u il anadan
olmasının 80 illiyini qeyd etdiyimiz, xalqımızın
görkəmli bəstəkarı, xalq artisti, professor Əşrəf Abbasov haqqında
yazını onun öz sözləri ilə başlamaq istərdim: "Yaşadığı mühitin
varlığına nüfuz etməyən, müasirlərinin həyatı, arzu və istəktləri
ilə yaşamayan sənətkarlar heç vaxt xalq tərəfindən sevilən əsərlər
yarada bilməzlər. Sənət adamı daim axtarmalı, qəhrəmanın daxili
aləminə nüfuz etməli, onu sevib-düşünən, qurub-yaradan bir insan
kimi qələmə almalıdır". Bu sözlər Ə. Abbasovun sənət amalını
ifadə etməklə yanaşı, həm də onun öz yaradıcılığını gözəl səciyyələndirir.
Yaradıcılıq
yoluna 30-cu illərdə tarzən kimi qədəm qoymuş Əşrəf Abbasov sonralar
musiqinin bir çox janrlarında qələmini sınamış bəstəkar, Azərbaycan
musiqisinin nəzəri problemlərini araşdırmış tədqiqatçı-alim, musiqi
həyatında baş verən hadisələrə öz münasibətini bildirmiş musiqi
tənqidçisi, musiqiçi kadrların yetişdirilməsində əməyini əsirgəməyən
pedaqoq, musiqimizin inkişafında əhəmiyyətli rolu olmuş ictimai
xadim kimi ad-san qazanmış, yüksək professional səviyyəyə ucalmış,
xalqın sevimli bəstəkarına çevrilmişdir.
Şuşada
doğulub, boya-başa çatmış Ə. Abbasov ilk musiqi təhsilini (tar
ixtisası üzrə) burada almış və gələcəkdə bəstəkar olacağını da
həmin dövrdə qərarlaşdırmışdır. Maraqlıdır ki, musiqi məktəbində
nəzəri fənlər üzrə müəllimi Üzeyir Hacıbəyovun tələbəsi olmuş
Fatma xanım Zeynalova onu musiqinin sirləri ilə, dahi bəstəkarların
yaradıcılığı ilə tanış etmiş və gənc musiqiçinin marağını bəstəkarlığa
yönəltmişdir. Ə. Abbasovun ilk bəstəkarlıq təcrübələri - tar üçün
kiçik həcmli, birsəsli texniki pyesləri ilə tanış olduqdan sonra
Ü. Hacıbəyov onun istedadını hiss etmiş və 1936-cı ildə Bakıya
oxumağa dəvət etmişdir. Həmin ildən Ə. Abbasovun yaradıcılıq tərcümeyi-halında
maraqlı, coşğun bir dövr başlanır.
Professional
musiqimizin banisi Üzeyir Hacıbəyovla ünsiyyətdə, yaxın təmasda
olması Əşrəf Abbasovun dünyagörüşünün, yaradıcılığının formalaşmasına
böyük təsir göstərmişdir. Ü. Hacıbəyov gənc bəstəkarlara belə
bir fikri təlqin edirdi: "Milli incəsənətin yüksək nümunələrini
yaratmaq üçün bəstəkar nəinki musiqi yaradıcılığının nəzəri əsaslarını
bilməli və bəstəkarlıq texnikasına mükəmməl yiyələnməli, həm də
xalq musiqisinin xarakterik xüsusiyyətlərinə və qanunlarına dərindən
bələd olmalıdır".
Bu sözlər
Ə. Abbasovun da yaradıcılıq qayəsinə çevrilmiş və o, bütün həyatı
boyu müəlliminin ənənələrinə sadiq qalmış, xalq musiqisinə yaradıcılıqla
yanaşmağı, milli lad-intonasiya və ritm xüsusiyyətlərini təfəkkür
süzgəcindən keçirməyi dahi sənətkardan öyrənmişdir. Məhz bunun
nəticəsidir ki, Ə. Abbasovun əsərləri yüksək professional səviyyəsi,
bədii məzmununun aydınlığı, mövzularının müasirliyi, parlaq emosionallığı,
səlis üslubu, xalq musiqisi ilə dərin bağlılığı ilə diqqəti cəlb
edir.
Ə. Abbasov
bütün ömrü boyu müəllimini dərin ehtiramla xatırlamış, Ü. Hacıbəyovun
yaradıcılığının ilk tədqiqatçılarından olmuş, violonçel ilə orkestr
üçün poemasını, "Ü. Hacıbəyov və onun "Köroğlu"
operası" mövzusunda elmi tədqiqat işini onun xatirəsinə həsr
etmişdir.
Azərbaycan
musiqi mədəniyyətində Ə. Abbasovun özünəməxsus yeri vardır. Geniş
dünyagörüşünə malik olan bəstəkar klassik irsi dərindən mənimsəyərək,
müasir musiqinin ən yaxşı nümunələrindən bəhrələnərək, milli musiqinin
məğzini çox gözəl duyaraq, canlı xalq dilində təravətli, bitkin
obrazlar yarada bilmişdir. Bəstəkar həmişə axtarışda olmuş, müraciət
etdiyi mövzuların ifadəsi üçün yeni, orijinal yollar aramışdır.
Buna görə də onun yaradıcılığı janr rəngarəngliyi ilə seçilir.
Ə. Abbasov
zəngin yaradıcılıq irsinə malikdir. O, "Qaraca qız"
baletinin, "Səndən mənə yar olmaz", "Dağlar qoynunda",
"Həyətim mənim, həyatım mənim" musiqili komediyalarının,
simfonik orkestr üçün "Konsertino", "Şuşa",
"Gələcək gün", "Dramatik poema" kimi əsərlərin,
"Heyran olmuşam", "Gözəl yar", "Qurban
olduğum", "Oxu bülbülüm", "Qarabağın qızları",
"Ceyranım gəl" və s. məşhur mahnı və romansların müəllifidir.
Ə. Abbasovun
yaradıcılığının ən maraqlı səhifələrini simfonik musiqi təşkil
edir. Bəstəkar simfonik musiqi sahəsinə bütün yaradıcılığı boyu
müraciət etmişdir. Onun simfonik orkestr üçün ilk əsəri tələbəlik
dövründə yazılmış "Rəqs süitası" idi. Bu əsər 1944-cü
ildə Tbilisidə keçirilən Zaqafqaziya incəsənəti ongünlüyündə hərarətlə
qarşılandı. Səmimi və aydın ifadə tərzi, melodik zənginliyi, orkestrləşdirilməsi
və forma bitkinliyi ilə diqqəti cəlb edən bu əsər həm də ona görə
əhəmiyyətli idi ki, Azərbaycanda yaranmış simfonik musiqinin ilk
nümunələri ilə bir vaxtda ərsəyə gəlmişdi. Bundan sonra yaranmış
əsərlər: "Ğvertyura", fortepiano ilə orkestr üçün Konsert,
simfonik orkestr üçün "Konsertino" bəstəkarın musiqi
üslubunun getdikcə püxtələşdiyini, onun irəliyə doğru inamlı addımlar
atdığını göstərdi.
Fortepiano
ilə orkestr üçün Konsert Azərbaycan instrumental musiqi sahəsində
bu janrın ilk nümunəsi kimi maraqlıdır. Azərbaycan Dövlət Konservatoriyasını
bitirərkən diplom işi kimi təqdim etdiyi simfonik orkestr üçün
"Konsertino" isə xüsusilə diqqətəlayiqdir. Zamanəmizin
böyük bəstəkarı D. Şostakoviç Ə. Abbasovun orkestrlə solo alətləri
üçün yazdığı "Konsertino"nu təravətli, parlaq və istedadlı
əsər kimi səciyyələndirərək demişdir ki: "Görünür, müəllif
təvazökarlıq edərək onu "Konsert" adlandırmamışdır.
Gözəl orkestrləşdirmə, zəngin məzmun, musiqi boyalarından qənaətlə
istifadə edilməsi bu əsərin repertuarda möhkəm yer tutmasına zəmin
yaradır". Zaman bu sözlərin həqiqət olduğunu sübut etdi.
Öz melodik orijinallığı, musiqi inkişafı ilə fərqlənən əsərdə
bəstəkar xalq musiqisinin dərinliyinə nüfuz edərək, onun ruhunu
qabarıq verməyə nail olmuşdur.
Simfonik
musiqi janrları arasında Ə. Abbasov simfonik poema janrına xüsusi
diqqət yetirmişdir. Yaradıcılığının müxtəlif dövrlərində yaranmış
"Şuşa" (1945), "Gələcək gün" (1952), "Dramatik
poema" (1962) əsərləri bəstəkarın yaradıcılıq üslubunun təkamül
prosesini bariz surətdə canlandırır. Bu əsərləri müqayisə etdikdə
onların bədii cəhətdən inkişaf etdiyini, bəstəkarlıq texnikasının
kamilləşdiyini görə bilərik. "Şuşa" simfonik poemasında
bəstəkar doğma yurdun gözəlliklərini, uşaqlıq xatirələrinin doğurduğu
kövrək hissləri əks etdirmişdir. Görkəmli Azərbaycan yazıçısı
Mirzə İbrahimovun əsəri əsasında yazılmış "Gələcək gün"
simfonik poemasında bəstəkar müharibə və sülh mövzusuna öz münasibətini
bildirərək, gərgin ruhlu, dinamik bir əsər yaratmışdır. "Dramatik
poema"da müasir dövrün cöşğun və ziddiyyətli abı-havası orijinal
cizgilərlə səciyyələndirilmişdir. Buradakı hər bir ifadə, hər
bir ştrix əsərin ideyasının açılmasına xidmət edir.
Bunlardan
başqa, bəstəkar simfonik orkestr üçün "Qaraca qız" baleti
əsasında üç simfonik süita da yaratmışdır.
Bütün
bu əsərlər Niyazi, Alqis Jüraytis, Staseviç,
R. Abdullayev
kimi görkəmli dirijorların təfsirində səslənərək, müəllifinə böyük
şöhrət gətirmişdir. Onu da deyək ki, Ə. Abbasovun özünün də bu
əsərlərə dirijorluq etməsi onun çoxcəhətli istedadının daha bir
sahəsi haqda danışmağa imkan verir.
Ə. Abbasov
yaradıcılığının müxtəlif dövrlərində instrumental musiqiyə də
müraciət etmiş və skripka, violonçel, fortepiano, nəfəsli alətlər
üçün, həmçinin, kamera ansanblı, xalq çalğı alətləri orkestri
üçün də əsərlər yazmışdır. Onun bu qəbildən olan əsərləri tədris
proqramlarına daxil edilərək pedaqoji repertuarı genişləndirmişdir.
Ə. Abbasovun
"Qaraca qız" baleti bəstəkarın mühüm yaradıcılıq uğuru
kimi qiymətləndirilir. Səhnə janrının xüsusiyyətlərini gözəl bilən,
eyni zamanda, yeni yaradıcılıq yolları axtaran bəstəkar bu əsərini
əsil sənətkar ilhamı ilə yazmışdır. 1968-ci ildə Azərbaycan Dövlət
Opera və Balet teatrının səhnəsində tamaşaya qoyulmuş "Qaraca
qız" baleti görkəmli yazıçı Süleyman Sani Axundovun eyniadlı
hekayəsi əsasında yazılmışdır. Əsər dostluq naminə öz həyatını
qurban vermiş yetim bir qızın ağır və fəciəli taleyindən bəhs
edir. Baletin libretto müəllifi respublikanın xalq artisti Əfrasiyab
Bədəlbəyli xoreoqrafiya sənətinin tələblərinə uyğun, dərin dramaturji
təsir gücünə malik bir libretto işləyib hazırlaşmışdı. Onu da
deyək ki, tamaşanın dirijoru da Ə. Bədəlbəyli olmuşdur.
"Qaraca
qız" baletində bəstəkar milli xoreoqrafiya ilə klassik balet
ənənələrinin gözəl vəhdətinə nail ola bilmişdir. Baletin emosional,
milli koloritə malik musiqisi maraqlı, qabarıq səciyyəli obrazlar
yaratmağa xidmət edir. Məhz bu xüsusiyyət xoreoqraf, xalq artisti
Qəmər Almaszadəyə əsərə yüksək bədii zövq və sənətkarlıqla qəhrəmanların
psixoloji vəziyyətini, hadisələrin gedişini düzgün əks etdirən
quruluş verməyə imkan yaratmışdır. Musiqi və rəqsin vəhdəti əsərin
emosional təsirini artırır. Bəstəkar hadisələrin dramatizmini
və obrazların psixoloji səciyyəsini gərgin və parlaq harmonik
ahənglər, tembr rəngarəngliyi, maraqlı polifonik ünsürlər vasitəsilə,
xalq musiqi intonasiyalarından istifadə etmək yolu ilə verir.
Vaxtilə
Azərbaycan musiqisində ilk uşaq baleti kimi qiymətləndirilmiş,
uşaqlarla yanaşı yaşlı tamaşaçıların da dərin rəğbətini qazanmış
"Qaraca qız" baleti, çox təəssüf ki, bu gün artıq səhnəyə
qoyulmur. Repertuar kasadlığından şikayətlənən Opera və Balet
teatrımızın, yəqin ki, bu çür gözəl və maraqlı əsərə diqqət yetirməsi
məqsədəuyğun olardı.
Ə. Abbasov,
həmçinin, üç musiqili komediyanın müəllifidir: M. Əlizadənin mətninə
yazılmış "Səndən mənə yar olmaz" (1963), A. İsgəndərovun
liberttosuna "Dağlar qoynunda" (1970) və C. Məmmədovun
mətninə "Həyətim mənim, həyatım mənim" (1977). Hər üç
əsər Ş. Qurbanov adına Azərbaycan Dövlət Musiqili Komediya Teatrında
səhnəyə qoyulmuşdur.
Mövzusu
müasir həyatdan alınmış bu musiqili komediyalarda dostluq, düzgünlük,
məhəbbət kimi gözəl xüsusiyyətlər vəsf olunur, tüfeylilər, yaltaqlar,
namuslu əməyə xor baxanlar gülüş hədəfinə çevrilirlər. Ə. Abbasov
musiqili komediyalarında ayrı-ayrı obrazların xarakterini musiqi
vasitəsilə qabarıq canlandırmağa müvəffəq olmuşdur. Bu əsərlərdə
Nəsibə Zeynalova, Siyavuş Aslan, Hacıbaba Bağırov, Mobil Əhmədov,
Məmmədsadıq Nuriyev kimi görkəmli aktyorların iştirakı tamaşaların
daha baxımlı və uğurlu alınması üçün zəmin yaratmışdır.
Ə. Abbasov
vokal lirikası sahəsində də gözəl nümunələr yaratmışdır. Vətən
məhəbbəti, əməkdən doğan sevinc bəstəkarın əksər mahnılarının
mövzusunu təşkil edir. Xüsusilə lirik duyğuların tərənnümünə həsr
edilmiş romanslar qəlbləri riqqətə gətirir. Bəstəkarın "Heyran
olmuşam" (sözləri M. P. Vaqifindir), "Ey Füzuli"
(sözləri M. Füzulinindir), "Oxu bülbül" (sözləri A.
Şaiqindir), "Qurban olduğum" (sözləri M. Müşfiqindir)
və başqa romansları şəffaf lirikası, yüksək emosionallığı, musiqi
ilə poetik mətnin vəhdəti ilə səciyyələnərək, Azərbaycan vokal
musiqisinin ən gözəl nümunələri ilə bir cərgədə durur. Ə. Abbasovun
"Ceyranım gəl" mahnısı isə çox populyarlaşaraq, müğənnilərimiz
tərəfindən bəzən xalq mahnısı kimi təqdim olunaraq, indi də ifa
olunur.
Mahnı
və romanslardan əlavə, Ə. Abbasovun yaradıcılığında vokal musiqi
sahəsi, həmçinin xor əsərləri ilə də təmsil olunmuşdur. Bunlar
da əsasən respublikanın ictimai həyatında baş vermiş əlamətdar
hadisələrə həsr olunmuş əsərlərdir. Onların əsas qayəsini vətən
və xalq məhəbbəti təşkil edir.
Ə. Abbasovun
yaradıcılığından danışarkən, Ə. Bədəlbəylinin sözlərini də yada
salmaq yerinə düşərdi: "Həqiqi bəstəkar olmaq üçün üç əsas
amilə yiyələnmək zəruridir: istedad, zəhmətsevərlik, bəstəkarlıq
texnikasını yüksək səviyyədə mənimsəmək. Lakin bəstəkarın yaradıcılığını
yüksək səviyyəyə qaldıran, onu dinləyiciyə sevdirən bir vacib
cəhət də var: ideya saflığı, məfkurə təmizliyi, xəlqilik prinsiplərinə
riayət". Bütün bunlar məhz Ə. Abbasovun yaradıcılığının səciyyəvi
xüsusiyyətləridir.
Ə. Abbasovun
fəaliyyətinin bir sahəsi də musiqi elmi ilə bağlı idi. O, 1952-ci
ildə Moskvada "Üzeyir Hacıbəyov və onun "Koroğlu"
operası" mövzusunda dissertasiya müdafiə edərək sənətşünaslıq
namizədi alimlik dərəcəsinə layiq görülmüşdü. Onu da qeyd edək
ki, Ə. Abbasov respublikamızın bəstəkarları arasında ilk sənətşünaslıq
namizədi idi. Bununla yanaşı, o, musiqi aləmində baş verən hadisələrə,
yeniliklərə biganə qalmayaraq, həmişə öz sözünü demiş, tənqidi
fikirlərini bildirmiş, musiqi sənətinin müxtəlif məsələlərinə
həsr olunmuş məqalələrlə dövri mətbuat səhifələrində çıxış etmişdir.
Onun dərin məzmunlu məqalə və çıxışları Azərbaycan musiqisinin
inkişafına xidmət etməklə bərabər, xarici ölkələrdə də böyük maraq
doğurmuş və müxtəlif elmi məcmuələrdə çap olunmuşdur. O, həm də
Azərbaycan musiqişünaslarının musiqi tarixi və nəzəriyyəsi üzrə
yazdıqları bir çox elmi kitabların redaktoru olmuşdur.
Ə. Abbasovun
çoxcəhətli yaradıcılığından bəhs edərkən, onun pedaqoji və ictimai
fəaliyyətini də diqqətdən kənarda qoymaq olmaz.
Ə. Abbasov
1947-48-ci illərdə A. Zeynallı adına Musiqi Texnikumunun direktoru
olmuş, sonrakı həyatını isə Ü. Hacıbəyov adına Azərbaycan Dövlət
Konservatoriyası ilə bağlamış, müəllimlikdən professora qədər
yüksəlmiş, müəyyən vaxtlarda konservatoriyanın rektoru (1953-57-ci
illərdə), bəstəkarlıq kafedrasının müdiri (1957-72-ci illərdə)
vəzifələrində çalışmışdır. O, həmçinin, Azərbaycan Bəstəkarlar
İttifaqının I qurultayından başlayaraq ömrünün sonuna kimi İdarə
heyətinin üzvü olmuşdur.
Bütün
ömrünü, istedadını, yaradıcılığını musiqimizin inkişafına həsr
etmiş Əşrəf Abbasovun adı musiqi tariximizdə əbədi həkk olunmuş,
onun əsərləri zamanın imtahanından şərəflə çıxaraq, xalqımızın
qəlbində özünəməxsus yer tutmuşdur.