zərbaycan xalqının
tarix boyu yaratdığı ən böyük mədəni sərvətlərdən biri də mahnı
olması, zənnimcə, şübhəsizdir. Mahnının xalqın həyatında yeri haqqında
çox sayda elmi əsərlər, məqalələr, müxtəlif araşdırmalar (musiqi
tədqiqatçıları tərəfindən) dəfələrlə yazılmışdır. Və bu gün hamıya
aydındır ki, mahnı xalqın mədəni yaşamının vacib bir ünsürüdür,
onun məişətinin ayrılmaz bir hissəsidir. Musiqinin müxtəlif janrlarına
nisbətən, mahnı tarixin hər bir kəsiyində xalqın yaşamını daha tez
və çevik əks etdirə bilir. Nəzərə alsaq ki, xalqın əksəriyyəti mahnı
dinləməyi sevir - aydın olar ki, mahnı insanların bədii zövqünün
formalaşmasında müstəsna rol oynayır və cəmiyyətə güclü tə'sir etmək
qüvvəsinə malikdir. Bu mənada, mahnı həqiqətən ən demokratik musiqi
janrıdır. Xalqın mahnı yaradıcılığını tədqiq etmək, fikrimcə, müəyyən
mə'nada həm də onun tarixinin tədqiqi deməkdir. Çünki bütün az-çox
sayımlı tarixi hadisələr Azərbaycan mahnılarında öz musiqili həllini
tapmışdır. Bütün bunlara əlavə etsək ki, Azərbaycan mahnılarının
intonasiya zənginliyi musiqimizin bütün başqa janrlarına birbaşa
tə'sir etmişdir, bu tə'sir davam etməkdədir və yəqin ki, həmişə
olacaq - aydın olar ki, Azərbaycan mahnısının taleyinə biganə qalmaq
- musiqimizin gələcəyinə biganə qalmaq deməkdir!
Bəs çağdaş Azərbaycan
mahnısının bugünkü durumu necədir və onun inkişaf yolunun perspektivləri
üfüqlərdə nə şəkildə görünür? Bu suala cavab vermək üçün Azərbaycan
mahnısının keçdiyi yola qısaca nəzər salmağa ehtiyac var. Bu yolu
zaman baxımından üç hissəyə bölmək olar: I - qədim vaxtlardan peşəkar
bəstəkarlıq fəaliyyətinin Azərbaycana gəldiyi zamana qədər - yəni,
DÜNəN; II - XX əsrin əvvələrindən müstəqilliyimizi bərpa edənə qədər
- BəSTəKAR MAHNISI və III - son illər - BU GÜN.
I. DÜNƏN
Azərbaycan xalqı
şərq xalqları qrupuna daxil olduğundan, əsrlər boyu bütün şərq xalqları
ilə birgə yaşayıb inkişaf etdiyindən, onun mədəniyyəti, şərq dünyagörüşü
və məişətinin bir hissəsi olub. Xalq mahnılarımız da əsrlər boyu
şərq ab-havasının tə'siri altında inkişaf edib, onunla qaynayıb-qarışıb.
Qədim karvan yolları Azərbaycandan da gəlib keçib, və bu yollarla
ticarət malları ilə yanaşı müxtəlif şərq xalqlarının mədəniyyət
nümunələri də bu torpağa gəlib. Öz növbəsində, azərbaycanlılar Şərqə
saysız-hesabsız səfərlər edərkən, o ölkələrin musiqi nümunələrini
də mənimsəyiblər. Təbii ki, bu sıx ünsiyyətin musiqimizə tə'siri
olmaya bilməzdi. Nəticədə Azərbaycan mahnısı özünəməxsusluğunu qoruyub
saxlamaqla yanaşı, müxtəlif şərq xalqlarının musiqi ünsürləri ilə
zənginləşmişdir. Qeyd etmək lazımdır ki, orta əsrlərdə Azərbaycanda
mahnı çox münbit bir şəraitdə inkişaf edirdi - onu muğamat və aşıq
sənəti kimi nəhəng musiqi axınları əhatə edir, onlar mahnıdan, mahnı
isə onlardan faydalanırdı. Bütün mərasimlər xalqın ruhuna uyğun,
həmahəng şəkildə keçirilirdi, televiziya, radio və səsyazma kimi
güclü, həm də birtərəfli tə'sir vasitələri yox idi, xalq yaradıcılığı
bulaq kimi qaynayırdı. Bu gün bizə gəlib çatan minlərlə xalq mahnılarının
gözəlliyindən doymaq olmur, onları dinlədikcə, heyran olursan. Həmin
mahnıların əksəriyyətini, məncə, musiqi ifaçıları, müğənnilər və
xanəndələr bəstəliyirdilər. Yəni, musiqiçilər öz repertuarlarını
özləri yaradırdılar və mahnılar tez bir zamanda gündəlik həyata
daxil olurdu. Demək olar ki, bəstəkarlıq peşəsi bir növ qapalı və
gözəgörünməz idi - daha doğrusu, ifaçının repertuarının zənginləşməsi
üçün yardımçı bir vasitə idi. Orta əsrlər bəstəkarlarının adlarının
na'məlum qalmasının səbəbləri də, yəqin ki, bununla izah oluna bilər.
Orta əsrlərdə mahnıların
taleyini mədəniyyət nazirlikləri, müxtəlif bədii şu'ralar, münsiflər
hey'ətləri yox, xalq özü müəyyənləşdirirdi. Mahnılarda müxtəlif
"yabançı"ünsürlərin mövcudluğuna heç bir əhəmiyyət vermədən, musiqidə
gözəlliyə, bədii keyfiyyətə daha çox qiymət verilirdi. "Yabançı"
ünsürlər dedikdə, qonşu şərq xalqlarının musiqisindən gəlmiş müxtəlif
elementləri nəzərdə tutmaq olar. Bu elementlər olduğu kimi yox,
- yaradıcı təxəlüyündən keçərək, azərbaycanlaşdırılırdı, türkləşdirilirdi.
Belə xalq mahnılarına çox sayda rast gəlmək olar. Bu üsul muğamat
və aşıq sənəti ilə mahnı arasında da qarşılıqlı mənimsəmələr şəklində
işlədilirdi. Nəticədə elə mahnılar yarandı ki, həm aşıq sənətinin,
həm də mahnı sənətinin müştərək məhsulu sayıla bilər.Ümumiyyətlə,
Azərbaycan musiqi təfəkkürü dışarıya həmişə açıq olub, bəşəri musiqinin
nailiyyətlərini öz süzgəcindən keçirərək, keyfiyyətcə yeni bir pilləyə
yüksəlməyə bacarıb, heç vaxt hansısa bir bədii və ideoloji çərçivəyə
sığmayıb, daim yeni keyfiyyət üfüqlərinə doğru irəliləyib.
Bütün yuxarıda qeyd
olunanların bir nəticəsi kimi, demək olar ki, XX əsrin əvvəllərinə
gəlib çıxmış Azərbaycan mahnılarının əksəriyyəti "xalq mahnısı"
adlanan, zamanın dərinliklərindən gələn, Qoca Şərqin Azərbaycan
adlanan torpağında yaşayan xalqın iste'dadının, təxəyyülünün və
dünyagörüşünün məhsuludur. Azərbaycan xalq mahnısı - Şərq mahnısıdır!