HEKAYƏTLİ MUSİQİ LÜĞƏTİ             
       
  Sevda Əliqızı            
1   2   3   4  
L. Hüsenova
Sönməz musiqi ocağı

S. Əliqızı
Hekayətli musiqi lüğəti


 
 
English English
        

Adajio - Yə'qin ki, siz radio və televiziyadakı konsertlərdən dəfələrlə eşitmisiniz: "Çaykovskinin "Yatmış gözəl" baletindən "Adajionu" dinləyin, və yaxud "Qlazunovun "Raymonda" baletindən Adajionu səsləndiririk", "Q.Qarayevin "Yeddi gözəl" baletindən -Adajio. İfa edirlər..." və s.. Bəs "adajio" nə deməkdir?

Adajio - (Adagio) - italyan sözü olub, "sakit", "yavaş", "asta"mə'nasında işlənir. Lakin musiqidə bu söz daha dərin mə'na kəsb edir. O, tempi - yə'ni musiqi əsərinin ifa olunma sür'ətini göstərməklə yanaşı, həm də musiqinin dərin, düşüncəli səpgidə olmasını izah edir.

Çox zaman simfonik orkestr üçün və ya hər hansı bir alət üçün yazılmış iri həcmli əsərlərin hissələrindən biri "Adagio" adlanır. Yə'qin ki, yer üzündə elə bir musiqisevər insan tapılmaz ki, Bethovenin "Aylı sonatası"nı tanımamış olsun. Onun birinci hissəsinin e'cazkar, dərin düşüncəli melodiyasını - rəvan, dalğavari müşayiət üzərində sanki "süzən" gözəl melodiyanı yə'qin ki, hamı xatırlayır. Bethoven bu hissəni "Adajio" adlandırmışdır.

Baletdə isə "Adajio" - əsas qəhrəmanların lirik duetidir. Balet "Adajio"larının musiqisi adətən, geniş, axıcı, romantik xasiyyət daşıyan melodiyası ilə fərqlənir.

Akkomponement - Hamıya tanış olan bir misal göstərək. Məsələn, "nəğmə və musiqi" dərsində müəllim uşaqlara yeni mahnını öyrədir. əvvəlcə o, melodiyanı çalır, uşaqlar onu təkrar edir. Melodiya yaxşı yadda qaldıqdan sonra bütün sinif birlikdə - xor ilə oxuyur, müəllim isə royalda çalır. O, akkomponiator kimi çıxış edir. "Accompagner" sözü fransızca "müşayiət etmək" deməkdir. Deməli, akkomponement - vokal melodiyasının və ya instrumental əsərlərin melodiyasının musiqili müşayiətidir. Bu müşayiət hər hansı bir alətin (məsələn; fortepiano, gitara, bayan, tar, saz və s.), və ya müxtəlif tərkibli ansambl və ya orkestrin (simfonik, xalq çalğı alətləri orkestri, instrumental ansambl, kamera orkestri, caz-orkestr və s.) ifasında səslənə bilər.

Kamera musiqisi sahəsində müşayiətə (akkomponementə) çox tez-tez rast gəlmək olar. Məsələn; royal və ya pianonun müşayiəti ilə, instrumental ansambl və ya orkestrin, bayan və ya gitaranın müşayiəti ilə vokalist (müğənni) oxuyur, milli musiqimizdə tar və kamançanın müşayiəti ilə xanəndələr muğam oxuyur, aşıqlar sazın müşayiəti ilə öz havalarını ifa edirlər və s.

Royalın müşayiəti ilə skripka, violonçel və müxtəlif nəfəs alətləri üçün yazılmış əsərlər ifa edilir. Azərbaycan bəstəkarlarının tar və fortepiano üçün, tar və xalq çalğı alətləri orkestri üçün yazılmış əsərlərində də akkomponementə rast gəlirik.

Lakin royalın hər hansı bir alətlə birgə ifası heç də həmişə müşayiət xarakteri daşımır. Bə'zən əsərin notunda yazılır: məsələn; "Skripka və fortepiano üçün sonata" və ya "Fleyta və fortepiano üçün pyes" və s. Burada fortepiano ikinci dərəcəli, yə'ni, müşayiətedici deyil, solistlə bərabərhüquqlu ifaçı kimi çıxış edir. Artıq fortepiano partiyasının ifadə xüsusiyyətləri melodiya ilə birlikdə vahid kompozisiya yaradır.

XVI əsrin sonu - XVII əsrin əvvəllərində akkomponement xüsusi rəqəmlərlə qeyd edilən və "generalbas" adlanan xüsusi işarələrlə göstərilirdi. Bu işarələri hər bir ifaçı özü sərbəst şəkildə şərh edirdi. Sonralar, XVIII əsrdə akkomponement bütünlüklə yazılmağa başlandı. Romantizm cərəyanı dövründə isə akkomponement yüksək bədii səviyyəyə çatmışdır. Belə ki, R.Şumanın, F.Şubertin, E.Qriqin, P.Çaykovskinin, S.Raxmaninovun ro-manslarında akkomponement melodiya ilə birgə vahid bədii musiqi obrazı yaratmışdır.

Hal-hazırda musiqi məktəblərində iki müxtəlif fənn-akkomponement və ansambl üzrə ayrı-ayrı məşğələlər keçirilir.

Akkord - Bu söz italyanca "accordo" cözündən olub, "ahəng", "uyğunluq" mə'nası daşıyır. Musiqidə "akkord" - müxtəlif yüksəklikdə olan üç və ya daha çox musiqi səsinin (tonunun) eyni zamanda səslənən birləşməsidir. Lakin hər hansı bir səs birləşməsi (səs yığını) akkord yaratmır. Məsələn; əgər siz royala yaxınlaşıb hər iki əllə royalın istənilən sayda dilini (yə'ni klavişi) bassanız, akkord əvəzinə qarmaqarışıq səs yığını əmələ gələr. Akkord isə səslərin müəyyən bir qanunauyğun şəkildə düzülüşüdür. Belə ki, çox zaman bu səslər arada bir pillə ötürülməklə, yə'ni bir-birindən tersiya intervalı məsafəsində (iki səs arasında üç pillə məsafədə) düzülür. əgər akkordda tersiya düzülüşünə uyğun gəlməyən səslər olarsa, bu səslər qeyri-akkord səsləri sayılır.

Akkord sıx və geniş quruluşda səslənə bilər. Yə'ni, akkordun ibarət olduğu səsləri klaviaturanın müxtəlif hissələrində göstərmək olar. Yç səsdən ibarət akkordun birinci səsini klaviaturanın ən aşağı hissəsində, ikinci səsini klaviaturanın orta hissəsində, üçüncü səsini isə klaviaturanın yuxarı hissəsində göstərmək olar. Bu səsləri müxtəlif alətlər də ifa edə bilər. Məsələn, birinci səsi kontrabas, ikinci və üçüncü səsləri isə iki fleyta ifa edə bilər. Bu zaman səslər arasında tersiyadan daha çox məsafə alınar. Bu, akkordun geniş quruluşda səslənməsidir. əgər belə səsləri yenidən "sıxlaşdıraraq" bir oktava daxilində yerləşdirsək akkordun öz əvvəlki vəziyyəti - yə'ni tersiyalarla düzülüşü alınar. Bu isə akkordun sıx quruluşda səslənməsidir.

"Akkord" sözünün başqa bir mə'nası da var. Simli musiqi alətləri (gitara, skripka) üçün nəzərdə tutulan "simlər dəsti" də "akkord" adlanır.

Aksent - Latın sözü olan "accentus" - "vurğu" bildirir. Vurğu dedikdə biz adətən, danışıqda, dildə işlənən vurğunu, tələffüz tərzini başa düşürük. Məsələn, "əcnəbini aksentinə görə tanımaq olar", və ya "Rus dilində başqa dillərdən fərqli olaraq aksent çox dəyişkəndir. O, sözün birinci, axırıncı və ya orta hecalarından birinə düşə bilər." Bu iki cümlədə "aksent" sözü müxtəlif mə'nalarda işlənmişdir. Musiqidə işlənən "aksent" sözünün mə'nası bu misallardan ikincisinə daha çox uyğun gəlir. Belə ki, "aksent" - hər hansı bir səsin başqa səslərə nisbətən daha güclü səslənməsinə, vurğu ilə qeyd edilməsinə deyilir.

Adətən, aksentli səs xanənin əvvəlində, onun birinci sayında (bölgüsündə) yerləşir. Məsələn, vals musiqisinin üçsaylı ölçüsündə hər dəfə xanənin birinci sayına vurğu düşür. Marş musiqisində isə aksentli səs ikisaylı və ya dördsaylı ölçünün birinci hissəsində yerləşir. Mazurkada isə aksent xanənin üçüncü (bə'zən isə ikinci) hissəsinə düşür. Bu isə rəqsə dəyişkən ritmik xüsusiyyət gətirir. Azərbaycan xalq rəqslərində aksent altı saylı (yə'ni 6/8 ölçülü) xanənin birinci və dördüncü hissələrində yerləşir.

Musiqidə aksentin xanənin qüvvəli hissəsindən zəif hissəsinə keçirilməsinə sinkopa deyilir. Sinkopadan bəstəkarlar tə'sirli ifadə vasitəsi kimi çox istifadə edirlər.

Vurğulu səs xanənin əvvəlində olduqda aksent heç bir xüsusi işarə ilə göstərilmir. əgər vurğu xanənin başqa hissəsinə keçirilmişsə və yaxud hər hansı bir səs xüsusilə vurğulanmalıdırsa, bu, aksent işarəsi () ilə və ya "sforzando", "sforrato" (yə'ni "vurğu ilə qeyd edərək") sözlərinin ixtisar şəkli (sf) ilə göstərilir.


 
1   2   3   4  
copyright by musiqi dunyasi 1999-2000© design by grArt 2000©
Next Page Previous Page English Back to Home About site