinin kəsişdiyi il... Vaqif Mustafazadənin ölümündən sonra onun musiqisi, bir də Mustafazadə soyadını yaşadan nəslin yeni nümayəndələri qaldı.

Mustafazadə soyadının xüsusi "çəkisini" Vaqifin hər iki qızı - Əzizə və Lalə musiqi aləmində qürurla hifz edir. Lalə Mustafazadə - (1965, Bakı) Bülbül adına musiqi məktəbini bitirərkən onun gələcəkdə pianoçu kimi parlayacağına artıq heç kəs şübhə etmirdi. Musiqi ifaçılarının IV Respublika müsabiqəsində laureat adı qazanan Lalə Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasına daxil olur. Gözəl musiqi duyumuna malik, texniki kamilliyi ilə əlvan ifa üslubunu uzlaşdıran Lalə Mustafazadə klassik repertuarın kamil təfsirçisi kimi püxtələşir. 1991-ci ildə o, Fransada beynəlxalq müsabiqədə ən yüksək mükafata layiq görülür. Hal-hazırda Lalə Mustafazadə Fransada yaşayır. Paris konservatoriyasında dərs deyir.

Vaqif Mustafazadənin caz nəfəsini onun qızı Əzizə (1969, Bakı) yaşadır. Böyük caz dünyasına qədəm qoyanda Əzizə yaş yarımlıq idi. Tez bir zamanda caz ilə yaşayan Əzizənin atasının yolunu davam etdirəcəyinə heç kəs şübhə etmirdi. Vaqifin həyatında böyük beynəlxalq uğuru nümayiş etdirən "Əzizəni gözləyərkən" kompozisiyası haradasa rəmzi mə'na daşıyırdı. Əzizə də Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasını pianoçu kimi müvəffəqiyyətlə bitirmişdir. Hələ məktəbdə oxuyanda o böyük iste'dad sahibi kimi diqqəti cəlb edir. Ü.Hacıbəyov adına pianoçuların respublika müsabiqəsində I mükafata layiq görülür. Bir azdan Əzizənin uğurlarının coğrafi hüdudları da genişlənir: 1988-ci ildə Vaşinqtonda T.Monk adına beynəlxalq müsabiqədə III mükafat. 1992-ci ildə Hamburq kamera orkestri ilə Klara Şumanın fortepiano konsertinin uğurlu ifası... 1989-cu ildə Polşada vokalçıların beynəlxalq müsabiqəsində II mükafat və gümüş medal... Dünyanın onlarca ölkəsində - Fransa, ABŞ, Almaniya, İngiltərə, Avstriya, İsveçrə, Finlandiya, İtaliyada konsertlər... Əzizə həm pianoçu, həm də caz müğənnisi kimi getdikcə ulduzlar aləminə daxil olurdu. Onu artıq təkcə dahi, unudulmaz Vaqifin qızı kimi deyil, öz üslubunu və simasını yaratmış parlaq sənətkar kimi tanıyırlar. Əzizənin, muğam və caz nəfəsini qovuşduran, e'cazkar səsi, fitri improvizasiya duyumu, genetik musiqi iste'dadı onu dünyanın tanınmış caz ulduzları sırasına qaldırmışdır. Təsadüfi deyil ki, İstambulda II beynəlxalq caz festivalında çıxışından sonra onu cazın "Azəri şahzadəsi" adlandırırdılar. 1997-ci ildə Kral klubunda böyük müvəffəqiyyətlə çıxış edən Əzizə "caz ulduzu" kimi uğurunun sevincini yaşadı. Hal-hazırda Almaniyada yaşayan Əzizə Mustafazadənin diskləri dünyanın ən populyar musiqi rəfində yer tutur.

Əzizə atası haqda belə yazmışdı: "Atamın həyatı çox qısa oldu. Lakin atam kimi musiqiçilər və ölüm - tamamilə fərqli anlayışlardır. Atamın gücü mənə keçir və biz birlikdə yaradırıq. Vaqif Mustafazadə mistik bir insan idi... "Ölüm məni tezliklə aparacaq, mən bunu bilirəm... Amma Əzizə mənim yolumu davam etdirəcək"...

İndi dünya cazında Azərbaycanın iki ulduzu parlayır - 60 illiyini qeyd etdiyimiz Vaqif Mustafazadə və uğurları ilə fəxr etdiyimiz Əzizə Mustafazadə... Mustafazadə nəslinin musiqi ən'ənələri yaşayır.

 

 


 
1  
copyright by musiqi dunyasi 1999-2000© design by grArt 2000©
Next Page Previous Page English Back to Home About site