Hamımız bilirik
ki, hər bir əsərində, - o cümlədən, vokal miniatürlərində-romanslarda
belə, bəstəkar öz yaradıcılıq görüşlərinə, nöqteyi-nəzərlərinə sadiqlik
göstərir. Və adlarını çəkdiyimiz hər iki romans bəstəkarın "yüksək",
"uca" lirikasına aid olub, nəinki oriyentalist şərqçi yozumlardan,
hətta, kəskin, tə'sirli milli "bəzəklərdən" də uzaqdır.
Hər iki lirik duyğulu
"puşkinçi" romans mərd gözəlliyi və bir qədər ağır, sərt təmkini
ilə seçilirlər. Və burada Qarayevin yüksək duyğulu musiqisi qeyri-adi
dərəcədə A.Puşkinin şe'r duyğuları ilə eyniləşir. Daha doğrusu,
rus şairinin klassik saf şe'ri azərbaycanlı bəstəkarın musiqisində
klassik saflıqla tam uyuşur. Doğrudan da, burada XIX əsr rus romansına
xas olan coşub-daşan hisslərə, "ətirli" və "bəzəkli" harmonik "qəşəngliklərə"
yer yoxdur. əksinə, sərt və nəcib səpkili duyğulandırıcı ifadəliliyi
ilə Q.Qarayev A.S.Puşkinin ölməz misralarının iç duyğu dərinliklərini
və onların gözəgörünməz mə'nəvi gücünü sanki işıqlandırır.
Q.Qarayevin romansları
monoloq ifadəliliyi və açıqlamalarının parlaq nümunələridirlər.
Onlar sanki "birnəfəsə" səslənir və bununla musiqinin iç gəlişməsində
(inkişafında) "gərilmələr" yaranır.
A.Rzayevanın "Oxuma,
gözəl..." romansı da rus vokal lirikasında dəfələrlə işlənən şe'rə
("He poy, krasaviüa, pri mne") yazılıb. Başqa bəstəkarlardan (o
cümlədən, rus!) fərqli, Azərbaycan bəstəkarı şe'rin öz doğma dilinə
şe'ri çevirməsindən (tərcüməsindən) faydalanıb, bu da onun əsərini
rus musiqisindəki oxşarları ilə hər hansı qarşılaşdırma və tutuşdurmalardan
asanlıqla çəkindirir. Şe'rin orijinalından deyil, çevirməsindən
faydalanmada, əslində, qeyri-adi heç nə yoxdur. Lakin bəstəkarın
həmin gedişi heç də bir cür yozula bilməz, çünki ədəbi, ən çoxu
da şe'r çevirmələri (tərcümələri) haqqında ümumi nöqteyi-nəzər və
baxışlar, demək olar ki, yoxdur. ən geniş yayılmış fikrə görə, ən
uğurlu çevirmə belə orijinalın bütün bədii gözəlliyini, iç çalarlarını
tam açıqlaya bilmədiyi üçün bəri başdan orijinalla ayaqlaşa bilməz.
əlbəttə, hər bir
dilin özəl söz tərkibi - leksikası, özəl ifadəliliyi var ki, belə
durumda bir sıra özəlliklər heç bir çevirməyə gəlmir. Digər tərəfdən,
ayrı-ayrı xalqların ədəbiyyatlarını biri-birilə bağlayan ən qaçılmaz
və asan yol ədəbi çevirmədir. Rus ədəbiyyatının fitri iste'dadlı
çeviriciləri az olmayıb, - ancaq N.Şepkin-Kupernik. S.Marşak, İ.Bunin,
B.Pasternak, A.Axmatovanın adlarını çəksək, bəsimizdir. Qədim yunan
və Roma şairlərindən tutmuş F.Petrarka, V.Şekspir, Rostan, R.Berns
kimi şairlərlə və bir sıra xalqların poetik folklorunadək oxuduqlarımız
və tanışlığımızla biz onlara borcluyuq.
Yəqin ki, bədii
çevirmə haqqında fikir eyniliyinin olmaması yaradıcılıq olayları
ilə bağlıdır. Bəstəkarın seçdiyi mətnin üstünlüyü ilə razılaşmalı
oluruq, çünki bəstəkarın seçimi rəddedilməzdir(7).
Bəstəkarın üzərində dayandığı şe'r mətni məhz onu ən çox duyğulandıran
şe'r mətnidir.
A.Rzayeva "Oxuma,
gözəl..." romansında rus oratorial (yə'ni natiqlik yönlü) romans
basmaqəliblərindən azaddır və öz sənətinin milliliyini yaxşı duyan
bir bəstəkar kimi çıxış edir(8).
Müəllif əsərinin biçimlənməsində aydınlıq və həmahəngliyə üstünlük
verir: onun musiqisi təbii axarlı və "yoğrula bilən" olub, deklamasiyalı
gedişlərilə uyuşan es-moll "mayesinin" səslərlə həlimcəsinə dövrələnmələrindən
quraşdırılıb. Romansın melodiyasında Avropa musiqisində çox zaman
qətiyyətli himn və marş mövzuları ilə anlam bağlılığı yaradan yüksələn
kvartanın böyük əhəmiyyəti var. Lakin nəzərdən keçirilən əsərdə
həmin yüksələn kvarta poetik mətndəki təmtəraqlı söyləmənin ifadəsidir.