Alt - Bəlkə də artıq sizə mə'lumdur ki,
qalın səslənən oğlan və ya qız səsləri "alt" adlanır. Onun diapozonu
kiçik oktavanın "lya" səsindən ikinci oktavanın "mi b" səsinədək
uzanır. ən qalın qadın səsi olan kontralto əvvəllər "alt" adlanırdı.
Sonralar isə bu adı simli alətlər qrupundan olan alət - alt (və
ya "viola" deyilir) daşımağa başladı. Bəlkə də bu aləti ona görə
belə adlandırmışlar ki, onun çox yumşaq, ifadəli insan səsinə çox
yaxın olan tembri (səs çaları) var.
"Mən orkestr üçün bir neçə səhnədən ibarət əsər
yazmaq qərarına gəlmişəm. Burada solo- alt özünəməxsus səsi ilə
ən fəal personaja, Bayronun "Çayld Harold" ruhlu melanxolik, xəyalpərəst
obrazına çevrilsin..." Bu sözləri fransız bəstəkarı Hektor Berlioz
öz memuarlarında "Harold İtaliyada" - alt və orkestr üçün proqramlı
simfoniyasının yaranmasını xatırlayarkən yazmışdır.
Altın çox ifadəli səs tembrindən bəstəkar D.Şostakoviç
"1905-ci ildə" simfoniyasında məharətlə istifadə etmişdir. Dəhşətli
"Qanlı bazar günü"nü əks etdirən səhnədən (simfoniyanın ikinci hissəsi
belə adlanır) sonra, "əbədi xatirə" adlanan üçüncü hissədə matəm
xüsusiyyətli "Vı jertvoö pali" ("Siz qurban getdiniz") inqilabi
mahnının melodiyası altların ifasında çox ahəstə, qəmgin səslənir.
Hal-hazırda alt (viola) daha çox solo-konsert aləti
kimi çıxış edir. Bir çox bəstəkarlar bu alət üçün solo partiyalar
yazır.
Məşhur alman bəstəkarı Paul Hindemit özü altda
gözəl çalmış və bu alət üçün çoxlu əsərlər yazmışdır. Alt üçün yazılmış
ən məşhur əsərlərdən biri də Şostakoviçin alt və fortepiano üçün
yazdığı Sonatadır. Bəstəkar bu sonatanı əsərin ilk ifaçısı, məşhur
alt çalan Fyodor Serafimoviç Drujininə həsr etmişdir. Macar bəstəkarı
Bela Bartakun son əsəri - Alt ilə orkestr üçün konserti də ən tanınmış
ifaçılar tərəfindən tez-tez ifa olunan əsərlər sırasındadır.
Alterasiya - Latın sözü olan "alterare"
- "dəyişiklik" deməkdir. Musiqi aləmində alterasiya səsin zilləşdirilməsinə
və ya bəmləşdirilməsinə deyilir. İstənilən səsi yarım ton və ya
bir ton zilləşdirmək, həmçinin yarım ton və ya bir ton bəmləşdirmək
istədikdə alterasiya işarələrindən istifadə edilir:
# - diyez - səsi yarım ton yüksəldir (zilləşdirir);
b - dubl-diyez - səsi bir ton yüksəldir;
b - bemol - səsi yarım ton alçaldır (bəmləşdirir);
b b - dubl - bemol - səsi bir ton alçaldır.
əgər alterasiyaya uğramış səsdən sonra səsin öz
natural halına qayıdılırsa, onda bekar - n (və ya n n - dubl - bekar)
işarəsi işlənir. Bekar digər alterasiya işarələrini ləğv edərək
əsas səsi bərpa edir.
Alterasiya işarələri açardan sonra yazılarsa, ona
"açar işarələri", ayrıca bir notun qarşısında yazıldıqda isə "təsadüfi
işarələr" deyilir.
İlk baxışdan sizə elə gələ bilər ki, alterasiya
işarələri fortepiano klaviaturasında qara dilləri göstərir (ağ dillərin
isə öz müstəqil adları var). Lakin bu, belə deyil. Alterasiya işarələri
dilləri deyil, səsləri göstərir. Belə ki, "fa" və "sol" arasında
yerləşən qara dil ifa edilən əsərin tonallığından asılı olaraq həm
"fa#", həm də "sol b " kimi işlənə bilər. Məs: hər hansı bir əsərdə
işlənən do-dubl-diyez (dox) və ya sol-dubl-bemol (col b b) səsinin
fortepiano klaviaturasında "re" və "fa" səslərinə uyğun gəlməsinə
baxmayaraq, bu səslər pyesin melodik və harmonik quruluşuna uyğun
olaraq məhz "do-dubl-diyez" və "sol-dubl-bemol" kimi qəbul edilməlidir.
Andante - "Andante cantabile", "Andante
favori"... və s. Bəlkə də siz haradansa bu sözləri eşitmişsiniz?
"Alleqro" ilə yanaşı "Andante" də ən geniş yayılmış musiqi templərindən
biridir. (İtalyan sözü olan "andante" - "addımlayan", "axan" mə'nası
daşıyır.) Bu tempin sür'əti sakit, tələsməyən, aramlı addım hərəkətlərinə
uyğun gəlir. Bir çox simfonik silsilə, sonata və kvartetlərin orta-lirik
hissələri bu tempdə yazılmışdır. Belə ki, P.Çaykovskinin kvartetinin
asta hissəsi "Andante cantabile" (yə'ni "Məlahətli andante") adlanır
və bu hissənin melodiyasının əsasını "Sidel Vanya" - rus xalq mahnısı
təşkil edir.
L.Bethoven məşhur "Appassionata"nın asta hissəsini
"Andante favori" (tərcümədə - "Sevimli andante") adlandırmışdır.
Bu hissənin musiqisini yazıb qurtardıqdan sonra bəstəkar hiss etmişdir
ki, çox gözəl alınmış bu musiqi olduqca genişdir və sonata silsiləsinə
sanki "sığmayaraq" son dərəcə dərin məzmunlu sonatanı daha da uzatmışdır.
Ona görə də Bethoven "Appassionata" üçün başqa bir "Andante" - nisbətən
qısa olan asta hissə bəstələməli olmuşdur. "Andante" "favori" isə
ayrıca, müstəqil bir əsər kimi ifa edilməyə başlamışdır. (Çox vaxt
bu əsər yazıldığı tonallığa uyğun olaraq "Andante - fa major" adlandırılır).
Bə'zi pyeslər də "andante" tempində yazıldığına
görə müəlliflər çox zaman bu əsərləri "Andante" adlandırırlar.
Ansambl - "Çıxış edir: Azərbaycan Dövlət
mahnı və rəqs ansamblı"... "Dan ulduzu" vokal-instrumental ansamblı"...
"Böyük Teatrın skripkaçılar ansamblı"... və s. Yəqin ki, bu sözləri
siz dəfələrlə eşitmisiniz. Başqa bir misal göstərək:"Qaratoxmaq
qadın"(Pikovaə dama) operasından ansambl", ..."Mən kamera-instrumental
ansamblı başqa musiqi janrlarından üstün tuturam"... və ya: "Bu
ifaçıların çıxışı gözəl ansambl yaradır"... və s. Belə fikirlərin
hər birində "ansambl" sözü müxtəlif mə'nalar daşıyır.
Ansambl - fransız sözü olub "ensemble" ("birlikdə")
- birgə ifaetmə mə'nası daşıyır. Bu, ansambl sözünün ən ümumi anlayışıdır.
Hər şeydən əvvəl "ansambl" dedikdə, birgə ifa üçün yazılmış musiqi
nəzərdə tutulmalıdır. İfaçıların sayından asılı olaraq ansambl müxtəlif
adlar daşıya bilər: duet (iki ifaçı üçün), trio və ya terset (üç
ifaçı üçün) kvartet (dörd ifaçı üçün), kvintet (beş ifaçı üçün)
və s. Ansambl vokal və ya instrumental janrda ola bilər. Vokal musiqiyə
aid edildikdə bu, opera əsərinin ayrı bir epizodu (səhnəsi) kimi,
instrumental musiqiyə aid edildikdə isə kamera musiqisi janrı kimi
izah edilməlidir. Məsələn, Çaykovskinin "Yevgeni Onegin" operası
ansambl səhnəsi ilə başlanır: səhnə arxasından Tatyana ilə Olqanın
dueti səslənir, səhnədə isə (tamaşaçıların gözü önündə) - Larina
və dayə söhbət edirlər. Burada bütövlükdə götürsək, kvartet - dörd
iştirakçının eyni zamanda ifası yaranır.
Yalnız bir neçə alət üçün yazılmış əsər ansambl
adlanmır, həmçinin bu əsərin ifası üçün nəzərdə tutulan ifaçılar
tərkibi də ansambl adlanır. Bə'zi ansambllarda ifaçıların sayı ciddi
şəkildə müəyyən edilir. Məsələn; vokal və ya fortepiano duetləri,
instrumental trio və ya kvartet. Azərbaycan milli musiqisində instrumental
trioya klassik nümunə olaraq "muğam üçlüyünü" (tar, kamança, qaval)
misal göstərmək olar. Aşıq-balabançı cütlüyünə də ansambl demək
olar. Aşıq dastanları deyişmələrində hətta üç ifaçıya - iki aşıq
və balabançının birgə ifasına rast gəlinir. Şirvan və Təbriz məktəblərinin
aşıq dəstələrini (zərb alətləri də daxil olmaqla) də ansambl adlandırmaq
olar.
Kvartetlərə misal olaraq çox məşhur ansambl olan
"L.Bethoven adına kvartet"i göstərə bilərik.
Çox zaman müxtəlif alətlərdə çalan ifaçıların,
müğənnilərin, rəqqasların birgə çıxışını da ansambl adlandırırlar.
Son illərdə estrada musiqisi ifa edən vokal instrumental ansamblları
(VİA) çox geniş yayılmışdır.
Ansambl sözünün bir mə'nası da var. Təsəvvür edin
ki, müğənni incə, məlahətli səslə gözəl bir romans oxuyur, pianoçu
isə çox kobud, sərt, yaxud gur səslənən ifası ilə onu müşayiət edir.
Belə ifaya yalnız onu demək olar ki, müğənni və pianoçu arasında
ansambl yaranmayıb və ya ansambl heç yoxdur. əgər müğənninin və
pianoçunun ifası bir-birini tamamlayırsa, belə akomponement, (mü-şayiət)
təbii ki, daha maraqla dinlənilir. Bu zaman royalın tembri də sanki
məlahətli, dolğun insan səsini xatırladır. Belə ifanı dinlədikdə
ucadan demək istəyirsən: "Necə də e'cazkar ansambldır!"
Alman müğənnisi Ditrix Fişer - Diskau və görkəmli
pianoçu Svyatoslav Rixterin birgə konsertinə qulaq asmaq şərəfinə
nail olan dinləyicilər, məhz belə bir təkraredilməz, nadir ansambl
ifasının şahidi olmuşlar. Beləliklə, ansambl sözü həm də, əsərin
bütün ifaçıları tərəfindən qarşılıqlı anlaşılma tərzi kimi dərk
edilməlidir.
Antrakt - Bu söz fransızca "entre" (arasında)
və "acte" (akt, pərdə) sözlərinin birləşməsindən ibarət olub, tamaşanın
pərdələri arasında, konsertin hissələri arasında fasiləni bildirir.
Bu antrakt, konsert zalından çıxaraq öz təəssüratlarını bölüşmək,
istirahət etmək mə'nasında işlənir. Lakin belə antraktlardan başqa
musiqi antraktları da vardır ki, onlar haqqında da danışmaq istəyirik.
Tәsәvvür edin ki, siz H.Rimski-Korsakovun "Görünmәz
Kitej şәhәri vә Fevroniya haqqında dastan" operasının tamaşasındasınız.
Yçüncü pәrdәnin birinci şәkli göstәrilir. Sәhnәdә - möhtәşәm Kitej
şәhәrinin meydanı. Buraya yığılmış xalq dәhşәtli bir xәbәr eşidir:
Şәhәrә tatar qoşunları yaxınlaşır! Knyazoğlu Vsevolod qoşun dәstәsini
(drujinanı) toplayır, düşmәnә qarşı vuruşa hazırlaşır.
Pərdə enir. Lakin orkestr susmur, sonra baş verəcək
hadisələri şərh edir. Orkestrin səslənməsində bir təhlükə, həm də
sarsıntı hiss edilir. Ritmdən sanki uzaqdan yaxınlaşan atlıları
daxilən duyuruq. Bu, tatar qoşunlarının təsviridir. Düşmən qoşunları
daha da yaxınlaşır və musiqidə tədricən güclənən "qəddar" mövzu
səslənir. Lakin bu səslər içərisində sadə axıcı melodiya - rus drujinaçısının
mahnısı eşidilir. Artıq musiqidə bu iki zidd mövzuların qarşılaşması
və mübarizəsi səhnəsi canlanır. Dinləyicilər rus drujinası ilə tatar
qoşunu arasında dəhşətli ölüm-dirim vuruşunu təsəvvür edirlər.
Rus döyüşçüləri cəsarətlə vuruşdular, lakin çoxsaylı
tatar qoşununa üstün gələ bilmədilər. Onlar həlak olsalar da, ölümü
qul olmaqdan üstün tutdular. Musiqidə artıq rus mahnısının melodiyası
eşidilmir. Tatar qoşununu əks etdirən mövzunun ayrı-ayrı ritmik
intonasiyaları təkrarlanır...
Yenidən pərdə qalxır. Səhnədə tatar qoşunu dayanmışdır.
Yçüncü pərdənin ikinci şəkli ilə birinci şəklini birləşdirən təsvir
etdiyimiz bu musiqi lövhəsi isə "Kerjenetsdə vuruş" ("Seça pri Kerjents")
adlanan simfonik antrakt idi.
Başqa bir misal göstərək. J.Bizenin "Karmen" operasının
tamaşası gedir. Burada hər bir pərdə musiqi antraktı ilə başlanır.
Yçüncü pərdənin antraktı sakit, sanki yuxuya dalmış dağları təsvir
edir. Pərdə qalxır və tamaşaçıların qarşısında indicə musiqidə əks
etdirilən dağ mənzərəsi canlanır...
Dördüncü pərdəyə antrakt isə şən, rəngarəng, oynaq
ritmlərlə zəngin olan xalq şənliyi əhval-ruhiyyəsi yaradır. Və bu
xalq şənliyi fonunda operanın faciəvi sonluğu baş verir.
Appassionata - "Elə bir insan tapılmaz ki,
"Appassionata"nı dinləməmiş və dinlədikcə də bu əsərə valeh olmamış
olsun..." L.V.Bethovenin "Appassionata"adı ilə məşhur olan bu əsəri
- 23N-li sonata (fa-minor, əs.57) 1806-cı ildə yazılmışdır. Daha
dəqiq desək, sonata həmin ildə nota köçürülmüşdür. Bəstəkar bu əsəri
iki il əvvəl bəstələmişdir.
"Appassionata" (yə'ni "ehtiraslı") adını əsərə
müəllif özü verməmişdir, lakin ad özünü doğrultmuş, bu günədək həmin
adı saxlamışdır. Bəstəkarın müasirləri sonatanın müəyyən proqramı
olduğunu hiss etmiş və onu öyrənməyə çalışmışlar. Həmin məqsədlə
Bethovenə əsərin məzmunu haqda sualla müraciət edərkən o, çox qısa
cavab vermişdir:"Siz Şekspirin "Fırtına" əsərini oxuyun."
Həqiqətən də "Appassionata"da Şekspir miqyasında
bir ehtiras "çağlayır", lakin bu, Bethovenə, onun yaşadığı dövrə
xas olan ehtirasdır. Belə ki, sonatanın musiqisində - birinci hissəsinin
sonunda "Marselyöza"nın intonasiyaları, sonuncu hissə - Finalda
isə qəhrəmani rəqs musiqisində Böyük Fransız inqilabının əks-sədası
eşidilir.
Ümumiyyətlə isə, "appassionato" (italyanca - "appassionare"
- ehtiras oyadan) musiqi əsərinin ifa xüsusiyyətini göstərmək üçün
istifadə edilən termin kimi də işlənir.