AZӘRBAYCAN MAHNISI:        
"YOL AYRICINDA"        
  Cavanşir Quliyev           
1   2   3   4  
Y. Axundzadə
Azərbaycanda hərbi-orkestr xidmətinin tarixçəsı

C. Quliyev
Azərbaycan mahnısı:
"Yol ayrıcında"

 

 

 

 

English English
        

Bugünkü mahnıya nəzər saldıqda, hansı xüsusiyyətləri qeyd etmək olar? İlk növbədə, müasir elektron musiqi alətlərinin vasitəsi ilə xeyli artan aranjiman ustalığı və nəticədə aranjimançı peşəsinin ayrıca, müstəqil bir peşə kimi formalaşması. Artıq mahnının müəllifləri ilə yanaşı aranjimançının da adının qeyd olunması vaxtı yetişib. Bununla yanaşı, çox vaxt mahnıda aranjiman ustalığı müəllif ustalığından daha yüksək olur. Bu qeyri-normal bir vəziyyətdir. ən vacib məsələ isə, zənnimcə, fərdi üslubu olan müəlliflərin sayının kəskin şəkildə azalmasıdır. Bunun iki səbəbi var. Birincisi odur ki, mahnı sənətinə çox sayda təsadüfi adamlar gəlib və fərdi üslubun necə yaranması haqda təsəvvürləri belə yoxdur. Və bir qayda olaraq, yazıları bir sıra başqa bəstəkarların əsərlərinə bənzəyir. Özünəməxsusluq isə yoxdur. İkincisi, müəllifin olan-qalan üslubu da usta aranjimançının üslubunun içində əriyib yox olur. Bu səbəbdən, mən bəstəkarın öz əsərinin özü tərəfindən aranjiman etməsinin tərəfdarıyam. Bu, üslubu saxlamaq üçün daha bir zəmanətdir. Müasir mahnının başqa bir darıxdırıcı cəhəti də mövzüların, yəni musiqi motivlərinin, intonasiyaların kasıblığıdır. Çox nadir hallarda, həqiqətən, yeni və tapıntılarla zəngin, gözəl mahnı melodiyalarına rast gəlmək olur. Birbaşa plaqiat (yəni"oğurluq"!) halları da çoxalıb.

Müasir mahnıların içində son zamanlar Şərq, yəni, türk, fars, ərəb musiqisinin güclü tə'siri altında yazılmış mahnılara da rast gəlmək olur. Bu halı, uzun illər bizdən ayrı qalmış, lakin indi əlaqələri bərpa etmək imkanını əldə etdiyimiz Şərqə yaxınlıq hissinin təzahürü kimi də qiymətləndirmək olar.

Lakin, bütün xətalarla yanaşı, hesab edirəm ki, müasir Azərbaycan mahnısı hərəkətdədir, onun inkişaf potensialı böyükdür, indi də gözəl mahnı nümunələri yaranır və səmərəli axtarışların uğurlu nəticələri də var. Müasir mahnımızı böyük bir axına bənzətmək olar ki, bu axında bulanıq sular ilə yanaşı büllur kimi bulaq suyunun da payı var: H. Xanməmmədov, A. Məlikov, V. Adıgözəlov, E. Sabit-oğlu, A. Bəbirov, R. Mirişli, R. Mustafaev, F. Sücəddinov, R. Qasımova, E. Mansurov, C. əmirov, V. Gəray-zadə, "RAST" qrupu.

YOL AYRICINDA

Bu gün Azərbaycanda çox sayda mahnılar yazılır, müəlliflər də çoxdur, üslub e'tibarı ilə də bu mahnılar müxtəlifdir. Azərbaycan mahnısının bugünkü sifətini mən, hələlik, sifətsizlik adlandırardım. Estetik me'yarlar dəyişilir, uzun illər böyük bəstəkar nəslinin zəhməti və iste'dadı bahasına qazanılan bə'zi nailiyyətlər itirilməkdə və dəyişdirilməkdədir. əvəzində yeni avazlar, hələlik bizə yad görünən intonasiyalar eşidilir, yeni bir estetik platformaya doğru, zəif də olsa, hərəkət sezilməkdədir. Özü də bu hərəkət şıltaqlığa bənzəmir, cəmiyyətin yaşamının dəyişilməsi ilə tələbata uyğun paralel olaraq baş verir. Gözümüzün önündə Azərbaycan mahnısı simasını və libasını dəyişir. Ab-hava hansısa keçid mərhələsinə bənzəyir.

Keçid? Haraya keçid? Bir tərəfdən kütləvi surətdə bizə gələn türk, ərəb, fars, rus mahnıları, o biri tərəfdən müasir rok, pop, caz-rok, Avropa və Amerika əyləncəli musiqisinin digər cərəyanları Azərbaycan musiqi düşüncəsinə qovuşaraq, gələcəkdə yeni tipli bir Azərbaycan mahnısından işarə verir. Mənə elə gəlir ki, gələcəyin mahnısı daha çox uzun illər ayrı düşdüyü Şərqlə müəyyən qədər yaxınlaşacaq, ancaq bu yaxınlaşma orta əsrlərdəki kimi yox - bərabər səviyyədə, Şərqlə bir yerdə müasirləşərək baş verəcək. Bu zamanın hökmüdür - Azərbaycan dünyaya açılıb və həyatımızın başqa sahələrindəki kimi, musiqidə də, mahnıda da bizi dəyişikliklər, yeni keyfiyyətlər gözləyir. Sadəcə, mühafizəkarlığın daşını atmalıyıq!


 
1   2   3   4  
copyright by musiqi dunyasi 1999-2000© design by grArt 2000©
Next Page Previous Page English Back to Home About site