A.S.Puşkinin 200-illiyinə     
Azərbaycan musiqisində A.S.Puşkin mövzusu     
Ülviyyə IMANOVA           
1   2   3   4  
English English
        
Bulbul.
Agabaci Rzayeva
"Oxuma gozel" romansi



.S.Puşkin musiqi yaradıcılığında ən geniş yayılmış, sanballı və əbədiliyi ilə seçilən ədəbi mövzulardan biridir. Onun yaradıcılığından faydalanma XIX yüzillikdə rus musiqi mədəniyyətinin ən diqqətəlayiq ən'ənələrindən biri kimi romansdan tutmuş operayadək bir çox janrlarda şah əsərlər üçün ilham mənbəyi olub, onlara ölməz həyat vermişdir. Başlanğıcını M.İ.Qlinkadan alan ən'ənəni rus bəstəkarlarının sonrakı nəsilləri uğurla bizim günlərədək yaşatmaqdadırlar. XX yüzillikdə yazıb-yaradan İ.Stravinski, G.Sviridov və bir çox digər görkəmli sənətkarlar da "Musiqi puşkinianasını" öz sovqatları ilə zənginləşdirmişlər.

A.S.Puşkinin anadan olmasının 200 illiyi çoxsaylı və çoxçeşidli əsərlərin yaranması üçün əlverişli səbəb olmuş rus şairinin keçmiş yubileylərini (1) bir daha bizə xatırlatdı. Həmin əsərlər sırasında azərbaycanlı bəstəkarlarımızın yazıb-yaratdıqları da var.

Bizim bəstəkarlarımızın Puşkinə marağını heç də gözlənilməz, yaxud təsadüfi adlandırmaq olmaz, çünki Azərbaycan bəstəkarlıq məktəbinin özəllikliyi dargözlük və dardüşüncəlilikdən həmişə uzaq olub. Milli ədəbiyyatımızın danılmaz birinciliyi ilə yanaşı, deməliyik ki, Azərbaycan bəstəkarlarının yaradıcılığında Şekspir və Sə'di, Servantes və N.Hikmət, Lermontov və Rostan, daha bir çox başqalarının mövzuları sanballı yer tutur. Və hazırda da bu yöndə "mövzu və yaradıcılıq axtarışları" davam etməkdədir(2). Bu baxımdan Puşkin mövzularında musiqi yaradıcılığının hər bir olayı qeyri-adilikdən uzaqdır. Lakin eyni zamanda haqqında aşağıda söhbət açacağımız əsərlərin 1937 və 1949-cu illərin təntənələri ilə şərtləndiyi də danılmazdır.

Xüsusi vurğulamaq lazımdır ki, keçmiş Sovetlər Birliyinin bütün yaşamı boyu yubiley, müsabiqə, baxış və dekadaların keçirilməsinin özəl yeri var idi. Və bu mədəniyyət olaylarının keçirilməsində, bütöv götürsək, qınamalı heç nə olmasa da, zamanın, dövrün ideoloji sıxıntıları və onlarla bağlı itkiləri də yox deyildi. Adətən hər bir bayrama hazırlıq özəllik və miqyasından asılı olmayaraq geniş işıqlandırılan ictimai-siyasi tədbir şəklində aparılırdı. Beləliklə, iştirakçıların hədsiz geniş sayı və mədəniyyət xadimlərinin, səviyyəsindən asılı olmayaraq, ağına-bozuna baxmadan baş verən tədbirin "səsinə səs vermək", özünü tanıtmaq istəkləri.

Təbii ki, hər hansı yubiley üçün yazılmış əsərlərin çoxu bədii baxımdan az inandırıcı, hətta zəif alınmalı idi və çox az sayda yaradılanların səmimiyyəti onların saysız yubileyləri arxada qoyacaq uzun, bəlkə də əbədi ömrünü şərtləndirirdi.

Yuxarıda deyilənlər baxımından azərbaycanlı bəstəkarların "puşkinyönlü" yaradıcılıq axtarışları nəinki müəyyən maraq doğurur, onlar həm də həmin illərdə bizim bəstəkarlıq musiqimizin özəl cəhətlərini olduqca dolğun açıqlayır.

Puşkin mövzusunda yazılan əsərlərdən ən ilki - hələ gənc Qara Qarayevin 1937-ci ildə, orta ixtisas musiqi məktəbinin tələbəsi ikən yaratdığı "Tsarskoye selo heykəli" fortepiano lövhəsidir(3) .Adı çəkilən əsərin dəyərini şişirtmək mümkün deyil, çünki bu əsərlə gənc musiqiçi ilk dəfə geniş tamaşaçı kütləsi qarşısında çıxış edib(4). "Tsarskoye selo heykəli"nin uğuru, hələ erkən yaşlarından öz parlaq iste'dadı və inandırıcı bəstəkarlıq imzasını aşkarlayan Qara Qarayevin ona bəslənən böyük ümidləri doğrultduğunu təsdiqlədi. Bəstəkarın həm ilki(5), həm də gözəçarpan nailiyyəti olan əsərdə onun yetkin dövrünün dil-üslubu ilə səsləşən başlanğıc illərin dil-üslub axtarışları əks olunub.

"Tsarskoye selo heykəli" fortepiano lövhəsini ilhamlandıran, duyğulandıran A.S.Puşkinin eyniadlı şe'ridir. əsərin "Musiqi lövhəsi" adlandırılması onun parlaq boyakar çoxçalarlılığını, ani-təsvirçilik səpgisində yazıldığını vurğulamaq istəyindən irəli gəlir. "Tsarskoye selo heykəli"nin musiqisində az da olsa, rəsmli-əyani yazı səpgisi ilə bağlı impressionist cəhətlər aşkarlanır ki, bu da, istər-istəməz, fransız impressionistlərinin çox gözəl işlənmiş, "axar suları" canlandıran səhifələrini xatırladır.


 
1   2   3   4  
copyright by musiqi dunyasi 1999-2000© design by grArt 2000©
Next Page Previous Page English About site