Romans yüksələn
kvarta ilə başlayır (es-as) ki, sonrakı gəlişmədə (inkişafda) onun
sanballı yeri olacaq. Melodiyanın genişlənərək kulminasiyaya doğru
gedişatında həmin kvartanı dəfələrlə eşidirik (es1-as1, b1-es2)
ki, bu da sonucda lirik romansı mərdlik və inadlılıq çaları ilə
zənginləşdirir. Və həmin zənginləşmə, öz növbəsində, romansın lirik
yaşantılarını da aydın və dolğun nəzərə çarpdırır.
"Oxuma gözəl"...
romansı adətən vokal əsərlərə xas olan sadə üçbölümlü quruluşda
yazılıb. Bununla yanaşı, əsərin başlanğıcından sonunadək bir qədər
"boğulmuş" es-moll ardıcıllıqla səslənir. Hətta oynaqlığı ilə seçilən
orta bölüm belə es-moll mayesinin ostinatosu üzərində qurulub. Bu
isə romansın məqam özülü sarsılmazlığının göstəricisidir.
Romansın harmonik
dili olduqca sadədir və bəstəkar sadə üçsəsliliklər və onların dönmələri
- sekstakkordlarla D7 və onun dönmələrinin əvəzlənən ardıcıllığından
faydalanmışdır.
Bu gün bizi A.Puşkinin
dövründən iki yüzillik ayırır. Həmin dövrdən XX yüzilliyin sonunadək
uzanan tarixi kəsim saysız və ancaq sadalanması çox yer tutacaq
olay və sarsıntılar, böyük, dahi, şanlı olaylar və faciələrlə son
dərəcə zəngin olub. Və böyük rus şairinin yaradıcılığına baxışlarda
Rusiya, yaxud Sovetlər Birliyinin ictimai şüurunda baş verən dəyişikliklər
bu kəsimdə öz əksini tapıb.
Böyük rus şairinin
bizdən tarixin dərinliklərinə doğru getdikcə uzaqlaşmasına baxmayaraq,
o həmişə və hamı üçün XIX yüzilliyin başlanğıcında rus poeziyasında
klassik saflıq və yetkinliyin, sönməz işıq saçan azadlıqsevərliyin
rəmzi olaraq qalır və qalacaq.
Bu il Rusiya öz
böyük şairinin anadan olmasının 200 illiyini keçirir. Hazırda rus
mədəniyyət xadimlərinin bununla bağlı hansı yeni əsərlərlə çıxış
edəcəyini bəri başdan demək və yazmaq çətindir. Azərbaycan bəstəkarlarından
kiminsə yaradıcılığında Puşkin mövzusuna maraq göstərəcəyini göz
önünə gətirmək, yaxud düşünmək daha çətindir. Lakin deyilənlərdən
asılı olmayaraq biz A.Puşkinlə bağlı Azərbaycan musiqi mədəniyyətinin
çox az, barmaqla sayıla bilən və məhz buna görə olduqca əhəmiyyətli
nümunələrini həmişə yad edəcəyik. Həm də yad etməliyik.
1.1937-ci
ildə A.S.Puşkinin ölümünün 100 illiyi, 1949-cu ildə isə anadan olmasının
150 illik yubileyləri keçirilib.
2.Bu
sözlərin F.Qarayevin yaradıcılığına aidiyyatı daha böyükdür. Lakin
V.Adıgözəlovun türk şairi M.Akifin "Çanaqqala" poemasının sözlərinə
yaratdığı 78 dəqiqə səslənən eyniadlı oratoriya deyilənlərə ən parlaq
və ən son misaldır.
3.Sovetlər
Birliyində yas mərasimli tarixlərlə də bağlı yubileylər keçirilirdi
və belə yubileylər bə'zən bədii baxımdan görünməmiş, müstəsna əhəmiyyətli
əsərlərin yaranmasına səbəb olurdu. Məsələn, 1950-ci ildə, İ.S.Baxın
ölümünün 200 illiyi ilə bağlı D.Şostakoviç özünün "24 prelüd və
fuqa" silsiləsini yaratmışdı.
4."Tsarskoe
selo heykəli" ilk dəfə 10 fevral 1937-ci il tarixdə Bakıda A.S.Puşkinin
ölümünün 100 illiyinə həsr olunmuş konsertdə müəllif tərəfindən
səsləndirilib.
5."Tsarskoe
selo heykəli" musiqi lövhəsi Q.Qarayaevin əsərlərinin biblioqrafik
sırasında birincidir.
6.Demək
yerinə düşər ki, təkcə Q.Qarayevin deyil, eləcə də F.əmirov, Hiyazi,
S.Hacıbəyov və bir sıra bəstəkarlarımızın yaradıcılığı impressionizm,
daha doğrusu, onun ayrı-ayrı ünsürlərindən və ilk növbədə, impressionizmin
məqam-harmonik və orkestr çalarları çevrələrindəki bədii tapıntılardan
faydalanıb. Lakin bu zaman impressionist məqam-harmonik və orkestr
çalarlarının milli məqam təfəkkürü ilə üzvi qaynayıb-qarışdığını
da mütləq vurğulamaq lazımdır.
7.Deyilənləri
təsdiqləmək üçün Arif Məlikovun yaradıcılığına üz tutaq. Onun iki
vokal silsiləsi (8 romans) türk şairi Nazim Hikmətin şe'rlərinin
orijinallarına deyil, rus dilinə çevirmələrə yazılıb. Bunun səbəbini
soruşduqda, bəstəkar boynuna aldı ki, romanslar üzərində işlədiyi
dövrdə (60-cı illərdə) türk dilinin incəliklərini lazımlı şəkildə
bilmədiyindən savayı, orijinalları oxumağa belə imkanı olmayıb.
Bu, bir daha bəstəkar
yaradıcılığı gedişatının həm mahiyyətini, həm də sirli olduğunu
təsdiqləyir. Bəstəkarın hər bir addımını araşdırıb anlamaq istəyində
belə unutmamalıyıq ki, yaradıcılığın gedişatı bizim anlamlarımızdan
qat-qat maraqlı və zəngindir və bəstəkar gözəlliyi duyub anlamaq
canatımında tam azaddır və onun qeyri-adi yaradıcılıq addımları
atmağa haqqı var.
8.Vaxtı
ilə A.Rzayevanın "Oxuma gözəl..." romansı Bülbülün və Zəhra Rəhimovanın
ifasında olduqca məşhurlaşmış və geniş yayılmışdı.