Sönmәz musiqi ocağı       
       
  Lalə HYSEYNLI           
1   2   3   4  
  L. Hüsenova
Sönməz musiqi ocağı

S. Əliqızı
Hekayətli musiqi lüğəti

 
 
English
        

Konservatoriyanın tarixi və həyatı ilə üzvi surətdə bağlı olan Bülbül adına məktəbin 20-30-cu illərdəki təşəkkül dövründə bir sıra çətin məqamlar da olmuşdur. Konservatoriya təhsilini təkmilləşdirmək məqsədi ilə aparılan islahat proqramlarında vaxtaşırı bir və ikinci tədris pillələrinin ləğvilə bağlı fikirlərlə rastlaşırıq. 1926-cı ildə xalq maarif komissarlığı bu barədə, hətta, qərar da qəbul etmişdi: onun müəllifləri konservatoriyanı, sözün əsl mə'nasında, ali təhsil müəssisəsinə çevirmək müddəasından çıxış edirdilər. Lakin bu növ qərarlar konservatoriyanın İdarə Hey'əti və şəxsən Ü.Hacıbəyov tərəfindən daim e'tirazla qarşılanmış, belə islahatlar Azərbaycanda vaxtsız hesab olunmuşdur. Ymumiyyətlə, Ü.Hacıbəyov musiqi təhsilinin ibtidai, orta və ali halqalarının bir əldə-konservatoriya daxilində cəmləşməsinə böyük əhəmiyyət verirdi. Belə ki, respublikada o zaman sayca çox az olan musiqi məktəbləri ADK üçün kadr yetişdirmək iqtidarında deyildi. Mərkəzləşdirilmiş təhsil sistemi isə tez bir zamanda peşəkar musiqiçilər hazırlamağa əlverişli şərait yaradırdı. Bundan başqa, Azərbaycanda yeni yaranmaqda olan musiqi təhsili sistemi konkret tədris proqramlarının yoxluğu ilə üzləşdi və tədris prosesini ləngidən bu problemi ancaq konservatoriyanın təcrübəli professor-müəllim hey'ətinin köməyi ilə aradan qaldırmaq olardı. Bütün bu tutarlı dəlillərə baxmayaraq, 30-cu illərin əvvəllərində birinci tədris pilləsi ləğv olundu(6).

Maraqlıdır ki, bağlanma ərəfəsində burada 200-dən çox uşaq təhsil alır və onlara yüksək ixtisaslı müəllimlər dərs deyirdi. Ü.Hacıbəyov, A.Zeynallı, İ.S.Aysberq, Q.Q.Şaroyev bu dərslərin gedişatını daim izləyirdilər. Tədris planına ixtisas dərslərindən başqa "musiqi dinləmə" kursu, ritmik gimnastika, musiqinin elementar nəzəriyyəsi, ümumi fortepiano, ansambl, xor oxuması, "musiqi tarixinə giriş" kimi fənlər daxil idi və bu proqram şagirdlərin ilkin musiqi vərdişlərinə, dünyagörüşünə yiyələnməsi üçün möhkəm zəmin yaradırdı. Məhz bu dövrün dərslərini vaxtilə məktəbin şagirdi olmuş Qara Qarayev sonralar çox böyük səmimiyyətlə xatırlayırdı: "Mən musiqi dinləmə dərslərinə gedir və musiqiyə qulaq asırdım. "Dinləmə" üzrə maraqlı məşğələləri gözəl müəllim və iste'dadlı pianoçu, öz işinin vurğunu Vladimir Mixayloviç Kozlov aparırdı. Məhz o mənə bir dəfə qəlbimi daim narahat edib öz ifadəsini tapmaq istəyən, lakin hələ səthi duyduğum bir həqiqəti-musiqinin son dərəcə lirik və poetik məğzini anlatmışdı..." (7)

Dərslərin bu cür səmimi və canlı keçdiyi, habelə tədrisin artıq sahmana salındığı zaman məktəbin ləğv olunması ancaq təəccüb doğurur. Təsadüfi deyil ki, az müddətdən sonra onu yenidən açmaq lazım gəldi. 1931-ci ildə ADK nəzdində uşaq musiqi qrupu fəaliyyətə başladı. Lakin təhsilin ödənişli xarakteri və bir sıra təşkilati çətinliklər burada aparılan işin səmərəsini aşağı salırdı. Həhayət, 1933-cü ildə ADK-nın vəsatəti ilə Xalq Maarif Komissarlığı onun nəzdində "Xüsusi iste'dada malik uşaqlar qrupu"nun yaradılması barədə qərar qəbul etdi və məhz bu qrup Konservatoriya nəzdində 10 illik musiqi məktəbinin yaradılmasında son dərəcə böyük rol oynadı(8).

"Gənc iste'dadlar" qrupu qarşısına qoyduğu məqsədi layiqincə yerinə yetirirdi. Burada uşaqlara çox həssas və qayğılı münasibət hökm sürürdü. Şagirdlər təqaüdlə tə'min olunur, ə'laçılara isə artırılmış təqaüd verilirdi. ADK Pedaqoji Şurasının elə bir iclası olmurdu ki, orada "Qrupun" fəaliyyəti ilə bağlı bu və ya digər məsələ müzakirə olunmasın. Uşaqlarla işə ADK-nın qocaman müəllimləri ilə yanaşı, onun gənc mə'zunları da cəlb edilmişdi. Bəstələmək qabiliyyətinə malik iste'dadlarla xüsusi dərslər keçilirdi. Bu qrupun şagirdləri arasında gələcəkdə nəinki respublikada, həmçinin onun hüdudlarından çox-çox uzaqlarda məşhurlaşan pianoçular Elmira Həzirova, Bella Davidoviç, Rauf Atakişiyev, Çingiz Sadıxov, Fəridə Quliyeva, Tamara Quseva, Səyyarə Kərimova, orqançalan Zəhra Cəfərova, musiqişünaslar əminə Eldarova, İzabella Abezqauz və başqaları var idi.

"Gənc iste'dadlar qrupunun" az vaxtda qazandığı gözəl nəticələr Üzeyir bəyin dəfələrlə müdafiə etdiyi təhsil prinsipinin - peşəkar musiqiçiləri kiçik yaşlarından ali məktəb daxilində yetişdirməyin nə qədər perspektivli və məqsədəuyğun olmasını əyani surətdə sübut etdi. Bunu, həmçinin, nüfuzlu Moskva və Leninqrad Konservatoriyaları nəzdindəki Mərkəzi Musiqi Məktəblərinin fəaliyyəti də bariz nümayiş etdirirdi. 1937-ci ildə ADK nəzdində də bu cür məktəbin yaradılması barədə Azərbaycan SSR-nin Xalq Komissarları Sovetinin İncəsənət üzrə işlər İdarəsinin qərarı çıxdı və "Gənc iste'dadlar qrupu" yeni açılmış məktəbin özəyini təşkil etdi.

Üzeyir Hacıbəyovun təklifi ilə "Gənc iste'dadlar qrupunun" işində çox fəal iştirak edən iste'dadlı pianoçu, gözəl təşkilatçı, alicənab insan Kövkəb xanım Səfərəliyeva yekdilliklə məktəbə müdir tə'yin olundu.

Kövkəb xanımı yaxından tanımaq səadəti, təəssüf ki, bu məqalənin müəllifinə qismət olmayıb. Lakin onun barəsində deyilənlər və yazılanlar bu qadını öz xalqını dərindən sevən, onun gələcəyinə ürəkdən inanan əsl maarifpərvər Azərbaycan ziyalısı, sənət fədaisi kimi təsəvvür etməyə imkan verir. Kövkəb Səfərəliyeva ali təhsilli ilk azərbaycanlı pianoçu idi və bu birinciliyin şərəfini də, məs'uliyyətini də dərindən duyub, bütün həyatını musiqi mədəniyyətimizin inkişafına və milli kadrların tərbiyəsinə həsr etmişdi. Bülbül adına musiqi məktəbi müstəqil həyata qədəm qoyması və əldə etdiyi ilkin nailiyyətlərə görə məhz ona minnətdardır.

Kövkəb xanım sözün əsl mə'nasında cəfakeş müəllim idi. İste'dad sorağında o, tez-tez uşaq evlərinə, mədəniyyət klublarına, orta məktəblərə gedər, qabiliyyətli azərbaycanlı uşaqlarını arayıb tapar, onları rəhbərlik etdiyi məktəbdə oxumağa sövq edərdi. Dərslərin maraqlı və səmərəli keçməsi üçün Kövkəb xanım müxtəlif dərsliklər və metodik tövsiyyələr üzərində də həvəslə çalışardı. Xatırladaq ki, indi də musiqidə ilk addımlarını atan uşaqların stolüstü kitabına çevrilən, təcrübəli pianoçu-metodistlər L.H.Yeqorova və R.İ.Siroviçin (9) tərtib etdiyi "Fortepianoda çalmaq üçün ibtidai tədris vəsaiti" 1949-cu ildə məhz Kövkəb Səfərəliyevanın redaktəsi və böyük köməyi sayəsində birinci dəfə işıq üzü görmüşdü.


 
1   2   3   4  
copyright by musiqi dunyasi 1999-2000© design by grArt 2000©
Next Page Previous Page English Back to Home About site