R.M. Qlier       
və azərbaycan musiqi mədəniyyəti      
G. Vəzirova           
1  
R. Əfəndiyev
Molla Cümə

G. Vəzirova
R.M. Qlier və azərbaycan musiqi mədəniyyəti

S. Həsənova-İsmayılova
Əsfər Abbasov – 80

F. Əliyeva
Vaqif Mustafazadə

 
 

us musiqi mədəniyyətinin görkəmli nümayəndəsi, Çaykovski, Taneyev və "Moquçaya kuçka" bəstəkarlarının estetik prinsiplərindən bəhrələnən Qlier, öz yaradıcılıq fəaliyyəti ilə rus musiqi klassikasının ideallarına sədaqətini isbat etmişdir.

Demək olar ki, elə bir janr yoxdur ki, bəstəkar öz əsərlərində ona xitab etməsin. Bu, həm simfonik janrlar, həm instrumental ansambllar, həm romanslar, həm də keşmiş Sovet İttifaqı balet incəsənətinin inkişafında böyük rol oynamış baletlərdir. Lakin bəstəkarın yaradıcılıq fəaliyyətində xüsusi yer tutan opera irsini qeyd etməsək, onun yaratdığı əsərlərin siyahısı tam sayıla bilməz. Bəstəkarın tərcümeyi-halının bu səhifəsi onu çoxmillətli sovet musiqisinin görkəmli təbliğatçısı kimi, milli mədəniyyətlərin təşəkkülü dövründə respublikalara böyük kömək göstərən usanmaz xadim kimi xarakterizə edir.

Bəstəkarın opera yaradıcılığından söz açmazdan öncə rus klassik musiqisinin səciyyəvi xüsusiyyətlərindən birini yada salaq - bu, rus bəstəkarlarının digər milli mədəniyyətlərin, xüsusilə Şərqin xalq musiqisi dünyasına dərin və düşüncəli nüfuzudur. Bu haqda çox fikirlər irəli sürülüb, lakin, "Şərq haqqında rus musiqisinin" bu özünəməxsus ənənəsinin artıq Qlinkanın yaradıcılığında müəyyən olunması və bir sıra digər bəstəkarlar tərəfindən layiqli davam etdirilməsini qeyd etmək münasib olardı. Əsl şərq melodiyalarının klassiklərin əsərlərində istifadəsi heç zaman mexaniki olmamışdır. Bu həmişə yüksək bədii formalı əsərlər idi ki, onlarda intonasiya, melodik ifadə, ritmik şəkil elə ustalıqla işlənmişdir ki, melodiya ilkin formasını qoruyub saxlamışdır. Bu əsərlərin məzmunu isə, şərq musiqisi inkişafının zəngin imkanlarını sübut edən, yüksək professional texnika vasitələri ilə açılmışdır. Bu mənada Qlier rus musiqi klassikası ənənələrinin layiqli davamçısı olmuşdur.

Qlierin həyatı elə formalaşmışdır ki, o bir neçə il ərzində rus imperiyası, sonra isə SSRİ respublikalarında yaşamalı olmuşdur.

Ğkraynada keçmiş uşaqlıq illəri, sözsüz ki, bəstəkarın "eşitmə idrakında" ölkənin musiqi folklorunun nümunələrini həkk etdirmişdir. Müxtəlif şərq respublikalarında keçirilmiş bir neçə il, xalq melodiyaları ilə yaxından tanışlıq həyatı təəssüratların güclü axınını təmin edir və böyük yaradıcılıq planları yaradırdı. Xalq nəğmələri, instumental havaları tədqiq edərək və işləyərək, bəstəkar onları artıq öz fərdi bəstəkarlıq üslubunun komponenti kimi assimilyasiya edirdi. Müəllifin yaradıcılığında "Xəlqiliyin beynəlmiləl izahı ideyası" aparıcı prinsip kimi irəli sürülürdü.

Sovet hakimiyyətinin ilk illərindən Qlier bütün qüvvəsini gənc sovet musiqi mədəniyyətinin çoxmillətli mədəniyyət kimi inkişafına sərf edir. Yuxarıda deyildiyi kimi, sovet musiqisi inkişafında o böyük rol oynamışdır və folklor materialı əsasında bir sıra əsərlərin yaranması məhz onun adı ilə bağlıdır. Özbəkistan XSK yanında İncəsənət işləri üzrə İdarə tərəfindən, Moskvada keçirilən Özbəkistan incəsənəti və ədəbiyyatı dekadasına hazırlıq üzrə konsultant kimi dəvət edilmiş Qlier tezliklə xalq melodiyaları əsasında sonradan milli opera incəsənətinin əsl nümunəsi olan "Gülsara" operasını bəsətələmişdir.

Azərbaycan musiqi mədəniyyətinin inkişafında Qlierin xüsusi rolu olmuşdur.

R. M. Qlieri azərbaycan xalq musiqisi ilə, onun rektor olduğu Kiyev Konservatoriyasında (1915-1921) vokal sinfi üzrə təhsil alan məşhur müğənni Ş. Məmmədova tanış etmişdir. Şövkət xanımın dilindən Qlier, müğəninin konsert repertuarına daxil olan bütün melodiyaları qələmə almış, işləmiş və harmonizasiya etmişdir. Onlardan bir çoxları sonradan "Şahsənəm" operasının əsasını təşkil etmişlər. Azərbaycan musiqi materialı üzərində böyük musiqi lövhəsi - opera yaratmaq arzusu yalnız 1924-cü ildə həyata keçirilmişdir.

Ş. Məmmədovanın təşəbbüsü ilə Azərbaycanın MXK Qliyeri respublikaya, azərbaycan folkloru materialı əsasında opera yazmağa dəvət etmişdir.

Bildiyimiz kimi, bu dövrdə respublikanın musiqi həyatı son dərəcə gərgin vəziyyətdə idi. Qəzetlərin səhifələrində, azərbaycan opera incəsənətinin inkişaf yolları haqda diskussiyalar aparılırdı. (Məlum olduğu kimi, Azərbaycanda - bütün şərqdə ilk dəfə olaraq, milli "muğam" operası yaradılmışdır). Milli musiqinin "özünəməxsus" inkişaf yolları haqqında bir sıra fikirlərə müqabil olaraq, azərbaycan musiqisinin mütərəqqi mütəfəkkirləri, azərbaycan musiqi mədəniyyəti təşəkkülünün dünya musiqi incəsənətinin vahid inkişaf prosesində iştirakının zərurətini sübut etməli olurdular.

Opera yaradılması vəzifəsi həm də ona görə mürəkkəb və məsuliyyətli idi ki, onu yüksək ideya mənası və böyük etik məzmunun obraz və süjet materialı üzrə qurmaq lazım idi. Opera bəstələməyin bir problemi də onda idi ki, "Şahsənəm" operasının yazıldığı dövr üçün artıq bir sıra muğam operaları, məsələn Ü. Hacıbəyovun "Leyli və Məcnun" və digər operaları, Z. Hacıbəyovun, M. Maqomayevin operaları var idi. Lakin bütün bu diskussiyalar əsassız deyildi. Belə ki, texniki və professional cəhətdən hazırlıqlı möhtəşəm ustadın bu problemin yaradıcı həllinə cəlb olunması, azərbaycan opera yaradıcılığı üçün labüd kömək idi.

Bakıda qaldığı dövr ərzində Qlier dəfələrlə Ü. Hacıbəyov və azərbaycan folklorunun mahir ustaları: populyar xalq xanəndəsi, hərtərəfli ziyalı insan, xalq musiqisi və poeziyasını dərindən bilən C. Qaryağdı, tarzən Q. Primov, gözəl müğənni Bülbül ilə görüşmüşdür. Onlar bəstəkarı Azərbaycan xalq musiqisi ilə yaxından tanış etmiş və ona misilsiz musiqi folkloru materialını toplamaq və nota almaqda böyük köməklik göstərmişlər. Diqqətəlayiq melodiyalar, xalq rəqslərini qeydə alaraq və öyrənərək bəstəkar, Azərbaycan melosunun mədəniyyətini dərindən tədqiq etmişdir. Və bunun nəticəsi olaraq, əfsanəvi xanəndə Aşıq Qərib haqqında azərbaycan xalq dastanının süjeti əsasında 1924 ildə "Şahsənəm" operasını bəstələmişdir (librettosu Qalperinin).

Yalnız 1926 ildə opera teatrında operanın variantı

(I akt) səhnəyə qoyulmuşdur. 1927-ci ildə isə opera tam olaraq səhnələşdirilmişdir.

Lakin o dövrdə azərbaycan musiqi teatrında olan ifaçılıq imkanları nəzərə alınmaqla səhnələşdirilən opera müəllifin ideyasına tam olaraq cavab vermirdi. Yalnız 1934-cü ildə nəhayət, məşhur dramaturq C. Cabbarlının iştirakı ilə azərbaycan dilində, müəllifin ideyası tam olaraq realizə olundu.

Yeni Azərbaycan opera teatrının yaranmasının mürəkkəb yaradıcılıq problemlərini həll edərkən Qlier ilk növbədə əsasına özünün nota aldığı azərbaycan xalq mahnılarını qoyduğu gələcək operanın melodik sferasına xüsusi diqqət yetirmişdir. Qlier, bir bəstəkar kimi ona məxsus üslubda, və eyni zamanda "Moquçaya kuçka" bəstəkarlarının yaradıcılığında geniş vüsət tapmış "oriyentalizm" ruhunda, azərbaycan mahnılarını işləmiş, bir çox hallarda melodik dilini, inkişaf etdirmişdir. Lakin, rus oriyentalizminin ənənələrini davam etdirərək, bəstəkar eyni zamanda daha dərinə getmiş, bu orientalizmin konkretizasiyası yolu ilə irəliləmişdir və bununla da milli mədəniyyət məktəblərinə yaxın olmağa çalışmışdır, musiqi materialının xalq melosu üçün səciyyəvi olan (kupletlər, variantlıq) forma və metodlarına müraciət etmişdir, muğam fraqmentlərinə də xitab etmişdir.

Operanı yaradarkən Qlier dinləyicilərin tələbatını çox yaxından dərk edə bilmişdir. O, azərbaycan xalq musiqi mədəniyyətinin inkişaf perspektivlərini və öz qarşısında qoyulan vəzifəni çox gözəl anlayırdı.

Bu vəzifə isə, xalqa tanış intonasiya sferası əsasında, inkişaf etmiş harmonik, polifonik dilli, rəngarəng fakturalı orkestr müşayiətli, klassik opera forma və janrlarının istifadəsi ilə opera əsəri yaratmaq idi. Qlierin Şərq haqqında rus musiqi klassikası ənənələri ruhunda yaratdığı musiqili-səhnə əsəri bir daha azərbaycan xalq melodiyalarının ümumavropa musiqisinə xas janr xüsusiyyətləri, prinsip və üsullarla ahəngi imkanlarını sübut etmişdir. Və bir daha dinləyicini, bu prosesin milli musiqini onun köklərindən qoparmadığını, əksinə, onu yeni ifadə vasitələri ilə zənginləşdirilməsində əmin edə bilmişdir. Qlier özü yazırdı ki, "əgər Avropa texniki vasitələri

ilə Şərq milli musiqisini zənginləşdirmək olarsa, bu musiqi ümumilikdə dünya musiqi mədəniyyətində hədsiz rol oynaya bilər". Bəstəkarın bu fikri həqiqətən də bəsirətli idi.

Üz. Hacıbəyov həmin əsəri, Azərbaycan musiqisinin simfonizmə yaxınlaşmasında xalq yaradıcılığı əsasında mürəkkəb formaların yaranmasında mühüm naihiyyətlərdən biri adlandırmışdır. O yazırdı ki, Qlier tərəfindən məharətlə bəstələnmiş əsər yeni Azərbaycan opera mədəniyyətinin təməlini qoymuşdur.

"Şahsənəm" operası bir daha Qlierin xalq musiqisinə diqqətli münasibətini, onun Avropa musiqi vasitələri ilə üzvi işlənməsini, ən əsası isə - milli mədəniyyətin inkişaf problemlərinin dərindən dərk etdiyini təsdiq etmişdir.

İlham və məharət - Qlierin Azərbaycanda fəaliyyətinin səmərəliliyini məhz bu ünsürlər şərtləndirmişdir. Nəticəsi opera olan bu fədakar zəhmət ilə Qlier Azərbaycan musiqi incəsənətini zənginləşdirmişdir.

Təbiidir ki, rus bəstəkarı kimi Qlier milli üslubun yaradıcısı ola bilməmişdir, sözün düzü, o öz qarşısına belə bir vəzifə də qoymamışdır.

Belə ki, milli operanın yaranması, milli bəstəkarların öz "əllərinin işi" olmalı idi. Və yalnız bir neçə il sonra Üz. Hacıbəyov Azərbaycan professional incəsənəti tarixində yeni səhifə açmış "Koroğlu" operasını yaratmışdır.

 

 


 
1  
copyright by musiqi dunyasi 1999-2000© design by grArt 2000©
Next Page Previous Page English Back to Home About site