Məqam-harmonik və
faktura baxımlarından çox incə zövqlə işlənmiş əsərin (pyesin) çalar
duyumlu ifadəliliyi, ayrı-ayrı səs və akkordlardan sanki seyr edib
həzz alma, major-minor üçsəslilikləri və onların dönmələrindən bol-bol
faydalanma impressionist yönümünün tə'siri kimi yozulmalıdır və
bu tə'sir Q.Qarayev yaradıcılığının daha yetkin sonrakı dövrlərində
də özünü aşkarlayır. (6)
"Tsarskoye selo
heykəli"nin digər və duyğulandıran özəlliyini bəstəkarın sonrakı
yaradıcılıq dövrlərinə xas olan, lakin bu əsər üçün gözlənilməz,
dərin və ovsunlayıcı lirikada axtarmaq lazımdır. Qarayevin lirik
tip seçimi və öz lirik idealına sədaqəti son dərəcə qeyri-adi, bəlkə
də, fövqəl'adədir.
Qarayev lirikası
haqqında çox deyilib, danışılıb və yazılıb. Bütövlükdə götürsək,
bəstəkarın musiqisi haqqında həm çox geniş mə'nada, həm də onun
dəst-xətti, musiqili dil-üslubu haqqında düşüncələr istər-istəməz
yaradıcılığının başlıca və sirli, axıradək açıqlanmaz kökü-mənbəyi-onun
özəl lirikası ilə sonuclanır. Məhz bu baxımdan "Tsarskoye selo heykəli"nin
cazibədarlığı "İldırımlı yollarla" baletindəki "Layla"nı, "Don Kixot"
simfonik qravürlərindən "Aldonsa"nı və s. yada salır. Aydınlığı,
səmimiyyəti və kövrək saflığı ilə seçilən Q.Qarayev lirikası ürəksıxıcı
duyğu aşılayır. O zamankı gənc bəstəkar musiqi lövhəsinin çoxçalarlı
impressionist səpgisi ilə lirik səmimiyyəti üzvi uzlaşdıra bilmişdi.
Tam arxayınlıqla demək olar ki, qələminin ilk sınağı kimi "Tsarskoye
selo heykəli" əsəri artıq 1937-ci ildə onu tutarlı bəstəkar kimi
tanıtmaqla yanaşı, öz yolunu tapmış sənətkar kimi təsdiqləmişdi.
1949-cu ilin yubiley
təntənələri isə Azərbaycan bəstəkarlarının vokal yaradıcılığında
öz əksini tapdı. Onlardan Q.Qarayevin "Mən sizi sevirdim" və "Gürcüstan
yüksəkliklərində", A.Rzayevanın "Oxuma, gözəl", S.Hacıbəyovun "Quşcuğaz",
ə.Hü-seynzadənin "Qızılgül" romanslarını və F.əmirovun tenor, bariton
və orkestr üçün "Qış yolu" vokal poemasını sadalamaq olar.
Bəri başdan vurğulayaq
ki, adı çəkilən əsərlərdən çoxu dinləyicilərə tanış deyil. Musiqişünaslığımız
tərəfindən işıqlandırılmayan əsərlər haqqında fikir söyləmək çətindir
və bunun üçün onları dəyərləndirməkdən çəkinək. Lakin eyni zamanda
Q.Qarayev və A.Rzayevanın romansları geniş ifa olunduqlarından,
onlara həmin illərin yaradıcılıq yönümlərini, haradasa, əks etdirən
əsərlər kimi yanaşılmalıdır. "Mən sizi sevirdim" və "Gürcüstan yüksəkliklərində"
romansları təkcə Q.Qarayev yaradıcılığında deyil, bütövlükdə Azərbaycan
vokal lirikasında sanballı yer tuturlar. Eyni zamanda onları musiqi
puşkinianasının - A.S.Puşkinin sözlərinə yazılmış böyük vokal toplunun
inciləri saymaq olar.
Q.Qarayevin haqqında
söhbət açdığımız ilk əsəri ilə romansları on ildən böyük zaman kəsimi
ayırır. 1949-cu ildə Q.Qarayev artıq Moskva Konservatoriyasını bitirmiş,
sayımlı yaradıcılıq uğurları qazanmış, dövlət mükafatlarına layiq
görülmüş və bütün bunlarla yanaşı 1948-ci ildə kommunist partiyasının
dəhşətli tənqid və suçlanmaları ilə qarşılanmış yetkin və sanballı
bəstəkar idi. Və sonucda o uzun zamana öz simfonik musiqi yaradıcılığını
"susduraraq", sənətdə daha az "qəlbi qıran", "dişbatmaz" yollar
axtarmağa başlayır. Bəstəkarlardan çoxu üçün isə belə əlverişli
yollardan biri çoxçeşidli vokal musiqi, o cümlədən, romans yaradıcılığı
idi.
1949-cu ilin "Puşkin
yubileyinə" hazırlıq zamanı Q.Qarayev şairin çox geniş yayılmış
şe'rlərinə 2 romans yaratmaq qərarına gəlir. Hər iki şe'rin rus
musiqi sənətində geniş işlənməsi və çoxmə'nalı yozulması azərbaycanlı
bəstəkarı nə qorxudur, nə də çəkindirir. Məsələn, Qara Qarayev romans
yaradıcılığı məqamında N.Rimski-Korsakovun məşhur "Gürcüstan yüksəkliklərində"
romansında çox qabarıq aşkarlanan oriyentalizmdən - yə'ni Rus və
Avropa bəstəkarlığının "şərqçiliyindən" (yaxud "şərqşünaslığından")
tamamilə uzaqdır.