AZӘRBAYCAN MAHNISI:        
"YOL AYRICINDA"        
  Cavanşir Quliyev           
1   2   3   4  
Y. Axundzadə
Azərbaycanda hərbi-orkestr xidmətinin tarixçəsı

C. Quliyev
Azərbaycan mahnısı:
"Yol ayrıcında"


 

 

 

 

English English
        

Artıq Azərbaycanda mahnılar uşaq musiqi məktəblərindən bəstəkarlıq fakultəsinə qədər uzun bir təhsil yolu keçmiş, bir çox iste'dad sınaqlarından çıxmış peşəkar bəstəkarlar tərəfindən yazılırıdı. Hesab edirəm ki, bu, Azərbaycan musiqisinin ən böyük nailiyyətlərindən biridir. Nəticədə Azərbaycan mahnısı böyük zirvələr fəth etmişdir, bir çox ölkələrə yayılmışdır və böyük şöhrət qazanmışdır. Qeyd etmək lazımdır ki, Azərbaycandan başqa heç bir Şərq ölkəsində mahnı bu cür inkişaf yolu keçməmişdir.

Yuxarıdakıları cəmləşdirərək demək olar ki, XX əsrdə Azərbaycanda mahnılar peşəkar bəstəkarlar tərəfindən yazılmaqla yeni, bəşəri keyfiyyət əldə etmiş, müasirləşmiş, dünyaya daha da yaxınlaşmışdırlar. Və, artıq, xalq mahnılarıyla yanaşı, Azərbaycan musiqisi yeni növ mahnı - bəstəkar mahnısı qazanmışdır.

III. BU GÜN

Dövlət müstəqilliyimizin bərpası həyatımızın bir çox sahələrində köklü dəyişikliklərlə səciyyələndi. Artıq Azərbaycan qapalı bir ölkə deyil, sərhədləri beynəlxalq qaydalara uyğun gələn məmləkətə çevrilməyə başladı. Sərhədlərin yenidən açılması, orta əsrlərdəki kimi, musiqi mübadiləsini gücləndirdi. Xüsusi ilə də, qonşu ölkələrdən Azərbaycana çoxlu sayda kassetlər, disklər, videokonsertlər gətirildi. Televiziya qəbuledici texnikası Türkiyənın, İranın, kosmik vasitələrlə isə başqa ölkələrin televiziya konsertlərini seyr etməyə imkan yaratdı. Azərbaycanda yeni özəl teleradio kanalları açıldı. Ticarətdə gedən liberallaşma nəticəsində çoxlu sayda musiqi kassetləri və diskləri satışa çıxarıldı. Qanunvericilik real həyatla ayaqlaşa bilmədi. Musiqi təsərrüfatında gedən sür'ətli dəyişikliklər qanunvericilərin diqqətindən yayındı. Özünə bəstəkar deyənlərin sayı sür'ətlə artmağa başladı. Azadlıqdan istifadə edərək, bir sıra melodiya quraşdıran insanlar bəstəkarlıq iddiasına düşdülər və təhsilsiz, savadsız buna nail oldular. Özəl teleradio şirkətlərinin bəzi bəstəkarlıq peşəsinin mahiyyətini anlamayan rəhbərləri və işçiləri bu "əsərlərin" müəlliflərini bəstəkar adlandırmağa başladılar. Və nəticədə, bəstəkarlıq peşəsi yavaş-yavaş öz mahiyyətini itirməyə doğru getdi. Artıq bəstəkar olmaq üçün, daha doğrusu, bəstəkar adlanmaq üçün, heç də bəstəkarlıq təhsili almaq lazım deyil. Sadəcə, bir-iki melodiya qondararaq, aranjimançıya mızıldamaqla (bə'ziləri, hətta, öz "yazılarını" hər hansı bir musiqi alətində ifa etmək qabiliyyətindən belə məhrumdurlar), ardından müasir elektron musiqi alətlərinin və kompüterlərin vasitəsi ilə yüksək texniki səviyyədə təchiz olunmuş səsyazma studiyalarında "əsəri" yazdırmaqla, arxasından demokratiya və insan haqqlarını bayraq kimi qaldıraraq "bəstəkar" adlanmaq olar!

Təbii ki, bu sözlər bütün mahnı yazanlara aid deyil. Mən heç də bədii yaradıcılığın bir mərkəzdən yöndərilməsinin tərəfdarı deyiləm. əksinə, hesab edirəm ki, yaradıcılıq azad bir fəaliyyət növüdür, hər kəsin bədii yaradıcılıqla məşqul olmaq hüququ var. Və hər kəsin öz yaradıcılığının bəhrəsini nümayiş etdirmək hüququ var. Lakin, bəstəkarlıq - peşədir, və bu peşənin xüsusiyyətlərinə yiyələnməyən bir kəsə bəstəkar deməzlər. Yazımın birinci hissəsində qeyd etdiyim kimi, Azərbaycan xalq mahnılarının bütün külliyyatını adi musiqiçilər yaratmışlar, bu proses müəyyən mə'nada bu gün də gedir, ancaq bugünkü xalq mahnılarının müəlliflərini bəstəkar adlandırmaq cəhdləri mənə aydın deyil.

Bu gün yaranan mahnıların əksəriyyəti müxtəlif teleradio şirkətləri vasitəsi ilə dinləyiciyə çatdırılır. Sovet zamanlarından fərqli olaraq, bugünkü mahnının təbliği xeyli dərəcədə asanlaşıb - həm təbliğat vasitələrinin sayı artıb, həm də demokratiyanın bizə verdiyi hüquqlar daha da genişlənib. Demək olar ki, bu gün yazılan hər bir mahnının efirə yolu açıqdır. Mən bu vəziyyəti həyatımızın nailiyyəti hesab edirəm. Digər tərəfdən isə, mahnımızın çağdaş vəziyyətini hər bir an müşahidə edib araşdırmaq imkanı əldə edilib.


 
1   2   3   4  
copyright by musiqi dunyasi 1999-2000© design by grArt 2000©
Next Page Previous Page English Back to Home About site