VASİF ADIGÖZƏLOVUN "ÇANAQQALA" ZƏFƏRİ        
və yaxud Azərbaycan-Türkiyə mədəni işbirliyinin parlaq uğuru 
          
  Azad Ozan KƏRİMLİ        
1   2   3   4  
  Yeniliklərimiz
Qadınlar musiqidə

A. Ozan Kərimli
V. Adıgözəlovun Çanaqqala zəfəri

P. Quliyev
T. Bakıxanovun əsərlərinə Türkiyədə maraq

Yeniliklərimiz
Bizə yazırlar

Yeniliklərimiz
Xəbərlər
 

 

 

 

 

        
Çanaqqala. "Ninni"
Çanaqqala. "Apofeoz"
Çanaqqala. "Marş"

Doğrudur, ən öncül Avropa bəstəkarlarının yaradıcılığında, başlıca olaraq, dini mövzulara üstünlük verilib. Lakin deyilənlə yanaşı, fransız bəstəkarlarından H.Berlioz və A.Oneggerin ("Janna d'Ark"), rus bəstəkarlarından İ.Stravinskinin ("Edip") və D.Şostakoviçin oratoriyaları istər mövzu sərbəstliyi, istər tutumuna görə seçilir, bə'ziləri hətta opera-oratoriya adlanır. Tarixi olaylarla, sırf tarixi yaddaşla bağlı oratoriyalardan isə ancaq birinin, - Artür Oneggerin "Janna d'Ark" oratoriyasının adını çəkmək olar.

Bunun səbəbi təkcə tarixi mövzuda yazmağın böyük məs'uliyyəti deyil, həm də bəstəkarların qarşısına çıxan dramaturgiya çətinlikləridir. Və çox qəribədir ki, torpaqlarının beşdə biri düşmən tapdağı altında olan və ağır siyasi-iqtisadi böhran keçirən Azərbaycanda, türk dünyası tarixində ilk dəfə olaraq belə cəsarətli addım atan sənətkara rast gəlirik. Həmin sənətkar Azərbaycan bəstəkarlıq məktəbinin görkəmli simalarından biri olan Vasif Zülfü oğlu Adıgözəlov, onun cəsarətli addımı isə "Çanaqqala" oratoriyasıdır.

Mən bu kiçik məqalədə bəstəkarın böyük türk şairi M.Akifin eyni adlı poeması əsasında çox gözəl librettoçu Sabah Durunun mətninə yazdığı və ardı-arası kəsilmədən 1 saat 20 dəqiqə çəkən möhtəşəm əsərini araşdırmaq fikrindən çox-çox uzağam. Ona görə ki, bu əsər gələcəkdə çox tutumlu elmi araşdırmanın mövzusu olmalıdır və inanıram ki, olacaq. Xüsusi vurğulamaq istərdim ki, bu əsərin siyasi və mə'nəvi əhəmiyyəti, dəyəri, onun tutumuna, bədii üstünlüklərinə və möhtəşəmliyinə baxmayaraq, qat-qat böyükdür. əgər Ü.Hacıbəyovun "Leyli və Məcnun" və "Koroğlu" operaları, Şərqdə ilk peşəkar bəstəkar əsərləri olmaqla yanaşı, "Azərbaycançılığın" xülya olmadığını açıqlayırdılarsa, Vasif Adıgözəlovun "Çanaqqala" oratoriyası türk mə'nəvi birliyinin xülya deyil, artıq danılmaz həqiqət olduğunu vurğulayır. Və eyni zamanda bu birliyin öz tarixini, o cümlədən mədəniyyət tarixini öz əli ilə, özü də təkcə salnamələrdə deyil, daha əzəmətli şəkildə sənətkar qələmi ilə yazmaq istəyində bulunduğunu göstərir.

Bütün bunlarla yanaşı, deməliyəm ki, öz dəsti-xəttini, dil-üslub bütövlüyünü saxlamaq şərti ilə, bəstəkar bu 1 saat 20 dəqiqə davam edən əsər boyu musiqili dramaturgiya gərginliyinin səngiməyən və getdikcə artan gəlişməsinə nail ola bilmişdir. Və, ən başlıcası, bədii tapıntıların zənginliyi, orkestr çoxçalarlığı, xor və vokal kəsimlərinin texniki çətinlikləri əsəri oratoriya janrının bir sıra nümunələrinə xas olan bəsit plakatçılıqdan uzaq, möhtəşəm (monumental) boyakar nəqqaşlıq abidəsinə bənzədir.

Sonuncu deyim "Çanaqqala" oratoriyasının klassik quruluşundan irəli gəlir. Çoxbölümlü oratoriyada üç bölmə və epiloq (sonluq) prinsipi əsas götürülüb. 1 bölmə "Giriş", "Vətən torpağı", "Çanaqqala" və "Savaş" (qiraətçinin sonucu) bölümlərindən, II bölmə qiraətçinin "İstila" söyləmələri, tenorun "əsgərdən son məktub" ariyası, tenor-xor dialoqu və "Ordum" marşsayağı bölümlərindən, III bölmə isə bariton-xor dialoqu ("Çanaqqala içində vurdular məni"), sopranonun geniş ariyası, qiraətçinin söyləmələri və metso-soprano ariyasından ibarətdir. Bütün əsərin sonucu kimi yozula bilən "Zəfər bölümü" yığcam rekviyem-poema tə'siri bağışlayır. Lakin eyni zamanda bütöv əsərin genişmiqyaslılığı "bölmə" və "bölüm" anlayışlarının şərtiliyini tam şəkildə aşkarlayır. Məsələn, əsgər anası surətini yaradan (canlandıran) sopranonun ariyası əslində səs və orkestr üçün lirik poema kimi yozulur və hətta mən deyərdim, ayrılıqda da uğurla ifa oluna bilər. Eyni sözləri baritonla xor üçün "Çanaqqala içində vurdular məni", tenorun ariyası və xorla dialoqu, metso - soprano ilə xor üçün "Anzak'lara ninni" bölümü haqqında demək olar ki, onlardan hər biri əslində çoxpərdəli musiqili-dramatik əsərin ayrı-ayrı hissələridir. Lakin onu da vurğulamağı lazım bilirəm ki, bəstəkarın peşəkar dramaturgiya duyumu, əsəri biçimləyən ən iri bölmələrdən tutmuş ən kiçik ünsürlərədək, hamılıqla oratoriyanın bütövlüyünün tə'minatçısı kimi çıxış edir.

Vasif Adıgözəlov yüksək səviyyəli peşəkarlığı ilə yanaşı, həmişə təkrarsız, oxşarsız, gənclik təravətli, geniş nəfəsli melodiyaların yaradıcısı kimi tanınıb və tanınacaq. "Çanaqqala" oratoriyasında da o, öz melodik fitri iste'dadına sədaqətini bir daha açıqlayır. əsərdəki lirik intermetso və ariyalarla yanaşı, genişmiqyaslı melodik və tematik gəlişmələr deyilənlərə misaldır. Lakin oratoriyanın musiqili intonasiya dil-üslubu bəstəkar üçün tamamilə yenidir və eyni zamanda ən'ənəvidir desək, yanılmarıq. Çünki "Çanaqqala"nın özü ən'ənəvi oratoriya janrında yazıldığına baxmayaraq, tamamilə yenidir. Birincisi, ona görə yenidir ki, Azərbaycanlı bəstəkarın ümumtürk ruhu və ümumtürk səpgili ilk təcrübəsi, ilk sınağıdır. İkincisi,- bu da ayrıca vurğulanmalıdır, - əsərin heç bir yerində, hətta folklor oxşamalarını xatırladan bölümündə belə bəstəkar heç bir folklor nümunəsindən sitat gətirməmiş, faydalanmamışdır.


 
1   2   3   4  
copyright by musiqi dunyasi 1999-2000© design by grArt 2000©
Next Page Previous Page English Back to Home About site