əlkə də ümumiyyətlə,
musiqi incəsənətinin, eləcə də opera teatrının problemləri bizə
bir çox mühüm siyasi, iqtisadi, millətlərarası, ekoloji və s. problemlərdən
daha uzaq görünə bilər. Lakin incəsənətin sərhədləri sonsuzdur.
Və bu gün bütün sahələrdəki - gündəlik və tarixi, maddi və mə'nəvi
həyatımızdakı işlərimizdə musiqi mədəniyyəti problemlərinin bizi
narahat etməsinə baxmayaraq, bizim bir an olsa da, yaşadığımız bu
dünyanın mənzərəsini nəzərimizdən qaçırmağa və bu dünyadan təcrid
edilmiş bir iqamətgah yaradaraq orada cəsarətsiz bir itaətlə qapanıb
qalmağa haqqımız yoxdur. Bu, sadəcə illüziya deyil, həm də özünü
könüllü surətdə məğlubiyyətə uğratmaqdır. Məhz buna görə də bu problemlər
yalnız xüsusi, dar professional səviyyəli deyil, artıq dövlət əhəmiyyəti
kəsb edən problemlər səviyyəsinə çatmışdır.
Bir tərəfdən, televiziya
ekranlarından və bulvar mətbuatı səhifələrindən özünə yol tapan
ideya-psixoloji təcavüz cəhalətlə qidalanan saxta dəyərləri zorla
qəbul etdirərək sadə kütlələrin şüurunda mə'nəviyyatsız stereotiplərin
formalaşmasına təhrik edir. əfsus ki, bu tə'sirin ilk əlamətləri
estrada janrlı mahnılarda, ümumiyyətlə, televiziyada hiss olunmaqdadır.
Nə edəsən ki, bizim cəmiyyətimizə dəbdə olan meyllərin tə'sirinə
mə'ruz qalmadan, həqiqi is'tedadı düzgün tə'yin etmək bacarığı həmişə
yad olmuşdur.
Digər tərəfdən isə,
üst-üstə yığılmış bu problemlər fonunda geniş kütlələrin klassik
musiqiyə, xüsusilə də, opera sənətinə olan marağının əhəmiyyətli
dərəcədə artması bizi hədsiz sevindirir.
Musiqi incəsənətinin
opera kimi mürəkkəb bir janrının geniş dinləyici auditoriyasına
opera janrının həm klassik nümunələrini, həm də dinamik yeniliklərini
dərk etməyə estetik cəhətdən hazırlıqlı olmağa kömək etməsi heç
də təəccüblü deyil.
Bakıda opera ilk
dəfə 1889-cu ilin mayında konsert ifasında səslənmişdir(1). Bu o
zaman Bakıda qastrol səfərində olan D.A.Aqrenyev-Slavyanskinin kapellasının
ifa etdiyi A.N.Verstovskinin "Askoldova moqila" operası idi. Həmin
kollektiv yalnız Rusiyanın müxtəlif şəhərlərində deyil, həmçinin
Avropada, Amerika, Asiya və Afrikada da tanınmışdı. Lakin bir çox
musiqiçilər D.A.Aqrenyev-Slavyanskinin fəaliyyətinin bə'zi tərəflərini
mənfi qiymətləndirərək, repertuarın qeyri-bərabərliyi, ifaçılıq
üslubunda həddən artıq zahiri teatr elementlərinin istifadə olunması
haqda tənqidi qeydlərlə çıxış edirdilər. İki dəfə 1889-cu ilin dekabrında
isə Tbilisi opera artistlərinin qastrol konsertləri olmuşdur. 19
gün ərzində 19 tamaşa göstərilmişdi, onlardan 15-i opera əsəri (11-i
qərbi Avropa bəstəkarlarının, 4-ü isə rus bəstəkarlarının əsəri)
idi(2). Tbilisidən orkestr, xor, balet və dekorasiyalarla birgə
bütün truppa hey'əti gəlmişdi. Tiflis truppası artistlərinin çıxışları
çox hərarət və rəğbətlə qarşılandı. O zaman "Kaspi" qəzeti (23/XVI.1889)
yazırdı: "Bakıya operanın gəlişi bir daha sübut etdi ki, zəka, duyğu
və zövq üçün teatr nə dərəcədə vacibdir".
Kütlələrin operaya
olan marağı heç də Azərbaycan paytaxtı sakinlərinin musiqi zövqünə
zidd deyildi. Bütün bunlar gələcəkdə Azərbaycanda opera incəsənətinin
təsdiqinə ümid yaradırdı.
90-cı illərdə Bakının
teatr həyatı çox rəngarəng və maraqlı olmuşdur. Buraya çoxlu kollektivlər
və artistlər gəlirdilər: Tiflis opera truppası, Peterburq balet
artistləri truppası, V.N.Lyubimovun truppası (Dirijorlar - V.S.Plotnikov
və B.A.Truffi ilə), məşhur opera müğənniləri - F.İ.Şalyapin, N.N.Fiqner,
E.K.Mravina, D.Borqi, L.Nikitina, A.V.Sekar - Rojanski və b.(3).
Kütlələrin operaya
olan məhəbbəti opera janrını musiqisevərlər üçün daha populyar və
gərəkli etmişdi.
1900-cü ildən başlayaraq,
Bakıya demək olar ki, hər il (1901 və 1913-cü illərdən başqa) opera
truppaları gəlirdi. Onlardan ən əhəmiyyətliləri (1904) A.A.Eyxenvaldın
(1910) və D.X.Yujinanın (1912) truppaları idi.