II. BƏSTƏKAR MAHNISI
XX əsrdən başlayaraq
Azərbaycanda mövcud olan peşələrə biri də əlavə olundu. Bu, bəstəkarlıq
peşəsi idi. Dünya təcrübəsindən bəhrələnərək, Üzeyir Hacıbəyov peşəkar
bəstəkarların yetişdirilməsinin əsasını qoydu. Bu proses geniş vüs'ət
alaraq, əsrin axırlarına Azərbaycan bəstəkarlıq məktəbini dünya
səviyyəsinə qaldırdı. Azərbaycan bəstəkarları, Avropa musiqi cərəyanlarına
dərindən yiyələnərək, bir-birinin ardınca dinləyiciləri heyran edən
əsərlər yazmağa başladılar.
Azərbaycana yeni
musiqi nəfəsi gəldi, Azərbaycan musiqisi bəşəri musiqi formalarını
daha da zənginləşdirərək, dinləyiciləri heyrətləndirdi. Bütün məmləkətdə
musiqi məktəbləri, musiqi texnikumları açıldı, Dövlət Konservatoriyasının
təməli qoyuldu, musiqi teatrları və kollektivləri yarandı. Bir sözlə,
peşəkar musiqi təhsili və təbliği sistem şəklində tədbiq olundu.
Bunun müəyyən qədər ictimai-siyasi kökləri də vardı.
SSRİ adlanan qapalı
bir fövqəldövlətin tərkib hissəsi olan Azərbaycanda, təbii ki, həyatın
bütün sahələri imperiyanın mərkəzindən planlaşdırılır və idarə olunurdu.
Cəsarət edib, yazdığlarımın məs'ulliyyətini anlayaraq, bəyan etmək
istəyirəm ki, paradoksal olsa da, Azərbaycan peşəkar bəstəkarlıq
məktəbi total kommunist imperiyasının cansıxıcı şəraitində yaranmış,
iti sür'ətlə inkişaf etmiş və gözəl nümunələr vermişdir!
XX əsrdə musiqi
həyatında baş verən yeniliklər Azərbaycan mahnısına tə'sir etməyə
bilməzdi. Və etdi də. Artıq mahnılar yüksək musiqi təhsili görmüş
bəstəkarlar tərəfindən yazılmağa başladı. Mahnılara yeni üslub gəldi,
Azərbaycan intonasiyaları ilə qarışaraq, e'cazkar melodiyaların
yaranmasını şərtləndirdi. Buna misal olaraq, Tofiq Qulievin flaqman
olduğu "bəstəkar mahnısı" adlanan cərəyanın nümunələrini göstərmək
olar. T. Quliyevin Azərbaycan mahnısına gətirdiyi yeniliklər hələ
öz ciddi araşdırmasını gözləyir. Mən isə deyə bilərəm ki, T. Quliyev
Azərbaycan mahnı sənətində yeni cərəyan yaratdı. Bu cərəyan dərin
zəkaya, geniş musiqi təfəkkürünə, yüksək bəstəkarlıq texnikasına
və təbii ki, Vətənə dərin məhəbbətə arxalanırdı. ən vacibi isə odur
ki, T.Quliyev və onun ardınca gələn mahnı yazan bəstəkarlar, mahnı
bəstələməyi son dərəcə ciddi bir iş sayırdılar, bu işə bütün həyatlarını
həsr etmişdilər, dərin elmi araşdırmalar, axtarışlır aparırdılar,
eksperimentlərdən belə vaz keçmirdilər. Bütün bunların və böyük
musiqi iste'dadının nəticəsində Azərbaycan mahnısı yeni keyfiyyət
əldə etdi. Bu keyfiyyəti qısaca təhlil etsək, görərik ki, XX əsrin
ortalarında Azərbaycan mahnısı "şərq mahnısı" qiyafəsini nisbətən
dəyişərək, addım-addım dünyanın Avropa və Amerika hissəsinə yaxınlaşmağa,
bir növ bəşəriləşməyə doğru yol alaraq, çağdaşlaşmağa başladı. Bu,
texniki tərəfdən Avropa harmoniyasının, müxtəlif musiqi formalarının
və ritmik strukturların Azərbaycan melodiyası ilə qaynayıb-qarışaraq
üzvi "ərintilər" alınması yolu ilə həll edilirdi. O zaman belə gedişlərə
böyük cəsarət lazım idi. Cəsarət mənbəyi isə, əlbəttə, böyük Ü.
Hacıbəyov idi. Onun xeyir-duası nəticəsində bəstəkarlar musiqinin
bütün janrlarında ciddi axtarışlara baş vurdular. Məhz o zamanlar
yaranan, xüsusi ilə, T. Quliyevin, S. Rüstəmovun, R. Hacıyevin,
Q. Hüseynlinin, F. əmirovun, C. Cahangirovun, Q. Qarayevin mahnıları
mahnılıqdan, bir növ, çıxaraq, modelə yaxud da, "hazır qəliblərə"
çevrildilər, onların əsasında sonralar bir çox bənzətmələr yazıldı.