Sönmәz musiqi ocağı     
       
Lalə HYSEYNLI           
1   2   3   4  
L. Hüsenova
Sönməz musiqi ocağı

S. Əliqızı
Hekayətli musiqi lüğəti


 
 
English
        

ən Bülbülü bitirmişəm" kəlmələrini biz hamımız - Bülbül adına orta ixtisas musiqi məktəbinin mə'zunları, istər 30 il öncə, istərsə də indi böyük qürur hissi ilə, fəxrlə deyirik. Bu, təsadüfi deyil: axı, hal-hazırda milli mədəniyyətimizin öndərində duran görkəmli ziyalılarımızın bir qismi müstəqil həyata vəsiqəni məhz bu məktəbdə alıb. Mübaliğəsiz demək olar ki, təməli Ü.Hacıbəyov tərəfindən qoyulan Bülbül adına orta ixtisas Musiqi Məktəbi respublikamızın çoxsaylı məktəbləri içərisində özünəməxsus simaya və böyük nüfuza malik bir təhsil ocağıdır.

Yaxşı mə'lumdur ki, mühitin, şəraitin insanın şəxsiyyət kimi formalaşmasında, iste'dad və qabiliyyətinin lazımi məcraya yönəldilməsində çox böyük rolu var. Məktəb illəri, zənnimcə, bu mə'nada müstəsna əhəmiyyətə malikdir. Bülbül adına məktəb öz qoynunda ancaq peşəkar musiqiçilər bəsləməklə kifayətlənməmiş, onlara eyni zamanda müstəqil düşüncə tərzi, həyat hadisələrinə zamanın fövqündən baxmaq bacarığını da aşılamaq iqtidarında olmuşdur. Bu qocaman təhsil ocağı haqlı olaraq öz yetişdirmələri - adlı-sanlı bəstəkarlar, dirijorlar, pianoçu və skripkaçılar, musiqişünas və müğənnilərlə fəxr edir. Lakin bu məktəb həm də tam hüquqla dövrümüzün görkəmli ədib və şairləri-Anar, Yusif Səmədoğlu, Vaqif Səmədoğlu, Rəfiq Zəka və başqa bu kimi iste'dadlı mə'zunları ilə də fəxr edir. Məktəbin istər milli incəsənət sahəsində, istərsə də müxtəlif elm sahələrində uğurla çalışan yetirmələri kifayət qədərdir. Və elə bu faktın özü bu təhsil ocağı haqqında bizlərə çox şeyi anladır.

XXI əsrin, yeni minilliyin astanasında Azərbaycan musiqisinin tarix baxımından çox qısa müddət - bir əsr içərisində qazandığı nəhəng nailiyyətlər, uğradığı dəyişmələr xüsusilə qabarıq və aydın nəzərə çarpır. Danılmaz həqiqətdir ki, əsrimizin əvvəllərində milli musiqi mədəniyyətimizin bütün sahələrində gedən taleyüklü yeniliklərin təşəbbüskarı və icraçısı dahi bəstəkarımız Üzeyir bəy Hacıbəyov olmuşdur. Professional bəstəkarlıq məktəbinin, ifaçılıq fəaliyyəti növlərinin, çağdaş elmi, estetik baxışların, o cümlədən, Avropa təmayüllü milli musiqi təhsili sisteminin yaranması və təşəkkülü bilavasitə Ü.Hacıbəyovun adı ilə bağlıdır. Sözün əsl mə'nasında yeni musiqi mədəniyyəti sisteminin qurucusu kimi fəaliyyət miqyasına görə XX əsrin musiqi xadimləri sırasında Y.Hacıbəyova bənzər ikinci şəxsiyyət tapmaq çətindir. Lakin unutmaq lazım deyil ki, bu yolda qazanılan ən qısa u urun, ən kiçik başlanğıcın və yeniliyin arxasında gərgin axtarışlar, böyük sədlər və uzun mübahisələr durmuşdur.

İndi biz heç təsəvvürümüzə gətirə bilmirik ki, əsrin əvvəllərində Bakıda mövcud olan musiqi məktəblərinin qapısı yerli əhalinin - biz azərbaycanlıların üzünə möhkəm bağlı idi. Bu faktı Üzeyir bəy öz yazılarında ürək ağrısı ilə şərh edirdi: "Bakı hələ çar hökumətinin quberniya şəhərlərindən biri ədd olunan zamanlarda burada "Rus imperator musiqi cəmiyyəti" adlanan bir müəssisəyi-musiqiyyənin şö'bəsi olmaq üzrə bir musiqi məktəbi mövcud idi. Bu məktəb Bakıda iyirmi beş sənəlik uzun bir müddət ömür sürüb müntəzəm bir surətdə yaşadığı halda qapılarını musiqi təhsili arzusunda bulunan türk balaları üçün daima bağlı saxlardı. Bu qədər uzun bir zaman içində bu məktəbdə bir nəfər də olsun yerli türklərdən oxuyan və məktəbi bitirən olmadı. Məktəbin mövcud olub-olmadığı haqqında yerli türklərin xəbəri belə yox idi"(1).

Belə acınacaqlı vəziyyətə son qoymaq üçün Yzeyir bəy kimi insanlar əsrimizin 20-ci illərində əsl vətəndaş qeyrəti nümayiş etdirdilər. Bu dövrdə Azərbaycan sovet respublikası Xalq Maarif Komissarlığının musiqi şö'bəsinə başçılıq edən Ü.Hacıbəyov musiqi təhsili müəssisələrinin təşkili və milli kadrların hazırlanmasını birinci dərəcəli məsələ kimi ön plana çəkdi. 1920-ci ildə Bakıda əvvəlcə Xalq Konservatoriyası, bir il sonra isə, yə'ni 1921-ci ildə Azərbaycan Dövlət Konservatoriyası fəaliyyətə başladı. Ü.Hacıbəyovun təklif etdiyi proqramda musiqi təhsili ibtidai, orta və ali pillələrdən ibarət idi. Yeni açılmış konservatoriya hər üç tədris pilləsini əhatə etdi. Birinci və ikinci pillənin tədrisi ilə də gələcək Bülbül adına orta ixtisas musiqi məktəbinin təməli qoyuldu. Beləliklə, Ü.Hacıbəyovun təşəbbüsü ilə müsəlman Şərqində ilk konservatoriya və onun nəzdində azərbaycanlı uşaqlarına musiqi savadı verə bilən ilk musiqi məktəbi açıldı. Buradakı təhsilin Qərb və ya Şərq təmayüllü olması barədə gedən mübahisələrdə də Üzeyirbəy uzaqgörən mədəniyyət xadimi kimi çıxış edirdi:

"əcəba, Azərbaycan türkləri ümumi musiqini elm və sənətimizdə öyrənməlidirlərmi, yoxsa buna heç bir ehtiyac hiss edilməyib, yalnız Şərq musiqisi ilə iştiğal etmək kifayətmiş? Digər ibarə ilə biz Azərbaycan türklərinə "Yevropeyski" deyilən musiqini də öyrənmək lazımdırmı? Bəli, lazım və vacibdir ki, bizim öz musiqimizin tərəqqisi bundan asılıdır"(2) deyən Hacıbəyov Azərbaycanda musiqi təhsilini yalnız Şərq üslubunda aparmaq tərəfdarlarına bu fikrin nə qədər yanlış və perspektivsiz olduğunu sübut edirdi. Digər tərəfdən, o illərin xalq maarif komissarı Mustafa Quliyevin hazırladığı proqramda yalnız Avropa musiqi təhsilinin zəruriliyi vurğulanır, hətta tarın tədrisi lüzumsuz hesab olunurdu. Üzeyir bəy belə üzdəniraq mütərəqqiliyi də tutarlı dəlillərlə rədd edirdi: "Fəqət bu xüsusda bizim fikrimiz boylədir ki, Avropa musiqisindən əlavə bir də Şərq musiqisi vardır və biz azərbaycanlılar özümüz Şərq əhlindən olduğumuza görə musiqi təhsili işində Şərq musiqisinə qarşı laqeyd qalarsaq, öz mədəni vəzifəmizi kamalınca ifa etməmiş olarıq. Tar isə Şərq musiqi təhsilini genişləndirə bilən alətdən ən qiymətlisi, ən mühümüdür"(3).

Bu müddəalardan irəli gələrək konservatoriyada təhsilin bütün pillələrində həm Avropa, həm də Şərq alətləri tədris olunmağa başladı və tədrisin yüksək səviyyədə keçməsi üçün Moskva, Leninqrad, Saratov, Tbilisi konservatoriyalarının nüfuzlu müəllim və professorları Bakıya də'vət edildi. Bu dövrün şagirdlərinə İ.S.Aysberq, Q.Q.Şaroyev, S.V.Bretanitski, L.E.Ab, S.İ.Turiç, L.V.Rostropoviç, M.L.Bıkova, E.S.Çernyaxovskaya, E.İ.Tarnoqradskaya, F.Q.Dukelskaya, H.V.Jenetskaya, M.İ.Paltsev, B.V.Moribel, H.İ.Simberov, V.İ.Kozlov, V.A.Bitner kimi müəllimlərdən, habelə bilavasitə Ü.Hacıbəyovun özündən dərs almaq xoşbəxtliyi nəsib olub. "Şərq musiqisi" şö'bəsinə başçılıq edən Üzeyir bəy, eyni zamanda, bir sıra nəzəri fənlərdən dərs deyirdi. Lakin tədris prosesini yenicə sahmana salmış ADK elə fəaliyyətinin ilk günündə Yzeyir bəyin tə'birincə desək "əcaib bir halla" rastlaşdı. Bu da oxuyanların içərisində azərbaycanlıların sayca çox az olması idi. Yaranmış vəziyyəti Hacıbəyov bir tərəfdən, "illərcə yalnız gendən tamaşa etməyə alışmış olan türk balalarını birdən-birə özgələrə qarışıb təhsili, elm və sənətə həvəs göstərəcək qədər cəsarətdən məhrum" olması ilə(4), digər tərəfdən isə Azərbaycan dilində danışan müəllimlərin və müvafiq dərsliklərin yoxluğu ilə əlaqələndirirdi. Ortaya çıxan bu ciddi problemi həll etmək üçün konservatoriyaya qəbul vaxtı azərbaycanlılara güzəştli yerlərin saxlanılmasını və ilk növbədə Türk musiqi texnikumunun açılmasını qeyd etmək lazımdır(5).

Həmçinin, bu məqsədlə konservatoriyanın ən yaxşı azərbaycanlı tələbələri I və II təhsil pillələrində dərs demək üçün irəli çəkilir. 1929-cu ildə Y.Hacıbəyovun Xalq Maarif Komissarlığına ünvanladığı hesabatda göstərilən fakt böyük fərəhlə qeyd olunurdu. Müəllimlik hüququ qazanmış gənclər arasında Asəf Zeynallı /musiqi nəzəriyyəsi/, Səid Rüstəmov /notlu tarın tədrisi/, ali musiqi təhsili görmüş ilk azərbaycanlı qadınlar - Kövkəb Səfərəliyeva, Xurşud Ağayeva, Leyla Muradova var idi.


 
1   2   3   4  
copyright by musiqi dunyasi 1999-2000© design by grArt 2000©
Next Page Previous Page English Back to Home About site