|
ər bir böyük olayın
başlanğıcı və sonucu var. Uşaqlıq və A.Zeynallı adına orta ixtisas
musiqi məktəbindəki tələbəlik illərini saya salmasam, S.Hacıbəyov
şəxsiyyəti ilə canlı tanışlığım həyatımın iki unudulmaz cizgisi
ilə bağlıdır.
1973-cü ilin iyul
ayında Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasına qəbul
imtahanları verirdim: bəstəkarlıq şö'bəsində gündüz oxumağa üç yer
və bu üç yerə səkkiz ərizə (!!!). Yə'ni imtahanlardakı uğurlarından
asılı olmayaraq səkkiz nəfərdən beşi "çöldə" qalmalıdı. Sonralar
öyrəndiklərimə görə, konservatoriya tarixində bu görünməmiş "iş"
idi.
İmtahan, əlbəttə
ki, bəstəkarlıq yaradıcılığından olub, konservatoriyanın o zamankı
rektoru S.Hacıbəyov başda olmaqla öncül bəstəkar-müəllimlər tərəfindən
aparılırdı. İlk imtahandan hamımız keçsək də, qarşıda 10 imtahan
dururdu. Burada ayrıca vurğulamaq istərdim ki, hazırda, bu sətirlər
yazılarkən, bəstəkarlıq şö'bəsinə giriş imtahanları 6-ya endirilib.
Şübhəsiz ki, səviyyə ilə bərabər… Sözün qısası, olduqca sinirli
idik, heç birimizin gözünə yuxu getmirdi. İkinci imtahana - kollokviuma
başlamamış bizə dedilər ki, "rektorun sizə sözü var". Kabinetə yığışdıq.
Geniş yazı masası arxasında qalın gözlüklü, dolu bədənli, dalğın
və yorğun bir kişi oturmuşdu. Bu hamımın "Soltan İsmayloviç" deyə
çağırdığı Soltan Hacıbəyov idi. O bizi diqqətlə nəzərdən keçirib,
çox yumşaq, hətta deyərdim, lirik səslə, tələsmədən dedi:
"Uşaqlar, mən sizi
imtahana özüm çəkmişəm və belə hesab edirəm ki, hər biriniz konservatoriyada
oxumalıdır. Siz bizə lazımsınız. Bir rektor kimi nazirlər soveti
sədrinin müavini (yə'ni indiki baş nazirin müavini) Kamran Hüseynovdan
xahiş etmişəm ki, bizə bəstəkarlıq şö'bəsi üçün 5 yer də artırsın.
Kamran müəllim razılaşıb və artıq nazirimizə göstəriş də verib (bircə
günün içində! - A. O.). Ona görə də fikir eləməyin. Siz hələ cavansınız,
imtahanları uğurla versəniz, müsabiqəsiz keçəcəksiniz. Bizə gələcəkdə
bəstəkarlar lazım olacaq…"
Görkəmli şəxsiyyətlərimiz
haqqında yazmaq çətindir. Lakin gərəklidir. Onların çoxçalarlı həyatı
(yaşamı) haqqında, coşqun fəaliyyəti haqqında bilgilər bizlərə də
gərəklidir, gələcək nəsillərə də. ən başlıcası isə, gələcək nəsillərə.
Çünki biz bildiklərimizi gələcəyə ötürməsək, gələcəkdəkilərin keçmişlər
haqqında anlam, duyum və yozumları düzgün biçimlənə bilməz; yanlışlıqlar,
uydurma və yalançı əfsanələr baş alıb gedər. əlbəttə, soruşa bilərlər
ki, "əfsanələrsiz, dastanlarsız yaşamaqmı olar?" Doğru sualdır,
lakin unutmayaq ki, xalqımızın əsatirləri və dastanları yalnız nəsildən-nəsilə
ötürülərək yüzilliklər süzgəcindən saf-duru keçə bilmişdir. Və bu
dastanlar, nə dərəcədə uydurma olsalar belə, Həqiqətin anasıdır.
Çünki onlardakı uydurmalar da, həqiqətlər də bir amala, - düzü əyridən
seçməyə, xalqımızın ən yüksək insani dəyərlərini yaşatmağa xidmət
edib, edir və edəcəkdir. Bizim ulularımızın öz çətinlikləri olub,
bizimsə özgə çətinliklərimiz var. əgər onlar bilgidaşıyıcıları və
ötürücüləri kimi şərəfli yüklə bərabər, özlərinə ləyaqətli davamçılar
aramaq kimi bir vəzifədə bulunurdularsa, bizlərin qarşısında ağ
kağız, əlində qələm var. Və ilk nəzərdə elə gəlir ki, çətinliklər
sovuşub, işimiz asanlaşıb. əslində isə bu ağ kağız və qələmlər sonucunda
boynumuza hansı məs'uliyyətin düşdüyünü bə'zən tam anlaya bilmirik.
Amma bilməliyik ki, bizim yazıb-yaratdığımız çağdaş dastan və hekayətlər
gələcək nəsillər üçün həm bizlər, həm ustadlarımız haqqında yeganə
görüntü qaynaqları, bəlkə də onları yazıb yaratmağa yönəldən və,
hətta, ilhamlandıran başlanğıc işartıları olacaq. Elə bu uzun girişim
də keçirdiyim sıxıntının sonucudur, çünki haqqında söhbət açacağım
şəxsiyyət hazırda dünyaya gəlişinin 80 illiyi tamam olan, yaradıcılığına
dair tanınmış musiqişunas - alim Aida Tağızadənin sanballı monoqrafiyası
ilə yanaşı çox-çox məqalələr çap olunan və sağlığında saysız müsahibələr
alınan, milli bəstəkarlığımızın cörkəmli simalarından və Hacıbəylilər
nəslinin yetirmələrindən biri Soltan İsmayıl oğlu Hacıbəyovdur.
İndilərdə, bizim
dövrdə lap girişdə söhbət açdığım olayın təmənnasızlığına heç kim
inanmaz, yaxud da inanmaq istəməz. Lakin söylədiklərimi və bu təmənnasızlığı,
özümdən savayı, hazırda musiqi yazmaqla yanaşı, musiqi nəzəriyyəsi
və uşaq yaradıcılığı müəllimi, səs rejissoru, folklorçu-alim, estrada
orkestri dirijoru və aranjimançı kimi çalışan 7 nəfərdən hər biri
də təsdiqləyə bilər. Lap elə bu günədək bəstəkarlıqda oxuyan tələbələrə
keçilən çox lazımlı "muğam" fənni, ¾ daha doğrusu, tarzənin muğam
çalcısını dinləyib bölüm-bölüm nota yazılışı məhz Soltan Hacıbəyovun
pedaqoji görümü və nazirlik mə'murlarını dilə tutmaq bacarığı sayəsində
gerçəkləşib. Və indiyədək öz gərəkliyini itirməyib. əgər amansız
ölüm macal versəydi, bizim konservatoriyada simfonik dirijorluq
fənni də keçiləcəkdi və, kim bilir, o zamankı rektorun 55 yaşında
vaxtsız dünyasını dəyişməsi ücbatından neçə-neçə dirijor iste'dadının
arzusu ürəyində qaldı?
|
|